Məhkəmə qərarları › İş №2(024)-445/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-445/2024

13.06.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-445/2024 13.06.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məsləhətçi iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə. Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə” ərizəsinə dair mülki işə Qax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi : Ərizəçi məhkəməyə müraciət edərək tərəflərin birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2009-cu il tarixdə doğulmuş X4, xx.xx.2011-ci tarixdə doğulmuş X5 və xx.xx.2014-cü il tarixdə dünyaya gəlmiş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün üçün Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində hər bir uşaq üçün ödəməli olduğu 100 manat aliment pulu haqqında xx.xx.2024-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2008-ci il tarixdə Maraqlı şəxs ilə rəsmi şəkildə ailə qurmuşdur. Onların birgə nikahlarından xx.xx.2009-cu il tarixdə Əhməd, xx.xx.2011-ci tarixdə Yusif və xx.xx.2014-cü il tarixdə isə Zəhra adlı uşaqları dünyaya gəlmişdir. Aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən Maraqlı şəxs tərəfindən hər bir uşaq üçün hər ay sabit pul məbləğində 100 manat olmaqla cəmi 300 manat aliment pulunun ödənilməsi, ödənilmə tarixinin isə xx.xx.2024-cü il tarixdən hesablanması barədə razılığa gəlmişlər. Maraqlı şəxs barışıq sazişini könüllü icra etməkdən imtina edir. Hazırda barışıq sazişinin məcburi icra edilməsi üçün məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Ona görə də məhkəməyə ərizə ilə müraciət edir. Ərizəçi məhkəmə iclasında ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, o mağazada satıcı işləyir. Satış faizindən asılı olaraq 360-400 manat aylıq əmək haqqı alır. Ərizəçi aliment tələb edir, o təbii ki alimenti ödəməlidir. Ərizəçiyə 300 manat aliment ödəyə bilər. Həmin məbləğdən artıq ödəyə bilmir. Ərizəni qəbul edir. İş materallarında olan xx.xx.2024-cü il tarixli Barışıq Sazişindən görünür ki, həmin Sazişə əsasən aliment tələbi ilə bağlı tərəflər xx.xx.2009-cu il tarixdə doğulmuş X4, xx.xx.2011-ci tarixdə doğulmuş X5 və xx.xx.2014-cü il tarixdə dünyaya gəlmiş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hesablanması 01 may 2024-cü il tarixdən başlanmaqla hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat alimentin Maraqlı şəxs tərəfindən Ərizəçi ödənilməsini (bank və poçt vasitəsi ilə) öz öhdəsinə götürür və bu şərtlə hər iki tərəf Maraqlı şəxs və Ərizəçi qarşılıqlı olaraq razıdırlar. İş materallarında olan AZ-İ 438102 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X3 nikahları Qax rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha 19 noyabr 2022-ci ildə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 12 dekabr 2022-ci il tarixdə 70 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2009-cu il tarixdə doğulmuşdur. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2011-ci tarixdə doğulmuşdur. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2014-cü il tarixdə doğulmuşdur. Məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişi ilə müəyyən edildi ki, xx.xx.2009-cu il tarixdə doğulmuş X4, xx.xx.2011-ci tarixdə doğulmuş X5 və xx.xx.2014-cü il tarixdə dünyaya gəlmiş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hesablanması 01 may 2024-cü il tarixdən başlanmaqla hər ay hər bir uşaq üçün 100 (yüz) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat alimentin Maraqlı şəxs tərəfindən Ərizəçi ödənilməsi ilə bağlı razılığa gəlinmiş və tərəflər mediasiya prosesində bu barədə barışıq sazişi bağlamışlar. Maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etmədiyinə görə Ərizəçi hazırki tələblə məhkəməyə müraciət etmişdir. Beləliklə də məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, yuxarıda qeyd edilən xüsusatlar nəzərə alınmaqla ərizə təmin edilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Həmin Qanunun 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. İş materiallarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, hazırki iş üzrə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulan hallar mövcud deyildir. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki tələb üzrə məhkəmə alimentin miqdarı ilə bağlı məsələni deyil, barışıq sazişinin bağlanması zamanı qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını yoxlayır və bunun nəticəsi olaraq barışıq sazişinin təsdiq edilib-edilməməsi məsələsinə hüquqi qiymət verir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. İş materiallarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26-cı maddəsində nəzərdə tutulan hallar mövcud deyildir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, ərizəçinin hazırki ərizəsi təmin edilməli, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin şərtlərindən görünür ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün sabit pul məbləğində alimentin 2024-cü ilin may ayının 1-dən tutulması qərara alınmış və hər iki tərəf həmin barışıq sazişinin şərtlərini qəbul edərək sazişi imzalamışlar. Qeyd olunan barışıq sazişi üzrə indiyədək hər hansı məbləğdə aliment ödənilmədiyini də ərizəçi təsdiq edir. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, xx.xx.2024cü il tarixli barışıq sazişi ilə müəyyən edildi ki, tərəflərin birgə nikahda olduqları müddətdə xx.xx.2009-cu il tarixdə doğulmuş X4, xx.xx.2011-ci tarixdə doğulmuş X5 və xx.xx.2014-cü il tarixdə dünyaya gəlmiş X1 üçün alimentin tutulması ərizəçinin hazırki ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, xx.xx.2024-cü il tarixli barışıq sazişinin şərtlərinə uyğun olaraq barışıq sazişində qeyd edilmiş 2024-cü ilin may ayının 1-dən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2 və 234.2.1-ci maddələrinin məzmununa görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki qətnamənin alimentə dair hissəsi dərhal icraya yönəldilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd olunan hüquq normalarının tələbinə əsasən məhkəmə qərara gəlir ki, Maraqlı şəxs 56 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 355-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişi məcburi icra edilərək Maraqlı şəxs xx.xx.2009-cu il tarixdə doğulmuş X4, xx.xx.2011-ci il tarixdə doğulmuş X5 və xx.xx.2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla hər ay hər bir uşaq üçün 100 manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment alınaraq Ərizəçi ödənilsin. Maraqlı şəxs 56 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icraya yönəldilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar