Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1473/2021 23.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-i Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.02.2020-ci il tarixli müqaviləsinə əsasən 2 ədəd Kombi X5 plus üçün 2507 (iki min beş yüz yeddi) manat ödənilməmiş hissə, 752 (yeddi yüz əlli iki) manat dəbbə; 24.02.2020-ci il tarixli müqaviləsinə əsasən 2 ədəd Seksiya HOFFMANN üçün 1928,7 (min doqquz yüz iyirmi səkkiz manat yetmiş səkkiz) manat ödənilməmiş hissə, 567 (beş yüz altmış yeddi) manat dəbbə, ümumilikdə 5754,7 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 21.02.2020-ci il və 24.02.2020-ci il tarixli müqaviləsinə əsasən, 2 ədəd Kombi X5 plus və 2 ədəd Seksiya HOFFMANN almış və nəticədə 5754,7 (beş min yeddi yüz əlli dörd manat yetmiş qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 21.02.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 2736 (iki min yeddi yüz otuz otuz altı) manat (12 ay x 228 manat + 0 manat ilkin ödəniş) 2 ədəd Kombi X5 plus üçün ümumilikdə 3259 (üç min iki yüz əlli doqquz) manat olmaqla ondan 2507 (iki min beş yüz yeddi) manat ödənilməmiş hissə, 752 (yeddi yüz əlli iki) manat dəbbə borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 24.02.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 2268 (iki min iki yüz altmış səkkiz manat (12 ay x 189 manat + 0 manat ilkin ödəniş) 2 ədəd Seksiya HOFFMANN üçün ümumilikdə 2495,7 (iki min dörd yüz doxsan beş manat yetmiş qəpik) manat olmaqla ondan 1928,7 (min doqquz yüz iyimi səkkiz manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 567 (beş yüz altmış yeddi) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi 568,3 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi olaraq məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan 20125176 nömrəli 24.02.2020-ci il tarixli müqavilədən məlum olur ki, bir tərəfdən "xxxx" MMC-i bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Alıcı” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Alıcı”ya aşağıda göstərilən şərtlərlə verir, “Alıcı” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: Seksiya HOFFMANN WST-F500 İş materiallarında olan 20125176 nömrəli 24.02.2020-ci il tarixli müqaviləyə Əlavədən (ödəniş cədvəli) görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh 2078,4 manat məbləği aylıq 189,0 manat annuitetlə 12 aya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 20118277 nömrəli 21.02.2020-ci il tarixli müqavilədən məlum olur ki, bir tərəfdən "xxxx" MMC-i bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Alıcı” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Alıcı”ya aşağıda göstərilən şərtlərlə verir, “Alıcı” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: X5 plus HK 24. İş materiallarında olan 20118277 nömrəli 21.02.2020-ci il tarixli müqaviləyə Əlavədən (ödəniş cədvəli) görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh 1218 manat məbləği aylıq 228 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış 01.02.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 26.04.2021-ci il tarixli arayışdan görünür ki, xx.xx.1988-ci ildə Qəbələ şəhərində anadan olmuş Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 20125176 nömrəli 24.02.2020-ci il tarixli və 20118277 nömrəli 21.02.2020-ci il tarixli müqavilənin şərtləri Cavabdeh tərəfindən pozulmuş, müqavilə şərtlərinə uyğun olaraq ödənişlər edilməmiş, cavabdehin 20125176 nömrəli 24.02.2020-ci il tarixli müqavilə üzrə əsas borcu 2507 manat və 20118277 nömrəli 21.02.2020-ci il tarixli müqavilə üzrə əsas borcu 1928,7 manat təşkil edir. Bu səbəbdən məhkəmə cavabdehdən 20125176 nömrəli 24.02.2020ci il tarixli müqavilə üzrə əsas borc üzrə 2507 manat və 20118277 nömrəli 21.02.2020-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 1928,7 manat tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin 20125176 nömrəli 24.02.2020-ci il tarixli müqavilə üzrə 2507 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 752 manat dəbbə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 752 manata endirilməli; 20118277 nömrəli 21.02.2020-ci il tarixli müqavilə üzrə 1928,7 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 567 manat dəbbə pulu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 190 manata endirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, 21.02.2020-ci il tarixli müqaviləsinə əsasən 2 ədəd Kombi X5 plus üçün 2507 (iki min beş yüz yeddi) manat ödənilməmiş hissə, 250 (iki yüz əlli) manat dəbbə; 24.02.2020-ci il tarixli müqaviləsinə əsasən 2 ədəd Seksiya HOFFMANN üçün 1928,7 (min doqquz yüz iyirmi səkkiz yetmiş qəpik) manat ödənilməmiş hissə, 190 (bir yüz doxsan) manat dəbbə pulu, ümumilikdə 4.875,7 (dörd min səkkiz yüz yetmiş beş manat yetmiş qəpik) manat və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 244cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. 21.02.2020-ci il tarixli müqaviləsinə əsasən 2 ədəd Kombi X5 plus üçün 2507 (iki min beş yüz yeddi) manat ödənilməmiş hissə, 250 (iki yüz əlli) manat dəbbə; 24.02.2020-ci il tarixli müqaviləsinə əsasən 2 ədəd Seksiya HOFFMANN üçün 1928,7 (min doqquz yüz iyirmi səkkiz yetmiş qəpik) manat ödənilməmiş hissə, 190 (bir yüz doxsan) manat dəbbə pulu, ümumilikdə 4.875,7 (dörd min səkkiz yüz yetmiş beş manat yetmiş qəpik) manat pul və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1473/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1473/2021
23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver