Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1144/2021 24.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 və cavabdeh X4 iştirakları ilə İddiaçı "xxxx" ASC-nin cavabdeh X5 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdeh X5 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdeh X4 istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 1093,60 (bir min doxsan üç manat altmış qəpik) manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdeh X3 tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 10.02.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********00267 olan X4 elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 1093,60 (bir min doxsan üç manat altmış qəpik) manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdeh X5 dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elektrik enerjisinin haqqı olan 1093,60 manat borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. "xxxx" ASC-nin əməkdaşları hər ay X4 ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Həmçinin elektrik enerjisinin alqı-satqısı ilə bağlı hüquqi münasibətlər tərəflər arasında bağlanılmış “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısı barədə” müqavilə ilə tənzimlənir və cavabdeh tərəf həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozur. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını nəzərdə tutmuşdur. Cavabdeh X8 iddia ərizəsinə etiraz təqdim etmiş, Qəbələ Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli 2(025)-1144/2021 nömrəli qərardadı ilə hazırkı işin iddia icraatına keçilməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X6 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X8 iddianı qismən etiraf edərək göstərdi ki, "xxxx" ASC Şimal-Qərb RETSİ-nin Qəbələ XS-nin əməkdaşları ona dəfələrlə bildirmişdirlər ki, ona yazılan bu məbləğ cərimə borcudur. Həmçinin ona bildirmişlər ki, hər ay 5-10 manat ödəniş et, yazılan cəriməni isə məhkəmə qaydası ilə sildirməkmümkündür. O da ona görə hər ay 4-5-10 manat ödənişlərini etmişdir. Bundan əlavə onu bildirmək istəyir ki, "xxxx" ASC Şimal-Qərb RETSİ-nin Qəbələ XS-nin əməkdaşları bir ay bundan öncə işıq idarəsinə dəvət edərək ona yazılan cərimə borcunu silmək üçün ondan 250 manat tələb etmişlər. Ona bu sözləri şəxsən "xxxx" ASC Şimal-Qərb RETSİ-nin Qəbələ XS-nın müdiri Əkbər müəllim demişdir. Onlara cəmi 100 manat verə biləcəyini bildirsə də, onlar bununla razılaşmamışlar. Cavabdeh X8 məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh X8 eyni zamanda məhkəməyə iddia müddətinin tətbiq olunması barədə ərizə ilə müraciət edərək əvvəlki borclarına iddia müddətinin tətbiq olunaraq həmin borcların silinməsini məhkəmədən xahiş etmişdir. 24 avqust 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında X1 şahid qismində verdiyi izahatında göstərmişdir ki, o, "xxxx" ASC Şimal-Qərb RETSİ-nin Qəbələ XS-nin müdiri işləyir. Cavabdehin guya ondan 250 manat istəməsi və bunun müqabilində borcunu siləcəyi barədə dedikləri həqiqəti əks etdirmir. O, cavabdeh X3 250 manat pulun ödənilməsi barədə qəbzini istəyə bilər. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin, cavabdehin və şahidin izahatını dinləyərək və iddiaçı tərəfindən təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli” 07.01.2020-ci il tarixli, 149360 №-li müqavilədən görünür ki, enerjitəchizatı müəssisəsi adından "xxxx" ASC-nin ESD-nin direktoru Elçin Dadaşov ilə məişət abonenti Elman Eyyubov arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlamışlar. Tərəflər elektrik enerjisinin alqı-satqısı və istehlak ilə əlaqədar qarşılıqlı münasibətlərdə “Elektrik enerjisindən istifadə qaydaları”nı rəhbər tuturlar. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş “**********00167 kod altında qeydiyyatda olan Qəbələ rayonu, Bum qəsəbə sakini Elman Eyyubov tərəfindən 2015-ci ilin aprel ayından bu günə kimi sərf edilmiş elektrik enerjisinin dəyəri və ödənişi haqqında” Arayışdan görünür ki, X4 2015-ci ildə 52,8 manat, 2016-ci ildə 0 manat, 2017-ci ildə 0 manat, 2018-ci ildə 76,47 manat, 2019-cu ildə 98,84 manat, 2020-ci ildə 85,47 manat, 2021-ci ildə 78,37 manat ödənilməmişdir borcu olmuşdur. Həmçinin 2016-cı ildə 10 manat, 2017-ci ildə 5 manat, 2018-ci ildə 6 manat, 2019cu ildə 20 manat, 2020-ci ildə 40 manat, 2021-ci ildə isə 55 manat ödəniş etmişdir. İş materiallarında olan 12.02.2021-ci il tarixli xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, cavabdeh X5 7 gün müddətində borc öhdəliklərinin icra edilməsinə dair xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. İşin halları ilə müəyyən olunur ki, iddiaçı cavabdehlə bağlanmış alqı-satqı müqaviləsinə əsasən ona məxsus mənzili elektrik enerjisi ilə təchiz etmişdir. Cavabdehə məxsus mənzildə istehlak edilmiş elektrik enerjisinin dəyəri tam ödənilmədiyindən həmin xidmət üzrə borc yaranmış və elektrik enerjisindən istifadəyə görə borcun 1093,60 manat olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş “Abunə haqqında” məlumatdan görünür ki, iddiaçı tərəfindən 1093,60 manat borc 2015-ci ildən hesablanmağa başlanmışdır. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Arayışdan görünür ki, cavabdehin 2015-ci ildən bu yana ümumilikdə 391,95 manat borcu vardır. Lakin iddiaçı tərəfindən cavabdehin borcunun 1093,60 manat olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Cavabdeh isə mübahisə üzrə iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən iddia müddəti buraxılmışdır. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir və 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Cavabdeh iddiaçı tərəfindən iddia müddətinin qismən buraxıldığı üçün iddia tələbinin həmin hissədə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş arayışa əsasən müəyyən olunur ki, cavabdehdən tələb edilən borcun 339,15 manatı 2018-ci ildən sonra yaranmış borc məbləğidir. İddiaçı tərəfindən 2018-ci ildən əvvəl cavabdehin borcunun olmasına dair yalnız 2015-ci ildə 52,8 manat borcunun olması barədə sübut təqdim edilmişdir. Lakin iddiaçı tərəfindən hesablanmış 1093,60 manat borcun hansı tarixdən və hansı əsaslarla hesablanması barədə məhkəməyə sübut təqdim edilməmişdir. Həmçinin iddiaçı 2018-ci ilədək yaranan borc məbləğinin cavabdehdən tutulması iləbağlı məhkəmədə 07.07.2021-ci il tarixdə iddia qaldırmaqla 2018-ci ildən əvvəl yaranan borc məbləği ilə bağlı iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001- ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013cü il tarixli qərarında qeyd olunur ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar, mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında əks olunmuşdur. “Stanyo Belçikaya qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 7 iyul 2009cu il tarixli Qərarındakı hüquqi mövqeyinə görə qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq göstərmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə hesab edir ki, cavabdehdən tələb edilən borcun 1093,60 manat borcun 339,15 manatı 2018-ci ildən sonra yaranmışdır. 2018-ci ildən sonra cavabdeh tərəfindən ümumilikdə 121 manat ödəniş edilmişdir ki, həmin məbləğdə 339,15 manat məbləğdən çıxıldıqdan sonra cavabdehin 218,15 manat ödənilməmiş borcu qalır. 218,15 manat borcun ödənildiyinə dair cavabdeh tərəfindən sübut təqdim edilmədiyindən və həmin borc məbləği cavabdeh tərəfindən mübahisələndirilmədiyindən iddia tələbi 218,15 manat borcun tutulması hissəsində əsaslı hesab edilərək təmin edilməli, qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin Qərarın 4.1-ci bəndinə əsasən, enerji təchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 30 (otuz) manat dövlət rüsumucavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh X3 istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 218,15 manat borc, ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu, ümumilikdə isə 238,15 (iki yüz otuz səkkiz manat on beş qəpik) manat pul tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X3 istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 218,15 manat borc, ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu, ümumilikdə isə 238,15 (iki yüz otuz səkkiz manat on beş qəpik) manat pul tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1144/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1144/2021
24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver