Məhkəmə qərarları › İş №2(025)-1121/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1121/2021

21.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1121/2021 21.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdehlər "xxxx" ASC-nə və "xxxx" ASC-nin X2 və Satış İdarəsinə qarşı “icra vərəqəsinin ləğv olunması və hesablanmış cərimənin silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" ASC-nə və "xxxx" ASC-nin X2 və Satış İdarəsinə qarşı “icra vərəqəsinin ləğv olunması və hesablanmış cərimənin silinməsi” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin X3 əməkdaşları tərəfindən tərtib edilmiş 12.10.2018-ci il tarixli aktın etibarsız hesab edilməsi, 15.11.2018-ci il tarixdə tərtib edilmiş icra vərəqəsi ilə hesablanmış 741,95 manat borcun abonent kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, yaşadığı Qəbələ rayonun Zalam kəndində fərdi yaşayış evinə müvafiq qaydada texniki şərt və lazımi sənədləşmə aparılmaqla elektrik xətti çəkilmişdir. Evə elektrik xətti çəkildiyi və sayğacı quraşdırılan vaxtdan hazıradək elektrik enerjisi sərfiyyatına görə bütün ödənişlər sayğac göstəricilərinə və təqdim olunan bildirişə uyğun olaraq vaxtı-vaxtında edilmişdir. Tərəfindən sayğaca heç bir müdaxilə edilməmiş, sayğacdan kənar xətt vasitəsilə şəbəkəyə qoşulmaqla elektrik enerjisindən qanunsuz istifadə kimi hallar olmamışdır. "xxxx" ASC-nin X2 və Satış İdarəsinin əməkdaşları 12.10.2018-ci il tarixdə Zalam kəndində yerləşən fərdi yaşayış evində elektrik enerjisindən istifadə qaydalarına baxış keçirmiş və baxış zamanı elektrik sayğacından kənar xətt vasitəsilə istifadə olunması barədə 12.10.2018-ci il tarixdə R 117734 nömrəli akt tərtib etmişlər. Həmin akta əsasən 15.11.2018-ci il tarixdə icra vərəqəsi tərtib edilmişdir. İcra vərəqəsinə əsasən elektrik sayğacından kənar xətt vasitəsilə elektrik icra olunduğununa görə 741,95 manat məbləğində ziyan hesablanmışdır. Aktda və icra vərəqəsində göstərilənləri qəbul etmir. Tərəfindən sayğaca heç vaxt müdaxilə olunmamış və müdaxiləyə ehtiyac belə olmamışdır. Aktın tərtib olunmasında iştirak etməmişdir. Tərtib olunan aktda hal şahidlərinin iştirakı nəzərdə tutulubsa da hal şahidləri iştirak etməyiblər. Daha doğrusu dəvət olunmayıblar. Bundan əlavə yoxlama zamanı hər hansı foto, video çəkliş aparılmayıb. Göstərilən pozuntunun mövcudluğunu təsdiq edən heç bir sübüt ərizəyə əlavə edilməmişdir. Qeyd olunan akt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın tələbləri kobud şəkildə pozulmaqla tərtib edilmişdir. İcra vərəqəsində hətta mövcud olmayan “kənar xətt ləğv edildi” göstərilir. Nə vaxt, kim tərəfindən kənar xətt ləğv edildiyi, bu barədə hansı sənədləşmənin (akt və s) tərtib olunduğu barədə məlumat yoxdur. Qeyd olunanlardan aydın olur ki, tərtib olunmuş akt “Elektrik enerjisindən istifadə qaydaları”nın tələbləri pozulmaqla tərtib edilmişdir. Sayğac mərhum atası X4 adınadır. O, 12 may 2015-ci il tarixdə ürək çatışmamazlığından vəfat etmişdir. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının Qəbələ rayonu Zalam kəndində yaşadığl fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında X4 adına **********00028 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. Bu səbəbdən də iddia qaldırmaq hüququ Neman Hacıyeva aiddir. İddiaçı iddia qaldırmaq hüququnun olmadığı nəzərə alınaraq iddia təmin edilməməlidir. Elektirik enerjisindən istifadə ilə bağlı fiziki və hüquqi şəxslər arasında mövcud olan münasibətlər zamanı yaranan mübahisələr məhkəmə qaydasında baxılması nəzərdə tutulmuş və bu münasibətlərin mövcud olub olmamasını yoxlamaqla, məhkəmə icraatının başlanması zamanı ilk olaraq iddia qaldırmış şəxsin bu münasibətlərdə hüquqa malik olması müəyyən edilməlidir. Məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdığı hüquqi mövqeyi bir neçə qərarlarında istifadə olunmuşdur. Belə ki, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına görə müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. 12.10.2008-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları Ş.Seyidli və F.Cavadov tərəfindən Qəbələ rayonu Zalam kəndində yerləşən Neman Hacıyevə məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifadə qaydalarına uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin sayğacdan kənar xəttən birbaşa qoşularaq istifadə etdiyi aşkar olunmuşdur. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.32 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən 12.10.2018-ci il tarixli, R117734 saylı akt tərtib olunmuşdur. 12.10.2018-ci il tarixli, R117734 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən 15.11.2018-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 365 gün 0,11 manatla 6745 kvt.s dəyəri 741,95 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçının faydalanmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır. İddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərinin ödəmədiyi elektrik enerjisinin əvəzi olmamışdır. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerji təchizatı müəssisəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 12 oktyabr 2018-ci il tarixli, R117734 nömrəli aktdan görünür ki, “EEİQ”-nın tələblərinə uyğun olaraq sayğaca baxış keçirilmiş və məlum olmuşdur ki, abonent sayğacdan kənar xəttdən istifadə edir. İş materillarına əlavə edilmiş R117734 nömrəli akt əsasında tərtib olunmuş 15 noyabr 2018-ci il tarixli icra vərəqindən görünür ki, sayğaca baxış zamanı abonent sayğacdan kənar xəttdən istifadə etdiyi üçün enerji sərfiyyatı göstərilən qaydada hesablanmaqla - Witr=5A x 0,22 kVx24s x 0,7 x 365 gün=6745 kVt.s, dəyəri 6745 kVt.s x 0.11 manat = 741,95 manat müəyyən edilmişdir. İş materillarına əlavə edilmiş Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 məhkəməyə təqdim etdiyi etirazında qeyd etmişdir ki, abonentin “abunə haqqında” məlumatına nəzər saldıqda 02.11.2017-ci il tarixdən 11.10.2018-ci il tarixə qədər 365 gün üçün sərfiyyatdan toplamda 493 kvt.s olduğu, lakin sayğac dəyişdikdən sonrakı dövr üzrə 10.11.2018-ci il tarixdən 04.10.2019-cu il tarixə qədər 358 gün üçün artaraq 1007 kvt.s olduğu məlum olur. Abonentin “abunə haqqında” məlumatından açıq aşkar görünür ki,sayğacın pozuntu aşkar olunan dövrdəki sərfiyyatı ilə qüsur barpa edilmiş sonrak dövrdəki sərfiyyatı arasında fərq (514 kvt.s) böyükdür. İş materillarına əlavə edilmiş "xxxx" ASC-nin X2 və Satış İdarəsinin Akt Komissiyasının sədri F.İsmayılovun imzası ilə məhkəməyə təqdim edilmiş arayışdan görünür ki, 11.10.2017-ci il tarixdən 11.10.2018-ci il tarixədək olan dövr üçün verilmiş sərfiyyat 493 kvt.s, bir aylıq orta sərfiyyat 493 kvt.s : 365 gün x 30 gün = 40 kvt.s təşkil edir. 01.11.2018-ci il tarixdən 12.11.2019-cu il tarixədək olan 370 gün dövrü üçün sərfiyyat 1070 kvt.s. təşkil edir. Bir aylıq ort sərfiyyat 1070 kvt.c : 370 gün x 30 gün = 87 kvt.s.təşkil edir. Göstərilənlər nəzərə alınaraq 117734 saylı akta əsasən hesabat yenidən aparılır və 1070 – 493 = 577 kvt.s, dəyəri 300 kvt.s x 0,7 manat = 21,0 manat, 277 kvt.s x 0.11 manat = 30.47 manat, cəmi- 21,0 + 30,47 = 51.47 manat müəyyən olunmuşdur. İş materillarına əlavə edilmiş Qəbələ rayon Qeydiyyat Şöbəsindən 14 may 2015-ci il tarixdə verilmiş AZ-İ 634324 saylı “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki,Hacıyev Neman Ciras oğlu 12 may 2015-ci il tarixdə “ürək çatışmamazlığından” vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinin tələbinə görə dövlət orqanlarının, icra və s. orqanlarının aktlarının ləğv edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul edilmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 saylı 02.02.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.32-ci bəndinə əsasən, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: - Məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatıərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; - Məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatıərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfəəvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatıərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarının 1.2-ci bəndinə görə Bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mərhum atası X8 rayonu, Zalam kəndində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında onun adına **********00028 saylı kod altında qeydiyyatdadır. 12.10.2018-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən həmin fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacından kənar xətt vasitəsi ilə elektik enerjisindən istifadə edildiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar 12.10.2018-ci tarixli, R117734 saylı akt tərtib olunmuş və tərtib olunmuş aktı S.Seyidli və F.Cavadovun imzaları ilə təsdiq etmişdir. 12.10.2018-ci il tarixli, R117734 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 365 gün 0,11 manatla 365 gün 0,11 manatla 6745 kvt.s dəyəri 741,95 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. Məhkəmə qeyd edir ki, Abonentin “abunə haqqında” məlumatına nəzər saldıqda müəyyən edilir ki, 02.11.2017-ci il tarixdən 11.10.2018-ci il tarixə qədər 365 gün üçün sərfiyyatdan toplamda 493 kvt.s olduğu, lakin sayğac dəyişdikdən sonrakı dövr üzrə 10.11.2018-ci il tarixdən 04.10.2019-cu il tarixə qədər 358 gün üçün artaraq 1007 kvt.s olduğu məlum olur. Abonentin “abunə haqqında” məlumatından açıq aşkar görünür ki, sayğacın pozuntu aşkar olunan dövrdəki sərfiyyatı ilə qüsur barpa edilmiş sonrak dövrdəki sərfiyyatı arasında fərq 514 kvt.s-dir. Yəni sayğac işlədikdən sonra hər ay üçün tarif 0,07 hesablanmışdır. (aylıq güzəştli limit keçilməmişdir) Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində sayğacın işləməməsi müddəti üçün cavabdeh təşkilat tərəfindən hesabat dövrü üçün nisbi olaraq hesablanmış 514 kvt.s-dan - 300 kvt.s görə 0.7 manatdan hesablanmaqla (300 kvt.s x 0,07) 21.0 manat və 214 kvt.s görə 0.11 manatdan hesablanmaqla (214 kvt.s x 0,117) 23,54 manat borcun cavabdehdən tutulması daha obyektiv və ədalətli yanaşma olardı. Buna görə də məhkəmə hesab edir ki, R117734 nömrəli akt əsasında tərtib olunmuş 15 noyabr 2018-ci il tarixli icra vərəqində göstərilən enerji sərfiyyatı üzrə iddiaçıdan tələb olunan 741.95 manatdan 44,54 manatı (21,0 manat + 23,54 manat= 44.54 manat) ondan tutulmalı, qalan hissədə isə silinməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövbudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası qeyd edilən prosessual hüquq normalarını hazırkı münasibətlər üzrə tətbiq etməzdən öncə müqayisəli təhlil edərək müəyyən edir ki, hər bir şəxs (fiziki və ya hüquqi şəxs) qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. O da nəzərə alınmalıdır ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun olaraq iddiaçıya 741,95 manat dəyərində itirilmiş enerji hesabatı aparmışdır. Lakin "xxxx" ASC-nin nümayəndəsi məhkəmə təqdim etdiyi sənədlərlə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 741,95 manat dəyərində itirlmiş enerji hesabatının hansı əsasla hesablanmasını sübuta yetirə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçıdan tələb edilən 741.95 manatdan 44,54 manatı istisna olmaqla iddia tələbi qalan hissədə təmin edilməməli, itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun hesablanmış 44,54 manatı cərimə məbləğindən çıxılmalı və qalan cərimə borcu - 697,41 manatı (741,95 manat- 44,54 manat = 697,41 manat ) silinməlidir. Eyni zamanda məhkəmə hazırki işin R117734 saylı, 12 oktyabr 2018-ci il tarixli aktın və 15.11.2018-ci il tarixli icra vərəqəsinin ləğv edilməsi hissəsi ilə bağlı qeyd edir ki, mübahisə predmeti olan aktla və icra vərəqəsi ilə məsuliyyət müəyyən edilmədiyindən, həmin akt məlumat xarakteri daşımaqla iddiaçı üçün heç bir hüquqi nəticəyə səbəb olmadığından və özündə yalnız qüsurları müəyyən etdiyindən aktın özünün mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmeti ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Göründüyü kimi, mübahisə predmeti olan akt abonentin hüquqlarına müdaxilə etmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının aktın ləğv edilməsi tələbinə məhkəmədə baxılmalı olmadığından iddia tələbinin R117734 saylı, 12 oktyabr 2018-ci il tarixli aktın və 15.11.2018-ci il tarixli icra vərəqəsinin ləğv edilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqarı üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də cavabdehdən 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qə t e t d i : İddia tələbi qismən təmin edilsin. "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin X3 əməkdaşları tərəfindən İddiaçı abonent koduna vurulmuş 697,41 (altı yüz doxsan yeddi manat qırx bir qəpik) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar