Məhkəmə qərarları › İş №2(024)-528/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-528/2024

22.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-528/2024 22.10.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi (böyük məsləhətçi) Quliyev Elçin Feyzullah oğlunun katibliyi ilə. Cavabdeh2 Zaqatala X2 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Zaqatala RQİİ-nə qarşı «akt əsasında hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2nə və Zaqatala RQİİ-nə qarşı «akt əsasında hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh2 İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında qanunsuz olaraq hesablanmış 4320 kub/m qazın dəyəri 518.40 (beş yüz on səkkiz manat qırx qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qax şəhəri Vidadi küçəsi dön 1, ev 1 də yaşayır. Yaşadığı evdə qazdan istifadə etmiş və mütəmadi olaraq qaz pulunu ödəmişdir. xx.xx.2023-cü il tarixdə Azəriqaz İB-nin əməkdaşları yaşadığı mənzilə gələrək qaz sayğacının yenisi ilə əvəzlənməsi məqsədi ilə sayğacı aparmış və yenisi ilə əvəz etmişlər. Qaz sayğacının yenisi ilə əvəz olunduğuna dair akt tərtib olunmuşdur. Bir müddət vaxt keçdikdən sonra əlavə olaraq 4320 kub.m qazın dəyəri 518.40 manat qaz borcu hesablandığı müəyyən olunmuşdur. Bununla bağlı Qax rayon Qaz istismar sahəsi yaranmış ziddiyətin heç bir hüquqi əsasını göstərməmiş, sadəcə bildirmişdir ki, özünə verilən sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzikcızıq izləri var - müdaxilə edilmişdir. Bildirir ki, quraşdırılmış sayğaca dair verilmiş aktda göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik-cızıq izləri var. Tərəfindən və ya mərhum anası tərəfindən həmin sayğaca müdaxilə olunmamışdır. Belə ki, Azəriqaz İB-nin əməkdaşları hər ay mütəmadi olaraq sayğaca baxış keçirmiş, hesablanmış qaz puluna dair bildiriş vermişlər. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdirildiyindən hazırkı işin faktiki hallarına əsasən yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğacın işçi vəziyyətdə saxlanmasına nəzarət etmək imkanı da olmamış, habelə həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən müntəzəm olaraq baxış keçirildiyindən sayğacda olan zədələnmələr, qüsur və ya digər nasazlığa görə özü məsuliyyət daşımır. Buna görə də bildirir ki, hesablanmış qanunsuz borc məbləği silinməlidir. Odur ki, hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü hesab edilməsi üçün məhkəməyə hər hansı məlumat verməmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iştirak etdiyi məhkəmə iclasında iddianın məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təxminən bir il əvvəl yol idarəsinin əməkdaşları tərəfindən yolda asfaltlama işləri həyata keçirilərkən idarəyə məxsus yük maşını qaz borusuna toxunmuş, nəticədə qaz borusu sayğacdan ayrılmışdır. İşdə olarkən arvadı ona zəng edərək məlumat vermiş, o da yaşadığı evə gəlmişdir. Hadisə ilə bağlı qaz idarəsinə məlumat vermiş, qaz istismar idarəsinin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmişdir. Özü tərəfindən sayğaca hər hansı bir müdaxilə olmamış, qaz borcunun olmasından isə məhkəməyə müraciət etməzdən təxminən 15-20 gün əvvəl məlumatı olmuşdur. Yaşadığı evdə istifadə etdikləri qaz sayğacı smart tipli sayğac olmuşdur. Sayğaca özü və ailəsi tərəfindən hər hansı bir müdaxilə olmamış, qaz idarəsinin əməkdaşlarının yanında sayğaca toxunması nəticəsində zədələyən şəxs özü vurduğu zərəri aradan qaldıracağını bildirmişdir. Məhkəmədən əsassız hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 Zaqatala RQİİ-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədi və əlavə olaraq göstərdi ki, İddiaçı Cavabdeh2nə qarşı Cavabdeh2 İBnin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 518.40 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət etmişdir. Bildirir ki, İddiaçı Cavabdeh2nə qarşı tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Qeyd edir ki, İddiaçı adına rəsmiləşdirilmiş **********00200 saylı qaz hesabında xx.xx.2024-cü il tarixə ödənilməmiş 555 (beş yüz əlli beş) manat borc var. Həmin borcun 36.60 manat hissəsi sayğac üzrə, 518.40 manat hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı məhz həmin borcu mübahisələndirməkdədir. Mübahisə predmeti ilə bağlı bildirir ki, Zaqatala RQİİnin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı **********2 nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı sayğacın yivli birləşmələrinə vizual müdaxilə ehtimalı müəyyən edilmişdir. Bununla əlaqədar olaraq həmin sayğac qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktla çıxarılaraq xüsusi plomblanmış qutuda möhürlənərək dövlət yoxlamasına göndərilmiş, əvəzində isə **********9 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin xx.xx.2023-cü il tarixli MS-14-2-2/3-5-8820/Q001 saylı aktında göstərilmişdir ki, sayğacın yivli birləşmələri deformasiyaya uğrayıb və nəticədə giriş yivli birləşmə gövdədən qopub, sayğacın çıxış plastmas borusu sınıb, sayğac istismara yararsızdır (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə (istehlakçı aktı imzalamaqdan imtina etmişdir) təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4 m3 sutkalıq iş rejimi 12 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 4320 m3 (və ya 518.40 manat) həcmində müəyyən edilmişdir. Bildirir ki, mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”nın 4.9-cu bəndinə əsasən, qaz sayğacının zədələnməsi dedikdə onun hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s. başa düşülür. Abonentin və ya onunla razılıq əsasında digər şəxsin müdaxiləsi olmadan sayğacda baş vermiş həmin zədələnmələrə görə abonent heç bir məsuliyyət daşımır və zədələnmiş sayğacın dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilir. Lakin sayğacın zədələnməsi ona müdaxilə nəticəsində baş vermişsə, bu zaman təqsirli hərəkətin törədilməsi faktı mövcud olur. Nəzərə çatdırır ki, istehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının, həmçinin sayğaca müdaxilə üsulu ilə sayğacın real sərfiyyatının gizlədilməsi istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların borcudur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 4cü maddəsinin 2-ci bəndinə əsasən istehlakçı bu Qanunun 3-cü bəndinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 3.3cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Göstərilənlərə əsasən, İddiaçı Cavabdeh2nə qarşı Cavabdeh2 İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 518.40 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Təbii qazdan istifadə qaydalarının pozulması barədə xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinə məxsus G-4 markalı **********2 nömrəli sayğaca baxış keçirilmiş və müəyyən edilmişdir ki, sayğacda yivli birləşmələr deformasiyaya uğramış və nəticədə giriş yivli birləşmə gövdədən qopmuşdur. Sayğacın çıxış plastmas borusu sınıqdır. Sayğac istismara yararsızdır. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tələbnamədən görünür ki, G-4 markalı sayğacın nominal saatlıq qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və ödənilməsi qərara alınmışdır. Qaz sərfi 4320 kub metr müəyyən edilmişdir. İddiaçı məxsus abonentin saldosundan görünür ki, ona 2023-cü ilin avqust ayında akt əsasında 518.40 (beş yüz on səkkiz manat qırx qəpik) manat məbləğdə borc hesablanmışdır. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri təbii qazdan istifadə üzrə yaranmış mübahisədir. Ona görə də işin hallarına qanunvericiliyin təbii qazdan istifadə ilə bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qeyd olunmuşdur ki, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır. İş materiallarından görünür ki, tərəflər arasında qazın alqı-satqısı barədə müqavilə vardır. Qaz təchizatı ilə bağlı münasibətləri tənzimləyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində göstərilən anlayışlara əsasən, qaz paylayıcısı alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 11-ci maddəsinin 6-cı bəndinə əsasən Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndində təsbit edilmişdir ki, bu Qanunun 13cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.1-ci bəndində göstərilmişdir ki, qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.8-ci bəndində göstərilmişdir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.1 və 5.2-ci bəndləri. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə abonent tərəfindən sayğaca müdaxilənin edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin abonent tərəfindən qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarına hər hansı sübut əlavə edilməmişdir. Cavabdeh tərəf bu barədə məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Hansı ki, yuxarıda əksin tapan qanunvericiliyin tələblərindən aydın olur ki, istehlakçı fiziki şəxs olduğu təqdirdə sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Eyni zamanda əksi-yəni sayğaca kənar müdaxilənin iddiaçı tərəfindən edilməsi barədə tərtib olunmuş akta hər hansı sübut əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara qeyd olunan qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən hesablanmış əsassız borc silinməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Azəriqaz İB-nin Zaqatala X2 İdarəsi tərəfindən abonent İddiaçı hesabına akt əsasında yazılmış 518.40 (beş yüz on səkkiz manat qırx qəpik) manat borc məbləği silinsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar