Məhkəmə qərarları › İş №2(025)-151/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-151/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-151/2021 17.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xeyrinə 1386 (bir min üç yüz səksən altı) manat əsas borc, borcun qaytarılmasından boyun qaçırılması nəticəsində əldən çıxmış fayda olaraq ona vurulmuş 280 (iki yüz səksən) manat maddi zərərin, hüquqi yardıma görə ödənilmiş 110 (bir yüz on) manat ödənişin, 200 (iki yüz) manat məbləğində mənəvi ziyanın və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında xx xxx 2020-ci il tarixli, 007/2020 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən faizsiz olaraq 1386 manat dəyərində HP-ARİSTON 6201 – XR markalı soyuducu satılmışdır. Bunun müqabilində cavabdeh hər ay 77 manat ödəniş etməli imiş və həmin ödənişi də etməmişdir. Cavadehə dəfələrlə edilən xəbərdarlığa baxmayaraq heç bir ödəniş etməmişdir, Cavabdeh edilən xəbərdarlıqlara məhəl qoymamışdır. Belə olan halda əlacsız qalıb məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa mağazanın adı və möhürü “QƏBƏLƏ ELECTRONİCS” olduğu üçün bütün müqavilələr “QƏBƏLƏ ELECTRONİCS” adından bağlanmışdır. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək göstərmişdir ki, cavabdeh ondan aralarında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən 1386 manat dəyərində HP-ARİSTON 6201 – XR markalı soyuducu almışdır. Cavabdeh 18 ay ərzində hər ay 77 manat ödəniş etməli olsa da, hal-hazırda 1209 manat borcu vardır. İddia ərizəsində cavabdehin əsas borcu 1386 manat göstərilsə də, əslində cavabdehin borcu 1209 manatdır. Bununla bağlı mədaxil qəbzini məhkəməyə təqdim etmişdir. Göstərilənlərin nəzərə alınmasını və məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən etiraf edərək göstərmişdir ki, o, iddiaçı ilə bağladığı nisyə alqı-satqı müqaviləsinə əsasən ondan 1386 manat dəyərində HP-ARİSTON 6201 – XR markalı soyuducu almışdır. Hər ay 77 manat ödəniş etməli olsa da, ödənişləri tam həyata keçirə bilməmişdir. Nəticədə iddiaçıya 1209 manat əsas borcu olmasını qəbul edir. O, mal-qara satışı ilə məşğul olur və yaxın zamanlarda borcunu tamamilə ödəmək niyyətindədir. İddiaçı tərəfindən ondan tələb edilən digər pul məbləğləri ilə razılaşmır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, 007/2020 nömrəli nisyə alqı-satqı müqaviləsindən məlum olur ki, bir tərəfdən “QƏBƏLƏ ELECTRONİCS” bundan sonra “satıcı” adlandırılacaq, digər tərəfdən bundan sonra “Alıcı” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1-ci bəndinə əsasən satıcı müqavilənin tərkib hissəsi sayılan Əlavə № 01-də göstərilən malı alıcının istifadəsinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzinə müqavilədə qeyd edilən dəyərini müqavilədə göstərilmiş qaydada və müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.3-cü bəndinə görə "Alıcı" (Borclu) qalan borcun ödənilməsini gecikdirdiyi halda, gecikdirilmiş hər gün üçün borc məbləğinin 01 %-i həcmində cərimə (dəbbə) pulu ödəməyi öhdəsinə götürür. İş materiallarında olan əlavə № 1-dən (ödəniş cədvəlindən) görünür ki, Cavabdeh 1386 AZN borc məbləğini 18 ay müddətinə aylıq 77 AZN annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, 1 ədəd 1386 manat dəyərində HP-ARİSTON 6201 – XR markalı soyuducu satıcı tərəfindən Cavabdehna təhvil verilmiş, həmin soyuducu alıcı tərəfindən qəbul edilmişdir. İş materiallarında olan “QƏBƏLƏ ELECTRONİCS”-in direktoru İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişin surətindən görünür ki, əsas borc məbləğini 3 gün müddətində ödənilməsi təklif edilmişdir. İş materiallarında olan “Azərpoçt”un xəbərnaməsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış bildiriş sonuncu tərəfindən “Poçt göndərişinin verilməsi haqqında xəbərnamə”yə xx.xx.2020-ci il tarixdə imza edilərək götürülmüşdür. Məhkəmə araşdırması zamanı İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixə olan Mədaxil qəbzindən görünür ki, Cavabdeh “QƏBƏLƏ ELECTRONİCS”-ə 1.209,0 AZN borcu vardır. Məhkəmə zamanı İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə 77 manat, xx.xx.2020-ci il tarixdə isə 23 manat, ümumilikdə 177 manat ödəniş edilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində qismən əsaslıdır. Belə ki, iddiaçının məhkəmə zamanı verdiyi izahatından, o cümlədən məhkəməyə təqdim etdiyi mədaxil qəbzindən və hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən ümumilikdə 177 manat ödənilmiş və sonuncunun“QƏBƏLƏ ELECTRONİCS”-ə 1.209,0 AZN borcu vardır. Bu halı iddiaçı da məhkəmə zamanı etiraf etmişdir. Bu səbəbdən məhkəmə cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 1.209,0AZN borcun tutulmasını əsaslı hesab edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas gösrtəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. İddiaçı Cavabdeh qarşı iddia tələbində həm də 110 manat hüquqi yardıma görə ödədiyi pulun,borcun qaytarılmasından boyun qaçırılması nəticəsində əldən çıxmış fayda olaraq ona vurulmuş 280 (iki yüz səksən) manat maddi zərərin və 200 (iki yüz) manat məbləğində mənəvi ziyanıncavbdehdən alınaraq ona ödənilməsinin təmin edilməsini məhkəmədən xahiş edir. Lakin o, qeyd olunan tələblərinin istinad etdiyi hallara, yəni hüquqi yardıma görə ödənilmiş pul məbləğinə dair qəbzi, eləcə də cavabdeh tərəfindən 280 manat məbləğində maddi zərər, 200 manat məbləğində mənəvi zərər vurulduğuna dair heç bir sübut onun tərəfindən məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır və buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1209 (bir min iki yüz doqquz) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilildə 1.239,0 (bir min iki yüz otuz doqquz) manat məbləğində pul alınaraq İddiaçıödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1209 (bir min iki yüz doqquz) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilildə 1.239,0 (bir min iki yüz otuz doqquz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar