Məhkəmə qərarları › İş №2-2(105)-47/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-47/2025

13.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-47/2025 13.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X17 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, 2-2(119)-86/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 16000 (on altı min) manat məbləğində pul vəsaitinin və 138 (yüz otuz səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2008-ci ildən müxtəlif bağlara aqronomluq sahəsi üzrə xidmətlər göstərir, məsləhət verir. Bundan əlavə peşəsinə uyğun olaraq ting alıb satmaqla da məşğuldur. Məhz bu işlərlə əlaqədar 2020-ci ildən tanıdığı Quba rayonu 2-ci Nügədi kənd sakini Cavabdeh 2021-ci ilin oktyabr ayında öz torpaq sahəsində əkmək üçün 1 ədədi 3,80 manat olmaqla 2000 ədəd birillik babilyon növlü şaftalı tingləri almışdır. Bundan əlavə Cavabdeh Qusar rayonu Çubuqlu kənd ərazisində əkilməsi üçün Əbil ləqəbli X15 üçün 1 ədədi 4,50 manat dəyərində olan biktopnektarin növlü nektarin tingləri alaraq bir ədədini 6 manata satmışdır. Bu alış-verişə görə öz bağı üçün Cavabdeh 7600 manat məbləğində, X15 üçün aldığı meyvə tingləri üçün isə Cavabdeh 11250 manat məbləğində ödəniş etmişdir. Həmin ödənişləri müxtəlif tarixlərdə Cavabdeh məxsus kart hesabına atmaqla həyata keçirmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə 3900 manat məbləğində, xx.xx.2021-ci il tarixdə 2000 manat məbləğində, xx.xx.2021-ci il tarixdə 2000 manat məbləğində, xx.xx.2021-ci il tarixdə 5000 manat məbləğində, xx.xx.2022-ci il tarixdə isə 350 manat məbləğində pul vəsaiti Cavabdeh məxsus **********682620 nömrəli kart hesabına ödənilmişdir. Cavabdeh tərəfindən satılan tinglərdən 22000 manatlığı səhv ting olmuş, o, bu məbləğdən 6000 manatını iddiaçıya qaytarsa da, qalan 16000 manatı qaytarmaqdan imtina etmişdir. Bu alış-verişdən təxminən 2 il sonra X15 öz bağındakı ağaclarda yetişən meyvənin biktopnektarin deyil, başqa 5 növdə meyvə tingi olduğunu müəyyən etmişdir. Həmin meyvə tinglərini də X14 İddiaçı Cavabdeh alaraq satmışdır. Bu barədə dərhal Cavabdeh məlumat vermiş, bağın, meyvə ağaclarının videosu çəkilərək ona göndərmişdir. X15 İddiaçı meyvə tingləri üçün ödədiyi pulu tələb etdikdə İddiaçı da həmin pulu Cavabdeh tələb etmişdir. Cavabdeh həmin pulu geri qaytaracağını bildirmişdir. Bundan sonra Cavabdeh tərəfindən 2023-cü ilin yay aylarında İddiaçı iki hissə olmaqla cəmi 6000 manat məbləğində pul vəsaiti qaytarılmış, daha sonra isə heç bir ödəniş edilməyəcəyi bildirilmişdir. İddiaçı X14 16000 manat qaytarmış, bundan başqa vurulan ziyana görə tinglərin çeşidini dəyişmək üçün 3750 manat vermişdir. Verilən pulun müqabilində Cavabdeh İddiaçı razılaşdırılmış tingləri verməyi öhdəsinə götürmüş, lakin öhdəliyini tam icra etməmişdir. Quba Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli 2(027)-1309/2024 nömrəıli qərardadı ilə İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “pul tələbi” barədə iş aiddiyyatı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh nümayəndəsi Vəkil iddia ərizəsinə etiraz təqdim edərək iddia tələbi əsassız olduğundan iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh iddia tələbini qəbul etmir. Belə ki, iddia tələbi özü başdan-başa təzadlarla doludur. İddiaçı iddia edir ki, guya cavabdehə cəmi 7600+11250=18850 manat pul verib və həmin pulu kartla cavabdehə hissə-hissə ödəyib. Halbuki iddia ərizəsində kartla göndərdiyini bildirdiyi pul məbləğlərinin cəmi 18850 manat deyil, 3900+2000+2000+5000+350=13250 manat təşkil edir və həmin ödənişləri təsdiq edən heç bir qəbz də iddia ərizəsinə əlavə edilməmişdir. Daha sonra isə iddiaçı 22000 manat səhv meyvə tinginin satıldığını bildirir və həmin məbləğdən 16000 manat pul tələb edir. Necə ola bilər ki, iddiaçı 18850 manatlıq meyvə tingi alırsa, 22000 manatlıq meyvə tingi səhv olur? Eyni zamanda iddiaçı iddia edir ki, guya X14 satdığı meyvə tingləri cavabdehdən alıb satdığı tinglərdir və iki ildən sonra məlum olmuşdur ki, bu tinglər biktopnektarin deyil, 5 növdə meyvə tingləridir. Bununla bağlı o, Raşbil İfraimova 16000 manat məbləğində pul qaytarmışdır. Hal-hazırda iddia tələbindən görünən odur ki, iddiaçı Raşbil İfraimova qaytardığı 16000 manat məbləğində pulun tamamını iş üzrə Cavabdeh tələb edir. Halbuki, iddiaçının Raşbil İfraimova satdığı meyvə tinqlərinin sırf cavabdehdən alınan meyvə tingləri olması sübut olunmur. Eyni zamanda iddiaçı ilə cavabdeh arasında sırf iddia ərizəsində qeyd edilən çeşiddə meyvə tinglərinin verilməsi ilə bağlı hər hansı öhdəliyin, müqavilənin olması da sübut olunmur. İkincisi iddiaçı həmin tingləri cavabdehdən alsa idi belə, cavabdehdən sadəcə aldığı tinglər yararsız olduğu halda, ödədiyi pulu qanunla verilmiş əşyanın qüsurlarının müəyyən edilməsi üçün nəzərdə tutulmuş müddətlər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 589-cü maddəsində nəzərdə tutulan) daxilində tələb edə bilərdi. Halbuki, iddiaçı aldığı tingləri başqasına hansı qiymətə satmışdırsa, həmin pulu iddiaçıdan tələb edir və dediyinə görə 2021-ci ilin oktyabr ayında alındığı iddia edilən tinglərin qüsuruna görə 18 aprel 2024-cü ildə məhkəməyə müraciət edir. Bu isə iddiaçının tələb etmək hüququ olmadığı halda cavabdehin hesabına əsassız varlanmaq istədiyinin təzahürüdür. Belə ki, qarşı tərəfdən nə isə tələb etmək üçün tələb edən şəxsin bununla bağlı subyektiv hüququnun olması əsas şərtdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında «mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı» olmasını göstərmiş, sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. İddiaçının cavabdehə qarşı iddia qaldırmağa subyektiv hüququ yoxdur. Çünki iddiaçıya cavabdehdən hazırki vəziyyətdə pul tələb etməyə hər hansı qanun və ya müqavilə əsası hüquqi ixtiyar vermir. Hazırki işdə iddiaçının cavabdehdən iddia ərizəsində qeyd etdiyi növdə meyvə tinglərini alması və ödəniş etməsi və ya da sırf cavabdehdən aldığı meyvə tinglərində problem olması, eyni zamanda iddiaçının X14 satdığı meyvə tinglərinin cavabdehdən alınan meyvə tingləri olması və buna görə hansı əsasla və hansı hesablama yolları ilə 16000 manat məbləğində pulun cavabdehdən tələb edilməsi sübut olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Cavabdeh İddiaçı qarşısında öhdəliyinin əmələ gəlməsi üçün onlar arasında müqavilə olmalı idi. İddiaçı ilə cavabdeh arasında iddiaçıya iddia ərizəsində qeyd etdiyi çeşiddən, növdən və miqdardan meyvə tinglərinin satılması ilə bağlı hər hansı müqavilə yoxdur. İddiaçı sübut etməlidir ki, iş üzrə cavabdeh həqiqətən ona qeyd edilən çeşiddə, növdə və miqdarda meyvə tingi satmağı öhdəsinə götürmüş və iddiaçının Raşbil İfraimova satdığı meyvə tingləri sırf cavabdehdən alınan meyvə tingləri olmuş və sırf iş üzrə cavabdehdən aldığı meyvə tingləri yararsız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 589.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. Həmin Məcəllənin 589.2-ci maddəsinə əsasən isə əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alqı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. İddia ərizəsində qeyd edildiyi kimi iddiaçının peşəsi aqronomdur. Yəqin ki, o, aldığı meyvə tinginin hansı növə və keyfiyyətə malik olduğunu peşəsi baxımından hər kəsdən yaxşı bilməli idi. Aldığı malların qüsurunu müəyyənləşdirmək də iddiaçı üçün hər kəsdən daha rahat olmalı idi. İnandırıcı deyildir ki, aqronom peşəsi ilə məşğul olan bir alıcı meyvə tinginin növü barəsində satıcı tərəfindən aldadılsın. Əgər alınmış malın qüsurları var idisə, bununla bağlı da 2 il müddətində satıcıya qarşı tələb irəli sürülə bilərdi. Həmin müddət də iddiaçı tərəfindən ötürülmüşdür. Bundan əlavə iddia ərizəsinə əlavə edilmiş cinayət işinin başlanmasının rədd qərarından da göründüyü kimi iddiaçıya verilən 6000 manat məbləğində pul hər hansı öhdəliyin icrası kimi deyil, sadəcə cavabdehlə iddiaçının tanışlığ münasibətlərinə əsasən iddiaçı özünün çətin vəziyyətdə olduğunu bildirdiyi üçün köməklik məqsədi ilə verilmişdir. Cavabdeh nümayəndəsi Vəkil “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə təqdim edərək iddiaçının tələbi üzrə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdiyinə görə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə iddiaçı X3 iddia ərizəsində guya Cavabdeh 2021-ci ilin oktyabr ayında meyvə tingləri aldığını iddia edir. Cavabdeh qeyd edilən fikirlə razılaşmır. Cavabdeh 2021-ci ilin oktyabr ayında İddiaçı hər hansı meyvə tingi satmamışdır. Cavabdeh iddiaçıya 2020-ci ilin yanvarfevral ayında meyvə tingləri satmış və əgər iş üzrə iddiaçı həmin meyvə tinglərini mübahisələndirirsə, bununla bağlı müqavilə tələblərindən irəli gələn 3 illik iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı iddia ərizəsi ilə 18 aprel 2024- cü ildə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək bildirmişdir ki, İddiaçı ilə Cavabdeh arasında şifahi alqı-satqı müqaviləsinə əsasən İddiaçı 2021-ci ilin oktyabr ayında Cavabdeh bir ədədi 3,80 manatdan 2000 ədəd bir illik babilyon növlü nektarin tingləri öz bağ sahəsində əkmək üçün, Qusar rayonu Çubuqlu kəndi ərazisində bağ sahəsi olan X15 adlı tanışı üçün isə bir ədədi 4,50 manatdan 2500 ədəd niktopnektarin növlü meyvə tingləri almışdır. İki ildən sonra həmin tinglər bar verəndə İddiaçı və Raşbil görmüşdür ki, Cavabdeh İddiaçı satdığı tinglər başqa çeşidli olduğundan başqa meyvə gətirmişdir. Bu barədə Cavabdeh xəbər verilərək bağın videosu atılmışdır. Cavabdeh İddiaçı pulu qaytaracağını bildirmiş və ay yarım sonra 2023-cü ilin yay aylarında hər dəfə 3000 manat olmaqla iki dəfəyə 6000 manat pulu qaytarmışdır. X15 İddiaçı pulu istədiyi üçün İddiaçı tərəfindən ona 16000 manat məbləğində pul qaytarılmışdır. Belə ki, Raşbil bu qədər vaxta öz bağı üçün xeyli xərc çəkmiş, Raşbilin bağında həmin ağacları kəsərək çeşidini dəyişdirmək üçün əlavə 2750 manat məbləğində xərci çıxmışdır. Ümumilikdə İddiaçı tərəfindən Cavabdeh İddiaçı bağı üçün 7600 manat, X10 bağı üçün isə 11250 manat olmaqla, ümumilikdə 18850 manat məbləğində pul verilmişdir. Həmin pul vəsaitlərin ödənilməsi ilə bağlı qəbzlərin surətləri və Cavabdeh İddiaçı atdığı **********682620 nömrəli Kapital bank kartının surəti iddia ərizəsinə əlavə edilmişdir. Belə ki, ilkin olaraq Cavabdeh müəyyən məbləğdə pul vəsaiti nağd verilmiş, daha sonra isə qalan pul məbləği hissə-hissə **********682620 nömrəli Kapital bank kart hesabına xx.xx.2021-ci il tarixdə, saat 17:57-də Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisindəki terminaldan 3900 manat, xx.xx.2021-ci il tarixdə, saat 17:18-da Qusar şəhəri ərazisindəki terminaldan 2000 manat, xx.xx.2021-ci il tarixdə, saat 21:36-da Qusar şəhəri ərazisindəki terminaldan 5000 manat, xx.xx.2021-ci il tarixdə, saat 21:42-də Qusar şəhəri ərazisindəki terminaldan 2000 manat, 12.12 2021-ci il tarixdə, saat 17:20-də Qusar şəhəri ərazisindəki terminaldan 5000 manat, 12.12 2021-ci il tarixdə, saat 17:12-də Qusar şəhəri ərazisindəki terminaldan 5000 manat, 12.12 202-ci il tarixdə, saat 17:12-də Qusar şəhəri ərazisindəki terminaldan 5000 manat, 12.12 2021-ci il tarixdə, saat 17:16-da Qusar şəhəri ərazisindəki terminaldan 5000 manat, Qusar rayonundakı evində olarkən öz kart hesabından xx.xx.2022-ci il tarixdə saat 15:02-də 3000 manat, xx.xx.2022-ci il tarixdə saat 18:39-da isə 350 manat pul ödənilmişdir. Bu vaxtadək İddiaçı Cavabdeh xeyli ting almış, buna görə də ona ümumi olaraq 194900 manat pul vermişdir. Həmin məbləğdən 36250 manat pul kart vasitəsi ilə, qalan məbləğ isə nağd şəkildə verilmişdir. Cavabdeh İddiaçı satdığı tinglərdən 18850 manatlıq səhv ting olmuş, həmin məbləğin 6000 manatı qaytarılmışdır. Hazırda Cavabdeh İddiaçı 12850 manat pul borcu vardır. Bundan başqa İddiaçı tərəfindən 2750 manat pul X8ytarılmışdır. İddiaçı Cavabdeh tingləri alanda çeşidini ayıra bilməmişdir. Çünki alma, armud, nektarin, gilas və sairə meyvə tingləri ilk alınanda eyni cür olur, ancaq bar verəndə ayırmaq olur. Bununla bağlı məsələnin müəyyənləşdirilməsi üçün Cavabdeh X10 bağ sahəsinə baxmağa getməkdən imtina etmişdir. Göstərilənlərə əsasən Cavabdeh meyvə tingləri üçün ödənilmiş 12850 manat, X8ytarılan əlavə xərclərə görə ödənilmiş 2750 manat və 138 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 15738 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi xahiş olunmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, 2-2(119)-86/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 11250 (on bir min iki yüz əlli) manat məbləğində pul və 123,75 (yüz iyirmi üç manat yetmiş beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 11373,75 (on bir min üç yüz yetmiş üç manat yetmiş beş qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Həlimə Alıyeva). APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə onun arasında hansı növ meyvə tinginin satılması ilə bağlı hər hansı bir yazılı müqavilə olmamışdır. O, yalnız meyvə tinglərinin satılması ilə məşğuldur. İddiaçının iddia etdiyi səhv çıxan meyvə tingləri və quruyan meyvə tinglərinin ondan almasını təsdiq edəcək heç bir sübut yoxdur. Onun verdiyi meyvə tinglərinin bütünlüklə səhv çıxması və digərlərinin quruması haradan müəyyən oluna bilər. O, meyvə tingi satır, meyvə tinglərinin əkilməsi və qulluq edilməsi ilə məşğul olmur. İddiaçı başqa şəxsdən də meyvə tingi alır. Əgər o, iddiaçıya səhv meyvə tingi vermişdirsə bundan əvvəl onunla xeyli miqdarda ting alveri etmişdir. Əgər elə olsa idi onlar da səhv meyvə tingi olardılar. İddiaçı iddia tələbində özünün aldığı meyvə tinglərinin necə olması barədə heç bir qeyd etmir, lakin iddia tələbinə əlavə edilmiş 08 fevral 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda həmin meyvə tinglərini də səhv çıxdığını daha sonra öz bağından meyvə tinglərinin çıxarıb atdığını qeyd edir. Lakin sonradan işə sübut kimi əlavə edilmiş 28 dekabr 2024-cü il tarixli aqronom rəyində guya 28 dekabr 2024-cü il tarixdə X11 məxsus bağa baxış keçirdiklərini, 2500 ədəd nektarin tingi adı ilə yanlış çeşiddə ağac tinglərinin əkilməsi nəticəsində bağda fərqli ağacların bitdiyini qeyd etmişlər. Həmin baxışın nə zaman olması, kimlərin iştirak etməsi, hara getməsi, hansı bağa baxmasının müəyyən edildiyi məlum deyil. Həmin rəy saxta rəydir. Ona görə ki, işin faktiki hallarından müəyyən olunur ki, həmin bağ artıq yoxdur, ağaclar çıxarılıb, bundan əvvəl isə çeşidlər dəyişdirilib. Həmin meyvə tinglərinin əvvəl hansı çeşid olması, hansı meyvə gətirməsinin müəyyən edilməsi, onun iddiaçıya satdığı meyvə tingləri olması sual yaradır. Sübutlar hazırlıq iclasında verilir. Və o, həmin sübutu görməmiş, bağa baxış keçirildiyi zaman çağırılmamışdır. İndi Raşbilin torpaq sahəsində heç bir bağ yoxdur. Mütəxəssis görmədiyi halda 2024-cü ilin dekabr ayında ağacın üstündə heç bir meyvə olmadığı halda necə həmin meyvə tinglərinin bir-iki il bundan qabaq hansı məhsul gətirməsinin müəyyən edilməsi sual yaradır. 29 dekabr 2024-cü il tarixli mütəxəssis rəyində qeyd edilir ki, 29 dekabr 2024-cü il tarixdə İddiaçı məxsus ünvan 1i ünvanında yerlşən bağda 1880 ədəd meyvə tinginin yanlış çeşiddə olduğunu, 120 ədədinin isə quruduğunu müəyyən etmişdir. Bu rəylə də bağlı yuxarıda qeyd etdiyi hallar keçərlidir. Həmçinin iddia tələbinə əlavə edilmiş 08 fevral 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda iddiaçı özü qeyd edir ki, öz bağından bütün tingləri çıxarıb atmış, hazırda bağı boşdur. Bu rəy də saxtadır. Həmin rəyin ona heç bir aiddiyyatı yoxdur. Bundan başqa məhkəmə iddianı qismən təmin edərkən Quba rayon polis şöbəsində aparılan araşdırma ilə meyvə tinglərinin sayının təxminən eyni gəlməsinə görə, yəni X12 İddiaçı izahatında olan uyğunluğa əsasən həmin tinglərin ondan alınan tinglər olduğunu müəyyən edir. Əgər hər şeyi belə müəyyən etmək olarsa o zaman heç bir sübut olmadan iki nəfər şəxs öz aralarında hər hansı bir faktı müəyyən edər və bunun məsuliyyətini də o daşımalı olardı. Belə desək iki nəfər şəxs öz izahatlarında baş veribvermədiyi müəyyən olunmayan bir hadisə ilə bağlı izahat yazılar, həmin hadisənin baş verdiyi müəyyən olunmadan, həmin hadisə ilə bağlı onun heç bir yaxından uzaqdan əlaqəsinin olması müəyyən olunmadan, həmin əlaqə ilə bağlı sübut olmadan, izahatlarla müəyyən edirlər ki, təqsirkar odur. Məhkəmə iddianı qismən təmin edərkən səs yazılarına istinad etmişdir. Onun heç bir təqsiri olmadığı halda iddiaçı ondan pul tələb edir. O, ümumiyyətlə meyvə tinglərinin satışı ilə məşğuldur və ona bu vaxta kimi heç kim səhv ting satdığını deməyib. O, məhkəməyə meyvə tingləri barədə iddia müddətinin tətbiqi ilə barədə ərizəsini nəzərə almamışdır. Mülki Məcəllənin 589.2-ci maddəsi əslində kəsici müddətdir. Kəsici müddəti məhkəmə özü tətbiq etməli idi. Məhkəmə həmin müddəti nəzərə almamasının əsası kimi meyvə məhsulunun əkiləndən sonra 1-2 il ərzində məhsul verməyə başladığını qeyd etmişdir. Bununla bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində 589.2-cimaddəsi iki il müddət müəyyən etmişdir. Burada meyvə tingi üçün və ya başqa məhsullar üçün fərqli müddət müəyyən etməmişdir. Yuxarıda qeyd etdiyi hallar isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, eyni zamanda birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsidir ki, bu hal da məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştirak edən şəxsin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı 14 dekabr 2023-cü il tarixdə Quba rayon polis şöbəsinə ərizə ilə müraciət edərək Cavabdeh adlı tanışının onu aldadaraq 16000 manatlıq dəyərində başqa çeşidli ting satdığını, lakin indiyədək dəymiş ziyanı ödəmədiyini bildirmişdir. 08 fevral 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla cinayət işi başlanması rədd edilmiş və tələbi mülki xarakterli olduğundan İddiaçı mülki qaydada məhkəməyə müraciət etməsi izah edilmişdir. Həmin araşdırma zamanı X15 izahatında bildirmişdir ki, dəqiq tarix yadında deyil, təxminən 3 il bundan əvvəl İddiaçı onun bağı üçün bir ədədi 6,5 manatdan bir illik 2500 ədəd biktop növlü tüklü nektarin şaftalı tingi vermişdir. Həmin tinglərin pulunu Valehə nağd ödəmiş və tingləri özü Qusar rayonu, Çubuqlu kəndində yerləşən öz bağ sahəsində əkərək 3 il qulluq etmişdi. 2023-cü ilin yayında tinglər bar verəndə isə həmin tinglərdən ərik, tüklü şaftalı və gavalı yetişdiyini görmüşdür. Valehi çağırıb bağı göstərmiş və verdiyi tinglərin başqa çeşidlər olduğunu demişdir. Valeh də onunla razılaşıb ona 16000 manat, çeşid dəyişənlərə 2300 manat, işçilərə isə 450 manat pul vermişdir. Valehin tingləri kimdən alıb gətirdiyini bilmir, bu barədə ona heç nə deməmişdir. İş materiallarında olan 28 dekabr 2024-cü il tarixli aqronom X16 tərəfindən verilən aqronom rəyində göstərilir ki, xx.xx.2024-cü il tarixində keçirilən baxış zamanı X13 məxsus ünvan 2i ünvanında yerləşən bağda nöqsanlar aşkar edilmiş, 2500 ədəd nektarin tingi adı ilə yanlış çeşiddə ağac tinglərinin təqdim edilməsi nəticəsində bağda fərqli ağaclar şaftalı, qaysı, gavalı ağacları əkilmişdir. İş materiallarında olan 29 dekabr 2024-cü il tarixli aqronom X16 tərəfindən verilən aqronom rəyində göstərilir ki, xx.xx.2024 tarixində keçirilən baxış zamanı İddiaçı məxsus ünvan 3i ünvanında yerləşən bağda nöqsanlar aşkar edilmiş, 1880 ədəd şaftalı tingi adı ilə yanlış çeşiddə ağac tinglərinin təqdim edilməsi nəticəsində bağda fərqli ağaclar nektarin, qaysı, gavalı ağacları əkilmiş, bundan əlavə olaraq 120 ədəd qurumuş ting müəyyən edilmişdir. İş materiallarında olan ödəniş sənədlərindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 04 oktyabr 2021-ci il tarixdə 3900 manat, 23 noyabr 2021-ci il tarixdə 2000 manat, 29 noyabr 2021-ci il tarixdə 7000 manat, 12 dekabr 2021-ci il tarixdə 20000 manat, 26 yanvar 2022-ci il tarixdə 3000 manat,18 fevral 2022-ci il tarixdə 350 manat məbləğində ödəniş həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 135.3-cü maddəsinə əsasən bitkilər və heyvanlar əşya deyildir. Onların hüquqi vəziyyəti xüsusi qanunlarla müəyyənləşdirilir. Əgər qanunvericilikdə ayrı qayda müəyyənləşdirilməyibsə, əşyaların hüquqi vəziyyəti bitkilərə və heyvanlara da şamil edilir. - 329-cu madəsinin tələblərinə görə, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448-ci maddəsinin tələblərinə görə əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilən hissəsinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında ting alqı-satqısı ilə bağlı münasibətlər mövcud olmuş, həmin münasibətlər üzrə Cavabdeh İddiaçı müxtəlif vaxtlarda tinglər satmışdır. İddiaçı 2021-ci ilin təxminən oktyabr-noyabr ayında Cavabdeh 1 ədədinin qiyməti 4,50 manatdan olmaqla 2500 ədəd biktop-nektarin növlü şaftalı tingi almış və həmin ağaclara görə 11250 manat pul ödəmişdir. Bundan sonra İddiaçı həmin ağacları baha qiymətə X15 adlı şəxsə satmışdır (Quba rayon polis şöbəsində müraciət araşdırılarkən X10 izahatında bildirdiyi tinglərin adı və sayı İddiaçı Cavabdeh aldığı tinglərin adı və sayı ilə eynilik təşkil edir). 2023-cü ilin yay ayında X15 iddiaçıya həmin tinglərdən başqa çeşiddə meyvələr yetişdiyini demiş və ödədiyi pulu tələb etdiyi üçün İddiaçı ona aldığı pulu geri qaytarmışdır. Bundan başqa İddiaçı öz bağından əkmək üçün Cavabdeh 2000 ədəd babilyon növlü şaftalı tingi almışdır (cavabdeh həmin tingləri gah 2019-cu ilin sentyabr-oktyabr, gah 2020-ci ilin yanvar-fevral ayında bir ədədinin qiyməti 3 manatdan olmaqla 6000 manata iddiaçıya satdığını, iddiaçı isə həmin tingləri 2021-cilin oktyabr ayında bir ədədinin qiyməti 3,80 manatdan olmaqla 7600 manata aldığını deyir). İddiaçı 2022-ci ilin yay aylarında həmin şaftalı tinglərinin bir qismində başqa çeşiddə meyvə yetişdiyini, bir qisminin isə quruduğunu müəyyən etmişdir. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş və İddiaçı ilə Cavabdeh arasında aparılan danışıqları özündə əks etdirən iddiaçı tərəfindən 14 dekabr 2023-cü il tarixdə Quba rayon polis şöbəsinə müraciət edildikdən sonrakı dövrə aid olan səs yazısı dinlənilmişdir. Həmin səs yazısında cavabdeh iddiaçıya “Valeh şöbəyə çağırıblar məni. Mən sənə pul atanda demədimmi ki, Valeh əlimə nə düşsə göndərəcəm sənə. Ay axırında da pul olmalıdır, yenə də atacam sənə. Bu nə hərəkətdi ki, sən gedib şikayət edirsən. Mən sənə deyirəmmi ki pulunu vermirəm sənin? Görürsən bir 5-10 günə sezon başlayır” ifadələrini demişdir. Səs yazısından göründüyü kimi, Cavabdeh İddiaçı tinglərlə bağlı polis şöbəsinə müraciət etdiyinə görə iradını bildirir, ona pul göndərdiyini, ayın sonu da pul ödəyəcəyini, sezon başlayacağını və pulunu verəcəyini deyir. Bundan başqa məhkəmə araşdırma zamanı Cavabdeh İddiaçı 2023-cü ilin avqustsentyabr aylarında hər dəfə 3000 manat olmaqla iki dəfəyə 6000 manat pul qaytardığı müəyyən olunmuşdur. Cavabdeh etirazında və izahatında bildirdiyi - “iddiaçıya 6000 manatı köməklik məqsədilə verməsi” inandırıcı deyil. İddia müddətinin tətbiqinə dair isə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, meyvə tingləri bir neçə ildən sonra məhsul verməyə başladığı üçün alıcının həmin tingləri aldığı vaxtdan iki il ərzində qüsurları aşkar etməsi mümkün olmaya bilər. İşin hallarından da göründüyü kimi, cavabdeh tərəfindən satılan tinglər 1-2 ildən sonra məhsul verməyə başlayarkən 2022- 2023-cü illərin yay aylarında həmin tinglərdən başqa çeşiddə meyvələr yetişdiyi aşkar olunmuşdur. Buna görə məhkəmə hesab etmişdir ki, hazırkı mübahisənin predmetinin meyvə ağacları olması nəzərə alınaraq Mülki Məcəllənin 589.2-ci maddəsində göstərilən iki illik kəsici müddətin tinglərin alıcıya verildiyi gündən hesablanması ədalətli olmaz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, səs yazıları cavabdehin şəxsi toxunulmazlığına qəsd kimi qiymətləndirilmədiyindən qanuni və əsaslı olub, işin həqiqi hallarına uyğun olduğuna görə iş üzrə sübut növü kimi qəbul edilməlidir. Göründüyü kimi cavabdehin borc alması səs yazıları ilə təsdiq edildiyindən və cavabdeh dəfələrlə məhkəmə iclası təxirə salınmasına baxmayaraq məhkəmə iclasında iştirak etməyərək borcunun olmamasına dair sübutları həm məhkəmə prosesi zamanı, həm də elektron kabinet vasitəsilə göndərilməsini təmin edə bilmədiyindən apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz. Cavabdehin iddia müddətinin tətbiqi məsələsinin məhkəmə tərəfindən düzgün həll edilməməsi dəlilinə münasibətdə isə kollegiya birinci instansiya məhkəməsinin iddia müddətinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Müki Məcəllənin 377.1-ci maddəsinə əsasən də iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Göründüyü kimi iddiaçının da öz hüququnun pozulduğunu bilməsi anı onun tinglərin məhsul verməyə başladığı andan, yəni 2022- 2023-cü illərin yay aylarında həmin tinglərdən başqa çeşiddə meyvələr yetişdiyini aşkar etdiyi andan balamışdır.Buna görə də iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi halı müəyyən edilmir. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığı üçün əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, 2-2(119)-86/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar