Məhkəmə qərarları › İş №2(025)-1098/2020

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1098/2020

24.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1098/2020 24.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlu Ərizəçi "hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi" tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib m ü ə y y ə n e t d i m: Ərizəçi «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası MPM-nin 149- 150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, ərizənin forma və məzmununa əməl edilməmiş, iddianın əsası kimi istinad edilən və cavabdehə təqdim etmək üçün sənədlərin surətləri ərizəyə əlavə olunmamış, əlavə edilmiş sənədlər isə əsl olmayıb, qanunla müəyyən edilmiş qaydada təsdiq olunmamış kserosurətlərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübütlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işğüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən məhkəməyə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmçinin iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, ərizəyə əlavə edilmiş ********* nömrəli ödəniş qəbzindən görünür ki, dövlət rüsumu ərizəçi tərəfindən deyil, X1 adlı şəxs tərəfindən ödənilmişdir. Həmin şəxsin isə bu iş ilə əlaqədar şəxs olması iş materialları ilə müəyyən edilmir. Bu baxımdan iddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırığı mülki icraat üzrə müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd kimi qiymətləndirilə bilməz. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə dövlət rüsumu - dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir). Həmin Qanunun 2-ci maddəsində dövlət rüsumunun tutulduğu halların siyahısı, 4.3-cü maddəsində isə dövlət rüsumunun ödənilmə qaydası göstərilmişdir. Sonuncu normada qeyd olunur ki, dövlət rüsumları milli valyutada nağd, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə və köçürmə yolu ilə dövlət büdcəsinə ödənilir. Dövlət rüsumunun dövlət büdcəsinə nağd şəkildə ödənilməsi barədə ödəyiciyə müəyyən edilmiş formada bank və ya poçt qəbzinin əsli, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə müvafiq ödəmə sistemindən çıxarış, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank və ya poçt sənədi verilir. Göründüyü kimi qanunda dövlət rüsumunun ödənilməsi qaydası, təyinatı və ödənişi təsdiq edən sənədin verilməsi qaydası konkret olaraq göstərilmişdir. Həmin Məcəllənin 149.2.5-ci maddəsi ərizəyə əlavə edilən sənədlərin siyahısını iddia ərizəsinin tərkib hissəsi kimi müəyyən etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunan Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilən sənədləri geri qaytarır. Göstərilənlərə əsasən hesab edirəm ki, Ərizəçi "hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi" tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Ərizəçi "hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi" tələbinə dair ərizəsi icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar