Məhkəmə qərarları › İş №2(024)-337/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-337/2024

16.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-337/2024 16.07.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi Məhkəmə iclasının katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, Ərizəçi, X4 Vasoyevnanın iştirakı ilə. Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayonu İngiloy-Kötüklü kəndində yerləşən 1998 kv.m həyətyanı torpaq sahəsinin və onun üzərində tikilmiş fərdi yaşayış evinin, 1399 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, habelə 1.27 ha pay torpaq sahəsinin bütöv əmlak kütləsinə daxil edilərək, əldə etmə müddətinə əsaslanaraq onun mülkiyyəti olması faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək onun sahibliyində olan Qax rayonu İngiloy-Kötüklü kəndində yerləşən 1998 kv.m həyətyanı torpaq sahəsinin və onun üzərində tikilmiş fərdi yaşayış evinin, 1399 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, habelə 1.27 hektar pay torpaq sahəsinin bütöv əmlak kütləsinə daxil edilərək, əldə etmə müddətinə əsaslanaraq onun mülkiyyəti olması faktının müəyyən olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, lakin maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 12 saylı Şəki Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə uyğun olaraq maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 12 saylı Şəki Ərazi İdarəsinə qarşı ərizəsini onunla əsaslandırmışdır ki, mərhum əri 27 yanvar 1937-ci il təvəllüdlü, 20 iyul 2012-ci ildə 75 (yetmiş beş) yaşında vəfat etmiş X1 evlənməkdən əvvəl əvvəlki həyat yoldaşı Anasta Papiaşvilidən ailə münaqişəsi zəminində ayrılarkən bütün əmlakını özünün tikdiyi kürsülü evini, 4-5 baş iribuynuzlu mal-qaranı, bütün qoz-fındıq bağlarını ailəsinə, övladlarına verərək, bir pencəklə evdən çıxmış, qonşu Əlibəyli kəndində bir tanışının evinə sığınaraq, bir müddət orada yaşamışdır. Onların arasındakı nikah 24 dekabr 1981-ci ildə məhkəmə qaydasında ləğv edilmişdir. Mərhum əri İ.Q.Berikaşvilinin əvvəlki nikahdan 4 (dörd) övladı olmuşdur, uşaqlar aliment də alıblar. Yəni, mərhum əri bütün ev-eşiyini, daşınar-daşınmaz əmlakını əvvəlki ailəsinə qoyub evdən çıxmışdır. Bu barədə mərhum əri İ.Q.Berikaşvili özü hələ sağlığında onun və onun iddiası üzrə onun kiçik oğlu X3 və sonuncunun arvadı X2 onlara məxsus olan yaşayış evindən çıxarılması tələbinə dair mülki iş üzrə məhkəmə iclasında verdiyi izahatında da birmənalı şəkildə göstərmişdir. Ərinin əvvəlki nikahı ləğv edildikdən sonra biz 1982-ci ildə faktiki olaraq evlənmiş və 1983-cü ilin aprel ayında nikahı Qax rayonu Əlibəyli kənd İƏD-də rəsmi olaraq qeydə alınmışdır. Evləndikdən sonra ərinin kirayə ev tutmağa maddi imkanı olmadığı üçün 9 (doqquz) il müddətində onun anasıgildə yaşamışlar. Onların birgə nikahlarından övladı olmamışdır. Yuxarıda da qeyd etdiyi kimi, əri İ.Q.Berikaşvili ilə o, 20 iyul 2012-ci il tarixdə, 75 (yetmiş beş) yaşında xəstəlikdən vəfat edənədək, 30 (otuz) ildən çox müddət ərzində anasının onlara tikdirdiyi evində birgə yaşamışlar. Əri rəhmətə gedənə kimi 3 (üç) ildən çox xəstə olub. Ərinin əvvəlki nikahından olan övladları onun xəstəliyi dövründə də, cərrahi əməliyyat olunub evə gələndə də bir dəfə olsun ataları ilə maraqlanmadılar. O, onlardan ya yoldaşına kömək, ya da ata istəyi görməmişdir. Yuxarıda qeyd etdiyi kimi, əri İ.Q.Berikaşvili 75 (yetmiş beş) yaşında vəfat edəndə onun da artıq 75 (yetmiş beş) yaşı vardır. Əri İ.Q.Berikaşvilinin vəfatından sonra da onların mülkiyyətində olmuş daşınmaz əmlakın onun adında qalması ailənin tək qalmış üzvü kimi onun mülkiyyət hüququ və vərəsəlik hüququ kimi konstitusion hüquqlarının həyata keçirilməsində çətinlik yaradırdı. Ona görə də, o hüquqlarının dövlət qeydiyyatı üçün DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək ailənin daşınmaz əmlakının öz adıma sənədləşdirilməsini xahiş etmişdim. Şəki Ərazi İdarəsi tərəfindən ona 1399 kv.m-lik kənd təsərrüfatlı torpaq sahəsi üçün dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilsə də, fərdi yaşayış evinə və onun yerləşdiyi 1998 kv.m-lik həyətyanı torpaq sahəsinə, habelə 1.27 ha pay torpaq sahəsinə Çıxarışlar verilməmişdir. Halbuki, sadalanan daşınmaz əmlakların hər biri onların sahibliyində və istifadəsində olan əmlaklardır. Onların ailəsi də, yuxarıda qeyd edildiyi kimi, o və ərindən ibarət olmuşdur, Onların övladı olmamışdır. Əri X6 20 iyul 2012-ci ildə 75 (yetmiş beş) yaşında vəfat etmişdir (ailə tərkibi haqqında arayışı və ərinin ölüm haqqında şəhadətnaməsinin surətlərini ərizəyə əlavə edir). O, yuxarıda da qeyd etmişdir ki, əri İ.Q.berikaşvili həbsdən çıxıb gəldikdən sonra o anasıgildən anasının ona tikdirdiyi təzə evə köçmüşlər. O, da ailə başçısı kimi ərinə hörmət edərək eveşiyi, təsərrüfatı onun adına yazdırmışdır. Yəni, daşınmaz əmlakların ilkin sənədləşdirilməsi məhz bu səbəbdən əri İ.Q.Berikaşvilinin adına aparılmışdır. Ona görə də, aqrar islahat zamanı Qax rayon Aqrar İslahat komissiyasının 30 iyun 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə 1.27 hektar pay torpaq sahəsinə verilmiş “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında əri X6 mülkiyyətçi kimi, o isə onun ailə üzvü kimi qeyd olunmuşlar (aktı ərizəyə əlavə edir). Bundan sonra, fərdi yaşayış evi üçün dövlət reyestri xidmətindən verilmiş 27 dekabr 2017-ci il qeydiyyat tarixli, ******* N-li çıxarışda da mərhum əri İ.Q.Berikaşvili mülkiyyətçi kimi qeyd edilmişdir (çıxarışın surətini ərizəyə əlavə edir). İşin hallarından və bu halları təsdiq edən sənədlərdən göründüyü kimi, 1980-cı illərin sonlarından onun ailəsinin sahibliyində və istifadəsində olan fərdi yaşayış evi, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və pay torpaq sahəsi yalnız formal olaraq > mülkiyyətçi kimi əri İ.Q.Berikaşvilinin adında olmuşdur. Hazırda vəziyyət \ dəyişmiş, əri vəfat etmiş və o faktik mülkiyyətçi kimi, əvvəl ümumi birgə mülkiyyətində olmuş əmlakları tək idarə edir. Sadalanan əmlaklar artıq 30 (otuz) ildən çoxdur ki, onun ailəsinin sahibliyində və istifadəsində olmuşdur. Halhazırda bu əmlakların tam hüquqlu tək mülkiyyətçisi kimi qeydə alınmaq zərurəti yarandığından o onların onun mülkiyyəti olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Sadalanan bu qanun normalarının mənasına görə, onun əri İ.Q.Berikaşvilinin vəfatından sonra, yəni 20 iyul 2012-ci il tarixindən o ümumi birgə əmlakları qəbul edərək faktiki idarə etməklə bütöv miras əmlak kütləsinin mülkiyyətçisi sayılır. İşin hallarına, eləcə də, qanunvericiliyə uyğun olaraq onun ailəsinin mülkiyyətində olmuş, hazırda isə tək onun sahibliyində olan bütün daşınmaz əmlakın onun mülkiyyəti olması faktı göz qabağındadır. Hazırda onun da ailəsinin sahibliyində və sonra da mülkiyyətində olmuş daşınmaz əmlaklar üzrə əvvəllər verilmiş sənədlərdə labüd düzəlişlərin edilməsi bu əmlakların onun faktiki mülkiyyətində olması faktının müəyyən olunmasından asılı olduğuna görə məhkəməyə müraciət etməli olur. Odur ki, göstərdiklərini nəzərə alaraq məhkəmədən onun sahibliyində olan Qax rayonu İngiloy-Kötüklü kəndində yerləşən 1998 kv.m həyətyanı torpaq sahəsinin və onun üzərində tikilmiş fərdi yaşayış evinin, 1399 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, habelə 1.27 hektar pay torpaq sahəsinin bütöv əmlak kütləsinə daxil edilərək, əldə etmə müddətinə əsaslanaraq onun mülkiyyəti olması faktının müəyyən olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nin verdiyi **********17 reyestr, xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Qax rayonu Kötüklü kəndində yerləşən 0.1399 ha torpaq sahəsi Ərizəçi və X5 ümumibirgə mülkiyyətindədir. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nin verdiyi **********59- 10301 reyestr, xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Qax rayonu Qaxbaş kəndində yerləşən 0.1998 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi X5 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş JN-139, KOD 40303028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu İngiloy-Kötüklü kəndində yerləşən 1.27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 və Ərizəçi ümumibirgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədəın görünür ki, X6 xx.xx.2012-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Ərizəçi Qax rayonu İngiloy-Kötüklü kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ƏMDK yanında DƏDRX-nin verdiyi **********17 reyestr, xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla Qax rayonu Kötüklü kəndində yerləşən 0.1399 ha torpaq sahəsi Ərizəçi və X5 ümumibirgə, ƏMDK yanında DƏDRX-nin verdiyi **********59-10301 reyestr, xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla Qax rayonu Qaxbaş kəndində yerləşən 0.1998 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi X5 mülkiyyətində, JN-139, KOD 40303028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qax rayonu İngiloy-Kötüklü kəndində yerləşən 1.27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 və Ərizəçi ümumibirgə mülkiyyətindədir. Ərizəçi hazırda Qax rayonu İngiloy-Kötüklü kəndində yerləşən 1998 kv.m həyətyanı torpaq sahəsinin və onun üzərində tikilmiş fərdi yaşayış evinin, 1399 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, habelə 1.27 hektar pay torpaq sahəsinin bütöv əmlak kütləsinə daxil edilərək, əldə etmə müddətinə əsaslanaraq onun mülkiyyəti olması faktının müəyyən olunmasını xahiş edir. Məhkəmə ərizədə qeyd olunan tələblə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 178.6-cı maddəsinə əsasən əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır. Hüquq normasından göründüyü kimi şəxsin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etməsindən bəhs edilir. Hazırki iş üzrə isə tələbdə qeyd olunan əmlaklar üzərində mülkiyyət hüquqları İobi Berikaşvilinin adına daşnmaz əmlakın reyestrində qeydə alınmışdır. Ona görə də, həmin əmlaklar sahibsiz əmlak hesab edilə bilməz. İobi Beriakşvili isə 30 il əvvəl deyil, 2012-ci ildə ölmüşdür. Bu səbəbdən də ərizəçi tələbində haqlı olmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, əldə etmə müddəti əsasında faktik mülkiyyətçi olan şəxslərin mülkiyyətçi kimi qeydə alınmasına dair işlər üzrə həmin müddətin hesablanmasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qüvvəyə mindiyi tarixdən yəni 01 sentyabr 2000-ci ildən hesablamağa başlanmalıdır. Bu mövqe Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179-cu maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 28 yanvar 2002-ci il tarixli qərarındə öz əksini tapmışdır. Konstitusiya Məhkəməsi qərarında qeyd etmişdir ki, AR MM-nin 2005ci il 24 iyun tarixinədək qüvvədə olan 179.1-ci maddəsinə əsasən daşınmaz əmlakın mülkiyyətçisi olmayan, lakin 10 il ərzində ona öz əmlakı kimi vicdanla, açıq və fasiləsiz sahiblik edən fiziki və ya hüquqi şəxs bu əmlaka mülkiyyət hüququ əldə edir. Əldə etmə müddəti özgə əmlakından faktiki olaraq hüquqi əsas olmadan istifadə edilməsi hallarında tətbiq edilir. Bununla belə, daşınmaz əmlaka hüquqi əsaslarla (uzun müddətli icarə müqaviləsi və s.) faktiki sahiblik edən şəxs barəsində əldə etmə müddəti tətbiq oluna bilməz. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi üçün zəruri tələblərdən biri Mülki Məcəllənin 179.1-ci maddəsində nəzərdə tutulan on illik əldə etmə müddətinin başa çatmasıdır. Bu maddəyə müvafiq olaraq daşınmaz əmlaka mülkiyyət hüququnu əldə etmə müddətinin tətbiq edilməsi üçün əsas şərtlərdən biri də daşınmaz əmlaka vicdanla sahiblik etməkdir. Bu hal faktiki sahiblik edən şəxsin qəsdən əmlakın mülkiyyətçisinin iradəsinə zidd olaraq mülkiyyətə yiyələnməsini istisna etməklə əmlakın qanunsuz olaraq mənimsənilməsinə qarşı yönəlmişdir. Digər tərəfdən sahibliyin açıq həyata keçirilməsi onun daşınmaz əmlaka gizli deyil, açıq surətdə hər hansı bir şəxsdən asılı olmayaraq öz əmlakı kimi istifadə etməyi və belə əmlakla bağlı vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur. Əldə etmə müddətinin fasiləsizliyi də yuxarıda göstərilən şərtlərdən biridir. Belə ki, səlahyyətli şəxs tərəfindən əmlakın qaytarılmasına dair iddianın verilməsi müddətin axımının dayanmasına səbəb olur və onun fasiləsizliyinə xələl gətirir. Beləliklə təhlil edilən şərtlər bir-biri ilə sıx bağlı olduğundan, onlardan hər hansı birinin olmaması mülkiyyət hüququnun əldə edilməsini qeyri-mümkün edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülki qanunvericiliyin zamana görə qüvvəsindən bəhs edən 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Digər tərəfdən həmin Məcəllənin 7.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Göründüyü kimi mülki dövriyyə iştirakçılarının hüquq və mənafelərinin ədalətli təmini və səmərəli müdafiə olunmasının zəruriliyi, o cümlədən əvvəl yaranmış və davam edən hüquq münasibətlərinin bütövlüyünün və fasiləsizliyinin qorunması baxımından maddi mülki hüquq normalarının qüvvəsi belə normanın qəbul edildiyi müddətdən sonra yaranan münasibətlərə tətbiq edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin təhlilindən görünür ki, həmin Məcəllənin 179-cu maddəsinin müddəalarının hüquqi qüvvəsi 2000-ci il sentyabrın 1-dən əvvəlki müddətlərə şamil edilməmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin daşınmaz əmlaka mülkiyyət hüququnu əldə etmə müddətini müəyyənləşdirən 179-cu maddəsinin hüquqi qüvvəsi 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərinə tətbiq olunmalıdır. Eyni zamanda məhkəmə tərəfindən ərizəçinin izahatı ilə müəyyən edilmişdir ki, 20 iyul 2012-ci ildə 75 (yetmiş beş) yaşında vəfat etmiş X5 Ərizəçi əvvəl Anasta Papiaşvili ilə ailə qurmuş və həmin nikahdan anadan olmuş 1-ci dərəcəli vərəsələri vardır. Ərizəçi əmlakda payının azalacağı ehtimalını nəzərə alaraq hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. X5 1 dərəcəli vərəsələrinin qeyd olunan miras əmlaklar üzərində pay hüquqları vardır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında işlərə baxa bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Şərh olunanlara obyektiv qiymət verərək məhkəmə hesab edir ki, ərizə təmin edilməməli, Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayonu İngiloy-Kötüklü kəndində yerləşən 1998 kv.m həyətyanı torpaq sahəsinin və onun üzərində tikilmiş fərdi yaşayış evinin, 1399 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, habelə 1.27 ha pay torpaq sahəsinin bütöv əmlak kütləsinə daxil edilərək, əldə etmə müddətinə əsaslanaraq onun mülkiyyəti olması faktının müəyyən olunmasına dair ərizəsi təmin edilməməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilməsin. Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayonu İngiloy-Kötüklü kəndində yerləşən 1998 kv.m həyətyanı torpaq sahəsinin və onun üzərində tikilmiş fərdi yaşayış evinin, 1399 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, habelə 1.27 ha pay torpaq sahəsinin bütöv əmlak kütləsinə daxil edilərək, əldə etmə müddətinə əsaslanaraq onun mülkiyyəti olması faktının müəyyən olunmasına dair ərizəsi rədd edilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar