Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-44/2025 07.01.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məmmədova Zəhra Rövşən qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qax şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən mərhum atasına məxsus olan Abunə kodu **********3, **********71017 olan elektrik sayğacına qanunsuz hesablanmış 2300 manat borcun silinməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddia predmetinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2295 manat borcun silinməsini və dövlət rüsumunun cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, atası X6 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Mərhum atasından hazırda yaşadığı Qax şəhəri, İ.Dağıstanlı küçəsində ev və köhnə mağaza miras qalmışdır. Lakin mağaza təmirsiz olduğundan işlətmir. Həmin mağazanı təmir etdirir. Mağazanı təmir edən ustalar üçün lazım olan elektriki isə uzadıcılar vasitəsi ilə öz evindən işlədir. Qeyd edilən mağazada köhnə elektrik sayğacı olmuşdur. xx.xx.2020-ci il tarixdə X7 əməkdaşları həmin mağazaya gələrək elektrik sayğacının köhnəsinin yenisi ilə əvəz edilməli və yeni sayğacın mağazanın çölünə qoyulmalı olduğunu bildirmişlər. O, qeyd olunanlara heç bir etiraz bildirməmişdir. Həmin vaxtı X7 əməkdaşları mövcud məsələ ilə bağlı akt tərtib etdilər. xx.xx.2020-ci il tarixdə X7 əməkdaşları yenidən həmin obyektdə gələrək köhnə elektrik sayğacını sökdülər və obyektin çöl tərəfinə smart kart tipli bir ədəd yeni elektrik sayğac yerləşdirdilər. Bu barədə ******* saylı protokol tərtib edilmişdir. Həmin elektrik sayğacı isə yeni olmuş və cəmi 00006 kilovat elektrikdən istifadə edilmişdir. Bundan sonra o həmin elektrik sayğacının smart kartına pul yüklədiyi zaman ona məlum olmuşdur ki, yeni sayğac üzrə onun 2300 manat elektrik borcu vardır. Belə olan halda X8 müraciət etmiş və həmin borcun hansı səbəbdən yarandığını soruşmuşdur. Lakin ona həmin borcun hansı səbəbdən yarandığını izah etmədilər. Qeyd etdiyi kimi mağaza heç vaxt köhnə və yeni sayğacdan istifadə olunmamışdır. Odur ki, göstərilən halları nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, o mağazaya elektrik xəttini yolun digər hissəsində yerləşən evindən çəkmişdir. Hal-hazırda da ustaların istifadə edə bilməsi üçün həmin xətti sökməmişdir. Azərişığın əməkdaşları özləri gətirib obyektə sayğac qoymuşlar. Həmin sayğacdan köhnə sayğaca, oradan da ümumi binaya xətt çəkilmişdir. Həmin xətti də səhv qoşmuşlar. O bu sahə üzrə mütəxəssisləri çağırmış, həmin vaxtı ona sayğacın qeydiyyata salınmadığını və sayğacın plombunun olmadığını bildirmişlər. O, isə bu məsələnin özünün yox, elektrik şəbəkəsinin səlahiyyətində olduğunu bildirmişdir. Azərişığın əməkdaşları həmin vaxtı oraya gələrək sayğacı onların bağladığını etiraf etmişlər. O, isə həmin əməkdaşlara sayğacı qoşan zaman qeydiyyata salmalı olduqlarını, bunun özünün işi olmadığını bildirmişdir. Elektik şəbəkəsinin əməkdaşları obyektin içərisində olan ona məxsus köhnə sayğacı isə çıxartmamış və aparmamışlar. Həmin sayğac yerindədir. Orada heç bir müdaxilə yoxdur, Azərişığın əməkdaşları obyketə elektik xətti çəkmiş, lakin xətti qoşmamışlar. Sayğac isə yolda dirəyə qoyulmuş, lakin obyektə işıq çəkilmədiyi üçün qoşulmamış qalmışdır. Sonradan sayğac qoşulan zaman plombunun olmadığı və qeydiyyata alınmadığı bildirilmişdir. O, işıq idarəsinə zəng etmiş, nəzarətçi gələrək sayğaca dəyməməsini və səhər həll edəcəklərini bildirmişdir. Nəzarətçi özlərinin səhvini ört-basdır etməkdən ötrü sayğacı aparıb getmişdir. Bundan sonra o işıq idarəsinin müdirinin qəbuluna getmiş, sayğacın sökülüb aparıldığını və obyektin işğının olmadığını bildirmişdir. Müdir ona köhnə sayğac qalsa idi ona baxıb həll etmək olacağını söyləmişdir. O da sayğacın yerində olduğunu bildirmişdir. Bundan sonra mühəndis, iki elektrik və satış müdiri gəlmiş, sayğaca baxmışlar. Sonra isə obyektə yeni smart kart tipli sayğac qoyulmuşdur. İşıq idarəsinin əməkdaşlarının söküb apardığı sayğaca borc məbləği yazılmışdır. Halbuki o sayğac qoşulmamış plombu olmamış, qeydiyyata salınmamışdır. Yeni qoyulmuş sayğacın kartına pul yükləmiş, lakin sayğac elektriki verməmişdir. Bu məsələni araşdırdıqda ona borc yazıldığı məlum olmuşdur. O bununla bağlı müraciət etdikdə şikayət etməsini bildirmişlər. Aktda elektrik sayğacının obyekt daxilində quraşdırılması barədə qeyd olunanlar həqiqətə uyğun deyildir. Elektrik sayğacı küçədə işıq dirəyinin üzərinə quraşdırılmışdır. Hazırda isə prinsip üçün obyektdə öz evindən çəkdiyi elektrik xəttindən istifadə edir. Nə vaxt obyektə işıq çəkilsə və sənəd alınsa onda çəkilən elektrik enerjisindən istifadə edəcəkdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin, qeyd olunan qurum nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmiş, buna görə də məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, "xxxx" ASC-nin nümayəndəsi S.N.Ağayev məhkəməyə iddia tələbini qəbul etməmələri barədə etiraz ünvanlayaraq göstərmişdir ki, İddiaçı cavabdeh "xxxx" ASC-nin X5rşı “qanunsuz hesablanmış 2300 manat borcun silinməsi”nə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının iddiasında qeyd etdiyi qeyri-yaşayış sahəsi "xxxx" ASC-nin enerji satış bazasında X2 adına olmaqla **********3 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. Bu səbəbdən İddiaçı iddia qaldırmaq hüququnun olmadığı nəzərə alınmalı və iddia təmin edilməməlidir. Elektrik enerjisindən istifadə ilə bağlı fiziki və hüquqi şəxslər arasında mövcud olan münasibətlər zamanı yaranan mübahisələrə məhkəmə qaydasında baxılması nəzərdə tutulmuş və bu münasibətlərin mövcud olub olmamasını yoxlamaqla, məhkəmə icraatının başlaması zamanı ilk olaraq iddia qaldırmış şəxsin bu münasibətlərdə hüquqa malik olması müəyyən edilməlidir. Məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdığı hüquqi mövqeyi bir neçə qərarlarında ifadə olunmuşdur. Belə ki, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008 ci il tarixli Qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Bildirir ki, İddiaçı cavabdeh qismində göstərdiyi "xxxx" ASC-nin Şimal-Qərb RETSİnin X9 "xxxx" ASC-nın tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi fəaliyyət göstərir. Şəbəkənin əmlakı dövlət mülkiyyətindədir və onun üzərində sahiblik, istifadə və sərəncam hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə "xxxx" ASC-nə məxsusdur. X9 müvafiq qaydada bu əmlaka münasibətdə istifadə hüququnu həyata keçirir. Həmçinin X9 "xxxx" ASC tərəfindən verilmiş səlahiyyətlər çərçivəsində elektrik enerjisinin çatdırılması, satışın və bu fəaliyyətlə əlaqədar müvafiq xidmətləri həyata keçirən struktur vahididir və maliyyə-təsərrüfat balansı "xxxx" ASC-nın balansına aiddir. Qeyd etdiyi kimi hüquqi şəxs statusuna malik olmayan X9 qeydiyyatda olan, o cümlədən iddiaçının qeydiyyatda olduğu enerji hesabları üzərində sərəncamverici səlahiyyətləri (enerji sərfiyyatının silinməsi və digər dəyişikliklərin aparılması) onun tabe olduğu "xxxx" ASC həyata keçirir. Digər tərəfdən X9 yalnız verilmiş göstərişlərin və xidmətin icrasını təşkil edir. X7 tabe olduğu "xxxx" ASC isə hüquqi şəxs statusuna malik olan təşkilat kimi Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə yaradılmışdır. xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları F.Nəzirli və A.Heydərov tərəfindən Qax şəhəri, İ.Dağıstanlı küçəsində yerləşən iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri yaşayış sahəsinə quraşdırılmış elektrik hesablaşma sayğacına İddiaçı iştirakı ilə “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacının obyektin daxilində yerləşməklə sayğacın giriş xəttinin zədəli olduğu və sayğacın keçən yükü qeyd etmədiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-ci bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2020-ci il tarixli, R 032856 saylı akt tərtib olunmuş və tərtib olunmuş aktı İddiaçı öz imzasıyla təsdiq etmişdir. Tərtib olunmuş akta əsasən xx.xx.2020-ci il tarixində Qax EŞ-nin əməkdaşları tərəfindən iddiaçının iştirakı ilə qüsur aşkar olunmuş sayğac yeni PAUD-MP106 tipli elektrik sayğacı ilə əvəz edilərək möhürlənmiş, bununla bağlı ******* saylı protokol tərtib olunmuş və həmin protokolu iddiaçı öz imzasıyla təsdiq etmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixli R032856 saylı Akta əsasən "xxxx" ASC şimal Qərb RETSİ-nin Akt komissiyası tərəfindən 04.11,2020-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə yükə uyğun 210 gün üçün 0.09 manatla 25502 kvts, dəyəri 2295.18 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. Əməkdaşlar tərəfindən müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, abonenti faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. “EEİQ”-nın 8.17 bəndinin tələbinə uyğun olaraq istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda, enerji təchizatı müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Həmin qaydaların 7.7 bəndində göstərilir ki, 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna olmaqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun mülkiyyətçisinin üzərinə düşür.” İddiaçı iddia tələbində silinəcək məbləği 2300.00 manat göstərmişdir. Bildirir ki, iddiaçıya akt əsasında 2295.18 manat hesabat aparılmış. Yuxarıda qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, İddiaçı məxsus Qax şəhəri, İ.Dağıstanlı küçəsində yerləşən qeyri-yaşayış sahəsinə tərtib edilmiş akt “EEİQ”-nın tələblərinə uyğun olaraq tərtib edilmişdir. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ iddiaçı tərəfindən enerjitəchizatı müəssisəsinə ödənilməlidir. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. AZ-İV № 532712 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı atası X3r. AZ-İ № 239382 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 14 may 2007-ci ildə ölmüşdür. "Azərişıq” ASC-nin əməkdaşları F.Nəzirli və A.Heydərov tərəfindən İddiaçı məxsus obyektə sayğac üzrə keçirilmiş yoxlamadan sonra 24 oktyabr 2020-ci i il tarixdə tərtib edilmiş AKT R 032856 aktın surətindən görünür ki, sayğaca keçirilmiş baxış zamanı aşağıdakılar müəyyən edilmişdir. Sayğac obyektin daxilindədir, giriş xətti zədələnmişdir, keçən yükü hiss etmir. Baxış zamanı məlum oldu ki, obyektdə təmir gedir, xəttin en kəsiyinini sahəsi 6 mm-dir. Qeyd: kənar xətt ləğv edilsin və (ev sayğacından götürülmüş xətt) Sayğac yenisiylə əvəz edilmiş və uçot dəsti bərpa edilmişdir. 3 gün müddətinə “Asan Xidmət” Mərkəzinə müraciət olunsun, əks halda enerji verilişi verilməsin. Hesablanacaq məbləğ bazaya daxil edilsin. Məişət İstehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında ******* nömrəli protokoldan görünür ki, Qax EŞ-nin əməkdaşları tərəfindən iddiaçının iştirakı ilə qüsur aşkar olunmuş sayğac yeni PAUD-MP106 tipli elektrik sayğacı ilə əvəz edilərək möhürlənmiş, bununla bağlı ******* saylı protokol tərtib olunmuş və həmin protokolu icraçı və istehlakçı tərəfindən imzalanmışdır. İddia ərizəsinə təkrar əlavə edilmiş və əvvəlki iddia tələbinə görə ödənilmiş xx.xx.2024-cü il tarixli 19152 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 43 manat məbləğində dövlət rüsumu ödəmişdir. İlk növbədə məhkəmə iddianın qaldırılması ilə bağlı iddiaçının subyektv hüququnun olub-olmamasına dair diqqətə çatdırır ki, iddiaçı İlham X1r və atasından miras qalmış əmlak faktik olaraq iddiaçı tərəfindən qəbul edilmiş və Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1255-ci maddəsində qeyd olunmuşdur ki, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Odur ki, iddianın qaldırılması barədə İddiaçı subyektiv hüquqa malikdir. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2020-ci ıl tarixdə "xxxx" ASC-nin əməkdaşları F.Nəzirli və A.Heydərov tərəfindən Qax şəhəri, İ.Dağıstanlı küçəsində yerləşən iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsinə quraşdırılmış elektrik hesablaşma sayğacına İddiaçı iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacının obyektin daxilində yerləşməklə sayğacın giriş xəttinin zədəli olduğu və sayğacın keçən yükü qeyd etməməsi barədə xx.xx.2020-ci il tarixli, R 032856 saylı akt tərtib olunmuşdur. Tərtib olunmuş akta əsasən xx.xx.2020-ci il tarixdə Qax EŞ-nin əməkdaşları tərəfindən iddiaçının iştirakı ilə qüsur aşkar olunmuş sayğac yeni PAUD- MP106 tipli elektrik sayğacı ilə əvəz edilərək möhürlənmiş, bununla bağlı ******* saylı protokol tərtib olunmuşdur. Bundan sonra xx.xx.2020-ci il tarixli R032856 saylı Akta əsasən "xxxx" ASC şimal Qərb RETSİ-nin Akt komissiyası tərəfindən xx.xx.2020-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə yükə uyğun 210 gün üçün 0.09 manatla 25502 kvts, dəyəri 2295.18 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı Qərarının 1.2-ci bəndinə görə bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qanunvericiliyin tələblərinə görə istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi enerjiyə görə haqq tələb edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qeyd olunan Qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Bundan başqa yuxarıda qeyd olunan “Elektrik enerjisindən istifadə Qaydaları"nda qeyd olunur ki, istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması, enerji təchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.11-ci bəndində qeyd olunmuşdur ki, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil ( yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Sadalanan qanunvericilik normalarını rəhbər tutan məhkəmə hesab edir ki, iddiaçıya cavabdeh təşkilat tərəfindən borc yazılması əsassız olmuşdur. İlk növbədə ona görə ki, elektrik sayğacı açıq ərazidə yerləşir və quraşdırılmış hesablaşma elektrik sayğacının işlək vəziyyətdə olmasına Cəmiyyət özü cavabdehlik daşıyır. Digər tərəfdən iddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Elektrik şəbəkəsinin əməkdaşları tərəfindən tərtib olunan Aktda sayğacın obyektin daxilində quraşdırılması qeyd olunsa da, cavabdeh tərəfindən buna dair məhkəməyə sübut təqdim edilməmişdir. İşin faktiki halları, iddiaçının izahatı ilə müəyyən olunmuşdur ki, sözügedən sayğac obyektdən kənarda, işıq dirəyinin üzərinə quraşdırılmışdır. Belə ki, məhkəmə tərəfindən aktda qeyd olunmuş kənar xəttlə bağlı (ev sayğacından götürülmüş xətt) videogörüntülərin Qax Rayon Məhkəməsinə göndərilməsi barədə cavabdehə rəsmi qaydada müraciət edilmiş, cavabdehin nümayəndəsi tərəfindən şifahi qaydada həmin görüntülərin mövcud olmadığı bildirilmişdir. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun yeganə sübut tərtib olunmuş aktdır. Həmin akt isə qüsurlu olduğundan qanuni hesab oluna bilməz. Çünki aktın tərtibatı zamanı «Elektrik enerjisindən istifadə Qaydaları»nın tələblərinə riayət edilməmişdir. Sayğacın obyekt daxilində quraşdırılması, iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsi barədə isə videogörüntü cavabdeh tərəfindən təqdim edilməmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən belə nəticəyə gəlir ki, iddiaçıya aid obyekt üzrə elektrik sayğacının sayğacın giriş xəttinin zədəli olduğu və sayğacın keçən yükü qeyd etməməsi halı aşkar edilmiş, habelə bununla əlaqədar 24 oktyabr 2020-ci il tarixdə müvafiq akt tərtib edilmişdir. Həmin aktda nöqsanın olması faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair heç bir sübut yoxdur. İddiaçı isə həmin sayğacın elektrik şəbəkəsi əməkdaşları tərəfindən işıq dirəyinə qoyulmasını və onun elektrik şəbəkəsinə qoşulmadığını bildirmişdir. Tədqiq olunmuş mötəbər sənəd və sübutlarla bu qanunsuz qoşulma və elektrik enerjisindən istifadə halının olması sübuta yetirlməmişdir. Sayğac obyektdən kənarda quraşdırıldığı üçün onun təhlükəsizliyinə və qorunub saxlanılmasına istehlakçı deyil, cavabdeh Cəmiyyət özü məsuliyyət daşıyır. Cavabdeh tərəfindən yükə uyğun 210 gün üçün 0.09 manatla 25502 kvts, dəyəri 2295.18 manat məbləğində enerji itkisinə yol verilməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh "xxxx" ASC şimal Qərb RETSİ-nin Akt komissiyası tərəfindən 04.11,2020-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə İddiaçı hesablanmış 2295 manat borc hesabdan silinməlidir. Məhkəmə cavabdehin nümayəndəsi X4 məhkəməyə göndərdiyi ərizəsində qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair iddiasının iddia müddəti tətbiq edilməklə tamamilə rədd edilməsi barədə 3 illik iddia müddətini keçirdiyi barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təsir göstərən mühüm amildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi, imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Prosessual mənada iddia hüququ, yəni pozulmuş hüququn müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət etmək imkanı isə hər hansı vaxtla (anla) məhdudlaşdırılmadan həmişə saxlanılır və mövcud olur. Hazırki tələb müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, cavabdeh hazırki mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməsini xahiş edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra–Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq, hazırki iş üzrə iddia müddətinin ötürülmədiyi nəticəsinə gələrək hesab edir ki, qeyd olunan Akta İddiaçı tərəfindən imza edilsə də və “mövcud sayğac yenisi ilə əvəz edilsin” qeyd edilsə də, ziyanın məbləği, itirilmiş sərfiyyat qeyd olunmamış, ziyanın hesablanması və dəymiş ziyan barədə tələbnamənin iddiaçıya hansı tarixdə verilməsi ilə bağlı sübut iş materiallarında aşkar edilməmişdir. Cavabdeh tərəfindən ona itirilmiş sərfiyyata, yəni cavabdehə dəymiş ziyana görə hesablanmış məbləği əks etdirən müvafiq sənəd iddiaçıya rəsmi qaydada verilməli, əgər verilmişdirsə hansı tarixdən verilməsi barədə sübut məhkəməyə təqdim edilməli idi. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə verilmişdir. Beləliklə də, hazırki mülki iş üzrə iddiaçının hüquqlarının pozulduğunu bildiyi anı dəqiq müəyyən etmək mümkün olmadığı üçün iddia müddətinin axımının hansı tarixdən başlandığını müəyyən etmək mümkün deyil. Cavabdeh tərəfindən məhkəməyə ərizə ünvanlanması, iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi xahiş olunsa da, iddiaçı iştirak etdiyi məhkəmə iclasında son iki il müddətinə qədər təbii qazdan istifadə etdiyi bildirmişdir. Cavadeh isə 24 oktyabr 2010-cu il tarixdə aktın tərtib edilməsinə əsaslanmış, lakin tərtib edilmiş akta dair digər mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, hazırki halda iddia müddətinin tətbiq edilməsi mümkün olmadığından iddiaçının iddiası təmin edilməlidir. İddia tələbinin 30 (otuz) manat dövlət rüsumu ilə bağlı hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, Qax Rayon Məhkəməsinin İddiaçı cavabdeh "xxxx" ASC-nin X5rşı “mirasın faktiki qəbul edilməsi və qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılması və iddia ərizəsinin verilməsi üçün “eManat” elektron ödəniş terminalı vasitəsilə xx.xx.2024-cü il tarixli, 19152 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 43 (qırx üç) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılması qərara alınmış, həmin qərardad dövlət rüsumunun qaytarılması ilə bağlı hissədə icraya yönəlmişdir. Lakin buna baxmayaraq iddiaçı geri qaytarılmış iddia ərizəsinə əlavə etdiyi xx.xx.2024-cü il tarixli, 19152 nömrəli qəbzi yenidən hazırkı iddia ərizəsinə əlavə etmiş və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində cavabdehdən 30 (otuz) manat ödənilmiş dövlət rüsumunu tələb etmişdir. Rüsumun iddiaçıya geri qaytarılması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərardadı mövcuddur. Ona görə də iddianın cavabdehdən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tələbi ilə bağlı hissəsi əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasından olduğundan hazırkı iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələdə bu hal nəzərə alınmalı və iddia ərizəsinin verilməsi üçün ödənilməli olan və iddiaçının ödəməkdən azad olunduğu 42 (qırx iki manat) manat 95 (doxsan beş) qəpik dövlət rüsumu cavabdeh "xxxx" ASC-nə aid edilməli və cavabdehdən 42 (qırx iki manat) manat 95 (doxsan beş) qəpik dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə İddiaçı **********71017 nömrəli abonent koduna əsassız hesablanmış 2295 (iki min iki yüz doxsan beş) manat məbləğində borc silinsin. İddia ərizəsinin verilməsi üçün ödənilməli olan və iddiaçının ödəməkdən azad olunduğu 42 (qırx iki manat) manat 95 (doxsan beş) qəpik dövlət rüsumu cavabdeh "xxxx" ASC-nə aid edilsin və cavabdeh "xxxx" ASC-dən 42 (qırx iki manat) manat 95 (doxsan beş) qəpik dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Taleh Kərimov
Məhkəmə qərarları › İş №2(024)-44/2025
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-44/2025
07.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver