Məhkəmə qərarları › İş №2(025)-1722/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1722/2021

03.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1722/2021 03.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçinin vəkili Vəkil iştirakı ilə, Ərizəçi hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN-1405F, KOD 40601004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ona - Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi vəkili Vəkil ərizəni müdafiə edib göstərdi ki, Ərizəçi 25.05.1950ci ildə Qutqaşen (indiki Qəbələ) rayonunda anadan olmuşdur. 09.07.1987-ci il tarixində X1 ilə nikaha daxil olaraq soyadını “Hüseynova” kimi qeyd etdirmişdir. Həyat yoldaşı X1 09.03.1992-ci il tarixində kəskin ağciyər ürək çatmamazlığından vəfat etmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra isə yenidən soyadımı əvvəlki soyadına dəyişdirərək “İsmayılova” kimi sənədlərdə qeyd etdirmişdir. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarı ilə ona Qəbələ rayonu, Qəbələ şəhər ərazisindən 0,08 ha həyətyanı torpaq sahəsinə JN-1405 F, KOD 40601004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Şəhadətnamədə sonradan ona məlum olmuşdur ki, səhvən soyadı “Hüseynova” kimi yazılmışdır. Lakin onun nikah haqqında Şəhadətnaməsində, əmək kitabçasında, şəxsiyyət vəsiqəsində və s. digər sənədlərdə Ərizəçi kimi qeyd edilmişdir. Hazırda ona məxsus torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaq istəyir. Lakin Şəhadətnamədə soyadı düzgün yazılmadığından bu mümkün deyildir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamədəki yanlışlığı aradan qaldıra bilmir. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən aidiyyatı üzrə Xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədəki yanlışlıqların aradan qaldırılmasını xahiş etmişlər, müvafiq 22 iyun 2021-ci il tarixli, **********79 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, Ərizəçi 09 iyul 1987ci il tarixdə X1 ilə nikah bağlayaraq ailə qurmuşlar. Bu zaman o Əhmədiyyənin soyadını – Hüseynova soyadını qəbul etmişdir. 09 mart 1992-ci ildə X1 vəfat etdi. Bundan sonra Məstura öz qızlıq soyadına – İsmayılova soyadına qayıtmışdır. Həmin gündən bu günə kimi, həmçinin də Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli qərarı ilə torpaq sahəsi verilən zaman Məsturənin soyadı İsmayılova olmuşdur. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin və şahidin izahatını dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-1405F saylı, KOD 40601004 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli, 03 nömrəli qərarına əsasən, X2 tam mülkiyyətinə 0.08 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan 09 iyul 1987-ci il tarixdə verilmiş İV-JQ № 351332 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 09 iyul 1987-ci il tarixdə X1 ilə nikah bağlamış, nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. Nikah haqqında şəhadətnamədə ərizəçinin soyadı “İsmayılova” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Qəbələ Rayon Qeydiyyat şöbəsi tərəfindən 26.07.2021-cü il tarixdə verilmiş AZ-İİ № 178426 saylı Ölüm haqqlnda şəhadətnamədən görünür ki, X1 09 mart 1992-ci ildə Qəbələ rayonunda vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 20 nömrəli qeyd aparılmışdır. İş materiallarına əlavə olunmuş 25.02.2019-cu il tarixdə verilmiş **********4 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi soyadı şəxsiyyəti təsdiq edən sənəddə “İsmayılova” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş 14.07.1988-ci il tarixdə doldurulmuş İT-İ ******* saylı əmək kitabçasının surətindən görünür ki, bu sənəddə Ərizəçi ata adı “Ərizəçi” olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçinin tam mülkiyyətinə 0,08 ha həyətyanı torpaq sahəsinin verilməsini təsdiq edən JN-1405F saylı, KOD 40601004 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməsində yalnışlığa yol verilərək, “Ərizəçi” əvəzinə “X4” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-1405F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar