Məhkəmə qərarları › İş №2(025)-1339/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1339/2022

01.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1339/2022 01.11.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" ASC-nə və "xxxx" ASC-nin X1 və Satış İdarəsinə qarşı “elektrik enerjisindən istifadəyə görə qanunsuz yazılmış aktın etibarsız hesab edilməsi və hesablanmış cərimənin silinməsi” tələbinə dairmülki iş üzrə (Açar sözlər: aktların etibarsız hesab edilməsi və cərimənin silinməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdehlər "xxxx" ASC-nə və "xxxx" ASC-nin X1 və Satış İdarəsinə qarşı “elektrik enerjisindən istifadəyə görə qanunsuz yazılmış aktların etibarsız hesab edilməsi və hesablanmış cərimənin silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC-nə və "xxxx" ASC-nin X1 və Satış İdarəsinə qarşı “elektrik enerjisindən istifadəyə görə qanunsuz yazılmış aktın etibarsız hesab edilməsi və hesablanmış cərimənin silinməsi” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin X2 əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli AKTR № 253779 saylı və xx.xx.2022-ci il tarixli AKT NDM № 028317 saylı aktların etibarsız sayılması və 401,62 manat borcun adına olan abonent kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun və ailə üzvlərinin daimi yaşayış ünvanı olan Qəbələ rayonunun Tikanlı kəndindəki fərdi yaşayış evlərinə müvafiq qaydada, texniki şərtlərə uyğun və lazımi sənədləşmə aparmaqla elektrik xətti çəkilmişdir. Elektrik xəttinin çəkildiyi və sayğac quraşdırıldığı vaxtdan hal-hazıradək elektrik enerjisi sərfiyyatına görə bütün ödənişləri sayğac göstəricisinə və şəbəkə tərəfindən verilmiş bildirişlərə uyğun olaraq vaxtlı-vaxtında ödəmişdir. Tərəfindən sayğaca heç vaxt müdaxilə edilməmişdir. Sayğacdan kənar hər hansı xətt çəkməklə şəbəkəyə qoşulma halları olmamışdır. xx.xx.2022-ci il tarixdə hansı səbəbdənsə elektrik sayğacı xarab olmuşdur. Sayğacın nasazlığı barədə həmin tarixdə, yəni xx.xx.2022-ci il tarixdə kəndin işıq nəzarətçisinə şifahi məlumat vermişdir. Sayğacın nasazlığı barədə verdiyi məlumata əsasən sayğaca baxış keçirilmiş və ona sayğacın yenisi ilə əvəzləşdiriləcəyi bildirilmişdir. Müraciət əsasında xx.xx.2022-ci il tarixində Qəbələ EŞ-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş və məlum olmuşdur ki, sayğacdan enerji keçmir. Enerjidən istifadə olunmadığından ölçü aparılmasının mümkün olmadığı və sayğacın yenisi ilə əvəzləşdirilməsinə rəy verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixdə tərtib olunmuş AKTR № 253779 saylı aktda belə qeyd edilmişdir. Ona sayğac dəyişdirilənədək sayğacdan kənar istifadəyə icazə vermişlər. Təxminən 20 gündən sonra Qəbələ EŞ-nin digər 3 əməkdaşı sayğaca yenidən baxış keçirməklə xx.xx.2022-ci il tarixdə sayğacdan kənar xəttən istifadə edilməsi barədə AKT NDM № 028317 saylı akt tərtib edilmişdir. İtirilmiş elektrik enerjisinin bərpasına 401,62 manat dəyərində ödəniş sənədi hesablanmışdır. Hesab edir ki, bir aya 401,62 manat həddindən artıq enerjidən istifadəyə görə hesablanmış məbləğ olmaqla qəbul edilməzdir. İddiaya Etiraz: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 26sentyabr 2022-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsilə ilə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının Qəbələ rayonu Tikanlı kəndində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satışı bazasında İddiaçı adına olmaqla **********00241 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları V.Cəlilov, X.Abdullayev və X.Hacıbabayev tərəfindən Qəbələ rayonu Tikanlı kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin giriş xəttini zədələyərək elektrik sayğacından kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17.1 bəndinin tələbinə uyğun olaraq, yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2022-ci il tarixli, NDM028317 saylı akt tərtib olunmuşdur. xx.xx.2022-ci il tarixli, NDM028317 saylı akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 180 gün üçün 0,08 manatla 1001 kvt.s (dəyəri 80.00 manat), 0,09 manatla 600 kvt.s (dəyəri 54.00 manat) və 0,13 manatla 2058 kvt.s (dəyəri 267,50 manat) toplamda 401,50 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən video çəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan video çəkilişdə açıq aşkar öz əksini tapır. Abonentin “abunə haqqında” məlumatına nəzər saldıqda xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər 119 gün üçün sərfiyyatın toplamda 144 kvts olduğu, lakin qüsur bərpa edildikdən sonrakı dövr üzrə 126 gün üçün artaraq xx.xx.2022ci il tarixə 316 kvts olduğu görünür. Abonentin “abunə haqqında” məlumatından açıq aşkar görünür ki, sayğacın pozuntu aşkar olunan dövrdəki sərfiyyatı ilə qüsur bərpa edildikdən sonrakı dövrdəki sərfiyyatı arasında fərq (172 kvt.s) vardır. Bu da onu göstərir ki, iddiaçı sayğacdan kənar xəttdən bir başa qoşularaq elektrik enerjisindən istifadə etmişdir. Beləliklə, İddiaçı məxsus Qəbələ rayonu Tikanlı kəndində yerləşən fərdi yaşayış evinə tərtib edilmiş xx.xx.2022-ci il tarixli R028317 saylı akt “EEİQ”-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerjitəchizatı müəssisəsinə ödənilməlidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda göstərmişdir ki, elektrik sayğacından kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etdiyi müddət 32 gün olmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixdə çıxarılmış sayğac xx.xx.2022-ci il tarixdə yenisi ilə əvəz olunmuşdur. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, eyni zamanda məhkəməyə təqdim etdiyi etiraz ərizəsində göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini xahiş etdi. Həmçinin izahatında əlavə olaraq göstərdi ki, iddiaçının fərdi yaşayış evinə yeni sayğac xx.xx.2022-ci il tarixdə quraşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərmişdir ki, "xxxx" ASC-nin X2 Satış şöbəsinin nəzarətçi mühəndisidir və Qəbələ rayonu Abrıx kənd sakinidir. İddiaçını tanıyır, lakin qohumluq münasibətləri yoxdur. Belə ki, o, iddiaçının yaşadığı kənddə işləyir. Abonent ona müraciət edərək işığı olmadığını bildirmişdir. O, gedib sayğaca baxış keçirmiş və sayğacın işığı keçirmədiyi müəyyən edilmişdir. Ramazan ayı ərəfəsi olmuş və abonent də 2 gündür işığı yoxdur deyə müraciət etmişdir. Sayğacın girişində çıxışında heç bir problem olmamışdır. Sadəcə sayğac köhnə tipli olduğu üçün istifadə müddəti keçmişdir. Sayğac məlumatlarını yazıb aparıcı mühəndisə vermiş və akt yazmışlar. O, işıq montyoru olmadığı üçün işıq qoşa bilməmiş və idarədəyə məlumatını vermişdir. Həmin günü də sayğacın yeni tipli sayğacla əvəz olunması üçün aktı yazmışdır. Bakıdan gələn yoxlama ora gedəndə onların yanlarında olmamışdır. Onlar xəbər vermədən gəlib həyətə girib, aktı yazıb çıxıb getmişlər. Onların sayğacın işləməsindən xəbərləri olmamış, təxmini girmişlər. İddiaçının evi Tikanlı kəndinin girişində yerləşir və yolüstü yerdədir. Ona görə də gedən kimi təxmini həmin evə giriblər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərmişdir ki, "xxxx" ASC-nin X8 Qərb idarəsində işləyir. İddiaçı aktla bağlı idarəyə yaxınlaşmış və akta birlikdə baxmışlar. İddiaçı aktda kənar xətt yazıldığını, bununla razı olmadığını bildirmişdir. İddiaçıya aktın baş idarə tərəfindən yazıldığını, buna baxa bilmədiklərini bildirmişlər. İddiaçıya "xxxx" ASC-yə məktub yazmağı məsləhət bilmişlər. Baş idarədən iddiaçıya nə cavab gəldiyindən xəbərsizdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarına əlavə edilmiş 08aprel 2022-ci il tarixli, R253779 nömrəli aktdan görünür ki, “EEİQ”-nın tələblərinə uyğun olaraq sayğaca baxış keçirilmiş və məlum olmuşdur ki, sayğacdan enerji keçmir. İş materiallarına əlavə edilmiş 28 aprel 2022-ci il tarixli, NDM028317 nömrəli aktdan görünür ki, “EEİQ”-nın tələblərinə uyğun olaraq sayğaca baxış keçirilmiş və məlum olmuşdur ki, abonent sayğacdan kənar xəttdən istifadə edir. İş materialları ilə müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli, NDM028317 saylı akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 180 gün üçün 0,08 manatla 1001 kvt.s (dəyəri 80.00 manat), 0,09 manatla 600 kvt.s (dəyəri 54.00 manat) və 0,13 manatla 2058 kvt.s (dəyəri 267,50 manat) toplamda 401,50 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 0199/M-736/5458 nömrəli məktubda göstərilmişdir ki, **********00241 nömrəli kod üzrə elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixində Satışa nəzarət idarəsinin əməkdaşları tərəfindən “Elektrik enerjisindən istifadə qaydaları”na riayət olunmasının vəziyyəti yoxlanılarkən, fərdi yaşayış evinə məxsus elektrik sayğacındakı kənar xətt səbəbilə NDM 028317 nömrəli akt tərtib edilmiş və itirilmiş elektrik enerjisinin bərpası məqsədilə 3659 kVts (401,62 manat) dəyərində ödəniş sənədi hesablanılmışdır. Aktda qeyd edilən qüsur Sayğac quraşdırma və uçota nəzarət idarəsinin xx.xx.2022-ci il tarixli 139580 nömrəli yoxlama protokolu ilə təsdiqlənmişdir. Abunə haqqında bildiriş vərəqinin təhlili də təsdiq edir ki, akta görə təqdim edilmiş ödəniş sənədi, tarif fərqi nərəzə alınmaqla, “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olaraq aparılmışdır. İş materiallarına əlavə edilmiş Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Tikanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 avqust 2022-ci il tarixli, 253 nömrəli arayışdan göstərilmişdir ki, İddiaçı Qəbələ rayonu Tikanl kəndində qeydiyyatda olmaqla hal-hazırda həmin ünvanda yaşayır və Qəbələ rayonu Tikanlı kəndində ona məxsus 1998-ci ildə tikilmiş sahəsi 144 kvadrat metr olan fərdi yaşayış evi vardır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinin tələbinə görə dövlət orqanlarının, icra və s. orqanlarının aktlarının ləğv edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul edilmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.32-ci bəndinə əsasən, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: - Məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatıərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; - Məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatıərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfəəvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatıərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarının 1.2-ci bəndinə görə Bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının Qəbələ rayonu Tikanlı kəndində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satışı bazasında İddiaçı adına olmaqla **********00241 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən Qəbələ rayonu Tikanlı kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin giriş xəttini zədələyərək elektrik sayğacından kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17.1 bəndinin tələbinə uyğun olaraq, yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2022-ci il tarixli, NDM028317 saylı akt tərtib olunmuşdur. xx.xx.2022-ci il tarixli, NDM028317 saylı akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 180 gün üçün 0,08 manatla 1001 kvt.s (dəyəri 80.00 manat), 0,09 manatla 600 kvt.s (dəyəri 54.00 manat) və 0,13 manatla 2058 kvt.s (dəyəri 267,50 manat) toplamda 401,50 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.2022-ci il tarixdən, yəni sayğac çıxarıldığı tarixdən xx.xx.2022-ci il tarixə qədər, yəni yeni sayğac quraşdırıldığı tarixdə qədər elektrik sayğacından kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etdiyini etiraf etmişdir. Cavabdehin nümayəndəsi də məhkəmə zamanı ifadəsində xx.xx.2022-ci il tarixdə çıxarılan sayğacın yerinə yeni sayğacın xx.xx.2022-ci il tarixdə quraşdırıldığını bildirmişdir. Beləliklə, iddiaçının elektrik sayğacından kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etdiyi müddət cəmi 32 gündür. İş materialları ilə müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli, NDM028317 saylı akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 180 gün üçün 0,08 manatla 1001 kvt.s (dəyəri 80.00 manat), 0,09 manatla 600 kvt.s (dəyəri 54.00 manat) və 0,13 manatla 2058 kvt.s (dəyəri 267,50 manat) toplamda 401,50 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır.Göründüyü kimi iddiaçı tərəfindən elektrik sayğacından kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etdiyimüddət 32 gün olduğu halda, cavabdeh təşkilat tərəfindən 180 günə itirlmiş enerji hesabatı aparılmışdır ki, bu da yolverilməzdir. Beləliklə, məhkəmə qeyd edir ki, Abonentin “abunə haqqında” məlumatından görünür ki, sayğac işlədikdən sonra hər ay üçün tarif 0,07 hesablanmışdır. (aylıq güzəştli limit keçilməmişdir) Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində elektrik sayğacından kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etdiyi 32 gün müddətə görə itirilmiş enerji hesabatı aparılmalı, həmin cərimə məbləği iddiaçıdan tutulmalı, qalan cərimə məbləği isə iddiaçının abonent hesabından silinməlidir. Məhkəmə hesab edir ki, iddiaçının elektrik sayğacından kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etdiyi 32 gün müddətə görə itirilmiş enerji hesabatı aşağıdakı qaydada aparılmalıdır. xx.xx.2022-ci il tarixli, NDM028317 saylı akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun itirilmiş enerji hesabatı 180 gün üçün 3659 kvts müəyyən edilmişdir. Buna görə də bir gün üçün itirilmiş enerji hesabatı aparılmalı, daha sonra isə 32 gün üçün itirilmiş enerji hesabatı aparılmalı, iddiaçının aylıq güzəştli limiti keçmədiyindən 32 gün üçün itirilmiş enerji hesabatı üçün hesablanmış məbləğ 52,03 ((3659:180)x32x0,08=52,03) manat müəyyən edilməlidir. Buna görə də, məhkəmə hesab edir ki, NDM028317 nömrəli akt əsasında tərtib olunmuş enerji sərfiyyatı üzrə iddiaçıdan tələb olunan 401,62 manatdan 52,03 manatı ondan tutulmalı, qalan hissədə isə silinməlidir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun olaraq iddiaçıya 401,62 manat dəyərində itirilmiş enerji hesabatı aparmışdır. Lakin "xxxx" ASC-nin nümayəndəsi məhkəmə təqdim etdiyi sənədlərlə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 401,62 manat dəyərində itirlmiş enerji hesabatının hansı əsasla hesablanmasını sübuta yetirə bilməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövbudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası qeyd edilən prosessual hüquq normalarını hazırkı münasibətlər üzrə tətbiq etməzdən öncə müqayisəli təhlil edərək müəyyən edir ki, hər bir şəxs (fiziki və ya hüquqi şəxs) qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. O da nəzərə alınmalıdır ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Eyni zamanda məhkəmə hazırki işin xx.xx.2022-ci il tarixli AKTR № 253779 saylı və xx.xx.2022-ci il tarixli AKT NDM № 028317 saylı aktların ləğv edilməsi hissəsi ilə bağlı qeyd edir ki, mübahisə predmeti olan aktlarla məsuliyyət müəyyən edilmədiyindən, həmin aktlar məlumat xarakteri daşımaqla iddiaçı üçün heç bir hüquqi nəticəyə səbəb olmadığından və özündə yalnız qüsurları müəyyən etdiyindən aktın özünün mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmeti ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Göründüyü kimi, mübahisə predmeti olan aktlar abonentin hüquqlarına müdaxilə etmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının aktların ləğv edilməsi tələbinə məhkəmədə baxılmalı olmadığından iddia tələbinin xx.xx.2022-ci il tarixli AKTR № 253779 saylı və xx.xx.2022-ci il tarixli AKT NDM № 028317 saylı aktların ləğv edilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqarı üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də cavabdehdən 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qə t e t d i: İddia tələbi qismən təmin edilsin. "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin X2 əməkdaşları tərəfindən İddiaçı abonent koduna vurulmuş 349,59(üç yüz qırx doqquz manat əlli doqquz qəpik) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar