Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-658/2024 04.12.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi ilə. İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Qax rayon Notariat Ofisinə qarşı «mirasın qəbulu müddətinin uzadılması» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh Qax rayon Notariat Ofisinə qarşı «mirasın qəbulu müddətinin uzadılması» tələbinə dair iddia ərizəsi ilə Qax rayon məhkəməsinə müraciət edərək xx.xx.2023-cü il tarixdə ölmüş anası X2 miras qalmış Qax rayoun Ağçay kəndində yerləşən JN-047A, KOD 40308028 nömrəli şəhadətnaməyə əsasən həyətyanı və JN-0342, KOD 40308018 nömrəli Dövlət Aktına əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadərnamə almaq üçün qanunla müəyyən olunmuş müddətin buraxılma səbəblərini üzürlü hesab etməklə uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının anası X10 xx.xx.2003-cü il tarixdə ölmüşdür. Mərhum anasından JN-047A, KOD 40308028 nömrəli şəhadətnaməyə əsasən həyətyanı və JN-0342, KOD 40308018 nömrəli Dövlət aktına əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahələri miras qalmışdır. İddiaçı həmin əmlakları öz adına sənədləşdirmək istəyir. Bunun üçün Qax rayon DNK-na müraciət etmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmişdir. Lakin notarius iddiaçıya qanun üzrə vərəsəlik hüquuq haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Müddəti ötürməsinin səbəbi hüquqi savadının olmamasıdır. Belə bir müddətin olmasını bilməmişdir. Hazırda ailəsi ilə birlikdə miras əmlakda yaşayır. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaq cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı məhkəmə iclasında iştirak etmişdir. Məhkəmə işə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, hal-hazırda həmin evdə qeydiyyatdadır və yaşayır. Miras qalmış torpaq sahəsində yerləşən evdə yaşayır və digər torpaq sahəsini də o əkib-becərir. Miras əmlakla bağlı heç bir mübahisə yoxdur. Əvvəllər də torpaq sahələrində istifadə etmiş, əkib-becərmiş, hazırda da öz adına rəsmiləşdirmək istəyir. Ailənin sonuncu övladıdır və evdə özü qalır. Anası xx.xx.2023-cü ildə dünyasını dəyişmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Vİİİ-ЖГ-326964 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1965-ci ildə doğulmuş İddiaçı atası X11, anası isə X6r. AZ-İ № 030142 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2003-cü ildə ölmüşdür. İİİ-ЖГ № 420541 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1988-ci ildə ölmüşdür. Qax rayon Notariat Ofisinin verdiyi 11 sentyabr 2024-cü il tarixli 675 nömrəli məktubdan görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdə vəfat etmiş mərhum anası X2 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə müraciəti mirasın qəbulu üçün müəyyən edilmiş müddətin ötürüldüyü üçün imtina olunmuş və mirasın qəbulu üzrə buraxılmış müddətin uzadılması üçün aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. JN-047A, KOD 40308028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, 0.10 ha həyatyanı torpaq sahəsi X5 mülkiyyətinə verilmişdir. JN-0342, KOD 40308018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, 0.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 mülkiyyətinə verilmişdir. Qax RİHB-nın İlisu kənd İƏDÜN-nin verdiyi xx.xx.2024-cü il tarixli 356 nömrəli Arayışdan görünür ki, X10 öldüyü günədək Qax rayonu Ağçay kəndində yaşamış və onun oğulları İddiaçı, X7, qızları X3, X4, oğulları X12, X8 və X1 (xx.xx.1952-ci ildə vəfat etmişdir) ibarət vərəsələri qalmışdır. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı qiymətləndirilməyən iddialar üzrə iddia ərizəsinin verilməsi üçün 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və miras qoyan X10 xx.xx.2003-cü il tarixdə vəfat etdiyindən ona münasibətdə vərəsəlik hüquq münasibəti hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin normada təsbit edilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (Mülki Məcəllənin 1145 və 1146-cı maddələri). Mülki Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər (Mülki Məcəllənin 1243.3 və 1245-ci maddələri). Sadalanan normaların məzmunundan göründüyü kimi vərəsəlik, ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. İş materiallarından görünür ki, miras əmlak JN-047A, KOD 40308028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Qax rayonu Ağçay kəndində yerləşən 0.10 ha həyətyanı və JN-0342, KOD 40308018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qax rayonu Ağçay kəndində yerləşən 0.40 ha kənd təsərrüfatı təyinatlı kənd torpaq sahəsindən ibarətdir. Miras qoyan X10 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. Birinci növbə vərəsə kimi iddiaçı mərhum anasından qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat ofisinə müraciət etsə də, mirasın qəbulu müddətinin onun tərəfindən ötürülməsi əsasına görə ərizəsinin icrası mümkün olmamışdır. Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirası qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir (Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 2011-ci il 5 dekabr tarixli Qərarı). Qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. Həmçinin müraciətdə qeyd olunduğu kimi, bu müddət iddia müddətlərinə də aid edilə bilməz. Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Yəni iddia müddəti özünümüdafiə mahiyyətində olmaqla tələb hüquqlarına xarakterikdir və hüququn məhkəmə qaydasında realizəsi imkanı üçün nəzərdə tutulmuş müddətlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı). Məhkəmə hesab edir ki, qanun üzrə vərəsələr arasında mirasa dair hər hansı mübahisə olmadığından və mübahisənin müsbət mənada həlli iddiaçının qanunla qorunan vərəsəlik hüquqlarının real olaraq həyata keçirilməsinə zəmin yaradacağından iddianın təmin edilməsi qanunamüvafiq olar. Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Qeyd olunanlara məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, JN-047A, KOD 40308028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X5 mülkiyyətinə verilmiş Qax rayonu Ağçay kəndində yerləşən 0.10 ha həyatyanı torpaq sahəsindən və JN-0342, KOD 40308018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X5 mülkiyyətinə verilmiş Qax rayonu Ağçay kəndində yerləşən 0.40 ha kənd təsərrüfatı təyinatlı kənd torpaq sahəsindən ibarət miras əmlakların qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət İddiaçı münasibətdə uzaldılmalıdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. JN-047A, KOD 40308028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X5 mülkiyyətinə verilmiş Qax rayonu Ağçay kəndində yerləşən 0.10 ha yaşayış məntəqələrinin təyinatlı torpaq sahəsindən və JN-0342, KOD 40308018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X5 mülkiyyətinə verilmiş Qax rayonu Ağçay kəndində yerləşən 0.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət miras əmlakların qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət İddiaçı münasibətdə uzaldılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Taleh Kərimov
Məhkəmə qərarları › İş №2(024)-658/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-658/2024
04.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver