Məhkəmə qərarları › İş №2(025)-1626/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1626/2021

01.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1626/2021 01.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçi və digər ərizəçinin nümayəndəsi Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Əhmədova (Zəkəriyəyeva) Aynur Rasim qızının hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Ərizəçilər Ərizəçi1 və Əhmədova (Zəkəriyəyeva) Aynur Rasim qızı məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-nin 29.11.1997-ci il tarixli 26 saylı qərarı ilə X1, X4, X3, X5 mülkiyyətinə verilmiş JN- 418 F saylı kodu 40608018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin və Qəbələ rayon AİK-nin 26.04.2002-ci il tarixli 03 saylı qərarı ilə X1, X4, X3, X5 mülkiyyətinə verilmiş JN- 616 saylı kodu 40608018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının Ərizəçi1 və Əhmədova (Zəkəriyəyeva) Aynur Rasim qızına; aid hissədə Ərizəçi1 və Əhmədova (Zəkəriyəyeva) Aynur Rasim qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında ərizəçi və digər ərizəçinin nümayəndəsi Ərizəçi1 ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayon AİK-nin 29.11.1997-ci il tarixli 26 saylı qərarı ilə verilmiş JN-418 F saylı kodu 40608018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə hüquq sahiblərinin adları siyahısında 2-ci sırada Ərizəçi1 adı texniki səhv olaraq Samilə əvəzinə “Samirə” kimi, 3-cü sırada Əhmədova (Zəkəriyəyeva) Aynur Rasim qızının adı texniki səhv olaraq Aynur əvəzinə Aynurə kimi qeyd edilmişdir. Bundan əlavə Qəbələ rayon AİK -nin 26.04.2002-ci il tarixli 03 saylı qərarı ilə verilmiş JN- 616 saylı kodu 40608018 olan “Torpağa mülkiyyət hüququna dair Dövlət aktında hüquq sahiblərinin adları siyahısında 2-ci sırada Ərizəçi1 adı texniki səhv olaraq Samilə əvəzinə “Samirə” kimi, 3-cü sıradaisə Əhmədova (Zəkəriyəyeva) Aynur Rasim qızının adı texniki səhv olaraq Aynur əvəzinə “Aynurə” kimi qeyd edilmişdir. JN-418 F saylı şəhadətnamə və JN-616 saylı Dövlət aktı üzrə hər bir payçıının paylarının müəyyən edilməsi məqsədilə iş üzrə maraqlı şəxs DƏTRX-nin 9 saylı Qəbələ Ərazi idarəsinə müraciət edərkən məlum olmuşdur ki, hüquq sahiblərinin adlarında texniki səhvə yol verilmişdir. JN -418 F saylı şəhadətnamədə və JN -616 saylı Dövlət aktında qeyd olunan texniki səhvlərə görə əməliyyat aparılması mümkün olmamışdır. Sənədlərdə göstərilən texniki səhvlərə düzəlişlər məhkəmə qaydasında edilməlidir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-0616 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 26.04.2002-ci il tarixli 03 nömrəli qərarına əsasən, X1, X4, X3, X5 ümumi birgə mülkiyyətinə 0.86 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-418F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 29.11.1997-ci il tarixli 26 nömrəli qərarına əsasən X1, X4, X3, X5 ümumi birgə mülkiyyətinə 0.35 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qutqaşen rayon Böyük Pirəli kənd soveti tərəfindən verilmiş 10.08.1957-ci il tarixli İ- İE 570074 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi1 adı “Samilə” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən 17.03.2010-cu il tarixdə verilmiş AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 adı şəxsiyyəti təsdiq edən sənəddə “Samilə” olaraq qeyd olunmuşdur. İşdə olan Qutqaşen rayon Zarağan kənd soveti tərəfindən verilmiş 02.02.1982-ci il tarixli İİ-JQ 468174 saylı nikah haqqında şəhadətnamənin görünür ki, X10 ilə X2 arasında 02.02.1982-ci il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Zəkəriyəyev, arvada Zəkəriyəyeva soyadı verilmişdir. İşdə olan Qutqaşen rayon Zarağan kənd soveti tərəfindən verilmiş 27.06.1983-cü il tarixli İX- JQ 368301 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada ərizəçi Əhmədova (Zəkəriyəyeva) Aynur Rasim qızının adı “Aynur” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əhmədova (Zəkəriyəyeva) Aynur Rasim qızının adı şəxsiyyəti təsdiq edən sənəddə “Aynur” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Zarağan kənd icra nümayəndəliyi tərəfindən verilmiş 24.12.2007-ci il tarixli AZ-İ 370058 saylı nikah haqqında şəhadətnamənin görünür ki, X8 ilə X9 arasında 24.12.2007-ci il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Əhmədov, arvada Əhmədova soyadı verilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin ümumi birgə mülkiyyətinə 0.86 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-0616 (Kod: ********) nömrəli « “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında və 0.35 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-418F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə yalnışlığa yol verilərək “X8” əvəzinə X6” və “Ərizəçi1” əvəzinə “X4 adı” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-418F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin və JN-0616 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının ərizəçilər Ərizəçi1 və Əhmədova (Zəkəriyəyeva) Aynur Rasim qızına aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar