Məhkəmə qərarları › İş №2(024)-422/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-422/2023

28.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-422/2023 28.07.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı Nemət qızının cavabdeh Qax rayon Notariat ofisinə və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “mirasın qəbul edilməsi faktının tanınması və miras əmlakda payın tam müəyyən edilməsi tələbi”nə dair iddia ərizəsinə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Nemət qızı cavabdeh Qax rayon Notariat ofisinə və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək X1ndan miras qalmış ünvan 1 ünvanında yerləşən 0.3 ha həyətyanı torpaq sahəsi üçün mirasın qəbul edilməsi faktının tanınması və həmin əmlakda payının tam olaraq müəyyən edilməsi və onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, İddiaçı və cavabdeh Qax rayon Notariat ofisinin xüsusi notariusu və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə teleqram göndərərək müalicəsi ilə əlaqədar Bakı şəhərində olduğu üçün məhkəmə iclasına gələ bilmədiyini göstərərək işə onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə İddiaçı Nemət qızının və cavabdeh Qax rayon Notariat ofisinin xüsusi notariusu və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı Nemət qızı iddia ərizəsində göstərmişdir ki, o Gürcüstan Respublikası vətəndaşıdır. Lakin mərhum X1 Azərbaycan Respublikasının vətəndaşı olmuşdur və öldüyü günə qədər Qax şəhərində yaşamışdır. Mərhum X1ndan ünvan 2 ünvanında 0.3 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. O, mirası faktiki qəbul etmiş və mirası idarə etmiş, torpaq vergisini ödəmişdir. X1 xx.xx.2018-ci, qardaşı X5 xx.xx.2021-ci, anası Tehran Maxsudova isə xx.xx.2002-ci il tarixdə vəfat etmişlər. O, atasının qanun üzrə yeganə vərəsəsidir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən X1ndan miras qalmış ünvan 1 ünvanında yerləşən 0.03 ha həyətyanı torpaq sahəsi üçün mirasın qəbul edilməsi faktının tanınması və həmin əmlakda payının tam olaraq müəyyən edilməsi və onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını, iddia ərizəsini nəzərdən keçirib məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə edilmiş Qax rayon Notariat Ofisinin verdiyi 16 may 2023-cü il tarixli № 371 saylı məktubdan görünür ki, iddiaçıya mirasın qəbulu üzrə buraxılmış müddətin uzadılması üçün aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan Qax RİHB-nın Qax şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2023-cü il tarixli 712 saylı arayışdan görünür ki, mərhum X4 vəfat etdiyi xx.xx.2018-ci i tarixədək Qax şəhəri, Xalidə Həsilova küçəsində yerləşən ünvanda yaşamış, onun İddiaçı Nemət qızından ibarət vərəsəsi qalmışdır. İşə əlavə edilmiş 24 fevral 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, hər bir şəxs iddia tələbi ilə məhkəməyə müraciət etdikdə, tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Sübutetmə yükü üzərinə düşən İddiaçı mərhum X1ndan miras qalan Qax şəhəri, Xalidə Həsilova küçəsində yerləşən 0.03 ha həyətyanı torpaq sahəsindən ibarət mirası faktiki qəbul etməsi barədə məhkəməyə əsaslı və mötəbər sübut növü təqdim etməmişdir. Belə ki, məhkəmə qeyd edir ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları). Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Belə ki, mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Məhkəmə qeyd edir ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Vərəsəlik miras qoyan şəxsin ölməsi ilə açılır, vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur və həmin hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Göründüyü kimi fiziki şəxs öldükdən sonra onun əmlakı bir mənalı olaraq vərəsənin əmlakına daxil olmur. Qanunun normasına görə, mirasın qəbul edilməsi müddəti həm qanun üzrə vərəsələrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bır hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyrirəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik-etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İddiaçı atasının ölümünə qədər və ölümündən sonra da miras qalmış sözügedən torpaq sahəsini faktiki qəbul etməsi, idarə etməsi, nə də notariat ofisinə müraciət edərək qəbul etməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Ona görə də, məhkəmə iddia tələbinin sübuta yetirilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1147.1.-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1245-ci maddəsində göstərilir ki, vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1245-ci maddəsində göstərilir ki, vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Həmin Məcələnin 1246-cı maddəsində göstərilir ki,vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən 6 ay ərzində qəbul edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarınmın əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Nemət qızının cavabdeh Qax rayon Notariat ofisinə və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “atası X3 miras qalmış ünvan 1 ünvanında yerləşən 0.03 ha həyətyanı torpaq sahəsi üçün mirasın qəbul edilməsi faktının tanınması və həmin əmlakda payının tam olaraq müəyyən edilməsi və onun mülkiyyətinə verilməsi tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilməsin. İddiaçı Nemət qızının cavabdeh Qax rayon Notariat ofisinə və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “X1ndan miras qalmış ünvan 1 ünvanında yerləşən 0.03 ha həyətyanı torpaq sahəsi üçün mirasın qəbul edilməsi faktının tanınması və həmin əmlakda payının tam olaraq müəyyən edilməsi və onun mülkiyyətinə verilməsi tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilsin. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar