Məhkəmə qərarları › İş №2(025)-1447/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1447/2022

14.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1447/2022 14.12.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: kompensasiya verməklə istifadə hüququna xitam verilməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı və Cavabdehiştirakları ilə İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və ailə üzvlərinin AR ƏMDKY DƏDRX tərəfindən **********053-10301 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2019-cu il tarixli Çıxarışla mülkiyyəti olaraq tanınmış Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən 172.06 kv metr sahəsi olan fərdi yaşayış evindən istifadə hüququna 3000 (üç min) manat kompensasiya ödənilməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmədə iclasında İddiaçı məhkəməyə iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, iddiası üzrə 3500 (üç min beş yüz) manat kompensasiya ödəməklə cavabdehin ailə üzvləri ilə evində yaşamasına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmədə iclasında İddiaçı məhkəməyə iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, iddiası üzrə 4000 (dörd min) manat kompensasiya ödəməklə cavabdehin ailə üzvləri ilə evində yaşamasına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşin faktiki halları: İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən sahəsi 172.06 kv metr olan ev onun mülkiyyəti olaraq AR ƏMDKY DƏDRX tərəfindən **********053-10301 reyestr nömrəsi ilə qeydə alınaraq xx.xx.2019-cu il tarixli Çıxarış verilmişdir. Hazırda onun mülkiyyətində olan evində cavabdehlər Cavabdeh və ailə üzvləri onun iradəsinə zidd olaraq qanunsuz yaşayırlar. Belə ki, ev onun mülkiyyətinə keçirdikdən sonra Qəbələ rayonu Mıxlıqovaq kənd icra nümayəndəsinə və Cavabdeh ailə üzvləri ilə birlikdə evdən 15 gün müddətinə çıxaraq evi ona təhfil vermələri barədə rəsmi məktub yazaraq xəbərdarlıq etmişdir. Lakin cavabdehlər evdə qanunsuz yaşamağa davam edirlər. Lakin o, Qəbələ rayon məhkəməsində iddia qaldıraraq Cavabdeh ailə üzvləri ilə birlikdə evdən məcburi çıxarılmasını tələb etsə də, hakim 10 sentyabr 2020-ci il tarixli 2(025)-700/2020 saylı qətnaməsi ilə istifadə hüquqlarını qeyd edərək evdən cavabdehləri çıxarmamış və cavabdehlərə kompensasiya təklif edilmədiyini bildirərək iddianı təmin etməmişdir. Hazırda o, mülkiyyətində olan evində yaşamaq, şəxsi mlkiyyətindən səmərəli istifadə etmək istəyir. Lakin cavabdehlər onun qanuni mülkünü zəbt edərək qanunsuz orada yaşamaqla evdən qanunsuz istifadə edirlər. Xəbərdarlıq edilmələrinə baxmayaraq evi boşaldaraq ona təhvil vermirlər, evdə qanunsuz, onun iradəsinə zidd olaraq yaşamağa davam edirlər. İddiada qaldıraraq evdən məcburi çıxarılmasını isə hakim qanunsuz olaraq təmin etməməklə qeyri-müəyyən müddətə cavabdehləri evdə saxlamaqla onun mülkiyyət hüququnu kobudcasına pozmuşdur. Cavabdeh və ailə üzvləri onun yaxın qohumu hesab edilə bilməz, həmin evin mülkiyyətçisi X4 evi cavabdehə bağışladığı və iddiaçının mülkiyyət hüququnu AR ƏMDKY DƏDRX tərəfindən **********053-10301 reyestr nömrəsi ilə qeydə almaqla tanıyaraq Çıxarış verdiyi gündən xitam verilmişdir, cavabdehlərin həmin evə qeydiyyatı yoxdur. O, bir mülkiyyətçi kimi öz evində yaşamaq, öz üzərində idarə, istifadə və sərəncam hüquqlarını öz istəyinə uyğun həyata keçirə bilmir. Ona görə cavabdehlərə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, Cavabdeh ailə üzvləri ilə birlikdə qanunvericiliyə uyğun olaraq kompensasiya ödənilməklə şəxsi mülkiyyətində qeyri qanuni yaşamalarına xitam verilməsini iddia edir. Cavabdeh və ailə üzvlərinin mülkiyyətində JN 0161 serialı kod 40614018 olan həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində uzunluğu 20, eni 8 metr olan yardımçı sahə quraqlıq var ki, onun yanlarını daşla hörərək oradan ev kimi istifadə edə bilər. Bundan başqa cavabdehlərin mülkiyyətində pay torpaqları və Cavabdeh ata mülkündə onun və ailə üzvlərinin yaşaması üçün 170 kv metr şəraitli ev var ki, Soltanov Cavabdeh Göyçəklə ailə qurduqda sonuncunu gəlin kimi həmin evə gətirmişdir və 10 il həmin evdə birgə yaşamışlar. Hazırda həmin evdə Cavabdeh bacısı təkbaşına yaşayır və Soltanovun ailəsi ilə birlikdə həmin evdə yaşaması mümkündür. Bundan başqa iddia ərizəsinə əlavə etdiyi Mıxlıqovaq kənd ƏİNnin Təsərrüfatbaşına kitabından çıxarışdan göründüyü kimi Cavabdeh 2000-ci ildə özünə sahəsi 42 kv metr olan yaşayış evi inşa etdiyi göstərilmişdir. Ümumi təsərrüfatlarında fındıq bağı olan çox gəlir götürürlər və bu pullarla özlərinin təminatlarını ödəyə bilirlər. Bundan başqa Cavabdeh müəllim işləyir, əmək haqqı alır və xəstəliyə görə pensiya alır ki, bu da ayda təxmini cəmi min manatdan çox pul edir, qızı S.Elnarə Qəbələ rayonunda işləyir, arvadı G.Soltanova xəstəliyə görə pensiya alır, oğlu müəllim və gəlini Qəbələ rayonu “KapitalBank”da işləyirlər. Ailənin bir aylıq gəliri onların yaşamalarına və özlərini evlə təmin etməyə imkan verir. Makler arayışından göründüyü kimi həmin kənddə yaşamaq üçün kirayə ev pulu 30 manat civarındadır. Soltanovun yaşamağa ata evi və Mıxlıqovaq kənd Ərazi icra nümayəndəliyinin 2011-2015-ci illərin Təsərrüfatbaşına kitabından 2000-ci ildə Cavabdeh yaşayış sahəsi 42 kv metr olan evi olması barədə çıxarışdan göründüyü kimi özünə məxsus şəxsi evi var. İddia ərizəsinə əlavə edilən xx.xx.2021-ci il tarixli fiziki şəxs tərəfindən verilmiş arayışdan göründüyü kimi Qəbələ rayonu Mıxlıqovaq kəndində bir otaqlı yaşayış evinin bir aylıq kirayə haqqı minimum 30 AZN civarındadır. Onun cavabdehlər tərəfindən zəbt edilməsi onun mülkiyyətindən istifadə hüququndan məhrum edir. Belə ki, o, evin mülkiyyətçisi olsa da, nə evdə yaşaya bilir, nə də digər faydalı xassələrindən istifadə edə bilir. O, mülkiyyəti üzərində həm də sərəncam vermək hüququndan məhrum edilir. Belə ki, evini nə sata (çünki zəbt edilmiş evi heç kim üçün maraqlı deyil), nə kirayə verə, nə də başqa qanuni məqsədlər üçün istifadə edə bilir. Onun isə maddi vəziyyəti ağırdır, aztəminatlı müəllimədir, arayışdan göründüyü kimi 255 manat minimum əmək haqqı qədər məvacib alır. Həmin əmək haqqıya banklar maksimum 3000 manat kredit verə bilirlər. Onun bankdan götürə biləcəyi 3000 (üç min) manat kredit civarında kompensasiya ödəməyə gücü çatır. Odur ki, evin qanuni mülkiyyətçisi kimi maddi vəziyyətini və cavabdehin yuxarıda göstərilən maddi imkanlarını və yaşayış evi olmasının nəzərə alınmasını xahiş edir. İddiaya Etiraz: xx.xx.2022-ci il tarixdə Cavabdeh məhkəməyə dəftərxana vasitəsilə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, iddiaçı əsassız olaraq hesab edir ki, qanunsuz əldə etdiyi çıxarış, ona əsas verir ki, onu və ailə üzvlərini, halal zəhməti ilə ərsəyə gətirdiyi ocağı, evini, həyətini onun “xəbərdarlığı” ilə, guya boşaldıb harasa köçməlidir. Bu, iddiaçının fərdi təxəyyülünün virtual məhsuludur. Bu barədə məhkəmə qərarı, yaxud, icra vərəqəsi mövcud deyil. Həmçinin, bildirir ki, ünvan üzrə evin bağışlanması üzrə iddiaçının müəmmalı əldə etdiyi sənədlərin mötbərliyinin və qanuniliyinin, həmçinin, bağışlama prosesinin hüquqi əsaslılığının hərtərəfli araşdırılması üzrə tədqiqlər davam edir. Bu məsələlərlə bağlı, artıq bir sıra əsaslı sübutlar əldə edilmişdir. Həmin sübutlar növbəti məhkəmə predmeti olacaqdır və əmindir ki, bu cinayət tərkibli əməllərlə qanunsuz “çıxarış”ın əldə edilməsində təqsirli bilinənlər ciddi cəzalandırılacaqlar. İddia ərizəsində iddiaçı Qəbələ rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi və bununla bağlı Şəki Apellyasiya Məhkəməsinin 2(107)-650/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli, hüquqi qüvvəyə minmiş qətnaməsi ilə razılaşmaması barədə heç bir normativ hüquqi aktlara əsaslanmayan absurd mülahizələrini bildirir. İddiaçı məhkəmə qətnaməsində təsbit olunan qanunla əsaslandırılmış halları, öz düşüncə tərzinə uyğun təhrif edərək, hesab edir ki, o və ailə üzvləri, inşa və bərpa etdiyi və ona məxsus olan evi, guya, “zəbt” edərək, “qeyri-qanuni” yaşayır, qanunu pozur. Bu halda, iddiaçı onun tərəfindən hansı qanunun, hansı maddəsinin pozulduğunu konkret göstərə bilmir və öz mülahizələrinin hansı hüquq normalarına əsaslandığını izah edə bilmir. İddiaçının ona və ailə üzvlərinə qarşı “kompensasiya ödəməklə evdən çıxarılmağa dair” iddia ərizəsi əsasında Qəbələ rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnamədə iddiaçı tərəfindən ona 7000 (yeddi min) manat ödənilməklə, onun və ailə üzvlərinin evdən çıxarılmasının mümkünlüyü barədə qeyd edilmişdir. Həmin qətnamədən onun və iddiaçı tərəfindən verilmiş qarşılıqlı apellyasiya şikayəti üzrə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsində məhkəmə kollegiyası hesab etmişdir ki, “cavabdehin yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsinin mümkün olduğu qənaətinə gəldiyi halda, qanunvericiliyin tələblərinə əsasən bu əsaslandırılmalı, Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən qərarına uyğun olaraq hazırki tələb üzrə ədalətli kompensasiya məbləği müəyyən edilməli və tərəflərin bu məbləğə olan münasibətləri aydınlaşdırılmalıdır. Mülki kollegiya iddiaçının cavabdehə təklif etdiyi 3000 manat məbləğdə kompensasiya verməsini ədalətli və ağlabatan hesab etməmişdir. İddia ərizəsində iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153 və 261 maddələrində təsbit olunan tələblərə zidd olaraq, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə təkrar iddia irəli sürərək, ünvan üzrə mübahisəli fərdi yaşayış evindən onun və ailə üzvlərinin istifadə hüquqlarına xitam verilməsinə görə 3000 manat kompensasiya ödəməyi təklif edir. Normal düşüncə tərzi ilə bu anlaşılmazdır. Hesab edir ki, bu hal iddiaçının ona və ailə üzvlərinə rahatlıq verməmək və psixoloji təsir göstərmək prinsipinə əsaslanan qərəzli təfəkkürün məhsuludur. Cavabdeh etdiyi haqsız və qanunsuz hərələtlərin, o cümlədən bağışlama əqdinin ciddi qanun pozuntusu ilə əldə etdiyini və bu qanunsuz hərəkətlərin müstəqil nəticəsi olaraq, sonda, istədiyini reallaşdıra bilməyəcəiyii yaxsı anladığından, mahiyyətcə absurd məzmunlu iddialarla məhkəmələrə müraciətlər etməyə üstünlük verir. İddia ərizəsində iddiaçı “Cavabdeh ailə üzvləri ilə birlikdə qanunvericliyə uyğun olaraq, kompensasiya ödənilməklə, şəxsi mülkiyyətində qeyri-qanuni yaşamalarına xitam verilməsini tələb edir”. İddiaçının “qanunvericiliyə uyğun” hesab etdiyi tələb, heç bir qanunvericiliyə və mənəvi dəyərlərə uyğun deyil. İddiaçı qanun müddəalarını musiqi ilə səhv salaraq, qanunvericiliyin tələblərini xəyalına uyğun “improvizasiya” edir. Bu hal, “Yersiz gəldi, yerli, qaç” kəlamı ilə və Azərbaycana aidiyyəti olmayan təcavüzkarların Qarabağda “yer mənim” siyasəti ilə analoji uyğunluq yaradır. İddia ərizəsində iddiaçı hesab edir ki, “Cavabdeh və onun ailə üzvləri iddiaçının yaxın qohumu sayıla bilməz”. Bu halda iddiaçının ona və övladlarına məxsus mülkiyyətə nə hüququ ola bilər? İddiaçı, qanunsuz əldə edilmiş, mənşəyi, hələlik tam məlum olmayan, “Çıxarış”a güvənərək, “mülkiyyətə qanundan kənar hüquqlarını” israrla bəyan edir. O, halal zəhməti ilə və öz əli ilə inşa və bərpa etdiyi evini, 40 ildən artıq qulluq etdiyi həyətyanı torpaq sahəsini iddiaçıya nə satmamışdır, nə də bağışlamamışdır. İddiaçı, bacısına, özünə məlum olan yollarla, ciddi təsir və təzyiq etməklə, onun doğma bacısının övladlarının böyüyüb boya-başa çatdığı və hazırda yaşadığı ata ocağına qanunsuz sahiblik iddiasındadır. İddia ərizəsində iddiaçı onun və ailə üzvlərinin işini, təsərrüfat fəaliyyətin, əldə edilən gəlirləri və s. üzrə davamlı olaraq “inventarlaşma və mühasibat” aparır, özünəməxsus düşüncə tərzi ilə absurd “məsləhətlər”i verir. Belə qənaətə gəlinir ki, iddiaçı tkiləcək evi də “əldə etmək” üçün yeni perspektiv hazırlayır. İddia ərizəsində iddiaçı mötəbərliyi şübhə doğuran və natamam şəkildə, naməlum fiziki şəxsdən alınmış xx.xx.2021-ci il tarixli “makler arayışı”na əsaslanaraq, hesab edir ki, “həmin kənddə normal yaşamaq üçün kirayə ev pulu 30 manat civarındadır”. İddiaçı, bu məzmunda absurd məlumatı son 2 (iki) ildə yazdığı bütün ərizələrində tirajlayır. Belə qənaətə gəlmək olar ki, iddiaçı Ağdaş şəhərində elə bir evdə yaşayır ki, evin aylıq qiyməti 30 manatdan da aşağıdır və bu səbəbdən o, Qəbələ rayonunda Mıxlıqovaq kəndində evə möhtacdır. Əks halda, 40 (qırx) il pedoqoji fəaliyyəti olan müəllimi və onun ailə üzvlərini öz doğma yurdundan haqsızlıqla didərgin salmağa çalışmaq və həmin mülkiyyətə qərəzliklə sahiblik iddiası ilə edilən bu hərəkətləri normal düşüncə təzri ilə anlamaq mümkünsüzdür. Onun 5 qız və 2 oğul övladı vardır. İddiaçı bilir ki, 4 övladı iddiaçının doğma bacısı ilə nikahdandır. İddia ərizəsində iddiaçı onun ailə təsərrüfatının “inventarlaşmasını” davam etdirərək, göstərir ki, Mıxlıqovaq kəndində 2000-ci ildə inşa edilmiş, sahəsi 42,0 kv.m olan ona aid 1 otaqlı yaşayış evi vardır. İddiaçı vərdişinə sadiq olaraq, məhkəməyə növbəti dəfə bilərəkdən yalan məlumatlar verir. Bu hal, iddiaçının mənəviyyat səviyyəsinin göstəricisidir. O, Qəbələ rayonu Mıxlıqovaq kəndində qeydiyyatdadır və hazırda onun adına fərdi yaşayış evi yoxdur. Bu hal, Mıxlıqovaq kənd inzibati ərazi dairəsindən verilmiş xx.xx.2022-ci il tarixli arayışla təsdiq olunur. İddiaçının bütün qurumlara və hətta, məhkəməyə təqdim etdiyi sənədlərin əksəriyyəti müəmmalı qanunsuz yolla əldə edir və həmin saxkta sənədlərlə hərəkət edir. İddia ərizəsində qanunsuz yolla əldə etdiyi çıxarışla hələlik “saxta mülkiyyətçi” rolunda olan iddiaçı, faktiki ona məxsus olan evin “faydalı xassələrindən istifadə etmək”, “satmaq və yaxud kirayə vermək” kimi qərəzli xəyallarla yaşayır. İddia ərizəsində iddiaçı sadaladığı qanun müddəalarının, o cümlədən AR Mülki Məcəlləsinin 228.2-ci maddəsinin və ərizəyə köçürdüyü digər normativ hüquqi aktların mahiyyətini, hüquqi tətbiqinin əsaslığını və mümkünlüyünü tam anlamadan, hesab edir ki, qanunsuz yollarla başqasının mülkiyyətinə sahib olmaq, “faydalı xassələrindən istifadə etmək” mümkün olacaqdır. İddia ərizəsində maddi vəziyyətinin ağırlığından şikayətlənən iddiaçı, Qəbələ rayonunun Mıxlıqovağına elə ilişib ki, Ağdaş şəhərindəki 3 otaqlı evini, qiyməti 50000-60000 civarında olan, idarə etdiyi “Tayota” markalı maşını, gözəllik salonu adı altında işlədilən “obyektini”, icaryəyə verdiyi mağazalarını “inventarlaşdırmasını” unutmuşdur. Hesab edir ki, bu “obyektlrəin” siyahısı, iddiaçının onun mülkiyyətinə qarşı etdiyi kimi, qanunsuz hərəkətlər, şantaj və s. nəticəsində artır. Çünki, kamança çalmaqla, yaxud, bankdan kredit götürməklə, sadalanan əmlaklara sahib olmaq mümkünsüzdür. Bu məsələlərin ciddi araşdırılmasına zəruriyyət yaranmışdır. İddia ərizəsində iddiaçı, illər öncə onun yenidən ailə qurmasını, harada yaşadığını xatırlatmaqla, gizli istehza ilə həyat yoldaşı Göyçəyin adını çəkərək, ona və ailə üzvlərinə qarşı davamlı olaraq bacısının adından ərizələrlə müxtəlif orqanlara və iddia ərizələri ilə instansiya məhkəmələrinə müraciət etmişdir. Son 3 (üç) ildə iddiaçı, qanunsuz əldə etdiyi çıxarışdan istifadə edərək, artıq öz adından, absurd iddialarla məhkəmələrə müraciətlər edir. Hazırki iddia bundan əvvəlki iddiaların davamıdır. 1994-cü ildə iddiaçının bacısı ilə nikahın pozulduğu vaxtdan bu günə qədər, iddiaçının o zaman ona dediyi “sənə zülm edəcəyəm, sənə yaşamağa imkan verməyəcəyəm” sözə davamlı əməl etməklə, özünün dediyi kimi, “zövq alır”. Hesab edir ki, məhkəmə bu məsələnin əsl mahiyyəti ilə bağlı müvafiq hüquqi qənaətə gələcəkdir. Beləliklə, etiraz ərizəsində göstərilən əsaslarla iddia rədd edilməli və işə xitam verilməlidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun çıxış edib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, məhkəməyə təqdim etdiyi etiraz ərizəsində göstərilənlərə uyğun çıxış edib, eyni zamanda göstərdi ki, o, min bir əziyyətlə ev tikmiş, körpə uşaqlara baxmışdır. İddiaçı tərəf yalandan deyir ki, guya onun başqa yerdə evi var. Bu barədə arayış da təqdim etmişdir. Onun ata evi 1940-cı ildə müharibə vaxtı tikilən evdir və uçub dağılır. Ora da bacısının və qardaşının evidir, onun deyil. Onun bu evdən başqa yaşayacaq evi yoxdur. O, ikinci dəfə ailə qurmuş, ikinci ailəsindən də övladları var. İddiaçı tərəf də deyir evdən çıxmalıdır. Övladları dəfələrlə zəng ediblər ki, nəsə razılığa gəlsinlər. O, nə olsa da o evdən çıxmayacaqdır. Həbsə düşsə də, ölsə də çıxmayacaqdır. Ev onun torpaq sahəsinin 60 metr içərisində yerləşir, evi alsalar belə, yolu yoxdur. Ancaq qapını bağlayıb gedə bilərlər. Yol yeri ilə bağlı məhkəmə olub və yol yeri də verilməmişdir. 1986-cı ildə birgə nikah dövründə həmin torpaq sahəsini almışlar. 1992-ci ildə keçmiş hıyat yoldaşı getmiş, 1993-cü ildə evi tikməyə başlamışdır. 1994-cü ildə də rəsmi şəkildə nikahları pozulmuşdur. Evin altındakı torpaq onun olsa da, bələdiyyə torpağı kimi qeyd olunmuşdur. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, tərəflərin izahatlarını və çıxışlarını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRXnin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********53-10301 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Qəbələ rayonu, Mıxlıqovaq kəndində 0,01726 ha torpaq sahəsində yerləşən 53.6 kv.m sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 120 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan 17 mart 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı sorğusuna əsasən bildirilmişdir ki, Qəbələ rayonu, Mıxlıqovaq kəndində bir otaqlı yaşayış evinin bir aylıq kirayə haqqı maksimum 30 (otuz) manat məbləğindədir. İşdə olan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X12 İdarəsi tərəfindən verilmiş 21sentyabr 2022-ci il tarixli, 393 saylı arayışdan görünür ki, həqiqətən X1 Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Ləki qəsəbə Uşaq Musiqi Məktəbində əsas iş yeri olaraq müəllim vəzifəsində işləyir. Hal-hazırda əsas iş yerində iyun ayı üçün ələ çatan nağd əmək haqqısı 300,61 (üç yüz manat altmış bir qəpik) təşkil edir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(025)-609/2021 nömrəli qətnaməsindən görünür ki, ilkin iddia ərizəsinin qismən təmin edilməsi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh 7.000 (yeddi min) manat məbləğində kompensasiya verilmək şərti ilə Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən Azərbaycan Respublikası ƏMDKY DƏDRX tərəfindən **********053-10301 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2019-cu il tarixli Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş fərdi yaşayış evinə Cavabdeh və ailə üzvlərinin istifadə hüquqlarına xitam verilməsi, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı, X3, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə və Göyçay rayonu Dövlət Notariat Kontoruna qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Qəbələ Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(025)- 609/2021 nömrəli qətnaməsi ilk iddianın təmin olunmasına münasibətdə ləğv edilməsi, iş üzrə ilk iddiaya münasibətdə yeni qətnamə qəbul edilməklə, ilk iddia tələbinin təmin edilməməsi, Qəbələ Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(025)-609/2021 nömrəli qətnaməsinin “qarşılıqlı iddianın təmin olunmamasına” münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Mıxlıqovaq kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 598 nömrəli arayışda göstərilmişdir ki, Cavabdeh adına 2011-2015-ci illər üçün nəzərdə tutulmuş təsərrüfat kitabında qeyd edilən 2000-ci ildə tikilmiş yaşayış sahəsi 42 kv.m olan fərdi yaşayış evi yoxdur. Vətəndaş ailə üzvləri ilə birlikdə hal-hazırda Qəbələ rayon Mıxlıqovaq kəndində əsası 1992-ci ildə Cavabdeh tərəfindən qoyulmuş fərdi yaşayış evində yaşayır. Daşınmaz Əmlakın Qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən həmin fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İşdə olan “X9”nin 05 dekabr 2022-ci il tarixli, 220 nömrəli rəyindən görünür ki, İddiaçı məxsus Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən sənəd üzrə 53.6 kv.m faktiki 132 kv.m sahədən ibrarət yarım təmirli fərdi yaşayış evinin real bazar qiyməti 32.600 manat təşkil edir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(025)-609/2021 nömrəli qətnaməsinə əsasən müəyyən olunur:

1. “X6” MMC-nin 09 dekabr 2021-ci il tarixli, 021-24/QRM nömrəli ekspert rəyindən görünür ki, İddiaçı məxsus Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən sənəd üzrə 53.6 kv.m faktiki 132 kv.m sahədən ibrarət yarım təmirli fərdi yaşayış evinin real bazar qiyməti 16.500 manat təşkil edir.

2. Qəbələ Rayon Məhkəməsinin sorğusuna əsasən Dövlət Sosial Müdafiə Fondu PHŞ 14 Saylı Regional Ərazi filialı tərəfindən verilmiş 03 avqust 2021-ci il tarixli, **********5 saylı məktubdan görünür ki, Cavabdeh filialdan 259.78 manat manat məbləğində əmək pensiyası alır.

3. Qəbələ Rayon Məhkəməsinin sorğusuna əsasən Qəbələ Regional “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş 05 avqust 2021-ci il tarixli, 4.1.20-2021-89 saylı məktubdan görünür ki, X2 Regional “ASAN xidmət” mərkəzində könüllü kimi xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək fəaliyyət göstərmişdir, hazırda Qəbələ Regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərmir.

4. Qəbələ Rayon Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ rayonu, Mıxlıqovaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 11 avqust 2021-ci il tarixli, 601 saylı məktubdan görünür ki, Qəbələ rayon Mıxlıqovaq kəndində qeydiyyatda olan Cavabdeh torpaq islahatı zamanı X16 komissiyasının qərarı ilə beş nəfər ailə üzvü ilə birlikdə 1.03 ha pay torpağı hesablanmışdır və hal-hazırda istifadəsindədir. Bağ sahəsində findıq və digər meyvə ağacları mövcuddur. Təsərrüfatında mal-qara yoxdur. Vətəndaşın adına beş nəfər ailə üzvü ilə birlikdə 0.08 ha həyətyanı sahə hesablanmışdır. Cavabdeh oğıunun ata evi nümayəndəliyin təsərrüfatbaşına kitablarında ümumi sahəsi 60 kv.m və yaşayış sahəsi 40 kv.m olan evdə 3 nəfər qeydiyyatda olmaqla hal-hazırda həmin evdə X5 yaşayır. Cavabdeh təsərrüfatından gələn illik gəlirin hesablanması müəyyənləşdirilə bilmədi.

5. Qəbələ Rayon Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən verilmiş 04 avqust 2021-ci il tarixli, 419 saylı məktubdan görünür ki, Cavabdeh həqiqətən Qəbələ rayon Mıxlıqovaq kənd tam orta məktəbində müəllim işləyir və ona 2020-2021-ci tədris ili dövründə aylar üzrə hesablanılmış əmək haqqı aşağıdakı qaydadadır. Cəmi: 9531,75 (doqquz min beş yüz otuz bir manat 75 qəpik) manat, o cümlədən, orta aylıq əmək haqqı 794.31 (yeddi yüz doxsan dörd manat 31 qəpik) manat təşkil edir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarları: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin MPM-nin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, bu kateqoriyadan olan işlərə baxılarkən hüquqi müəyyənlik prinsipinin təmin olunması məqsədilə, ilk növbədə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi zamanı kompensasiya məbləğinin bazar qiymətinə uyğun müəyyən edilməsi məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Çünki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır, xüsusilə məhkəmə təcrübəsində vahid qaydada tətbiq edilməlidir. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüququ tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə kompensasiya institutu maddi və mənəvi xüsusiyyət daşıyır və mülki hüquq münasibətlərində bir neçə formada çıxış edir: məsələn, qanunvericilikdə nəzərdə tutulan digər hallarda “əmlak itkilərinin” pulla əvəzinin ödənilməsi və sair. Eyni zamanda qanunverici, Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən edib. Yəni, mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən yaşayış sahəsindən istifadə hüququna o, vaxt xitam verilə bilər ki, ilk növbədə təklif edilən kompensasiya məbləği real bazar qiymətlərinə uyğun olsun.

“R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır Həmin Qərarda eyni zamanda göstərilir ki, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçinin və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.,...” Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 153.3-cü maddəsinə görə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər.

Məhkəmənin mövqeyi:

Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından müəyyən edildi ki, X4 ilə Cavabdeh arasında xx.xx.1985-ci ildə rəsmi nikah bağlanmış, Qəbələ Rayon Məhkəməsinin xx.xx.1994-cü il tarixli 2-12 saylı qətnaməsi ilə tərəflər arasındakı rəsmi nikah pozulmuşdur. Qəbələ rayonu, Mıxlıqovaq kəndində 0,01726 ha torpaq sahəsində yerləşən 53.6 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 1 mərtəbəli fərdi yaşayış evi X4 tərəfindən 08 oktyabr 2019-cu il tarixli 4Ə-831 saylı Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən İddiaçı bağışlanmışdır. Həmin ev **********53-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, ona AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 120 nömrəli vərəqində qeyd olunmuş Çıxarış verilmişdir. Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən 53.6 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 1 mərtəbəli fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir, Cavabdeh isə həmin evə istifadə hüquqları vardır. Hazırda İddiaçı 4000 (dörd min) manat kompensasiya ödəməsi şərtilə cavabdehin, onun ailə üzvləri ilə birlikdə, göstərilən ünvandan qeydiyyatdan çıxarılmasını və istifadə hüquqlarına xitam verilməsini tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etmədiyini, İddiaçı adına verilmiş Çıxarışın qanunsuz yollarlarla verildiyini, həmçinin 4000 (dörd min) manat kompensasiya məbləği ilə razı olmadığını bildirir. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh və onun ailə üzvlərinə qarşı kompensasiya ödənilməklə fərdi yaşayış evinə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2 və 228.5-ci maddələri təşkil edir. Bundan başqa, Cavabdeh mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi İddiaçı Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 158.1.2-ci maddəsinin tələbinə görə, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Beləliklə, cavabdehinmübahisələndirilənyaşayış sahəsinə istifadə hüquqununolması işinmübahisəsizhalıdır. BusəbəbdənMülkiMəcəllənin 228.2-cimaddəsinintələblərinə görə cavabdehinhəminhüququnayalnıztərəflərinrazılaşması ilə və yabelə razılaşmaolmadıqda, məhkəmə qaydasındacavabdehə bazar qiymətiilə müvafiqkompensasiyaverməsiyoluilə xitamverilə bilər. İddiaçı cavabdehin bu hüququna xitam verilməsi üçün sonuncuya 4000 manat məbləğində kompensasiya verilməsini təklif etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Qeyd olunan qərarda Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Sadalanan məsələlər, yəni iddiaçının cavabdehin və onun ailə üzvlərinin mübahisəli fərdi yaşayış evində olan istifadə hüquqlarının qarşılığında hansı məbləği təklif etməsi araşdırılmış və iddiaçı ilkin olaraq bu hüququn xitam verilməsi qarşılığında cavabdehə 3000 manat kompensasiya təkilf etsədə, sonradan bu məbləğin yekun olaraq 4000 manat məbəğində təklif etmişdir, öz növbəsində cavabdeh bu məbləğlə razı olmadığını bildirmişdir. Bu baxımdan da məhkəmə göstərilən halların hazırkı işə təsirinin xüsusi əhəmiyyət daşıdığını qəbul edərək, bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, yaşayış yeri, isti ocaq hər bir insanın həyatda malik olmaq istədiyi ən zəruri maddi dəyərlərdəndir. Dünyanın beşikdən məzaradək hər bir sakini öz mövcudluğunu təmin etmək üçün ömrü boyu zəruri qida ilə yanaşı yaşayış yeri əldə etmək üçün çalışır. İnsanların hər birinin yaşayış yeri ilə təmin edilməsi məsələsi nəinki onların özlərinin, həm də onların mənsub olduğu dövlətin əsas qayğılarından biri sayılır. Təsadüfü deyil ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsi heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməməsini, həmçinin dövlətin yaşayış binalarının və evlərin tikintisinə rəvac verməsini, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görülməsini təsbit etmişdir. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Göstərilən müddəaya əsasən məhkəmə hazırki iş üzrə iddiaçının cavabdehə qarşı kompensasiya ödənilməklə fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürməsini və təklif olunan kompensasiya məbləğini (4000 manatı) yetərli sayır. Təklif olunan 4000 manat kompensasiya məbləğinə münasibət bildirərək məhkəmə qeyd edir ki, R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında MM-in 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Kompensasiyanın məbləği qeyd olunan meyarlara əsasən müəyyənləşdirilmir. MM-in 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Məhkəmə ödəniləcək kompensasiya məbləğinin miqdarını araşdıraraq hesab edir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının təklif etdiyi kompensasiya cavabdehə davamlı surətdə və müəyyən müddət ərzində başqa yerdə oxşar şəraitdə yaşamaq imkanı verir. İşdə olan və İddiaçı tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Qəbələ rayonu Mıxlıqovaq kəndində bir otaqlı yaşayış evinin bir aylıq kirayə haqqı maksimum 30 manat təşkil edir. Həmçinin məhkəmə o halı da nəzərə alır ki, cavabdeh Mıxlıqovaq kəndində bir ev üçün kirayə haqqının 30 (otuz) manat olması ilə razılaşmasa da, bunun əksini sübut edən halları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, Qəbələ rayonunun turizm zonası olması və turizm zonalarında qiymətlərin digər zonalarla müqayisədə kifayət qədər yüksək olması hamıya məlum olan hal olsa da, Mıxlıqovaq kəndi rayonun turizm zonasından kənarda yerləşir və həmin kənddə turizm obyektləri və s. fəaliyyət göstərilmir. Bu səbəbdən məhkəmə Qəbələ rayonu Mıxlıqovaq kəndində bir otaqlı yaşayış evinin bir aylıq kirayə haqqı maksimum 30 manat təşkil etməsini inandırıcı hesab edir. Bundan başqa işdə olan mübahisəli fərdi yaşayış evi ilə bağlı qiymətləndirmə rəyinə münasibət bildirən məhkəmə hesab edir ki, mübahisəli evin dəyərinin daşınmaz əmlakın qiymətləndirilməsi barədə rəyə əsasən 16500 manat təşkil etməsi inandırıcıdır. Belə ki, iş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 2(025)-609/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilir ki, məhkəmə tərəfindən Cavabdeh vəsatəti əsasında “əmlakın qiymətləndirilməsi ekspertizası” təyin edilmiş və “X6” MMC-nin 09 dekabr 2021-ci il tarixli, 021-24/QRM nömrəli ekspert rəyinə əsasən İddiaçı məxsus Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən sənəd üzrə 53.6 kv.m faktiki 132 kv.m sahədən ibrarət yarım təmirli fərdi yaşayış evinin real bazar qiymətinin 16.500 manat təşkil etməsi müəyyən edilmişdir. Qəbələ rayon məhkəməsinin sözügedən qətnaməsindən həm İddiaçı, həm də Cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmiş, lakin tərəflər heç biri “X6” MMC-nin 09 dekabr 2021-ci il tarixli, 021-24/QRM nömrəli ekspert rəyini mübahisələndirməmişlər. Eyni zamanda ekspertiza keçirilməsindən bir il müddət keçmiş və əmlakın dəyərinin artması və yaxud azalması müəyyən edilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən mübahisəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə “X9”nin 05 dekabr 2022-ci il tarixli, 220 nömrəli rəyi isə cavabdehin istəyi ilə qiymətləndirilmişdir. Bu hal da həmin rəyin cavabdehin mənfəətinə uyğun verilməsini istisna etmir və məhkəmə həmin rəyə tənqidi yanaşır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, həm “X6” MMC-nin 09 dekabr 2021-ci il tarixli, 021-24/QRM nömrəli rəyi, həm də “X9”nin 05 dekabr 2022-ci il tarixli, 220 nömrəli rəylərinin verilməsində, başqa sözlə fərdi yaşayış evinə baxış keçirilməsində yalnız Cavabdeh iştirak etmişdir. Həmçinin məhkəmə qeyd edir ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın məbləği mübahisəli mənzilin bazar qiymətindən asılı deyildir. (Mülki Məcəllənin 228-ci maddəsinin və həmin maddənin şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli və “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uğyunluğunun yoxlanmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarlar) Qeyd edilən əsaslara görə, məhkəmə kompensasiya məbləğinin 4000 manat müəyyənləşdirilməsini məqsədə müvafiq hesab edir. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh və onun ailə üzvlərinin istifadə hüquqlarına xitam verilməsi üçün ödəniləcək 4.000 manat məbləğində pul vəsaiti Cavabdeh davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə qeyd olunan evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsini təmin edə biləcək kompensasiyadır. Məhkəmə hesab edir ki, Cavabdeh yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi müqabilində 4000 manat kompensasiya, ona davamlı surətdə və uzun müddət daxilində başqa yerdə mübahisəli evlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı təmin edə biləcək məbləğdir və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində o, heç gözləmədiyi bir halda yaşayış sahəsi ilə təminatsız qalmayacaqdır. Digər tərəfdən iddiaçı cavabdehlə hər hansı bir qohumluq əlaqəsinə malik olmamaqla, sadəcə mənzili yüklü şəkildə alan şəxs olmuşdur. Həmçinin iddiaçı işləyir və onun əmək haqqısı 300,61 manat təşkil edir. İddaçının gəlirinin çox olmaası barədə cavabdeh mülahizələr irəli sürsə də, bunu təsdiqləyən faktları məhkəməyə təqdim etməmişdir. Cavabdeh də həmçinin əmək qabiliyyətlidir və işləyir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(025)-609/2021 nömrəli qətnaməsinə əsasən isə müəyyən olunur ki, Cavabdeh 259.78 manat manat məbləğində əmək pensiyası alır və onun orta aylıq əmək haqqısı 794.31 (yeddi yüz doxsan dörd manat 31 qəpik) manat təşkil edir. Göründüyü kimi cavabdehin özünə evə almaq imkanları mövcuddur. Həmçinin cavabdehin məhkəmə iclasında 16.000 manat məbləğiində kompensasiya verildiyi halda istifadə hüququna xitam edilməsinə razı ola biləcəyinə dair arqumentlərini isə məhkəmə ədalətli hesab etməmişdir. Belə ki, 16.000 manat kompensasiya məbləği mənzilin dəyərinin (iş materiallarında olan sübuta əsasən mənzilin bazar dəyəri 16.500 manat təşkil edir) demək olar ki bütöv hissəsini təşkil edir ki, bu da mənzilə yalnız istifadə hüququ olan şəxslərin hüquqlarının mülkiyyətçi hüquqlarından üstün olması anlamına gəlməklə, bu hal qanunvericiliyin tələbinə görə əsaslı hesab edilə bilməz. Həmçinin cavabdeh məhkəmə iclasında iddiaçıya mübahisəli evə görə pul təklif etdiyini bildirmişdir. Göründüyü kimi hər bir halda cavabdeh bu məsələni iddia tələbinə uyğun olaraq müsbət həll etmək niyyətində deyil. Konstitusiyanın 25-ci maddəsinə əsasən iddiaçı və cavabdeh qanun və məhkəmə qarşısında bərabərdirlər, məhkəmə tərəfindən isə onlar arasında yaranmış mübahisəyə çəkişmə və tərəflərin hüquq bərabərliyi prinsipinə uyğun olaraq baxılmalıdır.Tərəflərin məhkəmə prosesində bərabərliyi onların tələb və etirazlarının əsaslandırılması üçün gətirdikləri dəlillərə qərəzsiz qiymət verilməsindən ibarətdir. MPM-in 220.4-cü maddəsinin tələbinə görə sübutlara verilmiş qiymətin nəticəsi məhkəmə tərəfindən qəbul olunmuş qətnamənin əsaslandırıcı hissəsində göstərirlir. Məhkəmə qətnamənin həmin hissəsində hər hansı qənaətə gələrkən əsaslandığı sübutları və hər hansı bir sübutun rədd edilməsinin əsaslarını göstərməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. MPM-in 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. MPM-in 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafıə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafıə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Beləliklə mülki iş üzrə sübutlara məcmu halında qiymət verərək, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı tərəfindən Cavabdeh 4.000 (dörd min) manat məbləğində kompensasiya verilmək şərti ilə Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən Azərbaycan Respublikası ƏMDKY DƏDRX tərəfindən **********053-10301 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2019-cu il tarixli Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş fərdi yaşayış evinə Cavabdeh və ailə üzvlərinin istifadə hüquqlarına xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh 4.000 (dörd min) manat məbləğində kompensasiya verilmək şərti ilə Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən Azərbaycan Respublikası ƏMDKY DƏDRX tərəfindən **********053-10301 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2019cu il tarixli Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş fərdi yaşayış evinə Cavabdeh və ailə üzvlərinin istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar