Məhkəmə qərarları › İş №2(024)-802/2025

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-802/2025

24.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-802/2025 24.02.2026 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyeva Ayişə Məcid qızının katibliyi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçılar İddiaçı1 İsgəndarovnanın və İddiaçı2 İsgəndorovnanın cavabdehlər Qax rayon Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK-ın DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında 17 fevral 2009-cu il tarixdə X2 adına verilmiş **********64-05101-093001 reyestr №li çıxarışın ləğv edilməsi» tələbinə dair mülki açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçılar İddiaçı1 İsgəndarovna və İddiaçı2 İsgəndorovna cavabdehlər Qax rayon Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nın DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında 17 fevral 2009-cu il tarixdə X2 adına verilmiş **********64-05101-093001 reyestr №li çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək, vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında 17 fevral 2009-cu il tarixdə X3 adına verilmiş **********64-05101-093001 reyestr №li çıxarışın ləğv edilməsi və mülkiyyətinə verilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o İddiaçı1 20 oktyabr 1982-ci il tarixdə Qax şəhərində doğulmuşdur. Bacısı Rəhimova (Saviç) Oksana İsgənədərovna xx xxxxxx 1985ci il tarixdə Qax şəhərində doğulmuşdur. Anası Qalina ilə atası İ.M.Rəhimov 1992-ci il tarixdə rəsmi olaraq nikahları pozulmuşdur. Həmin tarixdən o, bacısı və anası 1992-ci il tarixdən Qazaxıstan Respublikasında yaşamışlar. Onlar həmin vaxtı uşaq olmuşlar. Oraya getdikdən sonra Azərbaycana qayıtmamışlar. Anası 2025-ci il sentyabr ayında onlara sənəd lazım olanda Qax rayonunda yaşayan tanışları ilə maraqlananda atasının rəhmətə getdyini bilmişdir. 2025-ci il tarixdə onlar analarına etibarnamə vermişlər ki, Azərbaycana gedib atalarını adına olan miras əmlakların sənədləşmə işlərini görməsini xahiş etmişlər. Anası Qalina 2025-ci ilin oktyabr ayında Qax şəhərinə gedib Qax rayon Notariat Ofisinə miras əmlakın sənədləşməsi ilə bağlı maraqlananda bilib ki, atası İ.M.Rəhimovun adına olan Qax şəhəri, Ü.Hacıbəyov küçəsi bina 6A, mənzil 15-də olan əmlak atasının 2-ci həyat yoldaşının R.H.Abdullayevə onların razılığı olmadan rəsmiləşmişdir. Onların bu miras məsələsindən xəbəri olmamışdır. O, vərəsəlik şəhadətnaməsinin və reyestrdən çıxarışın surətini aidiyyəti orqanlardan tələb etməsinə baxmayaraq işdə tərəf olmadıqları üçün onlara vermədilər. Belə olub məhkəməyə həmin sübutları təqdim edə bilmir. Göstərilənləri nəzərə alaraq məhkəmədən vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında 17 fevral 2009-cu il tarixdə X3 adına verilmiş **********64-05101-093001 reyestr №li çıxarışın ləğv edilməsi və mülkiyyətinə verilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: Məhkəmə icraatı iştirakçılarının izahatları: Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddianı qəbul etmədi və göstərdi ki, evə mülkiyyət hüququ əldə etməmişlər. Sadəcə olaraq ev R.H.Abdullayeva tərəfindən vəsiyyətnamə ilə X10 vəsiyyət olunub. R.H.Abdullayevanın mənzili hansı əsasla əldə ediməsindən məlumatları yoxdur. Yəni bununla bağlı iddiaçı özü səndlər təqdim etməli idi. İddiaçı evin R.H.Abdullayevanın adına hansı əsasla keçib, onu mübahisələndirməli idi. Hesab edir ki, hazırkı iddia əsassızdır. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasına gəlmiş, iddiaçılar İddiaçı1 İsgəndarovna və İddiaçı2 İsgəndorovna etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 Sergeyevna məhkəməyə ərizə göndərərək ölkə xaricində olduğu üçün məhkəməyə gələ bilməyəcəyini göstərərək iş onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehlər Qax rayon Notariat Ofisinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK-ın DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndələri məhkəmə baxış iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə iddiaçılar İddiaçı1 İsgəndarovna və İddiaçı2 İsgəndorovna, onların etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 Sergeyevna və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Qax rayon Notariat Ofisinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK-ın DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin verdiyi 04 mart 2009-cu il qeydiyyat tarixli, ********** qeydiyyat №li, **********64-05101-093001-10301 №li Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Qax şəhəri, Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.049 ha torpaq sahəsində yerləşən 6 A №li, 2 mərtəbəli binanın 1-ci girişində. 2-ci mərtəbəsində yerləşən 37.3 kv.m ümumi, 23.5 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 15 №li mənzil tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 77 №li vərəqində qeydiyyata alınmışdır. Ölüm haqqında AZ-İİ № 504187 Nli ölüm haqqında şəhadətnamənin təkrarından görünür ki, X6 05 avqust 2025-ci ildə ölmüşdür. 04 avqust 2015-ci il tarixli vəsiyyətnamədən görünür ki, X1 şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən mənzilini nəvəsi X13 vəsiyyət etmişdir. Ölüm haqqında AZ-İ № 967597 Nli ölüm haqqında şəhadətnamənin təkrarından görünür ki, X11 28 aprel 2008-ci ildə ölmüşdür. 21 oktyabr 2025-ci il tarixli ərizədən görünür ki, İddiaçı1 İsgəndarovna və bacısı İddiaçı2 İsgəndorovna mərhum atası X4 qalan miras əmlakı 2008-ci il tarixdə Qax rayon rayon Notariat ofisinin tərəfindən vərəsəlik haqqında şəhadətnamə əsasında onlar 1 dərəcəli vərəsələri ola-ola atasının 2-ci həyat yoldaşı X7 öz adına rəsmiləşdirmişdir. Onların bundan 10 gün qabaq xəbəri olmuşdur. Onlar hazırda atasının miras əmlakının keçirilməsi ilə bağlı Qax rayon Notariat ofisində verilmiş vərəsəlik haqqında şəhadətnamənin surətini onlara verilməsini xahiş edir. Qax rayon Qeydiyyat şöbəsinin verdiyi 28 oktyabr 2025-ci il tarixli № 05/09/S/128653-25 №li arayışdan görünür ki, X11 28 aprel 2008-ci ildə ölmüş, «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 28 oktyabr 2025-ci il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və onun X6, X9 və X5 ibarət ailə üzvləri qalmışdır. Xİ JQ 291995 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Saviç (Rəhimova) Oksana İskəndərovnanın atası X12, anası isə Nümayəndə1 Sergeyevnadır. Vİİİ JQ 394485 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 atası X12, anası isə Nümayəndə1 Sergeyevnadır. Məhkəmənin mövqeyi: Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının məhkəmə iclasında verdiyi izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia tələbi «vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında 17 fevral 2009-cu il tarixdə X3 adına verilmiş **********64-05101-093001 reyestr №li çıxarışın ləğv edilməsi və mülkiyyətinə verilməsi»ndən ibarətdir. İddiaçı tərəfindən X3 adına verilmiş **********64-05101-093001 reystr №li çıxarış təqdim olunsa da, həmin Çıxarışın verilməsi üçün əsas olmuş vərəsəlik hüququ haqqında şəhadətnamə məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, hər bir şəxs iddia tələbi ilə məhkəməyə müraciət etdikdə, tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Müəyyən edilmişdir ki, iddia tələbi «vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında 17 fevral 2009-cu il tarixdə X3 adına verilmiş **********64-05101-093001 reystr №li çıxarışın ləğv edilməsi və mülkiyyətinə verilməsi»ndən ibarətdir. İddiaçı tərəfindən X3 adına verilmiş **********64-05101-093001 reystr №li çıxarış təqdim olunsa da, həmin Çıxarışın verilməsi üçün əsas olmuş vərəsəlik hüququ haqqında şəhadətnamə məhkəməyə təqdim olunmamışdır. Məhkəmə tələbin vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi ilə bağlı hissəsinin əsassız olması qənaətinə gəldiyinə görə hesab edir ki, tələbin X3 adına verilmiş **********64-05101-093001 reystr №li çıxarışın ləğv edilməsinə dair hissəsi də əsassızdır. Beləliklə məhkəmə hesab edir ki iddia tələbi təmin edilməməlidir. Tətbiq edilən hüquq: «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi» haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu norması vəsiyyət etmə hüququ ilə yanaşı, miras alma hüququna da təminat vermişdir. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Həmin Məcəllənin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şahədatnaməsi, onda vərəsə kimi qeyd olunmuş şəxsin, şahədatnamədə göstərilmiş vərəsəlik hüququnu təsdiq edən rəsmi sənədidir. Buna görə də vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadənaməsini tələb edə bilərlər. Mülki Məcəllənin 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Qanun üzrə vərəsəlik verərkən notarius miras qoyanın ölüm faktını, vərəsəliyin açıldığı vaxtı və yeri, şəhadətnamə almaq üçün ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yer müvafiq subatlar tələb etməklə diqqətlə yoxlamalıdır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Həmin Məcəllənin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Həmin Məcəllənin 1273-cü maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Burada əsas məqam ondan ibarətdir ki, qətnamədə məhkəmənin gəldiyi nəticənin maddi-hüquqi əsası kimi işə baxan zaman deyil, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad edilməlidir. Qətnamədə prosessual hüquq normalarına uyğunluğu məsələsi həll olunarkən məhz işin baxılması zamanı yəni müvafiq prosessual hərəkətlərin icra edildyi vaxt qüvvədə olan prosessual hüquq normaları rəhbər tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslığı onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərə uyğun olmasında ifadə olunur. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia ərizəsinin verilməsi üçün iddiaçının ödədiyi 100 (yüz) manat dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 İsgəndarovnanın və İddiaçı2 İsgəndorovnanın cavabdehlər Qax rayon Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK-ın DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında 17 fevral 2009-cu il tarixdə X2 adına verilmiş **********64-05101-093001 reyestr №li çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün iddiaçının ödədiyi 100 (yüz) manat dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı iddiaçılar İddiaçı1 İsgəndarovnanın və İddiaçı2 İsgəndorovnanın özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar