Məhkəmə qərarları › İş №2(024)-465/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-465/2024

02.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-465/2024 02.08.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi (məsləhətçi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı, X10 Romikoyeviçin iştirakı ilə, İddiaçı cavabdeh Qax rayon Notariat Ofisinə qarşı «mirasın qəbul edilməsi müddətinin üzürlü hesab etməklə uzadılması» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Qax rayon Notariat Ofisinə qarşı «mirasın qəbul edilməsi müddətinin uzadılması» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək ********** qeydiyyat nömrəli, **********81-10301 reyestr nömrəli çıxarışa əsasən X5 və mərhum atası X3 ümumbirgə mülkiyyətində olan Qax rayonu, Qaxingiloy kəndində yerləşən 0.2097 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş ümumi sahəsi 68.80 kv.m fərdi yaşayış evindən mərhum atası X3 payına düşən hissəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün mirasın qəbulu müddətinin üzürlü hesab etməklə həmin müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, o ailəsi ilə birlikdə Qax şəhəri, İ.Mustafayev küçəsi, döngə 2, ev 20-də yaşayır. Atası X9 xx.xx.2023-cLi il tarixdə vəfat etmişdir. Qax rayonu, Qaxingiloy kəndində yerləşən 0.2097 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş ümumi sahəsi 68.80 kv.m fərdi yaşayış evi əmisi X5 və mərhum atası X3 ümumbirgə mülkiyyətindədir. Həmin həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinin atası X6 düşən hissəsi ondan miras qalmışdır. Həmin torpaq sahəsi və fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Qax rayon NO-nə müraciət etmiş, lakin orada məlum olmuşdur ki, mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Ona görə də notarius həmin miras əmlakın adına rəsmiləşdirilməsi üçün əməliyyatın müvəqqəti dayandırılması haqqında qərar qəbul etmişdir. Həmçinin notarius ona mirasın qəbulu müddətinin uzadılması üçün məhkəməyə müraciət etmək hüququ olduğunu izah etmiş, bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. O, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin olmasını bilməmiş, elə hesab etmişdir ki, istədiyi vaxt mirası qəbul edə bilər. Məhkəmə iclasında iddiaçı X8 iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, notariat kontoruna vaxtında müraciət etmədiyi üçün mirasa dair vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Vaxtında müraciət etməməsinin səbəbi hüquqi savadsızlıqlarından irəli gəlir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq cavabdeh oqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Doğum haqqında XİV № 430204 saylı şəhadətnamədən görünür ki, xx.xx.1989-cu ildə doğulmuş İddiaçı atası X9, anası isə X4r. Ölüm haqqında AZ-İİ № 334403 saylı şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2023-cü ildə Qax rayonu, Qax İngiloy kəndində ürəyin xroniki işemik xəstəliyindən ölmüşdür. Qax rayon Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 320 saylı məktubdan görünür ki, onun mərhum atası X1 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə müraciəti mirasın qəbulu üçün müəyyən edilmiş müddətin ötürülməsi səbəbindən mümkün hesab edilməmiş, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Qax RİHB-nın Qax-İngiloy kənd İƏDÜN-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 539 saylı arayışdan görünür ki, X9 xx.xx.2023-cü ildə ölmüş, sağ qalan vərəsələri - oğulları İddiaçı, X12 və X7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********81-10301 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli qeydiyyat tarixli çıxarışdan görünür ki, Qax rayonu Qaxingiloy kəndində 0.2097 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 68.80 kv.metr olan fərdi yaşayış evi X9 və X2 ümumibirgə mülkiyyətindədir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və miras qoyan 2000-ci ildən sonra vəfat etdiyinə görə Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin normada təsbit edilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (Mülki Məcəllənin 1145 və 1146-cı maddələri). Mülki Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər (Mülki Məcəllənin 1243.3 və 1245-ci maddələri). Sadalanan normaların məzmunundan göründüyü kimi vərəsəlik, ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. İş materiallarından görünür ki, miras əmlak hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********81-10301 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli çıxarış üzrə mərhum X9 və onun qardaşı X2 ümumibirgə mülkiyyətində olan Qax rayonu Qaxingiloy kəndində 0.2097 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 68.80 kv.metr olan fərdi yaşayış evindən ibarətdir. Hazırda da həmin mirasda İddiaçı yaşayır. Sonuncu birinci növbə vərəsə kimi mərhum atasından qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat kontoruna müraciət etsə də, mirasın qəbulu müddətinin onun tərəfindən ötürülməsi əsasına görə ərizəsinin icrası mümkün olmamışdır. Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirası qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir (Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 2011-ci il 5 dekabr tarixli Qərarı). Qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. Həmçinin müraciətdə qeyd olunduğu kimi, bu müddət iddia müddətlərinə də aid edilə bilməz. Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Yəni iddia müddəti özünümüdafiə mahiyyətində olmaqla tələb hüquqlarına xarakterikdir və hüququn məhkəmə qaydasında realizəsi imkanı üçün nəzərdə tutulmuş müddətlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı). Məhkəmə hesab edir ki, qanun üzrə vərəsələr arasında mirasa dair hər hansı mübahisə olmadığından və mübahisənin müsbət mənada həlli iddiaçıların qanunla qorunan vərəsəlik hüquqlarının real olaraq həyata keçirilməsinə zəmin yaradacağından iddianın təmin edilməsi qanunamüvafiq olar. Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Qeyd olunanlara məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Mərhum X1 miras qalmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********81-10301 reyestr nömrəli, 11 iyun 2021-ci il tarixli çıxarışda göstərilən Qax rayonu, Qaxingiloy kəndində yerləşən X3 və X2 ümumbirgə mülkiyyətində olan 0.2097 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş ümumi sahəsi 68.80 kv.m fərdi yaşayış evindən ibarət miras əmlakın mərhum Kako Otaraşvilinin payına düşən hissəsinə dair mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət İddiaçı münasibətdə uzaldılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar