Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-150/2024 14.03.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh XS vəzifəli şəxsinin xx.xx.2023-cü tarixdə tərtib edilmiş ******* nömrəli akt əsasında barəsində hesablanmış 3310 manat cərimə və həmin cəriməyə hesablanmış faizlərin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında ona məxsus fərdi yaşayış evi mövcuddur. Həmin fərdi yaşayış evində G-4 markalı 1202AQ**********5 №-li sayğac mövcud olmuşdur. Həmin yaşayış evində xeyli müddətdir yaşamadığımdan evi təmir etdirirmiş. Evin təmiri zamanı qeyd etdiyi G-4 markalı 1202AQ**********5 №-li sayğac zədələnmişdir. Belə olub Zaqatala rayon RQİİ-nin Qəbələ Xidmət Sahəsinə özü ərizə ilə müraciət edərək sayğacın dəyişdirilməsini xahiş etmişdir. Müraciəti əsasında əvvəlki G-4 markalı 1202AQ**********5 №-li sayğac çıxarılaraq yoxlamaya göndərilmiş, əvəzinə isə yeni sayğac quraşdırılmışdır. Həmin sayğacda olan qüsur ilə bağlı 27 aprel 2023-cü il tarixdə ******* nömrəli akt tərtib edilmiş və aktda da sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üst hissədən deşməsi, hesablama mexanizminin qoruyucu örtüyünün üst hissədən deşilməsi, hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi müəyyən edilmişdir. Həmin tələbnamədə göstərilmişdir ki, G-4 markalı 1202AQ**********5 №-li sayğacın maksimal qaz buraxma qabiliyyəti 6 kubmetr günlük iş rejimi 24 saat hesabat müddəti 180 gün qəbul edilməklə itirlimiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Hesablamanın 6x24x180=25920 kub metr olmaqla cəmi 25920 kub metr hesablanması müəyyən edilmişdir. Nəticə etibarı ilə onun tərəfindən dəymiş ziyan ümumilikdə 3310 manat müəyyən edilmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, ona hesablanmış cərimə məbləği ilə razı deyil. Ona cərimə hesablanarkən sayğacın maksimal qaz buraxma müddəti üçün 180 gün, yəni 6 ay üçün hesablanmışdır. Lakin 6 ay müddət üçün cərimənin necə hesablanması, həmin dövrdə həmin evdə yaşayış olması və s. kimi hallar akt tərtib edən orqan tərəfindən araşdırılmamışdır. O və ailə üzvləri nəinki 6 ay, uzun müddətdir ki, fərdi yaşayış evində yaşamır və həmin evdə ümumiyyətlə yaşayış olmamışdır. Bunu həmin binada yaşayan şəxslər və binanın səlahiyyətli şəxsləri də sübut edə bilərlər. Belə olan halda evdə 6 ayda yaşayış olmadığı halda 6 ay cərimə hesablanması əsassızdır. İddia ərizəsinə əlavə etdiyi 2013-cü ildən istifadə etdiyi qaz enerjisinə görə ödədiyi məbləğlərə dair hesabdan çıxrışdan görünür ki, həmin fərdi yaşayış evində qaldığı müddətdə təbii qazdan istifadə etdiyi sərfiyyat olduqca aşağı olmuşdur. Belə olan halda ümumiyyətlə həmin məbləğdə nəzərə alınmadan əsassız olaraq 3310 manat cərimə hesablanmışdır. Cavabdeh tərəfindən onun qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan 6 ay istifadə etmədiyi sübut olunmalıdır. Halbuki “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 2.1.6-cı bəndinə əsasən isə istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək paylayıcının vəzifəsidir. Bu səbəbdən ayda bir dəfə sayğaca baxış keçirilməsi qaz paylayıcının vəzifəsi olduğundan, Cavabdeh qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsi ilə təbii qazdan istifadə müddətinin 6 ay hesablanması məntiqi və ağlabatan deyildir. Bu səbəbdən məhkəmə tərəfindən ona məxsus qaz sayğacına hər ay bir dəfə baxış keçirilməsi nəzərə alınmalıdır. Məhkəmənin diqqətinə xüsusilə olaraq çatdırır ki, o özü əvvəllər Cavabdeh İB-nin Qəbələ xidmət sahəsinin əməkdaşı olmuşdur. O işdən çıxarıldıqdan sonra əməkhaqqı kartının fəaliyyəti dayandırılsa da, bu yaxınlarda həmin karta ümumilikdə 4482 manat borcunun olması müəyyən edilmişdir. Bununla bağlı banklara və digər yerlərə müraciət edən zaman əvvəl işlədiyi Cavabdeh İB tərəfindən ona etibar olunan cərimənin məhz köhnə hesabında, yəni əməkhaqqı kartına yükləməsi və kartının bu səbədən mənfi olaraq göstərilməsi bildirmişdir. Ona yazılan cərimənin ümumilikdə 3310 manat olması müəyyən edilərsə, qalan məbləğda kartına faiz olaraq gəlmişdir. Bu isə tam olaraq əsassızdır, ona görə də, hesab edir ki,cəriməyə hesablanmış faiz məbləğləri cavabdeh tərəfindən silinməlidir. 15 yanvar 2024-cü il tarixdə mülki iş üzrə Cavabdeh Zaqatala X4 İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh İB-yinin nümayəndəsi X2 xx.xx.2024-cü il tarixdə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, İddiaçı Cavabdehnə qarşı tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İddiaçı adına rəsmiləşdirilmiş **********10110 saylı qaz hesabında xx.xx.2024-cü il tarixə 3110.40 manat borc vardır. Həmin 3110.40 manat borc itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı məhz həmin borcu mübahisələndirməkdədir. Mübahisə predmeti ilə bağlı bildirir ki, Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı 1202AQ**********5 nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı sayğaca vizual müdaxilə edildiyi müəyyən edilmişdir. Belə ki, istismarda olan G4 markalı 1202AQ**********5 nömrəli qaz sayğacının plasmas qapağının üst hissəsinin deşici alətlə deşilərək sayğaca vizual müdaxilə olunduğu aşkarlanmışdır. Bununla əlaqədar olaraq həmin sayğac qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktla çıxarılaraq xüsusi plomblanmış qutuda möhürlənərək dövlət yoxlamasına göndərilmiş, əvəzində isə **********758 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğacının texniki vəziyyəti ilə bağlı rəy verən ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin xx.xx.2023-cü il tarixli 14-2-2/3- 5-4533/Q006 saylı aktında göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu örtüyü alt hissədən deşilib, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, sayğac istismara yararsızdır (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə (istehlakçı aktı imzalamaqdan imtina etmişdir) təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz sayğacının maksimal saatlıq qaz buraxma qabiliyyəti nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin xx.xx.2023cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 25920 m3 (və ya 3110.40 manat) həcmində müəyyən edilmişdir. Bildirirəm ki, mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. Cavabdehnə və üçüncü şəxs Cavabdeh Zaqatala X4 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinin tələbinə görə dövlət orqanlarının, icra və s. orqanlarının aktlarının ləğv edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul edilmiş orqanın üzərinə düşür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin 4-cü hissəsində qeyd edilir ki, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndələri istehlakçısını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadə, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək məqsədilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı aydə bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini iki nüsxədən ibarət aktla rəsmiləşdirməli va aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-217.5-ci maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 27 aprel 2023-cü il tarixli ******* nömrəli aktının surətindən görünür ki, sayğacın hesablama mexanizminin qoruyucu örtüyü üst hissədən deşilib, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, Cavabdeh İB-nə 25920 m3 ziyan dəymişdir. İtirilmiş qazın dəyərinin ödənilməsi üçün qanuna müvafiq tədbirlər görülməsi, sayğacın dəyərinin ödənilməsi planlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixli ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” Akta əsasən, İddiaçı H.Əliyev küçəsində yerləşən fərdi evindən evdə təmir zamanı sayğacın üstünə alət düşüb üstündən qələm qalınlığında deşik açılması səbəbindən “İtron c-4” markalı sayğac çıxarılmış, əvəzinə “Zenner Smart” markalı sayğac quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş MSK-14-2-2/3-5-4533/Q006 saylı “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB qaz sayğacının yoxlanması barədə” Akta əsasən, 28 aprel 2023cü il tarixdə dövlət yoxlaması nəticəsində 1202AQ**********5 saylı sayğac istismara yararsız hesab olunmuşdur. İş materiallarına əlavə olunmuş İddiaçı saldosuna əsasən, 2023-cü ilin may ayında **********10110 saylı abonentin ödənilməmiş 25920 kubmetr qaz sərfiyyatı olmuşdur. İş materiallarına əlavə edilmiş “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqaviləyə”-dən görünür ki, İddiaçı ilə bağlanmış xx.xx.2013-cu il tarixdə 8886 saylı Müqaviləyə bağlanmışdır. Məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmişdir. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, iddiaçı tərəfindən sayğacın üstünə alət düşüb üstündən qələm qalınlığında deşik açılması nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmişdir. İddiaçının ərizəsinə əsasən, yeni sayğac quraşdırılmışdır. iddiaçıya əlavə pul hesablanmışdır ki, bu da yolverilməzdir. Ona görə də, məhkəmə belə hesab edir ki, iddiaçı törətdiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşımalıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının qazdan istifadəsi üçün quraşdırılmış sayğac istehlakçının nəzarətindən kənarda quraşdırılmamışdır. İstehlakçının nəzarəti altında quraşdırılmış sayğaca görə məsuliyyəti isə istehlakçı olan iddiaçı daşıdığından həmin sayğaca müdaxilə edilməsinə görə iddiaçı barədə mülki hüquq məsuliyyətinin yaranmasına görə akt tərtib edilməsi əsaslı hesab edilir. Eyni zamanda işin hallarından göründüyü kimi baxış zamanı “sayğacın üstünə alət düşüb üstündən qələm qalınlığında deşik açılması” müəyyən edilərək, həmin pozultunun məhz iddiaçının səhvi və ya qəsdi nəticəsində baş verməsi sübut olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, qaz sayğacının yararsız vəziyyətə düşməsi iddiaçının təqsiri üzündən baş vermişdir. Belə ki, Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda qaz sayğacının quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməsi, sayğacların üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməsi fiziki şəxs olan istehlakçıların sayğaclarına münasibətdə qaz paylayıcısının vəzifəsi olduğu, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığı, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması qaz paylayıcısının həyata keçirdiyi dəqiq və aydın şəkildə göstərilmişdir. Qaz sayğacının zədələnməsi istehlakçının təqsiri üzündən baş verdikdə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilə bilər. Lakin məhkəmə iclasında cavabdeh tərəfindən iddiaçının qaz sayğacına qanunsuz müdaxilə etməsi və məhz bu qanunsuz müdaxilə nəticəsində iddiaçının cavabdehə maddi ziyan vurmasına dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi cavabdeh deyil, iddiaçı özü daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edildiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, 3110.40 manat məbləğində müəyyən edilmiş maddi ziyanın silinməsi barədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İddiaçı 2023-ci ilin aprel ayında sayğacdan təbii qazdan istifadə qaydalarının pozması nəticəsində 3110.40 manat dəymiş ziyanın hesablanması ağlabatan deyildir. Belə ki, İddiaçı 2023-cü ilin aprel ayında qanunsuz olaraq qazdan istifadə etmiş, Azəriqaz İB isə İddiaçı G4 markalı 1202AQ**********5 nömrəli sayğacın maksimal qaz buraxma qabiliyyəti 6m3 günlük iş rejimini 24 saat, hesabat müddəti 180 gün hesablayaraq təbii qazdan qanunsuz istifadə etdiyini iddia edərək 3110.40 manat borc hesablamışdır. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı qanunsuz olaraq təbii qazdan 30 gün istifadə etməsi əsas götürülməli, dəymiş ziyan 30 gün müddətinə hesablanmalıdır. (6x24x30x0.12=518,40 manat) Belə olan halda, İddiaçı iddiası qismən təmin olunmaqla, 2592 manat (3110,40- 518,40=2592) borc iddiaçının hesabından silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı adına Cavabdeh XS-nin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixldə tərtib edilmiş ******* nömrəli akt əsasında hesablanmış 2592 (iki min beş yüz doxsan iki) manat borc silinsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-150/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-150/2024
14.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver