Məhkəmə qərarları › İş №2(024)-633/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-633/2023

14.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-633/2023 14.11.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “cavabdehin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində məhv olmuş atının dəyərinin ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəməyə müraciət edərək cavabdeh-Cavabdeh törətdiyi yolnəqliyyat hadisəsi nəticəsində məhv olmuş atının dəyəri olan 2500 (iki min beş yüz) manat və iddia qaldırmaq üçün ödədiyi 45 (qırx beş) manat dövlət rüsumunun, cəmi 2545 (iki min beş yüz qırx beş) manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işin məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, Cavabdeh iddianı qəbul etməmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, hazırki iddiaçı və bundan əvvəl Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi ilə əlaqədar icraatda olmuş inzibati xəta haqqında iş üzrə işin əsil təfərrüatlarını, real mənzərəsini və ümumiyyətlə, işin həqiqi faktiki hallarını və məsələnin əsil mahiyyətini açıqlayaraq bildirir ki, 02 noyabr 2022-ci il tarixdə səhər saat 9:30-da Qazmalar kəndinin sakini Cavabdeh zəng edərək atınının onun maşınını vurduğunu demişdir. O, həyat yoldaşı ilə birlikdə hadisə yerinə gəlmiş, hadisə yerinə-Yevlax-Zaqatala-Gürcüstan yolunun 82-ci kmnə çatanda görmüşdür ki, Afərin idarə etdiyi avtomobil yolun qırağında - çınqıl hissəsində dayanmışdır və onun atı ondan 15-20 metr aralıda asfalt yolun qırağında-çınqıl hissəyə keçən yerdə yıxılmışdır. At hələ sağ idi, sol qıçı sınmış, onu görüb ayağa durmaq istəmiş, ancaq dura bilməmiş və başını yerə qoyaraq ölmüşdür. Atın başqa nahiyyələrində hər hansı bir xəsarət olmamışdır. Onlar gəlib çatanadək artıq orada Afərin qonşuları Sabir, Sabirin qardaşı Novruz, kəndin digər sakinləri və məktəbli uşaqlar olmuşdur. Afər özü zəng edərək yol polisini çağırmışdır. Hadisə yerinə YPX-nin 2(iki) əməkdaşı gəlmişdir. Onlar hadisə yerində heç bir sənəd tərtib etməmiş, ərazinin, avtomobilin və ölmüş atın yerləşmə yerinin şəklini çəkməmiş, protokol və ya akt yazmamışlar. Afər onlardan biri ilə kənara çəkilib söhbət etmiş, sonra yol polisləri onu şəxsiyyət vəsiqəsi gətirmək üçün evə göndərmişlər. O, həyat yoldaşı ilə evə qayıtmış, şəxsiyyət vəsiqəsini götürüb hadisə yerinə qayıtmaq istərkən həmin polislər öz maşınlarında Afərlə birlikdə onlara gəlmiş və ona özləri ilə birlikdə Şəki postuna gedəcəklərini bildirmişlər. Onlar Şəki postuna gəlmiş, orada polislər ona çalışıb Afərlə haqq-hesabı burda çürütməsini və işin məhkəməyə getməməsini, əgər məhkəməyə getsə, agır olacağını demişlər. Şəki postunda onlardan izahat almışdır. O, axşam atı həyətin darvazasının qabağındakı elektrik dirəyinə (şalbana) bağladığını, səhər duranda atın olmadığını, kəndir acılaraq getdiyi barədə izahat yazmışdır. Təxminən saat 09 radələrində Afər zəng etmiş və o həyat yoldaşı ilə birgə hadisə yerinə getmişlər. Hadisə yerində gördüklərimi isə artıq yuxarıda bildirmişdir. Şəki postunda izahat verdikdən sonra polislər ona kəndə qayıtmaq üçün 2 (iki) manat yol pulu vermişlər. Afər isə orada qalmışdır. Sonra həyat yoldaşının məsləhəti ilə gedib hadisə yerində atın yıxılıb qaldığı yerin hər iki istiqamətdən şəkillərini çəkmişdir. Afər maşınını sürüb Oncallı yolundakı dayanacağa aparmış, atı isə yolun çınqıl hissəsindən sürüyüb çökəyə salmışlar. Onun atının vurulma yerinin fotoşəkillərini çəkmişdir. Həmin şəkillərdən də gördüyü kimi, at YPX-nin inspektoru polis sıravisi X1 xəyalən tərtib etdiyi YNHnin sxemində göstərildiyi kimi yolun sağ hərəkət hissəsinin ortasında yox, hərəkət hissəsinin tam kənarında - sarı xəttdən də çınqıl hissəyə keçən yerdə vurulmuşdur. Bu, mülahizə-arqument yox, ortada olan təkzibolunmaz faktdır, atın vurulduğu yerdə qan gölməçəsi əmələ gəlmişdir. Hadisə baş verən zaman hadisə yerində Afərin yol polisi ilə kənara çəkilib söhbət etməsi də, Şəki postunda polislərin ona “tövsiyyəsi” də, izahatlar verdikdən sonra Afərin postda dayanması da qeyri-ixtiyari olaraq onda şübhələr yaratmışdır ki, axı, eyni istiqamətdə Qıpçaq kəndindən Qazmalar istiqamətində gələn atın arxadan vurulması təccüb doğurur. Sonradan öyrənmişdir ki, həmin polislər Şəki rayonunun Dəhnə kəndindən imişlər və Afərin anası da Dəhnə kəndindəndir. Hadisədən yarım ay sonra o Qax rayon Məhkəməsinə çağırılmış və məhkəmənin 18 noyabr 2022-ci il tarixli, 3(024)- 484/2022 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən)manat məbləğində cərimə edilmişdir. Xülasə, məhkəmədə atın maşınla vurulub öldürülməsi nəticəsində ona dəymiş maddi ziyanı da tələb etməmişdir. Afərin də maşınına ziyan dəyib deyə o özünə dəyən ziyandan keçdim, baxmayaraq ki, ona daha çox ziyan dəymişdir. At arabası atsız qalmış, o təsərrüfat işlərini onunla görmüşdür. İndi atın daşqası (qoşqusu) atsız qalıb. Atı o Gürcüstandan 2500(iki min beş yüz) manata almışdır. Baxmayaraq ki, bu hadisəyə görə o bir dəfə inzibati qaydada cəzalandırılmışdır, bu dəfə də məhkəmə ona dəymiş ziyanı nəzərə almadan, tərəflərin vəziyyətini nəzərə alaraq barışması üçün heç bir tədbir görmədən Afərin əsassız iddiasını təmin edərək onu 2-ci dəfə maşına dəymiş ziyanı ödəməklə cəzalandırmışdır. O, May ayının 11-də Şəki postuna gedərək onun barəsində tərtib olunmuş sənədlərin surətlərini istəmişdir. Orada bildirmişlər ki, hadisə barədə bütün sənədlər Qax rayon Məhkəməsinə göndərilmişdir. Həmin gün Qax rayon Məhkəməsinə gələrək lazımi sənədlərin surətlərinin verilməsini xahiş etmişdir. Onların ilkin izahatları və hadisə yerinin müayinə protokolu da daxil olmaqla 10 (ədəd) ədəd sənədlərin verilməsini xahiş etmişdir. Lakin onların yol polisinə verdiyimiz ilkin izahatlarımı və hadisə yerinin müayinəsi protokolunun surətləri verilməmişdir. Amma əldə olunmuş sənədlərin tədqiqi belə şəksiz-şübhəsiz bu qənaətə gəlməyə əsas verir ki, baş vermiş yol nəqliyyat hadisəsinin təqsirkarı məhz sürücü- hazırki Cavabdeh olmuşdur. Günəşli, açıq-aydın hava şəraitində at, eşşək, insan və ya digər avtomobil yolun ortasında durmuş olsa belə, hərəkətdə olan avtomobil onu vura bilməzdi, vurmamalı idi. Digər tərəfdən, YPX əməkdaşları gələndə hadisə yerində onlarla adamlar olub, necə olub ki, heç bir nəfər belə həmin sxemə hal şahidi olmağa razılaşmayıb? Ən qəbahəti də odur ki, heç o sxemi tərtib edən inspektor L.C.İbrahimov özü belə bu sxemə inanmayıb, imza etməyib. O, sxemi də elə tərtib edib ki, güya avtomobil atı qabaq bamperin ortası ilə vurub. Halbuki, onun təqdim etdiyi (məhkəmədən aldığı) fotoşəkillərdən göründüyü kimi, avtomobilin kapotunun emblemi belə öz yerindədir. Emblem öz yerində salamat olduğu halda 130 №-li zərər aktında emblem də göstərilib. Əgər avtomobil atı qabaq bamperin ortası ilə (sxemdə göstərildiyi kimi) vurmuş olsaydı, 300 kiloqramlıq at avtomobilin içinə düşərdi, avtomobilin ya qabaq aynası, ya kapotu, ya matoru qalmazdı, elə sürücünün-Afərin özünün sağ qalması sual altında olardı. Digər tərəfdən, necə olur ki, YNH-nin sxemi olur, amma YNH-nin müayinə protokolu olmur? Avtomobilə dəymiş zərər aktı var, amma avtomobilin özünün müayinə aktı yoxdur. Daha sonra, YPX-nin inspektoru sxemdə avtomobilin hadisədən sonrakı vəziyyətini də göstərir. Amma tək sürücünün-hadisənin səbəbkarı “iddiaçı”Afərin imzaladığı, heç özünün də imzalamadığı bu sxemdə atın hadisədən sonrakı vəziyyətini göstərmir. Halbuki, at yolun ortasında yox, yolun kənarında öz yolu ilə, eyni istiqamətdə getdiyi vəziyyətdə vurulmuşdur. Avtomobil özünün sağ tərəfi ilə atın sol qıçındaan vuraraq yıxmış və bu zaman avtomobilin qabaq aynasının sağ tərəfinin sınması ağla batandır, lakin qabaq aynanın sol tərəfindəki, sürücü sükanının bilavasitə qabağındakı sınma əks tərəfdəki sınma ilə heç bir əlaqəsi olmayan, tamamilə başqa mənşəli sınmadır. Belə qabaq aynası-şüşəsi olan avtomobili ən təcrübəli sürücülər belə idarə etməyə cürət etməzlər. Bəs Cavabdeh nə güc keçib ki, belə avtomobillə magistral yola çıxıb? Bu işin müəmmalı hallarından biri də budur ki, bu beynəlxalq əhəmiyyətli magistral yoldan gün ərzində yüzlərlə avtomobil keçir. Necə olub ki, ovuc boyda kiçik bir kəndin atını oradan keçən yüzlərlə maşından heç biri vurmur, məhz həmin kəndin maşını vurur?!Məhkəmə qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə istinad edərək göstərir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Bu işdə isə yol-nəqliyyat hadisəsini bilavasitə törətmiş Cavabdeh hərəkətinə hüquqi qiymət verilməmişdir. Ona görə də, o Qax rayon Məhkəməsinin sözügedən qətnaməsindən narazı qaldığı üçün ondan apellyasiya şikayəti vermişdir. 10 iyul 2023-cü il tarixində və təxirə salınmaqla 16 avqust 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclaslarında ona izah olunmuşdur ki, o Qax rayon məhkəməsinin qətnaməsindən əvvəl onun inzibati qaydada cərimə olunması haqqındakı inzibati xəta haqında iş üzrə 18 noyabr 2022-ci il tarixli qərarı mübahisələndirməli idi. Çünki işin bu mərhələyə çatmasına səbəb məhz həmin qərar olmuşdur. Bu qərar isə yolnəqliyyat hadisəsi barədə saxtalaşdırılmış protokol və yol-nəqliyyat hadisəsinin sxemi əsasında verilmişdir.Yol-nəqliyyat hadisəsinin hallarının həqiqətən də saxtalaşdırılmasını sübut edən faktlar da göz qabağındadır və onları bu iddia ərizəsinə əlavə edir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2023-cü il tarixli, 2(107)-814/2023 nömrəli qətnaməsi bir daha sübut edir ki, yolnəqliyyat hadisəsinin baş verməsinin təqsirkarı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətanı törətmiş şəxs kimi o yox, yolnəqliyyat hadisəsini törətmiş-sürücü Cavabdeh olmuşdur. Belə ki, Şəki Apellyasiya Məhkəməsi özünün qətnaməsinin ilk səhifəsindəcə birmənalı şəkildə göstərir ki, araşdırdığı mülki iş yol-nəqliyyat hadisəsi və atın vurulmasına dair mülki işdir. Bu o deməkdir ki, hadisənin baş vermə səbəbi “iddiaçı”- hazırki Cavabdeh dediyi kimi -“yolun hərəkət hissəsinə sahibsiz at çıxmış və onun avtomobili ilə toqquşmuşdur. O, maşını qəzadan qaçırmaq istəsə də, məsafə yaxın olduğundan qəzadan qaça bilməmişdir” (Qax rayon məhkəməsinin qətnaməsi, səhifə-1, sonuncu abzas, səhifə-2, 1-ci abzas)-kimi uydurma yox, yəni Allah-təalanın verdiyi instinktlə təhlükədən qaçmalı olan süursuz heyvan yox, qabaq aynası sürücü önündən ovxalanmış olan nəqliyyat vasitəsini idarə edən sürücü Cavabdeh qəsd və ya ehtiyatsızlıq formasında etdiyi hərəkət, törətdiyi yolnəqliyyat hadisəsi olmuşdur. Şəki Apellyasiya Məhkəməsi Qax rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(024)-40/2023 nömrəli qətnaməsini mübahisələndirilən - iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlasa da, öz qətnaməsinin əsaslandırıcı hissəsində qeyd etmişdir ki, cavabdeh (yəni o) apellyasiya şikayətində baş vermiş hadisəni və həmin hadisə ilə bağlı edilmiş bütün hərəkətləri təfərrüatlı izah etməklə birlikdə, şikayətin məzmunundan görünür ki, hazırda mübahisə etdiyi qətnamədən narazılığı ona da zərər dəymiş olmasına rəğmən, iddiaçının ondan tələb etdiyi zərərin əvəzinin ödənilməsinin qismən də olsa təmin edilmiş olması yönündədir Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində ona həm real zərər vurulmuş, həm də əldən çıxmış fayda olmuşdur. Belə ki, onun atı məhv olmuşdur və o birilə yaxındır ki, at daşqasından (qoşqusundan) istifadə edə bilməmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində məhv olmuş atımın dəyəri olan 2500.0 (iki min beş yüz) manat və iddia qaldırmaq üçün ödədiyim 45.0 (qırx beş) manat dövlət rüsumunun, cəmi 2545.0 (iki min beş yüz qırx beş) manat məbləğində pulun ondan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, 02 noyabr 2022-ci il tarixdə Cavabdeh Yevlax- Zaqatala-Gürcüstan yolunda idarə etdiyi “Mercedes-Benz minik” markalı avtomobillə ona məxsus atı vurmuş, hadisə nəticəsində at ölmüşdür. Həmin hadisəyə görə o inzibati məsuliyyətə cəlb edilmiş və Cavabdeh dəymiş ziyana görə Qax rayon Məhkəməsinin qətnaməsinə əsasən ona 1710 manat maddi ziyan kəsilmişdir. Lakin qeyd edir ki, iddiaçıya ziyan dəydiyi kimi ona da ziyan dəmişdir. Həmin at Qarabağ cinsinə məxsusdur və bazar dəyəri 2500 manat təşkil edir. O, Afərlə barışmaq istəsə də Afər barışmamışdır. Ona görə də, hazırda cavabdehdən atın ölməsinə görə ona dəyən maddi ziyanı tələb edir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçının göstərdiklərini əsassız hesab edir. Belə ki, iddiaçıya məxsus at avtomagistralda onun idarə etdiyi avtomobilin qarşısına çıxmış və atı vurmuşdur. İddiaçı atı özbaşına buraxdığı üçün inzibati məsuliyyətə cəlb olunmuş, daha sonra isə Qax rayon Məhkəməsinin qərarı ilə ona dəyən maddi ziyanın ödənilməsi qərara alınmışdır. Həmin vaxtı iddiaçıdan maddi ziyan tələb etmək fikri olmamış, lakin iddiaçı ona qarşı saymazlıq etdiyi üçün ziyan tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı ona dəymiş ziyanı ödəmir. İddianı qəbul etmir, rədd edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Qax rayon Məhkəməsinin 3(024)- 484/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Qax rayon Məhkəməsinin 2(024)- 40/2023 saylı xx.xx.2023-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, cavabdeh İddiaçı dəymiş ziyana görə 1710 manat və dövlət rüsumu olaraq ödənilmiş 39 manat məbləğində pul alınıb iddiaçı Cavabdeh verilməsi qət edilmişdir İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsisinin surətindən görünür ki, Qax rayon Məhkəməsinin 2(024)-40/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 45 (qırx beş) manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyərək məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 09 radələrində iddiaçı X4 məxsus at X6 yolunun 82-ci km-də Cavabdeh etibarnamə ilə idarə etdiyi “Mercedes Benz minik” markalı **-LS-*** dövlət nömrə nişanlı avtomobilin qarşısına çıxmış və nəticədə avtomobil atı vurmuşdur. Hadisə nəticəsində iddiaçıya məxsus at ölmüş, Cavabdeh idarə etdiyi “Mercedes Benz minik” markalı **-LS-*** dövlət nömrə nişanlı avtomaşına 1160 manat ehtiyyat hissələri və 550 manat xidmət xərci olmaqla, ümumilikdə 1710 manat ziyan dəymişdir. X3 hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin əlamətləri olduğu üçün barəsində inzibati tənbeh vermə haqqında protokol tərtib edilərək baxılması üçün Qax rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin 3(024)- 484/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qax rayon Məhkəməsinin 2(024)-40/2023 saylı xx.xx.2023-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı dəymiş ziyana görə 1710 manat və dövlət rüsumu olaraq ödənilmiş 39 manat məbləğində pul alınıb iddiaçı Cavabdeh verilməsi qət edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsisinin surətindən görünür ki, Qax rayon Məhkəməsinin 2(024)- 40/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, hər bir şəxs iddia tələbi ilə məhkəməyə müraciət etdikdə, tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Sübutetmə yükü üzərinə düşən İddiaçı tərəfindən Cavabdeh ona necə və hansı məbləğdə ziyan vurması ilə bağlı məhkəməyə kifayət qədər heç bir əsaslı və mötəbər sübut təqdim edilməmişdir. Əksinə məhkəmə iclasında mümkün və mötəbər sübutlarla müəyyən edilmişdir ki, iddiaçının atının ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsinin baş verməsinə görə Cavabdeh yox, İddiaçı təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi sübuta yetirilməmişdir. İddiaçının məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 45 (qırx beş) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “cavabdeh-Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində məhv olmuş atının dəyəri olan 2500 (iki min beş yüz) manat və iddia qaldırmaq üçün ödədiyim 45 (qırx beş) manat dövlət rüsumunun, cəmi 2545 (iki min beş yüz qırx beş) manat məbləğində pulun ondan alınaraq ona ödənilməsi tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilməli, iddiaçının ödədiyi 45 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı “cavabdeh-Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində məhv olmuş atının dəyəri olan 2500 (iki min beş yüz) manat və iddia qaldırmaq üçün ödədiyi 45 (qırx beş) manat dövlət rüsumunun, cəmi 2545 (iki min beş yüz qırx beş) manat məbləğində pulun ondan alınaraq ona ödənilməsi tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilsin. İddiaçı ödədiyi 45 manat dövlət rüsumu onun özünə aid edilsin. Qax rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim:Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar