Məhkəmə qərarları › İş №2(024)-421/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-421/2023

16.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-421/2023 16.08.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “JN-0010, KOD 40313038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X1ndan miras qalmış əmlakın tam həcmdə onun mülkiyyətinə verilməsi tələbi”nə dair iddia ərizəsinə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək JN- 0010, KOD 40313038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X1ndan miras qalmış əmlakın tam həcmdə onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdaifə etmiş, Cavabdeh iddianı qəbul etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, X1 xx.xx.1997-ci ildə ölmüşdür. Anasından JN-0010, KOD 40313038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən torpaq sahəsi miras qalmışdır. Anası öldükdən sonra ondan miras qalmış əmlakı faktiki olaraq o qəbul etmiş, hazırda da istifadə edir. Onun bacı-qardaşlarından heç biri mirası nə faktiki, nə də notariat orqanına müraciət etməklə qəbul etməmişlər. Cavabdeh başqa digər vərəsələr mülkiyyətin onun adına rəsmiləşdirilməsinə etiraz etmirlər. Ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmədən JN-0010, KOD 40313038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X1ndan miras qalmış əmlakın tam həcmdə onun mülkiyyətinə verilməsi verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçı Kamal Bayramov onun qardaşıdır. X1 xx.xx.1997-ci ildə ölmüşdür. Anasından miras qalmış torpaq sahəsinin iddiaçı tərəfindən faktiki qəbul etməsinə etiraz etmir. Miras əmlakdan özünə düşən payı nə faktiki nə də notariat orqanına ərizə verərək qəbul etmişdir. İddiaçının həmin miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almasına da etiraz etmir. İddianı qəbul edir və təmin edilməsinə etiraz etmir. İş materiallarını, tərəflərin izahatlarını dinləyib məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşə əlavə edilmiş Qax rayon məhkəməsinin 25 aprel 2023-cü il tarixli 2(024)- 029/2023 saylı qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, JN- 0010, KOD 40313038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ərizəçilər İddiaçı, Cavabdeh, X9, X7 və X8 məxsus olması faktı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş JN-0010, KOD 40313038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Qax rayonu Amanlı kəndində yerləşən 4.11 ha torpaq sahəsi X13, X6, X7, Cavabdeh, İddiaçı, X10 və X5 ümumibirgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZ-İ № 582235 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.1997-ci ildə ölmüşdür. İşə əlavə edilmiş Qax rayon notariat ofisinin 17 may 2023-cü il tarixli № 372 saylı məktubundan görünür ki, iddiaçıya hazırki mübahisə ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı Qax şəhəri, X20 küçəsi, 37 ünvanında qeydiyyatdadır. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh Qax şəhəri, Hürü Tağıyeva küçəsi, ev 3, m 4-də qeydiyyatdadır. İşə əlavə edilmiş vəsiqənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı İİ qrup müharibə əlilidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, JN-0010, KOD 40313038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qax rayonu Amanlı kəndində yerləşən 4.11 ha torpaq sahəsi X13, X6, X7, Cavabdeh, İddiaçı, X10 və X5 ümumibirgə mülkiyyətinə verilmişdir. X6 xx.xx.1997-ci ildə ölmüş, onun X13, Cavabdeh, X7, Cavabdeh, İddiaçı, X10 və X3 ndan ibarət vərəsələri qalmışdır. Həmin vərəsələrdən X13, X7, Cavabdeh, İddiaçı, X10 və X9 mərhum Mahizər Bayramovadan miras qalmış Qax rayonu Amanlı kəndində yerləşən torpaq sahəsini ya notariat ofisinə ərizə verərək, ya da faktiki sahiblənərək qəbul etməmişlər. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları). Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Belə ki, mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Məhkəmə qeyd edir ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Vərəsəlik miras qoyan şəxsin ölməsi ilə açılır, vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur və həmin hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Göründüyü kimi fiziki şəxs öldükdən sonra onun əmlakı bir mənalı olaraq vərəsənin əmlakına daxil olmur. Qanunun normasına görə, mirasın qəbul edilməsi müddəti həm qanun üzrə vərəsələrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bır hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik-etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İddiaçı valideyinlərinin ölümünə qədər və ölümündən sonra da miras əmlakda yaşayaraq onu faktiki qəbul etmişdir. Digər vərəsə Cavabdeh ərizəsindən də müəyyən olunur ki, o miras əmlakla bağı digər vərəsə tərəfindən faktiki qəbul edilməsinə etiraz etmir. İddiaçı miras əmlakını faktiki surətdə idarə etməyə başladığı və mirasa yiyələndiyi üçün o miras əmlakı faktiki olaraq tam qəbul etmiş sayılır və mirası faktiki qəbul etdiyi üçün də iddiaçı tərəfindən mirasın qəbulu müddətinin ötürülməsinin səbəblərinin üzrlü hesab edilərək uzadılmasına ehtiyac yoxdur. Digər vərəsələr miras qalmış əmlakı nə notariat ofisinə müraciət edərək, nə də faktiki olaraq qəbul etmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1147.1.-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1245-ci maddəsində göstərilir ki, vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1245-ci maddəsində göstərilir ki, vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Həmin Məcələnin 1246-cı maddəsində göstərilir ki,vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən 6 ay ərzində qəbul edilə bilər. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, JN-0010, KOD 40313038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X13, X6, X7, Cavabdeh, İddiaçı, X10 və X5 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Amanlı kəndində yerləşən 4.11 ha torpaq sahəsinin X4 payına düşən 1/7 hissəsinin İddiaçı tərəfindən faktiki qəbul etməsi faktı müəyyən edilməli və həmin miras əmlak iddiaçının tam mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. JN-0010, KOD 40313038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X13, X6, X7, Cavabdeh, İddiaçı, X10 və X5 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Amanlı kəndində yerləşən 4.11 ha torpaq sahəsinin X4 payına düşən 1/7 hissəsinin İddiaçı tərəfindən faktiki qəbul etməsi faktı müəyyən edilsin və həmin miras əmlak iddiaçının tam mülkiyyətinə verilsin. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar