Məhkəmə qərarları › İş №2(025)-1106/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1106/2021

12.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1106/2021 12.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 və Cavabdeh1 ASC-nin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdehlər Qəbələ rayon Cavabdeh2 Qəbələ rayon Notariat Kontoruna, Cavabdeh1 ASC-nə və üçüncü şəxs ƏMDK yanında DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, yüklülük Çıxarışının ləğv edilməsi və girov qoyulmuş əmlakın yüklülükdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Qəbələ rayon Cavabdeh2 Qəbələ rayon Notariat Kontoruna, Cavabdeh1 ASC-nə və üçüncü şəxs ƏMDK yanında DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, yüklülük Çıxarışının ləğv edilməsi və girov qoyulmuş əmlakın yüklülükdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 ilə İddiaçı arasında olan Qəbələ rayon Nic kəndində 0,45 ha torpaq sahəsində olan 4 otaqlı 107,6 kvadrat metr yaşayış və 28 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evinin alqı satqı müqaviləsinin və X6 ilə Nikoyl İKB ASC (Yelo Bank ASC) arasında Qəbələ rayon Xüsusi Notariat Kontorunda bağlanmış 04.08.2014-cü il tarixli 5-SKMF- 1-0-2597-14 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, DƏDRX tərəfindən verilmiş yüklülük Çıxarışın-ının ləğv edilməklə əmlakın yüklülükdən azad edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, oğlu X6 onun Qəbələ rayon Nic kəndində 0,45 ha torpaq sahəsində olan 4 otaqlı 107,6 kvadrat metr yaşayış və 28 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evini razılığı olmadan öz krediti üçün Yelo Bank ASC-yə girov qoymuşdur. O, yaşlı adamdır və ümumiyyətlə bu müqavilələrin nə vaxt və hansı şəraitdə bağlanmasından xəbəri olmamışdır. Əslində ev onunla digər oğlunun və həyat yoldaşının adına olmuşdur.X6 onların xəbərləri olmadan evi sənədləşdirməklə Nikoyl İKB ASC-yə girova qoymuşdur. O və evin digər paylı mülkiyyətçiləri evin Ayazın adına keçirilməsinə razılıq verməmişlər. Həmçinin evin girov qoyulması zamanı da onlar tərəfindən heç bir razılıq və ya ərizə alınmamışdır. Onlar evdə həm qeydiyyatda olmuşlar, həm də evin mülkiyyətçisi olmuşlar. Bundan əlavə digər oğlu X4 da bunlardan xəbəri olmamışdır. O, artıq 10 ilə yaxındır ki, Azərbaycanda yoxdur. Məhkəmə işə baxarkən onların xəbərləri olmamışdır. O, yaşlı adamdır. Ümumiyyətlə sənəd işindən anlayışı olmadığına görə heç nə bilməmişdir. Hazırda bir neçə gün qabaq hərracdan gələn sənəddən sonra bilmişdir ki, ev banka satılmış və girovda qoyulmuşdur. Alqı satqı müqaviləsi və bundan sonra ipoteka müqavilələri notarial qaydada bağlanmalıdır. Lakin o, ümumiyyətlə heç bir Notariat Kontorunda olmamışdır və belə bir müqavilələrə imza etməmişdir. Qəbələ rayon Məhkəməsindən 2021-ci ilin ilk aylarında məktub gələndə bilmişdir ki, evi Bankda girovdadır və külli miqdarda ordan pul götürülmüşdür. Götürülən məbləğ həddindən artıq çoxdur. O, evini ümumiyyətlə Muradxanov Ayazın adına keçirtməmişdir və ipotekaya qoyulmasına razı olmamışdır. Bunları yeni bildikdən sonra ipotekanın etibarsız hesab edilməsi ilə bağlı tələblərini banka qarşı irəli sürmək istəmişdir. Təqdim etdiyi 04.08.2014-cü il tarixli 5-SKMF-1-0-2597-14 saylı ipoteka müqaviləsi bağlanarkən də evdə qeydiyyatda ola ola ondan razılıq ərizəsi alınmamışdır. İndi isə onu evdən çıxartmaq istəyirlər. Bu səbəbdən də o, ipoteka müqaviləsinin etibarsızlığına dair iddia qaldırır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X2 iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 ASC-nin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək göstərdi ki, bu işlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi var və həmin qətnamə icra mərhələsindədir. Əsas borclu qətnamənin icra mərhələsində 2000 manata yaxın ödəniş etmişdir. Hesab edirlər ki, hazırki iddia qətnamənin icra mərhələsini yubatmaq məqsədilə qaldırılmış iddiadır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi var və məhkəmə təcrübəsində belə mövqə formalaşdırılmışdır ki, kredit müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmənin vəzifələrindən biri də, müqavilələrin etibarsız olub-olmamasını da araşdırmaqdan ibarətdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi onu göstərir ki, əvvəlki məhkəmə qətnamələri ipoteka müqaviləsinin legitimliyini tanımışdır. Həmçinin iddiaçı tərəfindən ipoteka müqaviləsinin etibarsızlığı barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bu səbəbdən iddia tələbi rədd edilməlidir. Məhkəmə baxışında cavabdeh Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinin nümayəndəsi iştirak etməmiş, məhkəməyə 27.07.2021-ci il tarixli, 1215 №-li məktub ünvanlayaraq Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinin nümayəndəsi olmadan işə baxılmasını xahiş etmişdir. Cavabdeh Əmlak Məsələləri təlvöḊ Komı̇ təsı̇ nin Yanında Daşinmaz Əmlakın Dövlət Reyestri niṅ ıtəmḋ ıẊ 9 Saylı Qəbələ Ərazı̇ İdarəsinə̇ məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinin və cavabdeh Əmlak Məsələləri təlvöḊ Komı̇ təsı̇ nin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri niṅ ıtəmḋ ıẊ 9 Saylı Qəbələ Ərazı̇ İdarəsinin nümayəndələrinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsini, cavabdehin izahatını və çıxışını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "xxxx" İKB ilə X6 arasında bağlanmış 04.08.2014-cü il tarixli 5-SKMF-1-0-2597-14 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən kreditin qaytarılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ Rayon Ərazi İdarəsinin 03.04.2012-ci il tarixli, MA seriyalı, ******* №-li reyestr nömrəsi **********75-10301, qeydiyyat №-si **********, daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən Qəbələ rayonu, Nic qəsəbəsi ünvanında yerləşən 107.6 kv.m yaşayış, 28 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 04.08.2014-cü il tarixli 5-SKMF-1-0-2597-14 nömrəli əlavə kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən X6 "xxxx" İKB ASC-nin “Qəbələ” filialından illik 6%-lə 36 ay müddətinə 15.000 manat məbləğində kredit götürmüşdür. Məhkəmə iddia tələbinin rədd edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, iddiaçı iddia ərizəsində ipoteka müqaviləsinin etibarsızlığını 2 halla əsaslandırmışdır. Birincisi o halı göstərmişdir ki, əslində ev onunla digər oğlunun və həyat yoldaşının adına olmuşdur. X6 onların xəbəri olmadan evi sənədləşdirməklə "xxxx" İKB ASCnə girov qoymuşdur. İddiaçının iddia tələbənin əsası kimi göstərdiyi birinci halla bağlı məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsinə bununla bağlı, yəni ipoteka predmeti olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ Rayon Ərazi İdarəsinin 03.04.2012-ci il tarixli, MA seriyalı, ******* №-li reyestr nömrəsi **********75- 10301, qeydiyyat №-si ********** olan Çıxarışın etibarsızlığına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə proses iştirakçılarının digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşsədə o, cavabdehlər tərəfindən hüquqlarının pozulduğuna dair sübutları və hüquqların pozulmasını mübahisələndirilməsini təsdiqləyən faktları məhkəməyə təqdim etməmişdir. Əksinə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstrilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhkəmə daşınmaz əmlak barədə reyestrin məzmununun qeyri-dəqiqliyinin müəyyən olunmasını iddiaçının bunu sübut etməsi ilə əlaqələndirir. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. İşin faktiki hallarından göründüyü kimi iş üzrə iddiaçıda belə bir etirazın olması barədə heç bir məlumat olmamış, həmin ipoteka predmeti olan fərdi yaşayış evinə verilmiş Çıxarışla bağlı dövlət reyestrini aparan orqanda etiraz, yüklülük və s. barədə heç bir rəsmi məlumat olmamışdır. Cavabdeh "xxxx" İKB ASC-də (Yelo Bank”) məhz daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək X6 ilə ipoteka müqaviləsi bağlanmışdır. İddiaçı iddia ərizəsində ipoteka müqaviləsinin etibarsızlığınının ikinci halını onunla əsaslandırmışdır ki, ev ipoteka ilə yüklü edilərkən evdə qeydiyyatda olan digər şəxslərin razılığı nəzərə alınmamışdır. Bu halla bağlı məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını nəzərdə tutur, habelə mülkiyyət hüququnun, o cümlədən xüsusi mülkiyyət hüququnun qanunla müdafiəsinə təminat verir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13 və 29-cu maddələri). Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən biri hesab olunur. Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir. Bu baxımdan, əşyanın girov və ya ipotekaya qoyulması mülkiyyətçinin sərəncam vermək səlahiyyətinin həyata keçirilməsi deməkdir. Buna görə də, Mülki Məcəllənin 271.1-ci maddəsində əşyanı girov qoyanın yalnız onun mülkiyyətçisi ola biləcəyi nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki hüquq müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsasları, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydaları, tərəflərin hüquq və vəzifələri “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – “İpoteka haqqında” Qanun) ilə tənzimlənir. “İpoteka haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. Göründüyü kimi, ipoteka müqaviləsində iki tərəf iştirak edir: ipoteka qoyan və ipoteka saxlayan. Əşyanı ipoteka qoyan yalnız onun mülkiyyətçisi ola bilər və o adətən əsas öhdəlik üzrə borclu şəxs qismində çıxış edir. İkinci tərəf – ipoteka saxlayan ipoteka hüququ olan şəxsdir və ona kreditor da deyilir. İpoteka saxlayan dedikdə, borclunun onun qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün ipoteka predmeti olan əşyaya tələb yönəltmək, həmin tələbi göstərilən əşya hesabına təmin etmək ixtiyarına malik olan şəxs başa düşülür. Bütün hallarda kreditor və ipoteka saxlayan eyni şəxs olur, yəni ipoteka saxlayan rolunda yalnız kreditor çıxış edə bilər. Girov və ipoteka hüququnun əsas təyinatı ondan ibarətdir ki, borclu (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədikdə, kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditora nisbətən üstünlük hüququna malikdir. Eyni zamanda qeyd edilməlidir ki, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (Mülki Məcəllənin 158.2 və 158.4-cü maddələri). Mülkiyyət hüququ ilə yanaşı servitutlar, girov və əmlakdan istifadə hüquqları da əmlak hüquqlarına aid edilmişdir. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, onlar mülkiyyətçi olmayan şəxslərə də məxsus ola bilər. Belə halda həmin hüquqlar başqa şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə olunur. Belə ki, Mülki Məcəllənin 288-ci maddəsinə əsasən girov qoyulmuş əşyanı saxlayan və ya saxlamalı olan girov saxlayan onu özgəsinin qanunsuz sahibliyindən, o cümlədən girov qoyanın sahibliyindən tələb edə bilər. Müqavilə şərtlərinə görə girov saxlayana ona verilmiş girov predmetindən istifadə hüququ verildikdə o digər şəxslərdən, o cümlədən girov qoyandan onun hüququnun hər cür pozuntularını aradan qaldırmağı, bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmədikdə belə, tələb edə bilər. Girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi tərəfindən digər şəxslərin razılıqlarının alınması tələbi mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam vermək hüququ baxımından təhlil olunmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında əks olunan hüquqi mövqeyinə əsasən mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, mülkiyyətçi tərəfindən sərəncam səlahiyyətinin həyata keçirilməsinin mülkiyyətçi olmayan şəxslərin iradəsi ilə istənilən halda şərtləndirilməsi faktiki olaraq bu səlahiyyətin mülkiyyətçi olmayan şəxslərə mənsub olduğunu göstərir. Halbuki, bunun yolverilməzliyi həm Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsində, həm də onu inkişaf etdirən Mülki Məcəllənin 152.1-ci maddəsində ifadə olunmuşdur. Həmin normaya əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bunun əksinə olaraq, sərəncam vermək səlahiyyətinin mülkiyyətçi olmayan şəxslərə verilməsi faktiki olaraq bir əmlak üzərində eyni zamanda ikinci eyni həcmli mülkiyyət hüququnun mövcudluğu deməkdir. Bu isə yalnız həmin əmlak üzərində bir neçə şəxsin birgə mülkiyyət hüquqları olduqda mümkündür. Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarında bu məsələ ilə bağlı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olubolmadığının müəyyənləşdirilməməsi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun. 2000-ci il sentyabrın 1-dən sonra mənzildən istifadə edilməsi ilə əlaqədar yaranmış hüquq münasibətlərinin mövcudluğunda notarius tərəfindən özgəninkiləşdirilən yaşayış mənzilində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayışın tələb edilməməsi və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığının alınmaması alqı-satqı müqaviləsinin aldatma yolu ilə bağlanması və Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə istinadən bu əqdin etibarsız hesab edilməsi üçün səbəb ola bilməz. Eyni zamanda qanunvericiliyin tələblərini pozmadığına görə aldatmanın olmadığını və əqdin etibarlı olduğunu sübut etmək cəhdləri də əsassızdır. Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülki Məcəllədə girov (ipoteka) müqavilələrinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınması zəruri şərt kimi göstərilməmişdir. Belə razılığın alınması mülkiyyətçinin sərəncam hüququnun həyata keçirilməsini digər (mülkiyyətçi olmayan) şəxslərin iradəsındən asılı edə bilər. Bu isə öz növbəsində mülkiyyətçinin hüquqlarının qeyri-mütənasib məhdudlaşdırılması ilə nəticələnə bilər. Buna görə mülkiyyətçi olmayan şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqavilələrinin etibarsız hesab edilməsi üçün əsas hesab edilə bilməz. Əks yanaşma mülkiyyətçinin Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozulmasına gətirib çıxara bilər. Bununla yanaşı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi, Mülki Məcəllənin mülkiyyət hüququnu tənzimləyən müddəaları mülkiyyətçinin öz hüquqlarını sərbəst və maneəsiz istifadə etməsinin hüquqi əsaslarını müəyyən etməklə, mülki əşya hüquq münasibətlərinin iştirakçısı kimi çıxış edən mülkiyyətçiyə münasibətdə öz hüquqlarının həyata keçirilməsində lazımi davranış hüdudlarını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair” 03 noyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, ipoteka ilə yüklü edilərkən evdə qeydiyyatda olan digər şəxslərin razılığı nəzərə alınmaması 04.08.2014-cü il tarixli 5-SKMF-1-0-2597-14 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab olunması üçün əsas ola bilməz. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia tələbində ümumi mülkiyyətlərində olan 0,45 ha torpaq sahəsinin ipoteka qoyulduğunu bildirsədə, ipoteka müqaviləsində belə hal nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Beləliklə mülki iş üzrə sübutlara məcmu halında qiymət verərək, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Qəbələ rayon Cavabdeh2 Qəbələ rayon Notariat Kontoruna, Cavabdeh1 ASC-nə və üçüncü şəxs ƏMDK yanında DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, yüklülük Çıxarışının ləğv edilməsi və girov qoyulmuş əmlakın yüklülükdən azad edilməsi” tələbinə dairiddia ərizəsi əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübut olunmadığından təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Qəbələ rayon Cavabdeh2 Qəbələ rayon Notariat Kontoruna, Cavabdeh1 ASC-nə və üçüncü şəxs ƏMDK yanında DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, yüklülük Çıxarışının ləğv edilməsi və girov qoyulmuş əmlakın yüklülükdən azad edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar