Məhkəmə qərarları › İş №2(025)-100/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-100/2023

17.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-100/2023 17.01.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-nin xx.xx.1999-cu il tarixli 03 saylı qərarı ilə X3 adına verilmiş JN-348A saylı, kodu 40600068 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X4 münasibətdə X4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayon AİK-nin xx.xx.1999-cu il tarixli 03 saylı qərarı ilə verilmiş JN-348A saylı, kodu 40600068 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə hüquq sahibinin adı siyahısında 1-ci sırada X2 soyadı və adı texnik səhv olaraq “Pirelov Qeram” kimi qeyd edilmişdir. Qeyd edilən JN-348A saylı kodu 40600068 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədəki texniki səhv DƏDRX-nin 9 saylı Qəbələ ərazi idarəsində yeni formalı çıxarışın alınması üçün müraciət edərkən müəyyən olunmuşdur. Həmin mülkiyyət sənədindəki texniki səhvin düzəldilməsi üçün məhkəməyə müracit edilməsi tövsiyyə olunmuşdur. JN-348A saylı şəhadətnamədə qeyd olunan texniki səhvə görə əməliyyat aparılması mümkün olmamışdır. AZE № 04947142 saylı şəxsiyyət vəsiqəsində X2 soyadı və adı düzgün olaraq Piralov Gersen kimi qeyd edilmişdir. Qəbələ Regional “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli 05/Q-15/69 saylı 31 №-li doğum haqqında akt qeydi barədə verilmiş arayışında da soyad və ata adı düzgün olaraq Piralov Gersen kimi qeyd edilmişdir. Qəbələ rayon Nic qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikdən verilmiş xx.xx.2022-ci il tarixli 183 saylı arayışda göstərilir ki, X2 soyadı və adı JN-348A saylı şəhadətnamədə texniki səhv olaraq “Pirelov Qeram” kimi yazılmışdır. AZ-İ №826054 saylı ölüm haqqında şəhadətnamədə də soyad və ad düzgün olaraq Piralov Gersen kimi qeyd edilmişdir. JN- 348A saylı şəhadətnamə üzrə mülkiyyətçi X1 qardaşıdır, xx.xx.2016-cı ildə kəskin miokart infaktından vəfat etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Mülki işdə olan sənədlər: Belə ki, işdə olan JN-348A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nın 05 fevral 1999-cu il tarixli, 03 saylı qərarına əsasən X3 mülkiyyətinə Qəbələ şəhərində 0,44 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Nic qəsəbə İnzibati Ərazi Vahidliyi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZ-İ seriyalı, 826054 №-li «Ölüm haqqında şəhadətnamə»dən görünür ki, X5 xx.xx.2016-cı il tarixdə Qəbələ rayonu, Nic qəsəbəsində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2016-cı ildə 35 № ilə qeyd edilmişdir. İşdə olan Qəbələ regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 fevral 2022-ci il tarixi, 05/Q-15/69 nömrəli arayışdan görünür ki, X5 11 fevral 1954-cü ildə Qəbələ rayon Nic qəsəbəsində anadan olmuşdur. Bu barədə xx.xx.1954-cü il tarixdə Qəbələ rayon Nic qəsəbə icra nümayəndəliyində 31 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 14 noyabr 2022-ci il tarixli **********99 nömrəli məktubundan görünür ki, JN – 348A «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçinin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İşdə olan X4 aid AZE seriyalı, 04947142 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 ad, soyad və ata adı “X5” kimi qeyd edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİK-nın 05 fevral 1999-cu il tarixli, 03 saylı qərarına əsasən X3 mülkiyyətinə verilmiş JN- 348A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə Ərizəçi mərhum qardaşı X2 soaydı səhvən “Pirelov”, adı isə səhvən “Qeram” kimi qeyd olunmuşdur. Lakin doğum və ölüm haqqında şəhadətnamələrdə, şəxsiyyət vəsiqəsində və digər sənədlərdə X5 kimi qeyd edilmişdir. Qeyd olunan şəhadətnamədə yalnışlıq aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamə üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməz. Göstərilən səhvlərin düzəldilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edilmiş, hüquqmüəyyənedici sənəddə ad və soyadın dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-nın 05 fevral 1999-cu il tarixli, 03 saylı qərarına əsasən X3 mülkiyyətinə verilmiş JN-348A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin mərhum X4 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar