Məhkəmə qərarları › İş №2(024)-529/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-529/2024

05.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-529/2024 05.11.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi (böyük məsləhətçi) Quliyev Elçin Feyzullah oğlunun katibliyi ilə. İddiaçı cavabdehlər Cavabdeh2 və Zaqatala RQİİ-nə qarşı «akt əsasında hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2nə və Zaqatala RQİİ-nə qarşı «akt əsasında hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh2 İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında qanunsuz olaraq hesablanmış 648 kub/m qazın dəyəri 129 (bir yüz iyirmi doqquz) manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qax rayonu Qaxbaş kəndində yaşayır. Yaşadığı evdə qazdan istifadə etmiş və mütəmadi olaraq qaz pulunu ödəmişdir. xx.xx.2023-cü il tarixdə Azəriqazın əməkdaşları yaşadığı mənzilə gələrək qaz sayğacının yenisi ilə əvəzlənməsi məqsədi ilə sayğacı aparmış və yenisi ilə əvəz etmişlər. Qaz sayğacının yenisi ilə əvəz olunduğuna dair akt tərtib olunmuşdur. Bir müddət vaxt keçdikdən sonra əlavə olaraq 648 kub.m qazın dəyəri 129 manat qaz borcu hesablandığı müəyyən olunmuşdur. Bununla bağlı Qax rayon Qaz istismar sahəsi yaranmış ziddiyyətin heç bir hüquqi əsasını göstərməmiş, sadəcə bildirmişdir ki, ona verilən sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik-cızıq izləri var - müdaxilə edilmişdir. Bildirir ki, quraşdırılmış sayğaca dair verilmiş aktda göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik-cızıq izləri var. Tərəfindən və ya mərhum anası tərəfindən həmin sayğaca müdaxilə olunmamışdır. Belə ki, Azəriqazın əməkdaşları hər ay mütəmadi olaraq sayğaca baxış keçirmiş, hesablanmış qaz puluna dair bildiriş vermişlər. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdirildiyindən hazırkı işin faktiki hallarına əsasən onun yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğacın işçi vəziyyətdə saxlanmasına nəzarət etmək imkanı da olmamış, habelə həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən müntəzəm olaraq baxış keçirildiyindən sayğacda olan zədələnmələr, qüsur və ya digər nasazlığa görə o məsuliyyət daşımır. Buna görə də hesablanmış qanunsuz borc məbləği silinməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı “Qazdan istifadə qaydaları haqqında" qərarının 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Odur ki, hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı əvvəlki məhkəmə hazırlıq iclasında iştirak etməsinə baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək uşağı xəstə olduğu üçün iştirak edə bilməyəcəyini göstərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərdiyi etiraz məktubunda təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan mülki iş üzrə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iştirak etdiyi məhkəmə hazırlıq iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq onu da göstərdi ki, onun evinə təbii qazın verilməsi dayandırılmışdır. Cərimə yazılmışdır və sayğac həyətdən çöldədir. Cavabdeh2 nümayəndəsi bir dəfə ünvana gəlmiş və onu bayıra çağırmışlar. Əməkdaşlar ona sayğacın kəlbətinlə sıxıldığını və plombunun xarab olduğunu bildirmiş və sayğacı çıxararaq Zaqatala rayonuna ekspertə aparmışlar. Bundan sonra cavab məktubu gəlməmiş, sayğaca heç bir şey olmayıb, ona 100 manat cərimə düşür, plomb xarabdır demişlər. Sonra isə həmin pulu ödəyə bilməmiş və gəlib qaz verilməsini dayandırmışlar. İki ildir ki, onun evinə verilən təbii qaz kəsilmişdir. Sonra isə nə üçün məhkəməyə vermədiyini ondan soruşmuş, o isə bu haqda məlumatsız olmuşdur. Atası ilə eyni evdə, lakin ayrı otaqlarda yaşayırlar. Həmin evdə iki otaq özünə, iki otaq isə atasına məxsusdur. Özünə verilən təbii qaz kəsildiyi üçün atasına verilən qazdan istifadə etmişdir. Evin girişi bir, otaqlar isə ayrı-ayrıdır. İddia ərizəsində tarixi səhv yazmışdır. Həmin hadisə 2017-ci ildə baş vermişdir. Lakin ona nə üçün məhkəməyə müraciət etmədiyini dedikdən sonra ərizəni yazdıraraq məhkəməyə müraciət etmişdir. İddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Azəriqaz İB iddia ərizəsinə etirazında göstərmişdir ki, İddiaçı Cavabdeh2nə qarşı Cavabdeh2 İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 129 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət etmişdir. Bildirir ki, İddiaçı Cavabdeh2nə qarşı tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Qeyd edir ki, İddiaçı adına rəsmiləşdirilmiş **********00420 saylı qaz hesabında 136.60 manat borc vardır. Həmin borcun 7 manat hissəsi sayğac göstəricisinə əsasən yaranmış, 129.60 manat hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı akta əsasən hesablanmış borcu mübahisələndirməkdədir. Mübahisə predmeti ilə bağlı bildirir ki, Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı ******* nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2017-ci il tarixli ******* saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə yeni sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğacının texniki vəziyyəti ilə bağlı rəy verən Metrologiya Departamentinin 29/1710-1450-1 saylı aktında göstərilmişdir ki, sayğacın plastmas qapağının üzərində olan zavod qurğuşun plombu kənar təsir nəticəsində əzilmişdir (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2017-ci il tarixli ******* saylı akt tərtib etmişdir. Qaz cihazlarının maksimal qaz sərfləri nəzərə alınmaqla hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2017-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 648 m3 (və ya 129.60 manat) həcmində müəyyən edilmişdir. Bildirir ki, mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”nın 4.9-cu bəndinə əsasən, qaz sayğacının zədələnməsi dedikdə onun hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s. başa düşülür. Abonentin və ya onunla razılıq əsasında digər şəxsin müdaxiləsi olmadan sayğacda baş vermiş həmin zədələnmələrə görə abonent heç bir məsuliyyət daşımır və zədələnmiş sayğacın dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilir. Lakin sayğacın zədələnməsi ona müdaxilə nəticəsində baş vermişsə, bu zaman təqsirli hərəkətin törədilməsi faktı mövcud olur. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, istehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. 2. Məhkəməyə təqdim olunan materiallar: - Tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsi; - Abonentin saldosu; - Qaz sayğacının yoxlanılmasının nəticələrinə dair rəy; - Qaz sayğacının ünvanından açılmasına dair akt; - Təbii qazdan istifadə qaydalarının pozulmasına dair akt; - Dəymiş ziyanın bərpasına dair tələbnamə; - Etibarnamə; 3. İstinad edilən normalar: Azərbaycan Respublikası Prezidentinin, “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” xx.xx.2000-ci il tarixli, 356 nömrəli Fərmanın 9-cu bəndində qeyd olunur ki, Cavabdeh2 təbii qaz üzrə ödənişlərini tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. Azərbaycan Respublikası “Qaz təchizatı haqqında” Qanunun 13.10-cu bəndinə əsasən paylacının səlahiyyətli şəxsinin bu qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların borcudur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci bəndinə əsasən istehlakçı bu Qanunun 3-cü bəndinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci madəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 4. İddia müddətinin tətbiqi: Mülki iş materiallarından göründüyü kimi tərəfin mübahisələndirdiyi 129 manat borc xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli yuxarıda qeyd edilən qərarında hüququ mövqe ondan ibarət olmuşdur ki, hazırkı mübahisələrlə bağlı müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir. Beləliklə, iddiaçı tərəf iddia müddətinin buraxıldığı və müddətin üzürsüz səbəbdən buraxılmasına dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçının silinməsini xahiş edilən məbləğ iddiaçının abonent hesabına xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında işlənmişdir. Ona görə də iddiaçı tərəfindən qaldırılmış iddia Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 373.2-ci maddəsinin təsiri altına düşür. Belə olduğu halda hazırkı iş üzrə 3 (üç) il müddəti ötürülmüşdür. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 5. Etiraz üzrə tələb: Göstərilənlərə əsasən, İddiaçı Cavabdeh2nə qarşı Cavabdeh2 İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 129 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsi üç illik iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Təbii qazdan istifadə qaydalarının pozulması barədə xx.xx.2017-ci il tarixli, ******* saylı aktdan görünür ki, Cavabdeh2 İB-nin 29/1710-1450-1 nömrəli aktına əsasən sayğacın plastmas qapağının üzərində olan zavod qurğusunun plombu kənar təsir nəticəsində əzilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2017-ci il tarixli tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ-3-nin maksimal saatlıq qaz sərfi 0.9 m3/saat, orta günlük iş rejimi 4 saat, hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası barədə hesabat aparılması və ödənilməsi qərara alınmışdır. Qaz sərfi 648 m3 müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş, Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2017-ci il tarixli ******* saylı aktın təsdiq olunmuş surətindən görünür ki, istehlakçının nümayəndəsinin iştirakı ilə PQ-3 markalı qaz sayğacının zavod plombuna müdaxilə ehtimalı əsasında sayğac çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə Socar tipli G-4 markalı 10563473 saylı sayğac quraşdırılmışdır. İddiaçı məxsus abonentin saldosundan görünür ki, ona 2017-ci ilin dekabr ayında akt əsasında 129.60 (bir yüz iyirmi doqquz manat altmış qəpik) manat məbləğdə borc hesablanmışdır. Məhkəmə iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri təbii qazdan istifadə üzrə yaranmış mübahisədir. Ona görə də işin hallarına qanunvericiliyin təbii qazdan istifadə ilə bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qeyd olunmuşdur ki, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır. İş materiallarından görünür ki, tərəflər arasında qazın alqı-satqısı barədə müqavilə vardır. Qaz təchizatı ilə bağlı münasibətləri tənzimləyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində göstərilən anlayışlara əsasən, qaz paylayıcısı - alqısatqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 11-ci maddəsinin 6-cı bəndinə əsasən Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndində təsbit edilmişdir ki, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.1-ci bəndində göstərilmişdir ki, qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.8-ci bəndində göstərilmişdir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.1 və 5.2-ci bəndləri. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə abonent tərəfindən sayğaca müdaxilənin edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin abonent tərəfindən qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarına hər hansı sübut əlavə edilməmişdir. Cavabdeh tərəf bu barədə məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Hansı ki, yuxarıda əksin tapan qanunvericiliyin tələblərindən aydın olur ki, istehlakçı fiziki şəxs olduğu təqdirdə sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Eyni zamanda əksi-yəni sayğaca kənar müdaxilənin iddiaçı tərəfindən edilməsi barədə tərtib olunmuş akta hər hansı sübut əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara qeyd olunan qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən hesablanmış əsassız borc silinməlidir. Məhkəmə cavabdehin iddia ərizəsinə etirazında iddiaçının silinməsini xahiş edilən məbləğ iddiaçının abonent hesabına xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında işləndiyini və 3 illik iddia müddətini keçirdiyi barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təsir göstərən mühüm amildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi, imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Prosesual mənada iddia hüququ, yəni pozulmuş hüququn müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət etmək imkanı isə hər hansı vaxtla (anla) məhdudlaşdırılmadan həmişə saxlanılır və mövcud olur. Hazırki tələb müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, cavabdeh hazırki mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməsini xahiş edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra–Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq, hazırki iş üzrə iddia müddətinin ötürülmədiyi nəticəsinə gələrək hesab edir ki, qeyd olunan Akta İddiaçı tərəfindən imza edilsə də və “mövcud sayğac yenisi ilə əvəz edilsin və dəymiş ziyan ödənilsin” qeyd edilsə də, ziyanın məbləği, itirilmiş sərfiyyat qeyd olunmamış, ziyanın hesablanması və dəymiş ziyan barədə tələbnamənin iddiaçıya hansı tarixdə verilməsi ilə bağlı sübut iş materiallarında aşkar edilməmişdir. Cavabdeh tərəfindən ona itirilmiş sərfiyyata, yəni cavabdehə dəymiş ziyana görə hesablanmış məbləği əks etdirən müvafiq sənəd iddiaçıya rəsmi qaydada verilməli, əgər verilmişdirsə hansı tarixdən verilməsi barədə sübut məhkəməyə təqdim edilməli idi. İddiaçı ona verilən təbii qazın iki il əvvəl kəsildiyini bildirmişdir. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə verilmişdir. Beləliklə də, hazırki mülki iş üzrə iddiaçının hüquqlarının pozulduğunu bildiyi anı dəqiq müəyyən etmək mümkün olmadığı üçün iddia müddətinin axımının hansı tarixdən başlandığını müəyyən etmək mümkün deyil. Cavabdeh tərəfindən məhkəməyə etiraz ünvanlanması, iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi xahiş olunsa da, iddiaçı iştirak etdiyi məhkəmə iclasında son iki il müddətinə qədər təbii qazdan istifadə etdiyi bildirmişdir. Cavadeh isə 11 dekabr 2017-ci il tarixdə aktın tərtib edilməsinə əsaslanmış, lakin tərtib edilmiş akta dair digər mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, hazırki halda iddia müddətinin tətbiq edilməsi mümkün olmadığından iddiaçının iddiası təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu “S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Azəriqaz İB-nin X1 İstismar İdarəsi tərəfindən abonent İddiaçı abonent hesabına akt əsasında yazılmış 129 (bir yüz iyirmi doqquz) manat borc məbləği silinsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar