Məhkəmə qərarları › İş №2(025)-1794/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1794/2021

07.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1794/2021 07.12.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, X4, İddiaçı4 və Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, X4, İddiaçı4 cavabdehlər Cavabdeh1nə və Qəbələ Regional "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinə qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, X13, İddiaçı4 cavabdehlər Cavabdeh1nə və Qəbələ Regional "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinə qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon Dövlət Notariat Kontorunda Cavabdeh1 MMC-nin etibarnamə üzrə nümayəndəsi X15 ilə İddiaçı1 arasında bağlanmış 17 fevral 2006-cı il tarixli, 4Ə-0/878 nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli, 13 saylı qərarı ilə ailə üzvlərinə, yəni İddiaçı1, İddiaçı2, X7, İddiaçı4 Qəbələ rayonu ərazisindən 1.78 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün olan torpaq sahəsinə görə JN-0061, KOD 40604018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. X25 qeyd olunan 0.594807 ha torpaq sahəsi 29 may 2007-cı il tarixdə onların razılığı ilə Qəbələ rayon dövlət notariat kontorunda (notarius Elxan Alxasov) 4Ə-215 saylı alqı-satqı müqaviləsinə əsasən X8 2000 (iki min) manata satmışlar. Həmçinin, JN-0061, KOD 40604018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında qeyd olunan 0.50 ha torpaq sahəsi 29 may 2007-cı il tarixdə onların razılığı ilə Qəbələ rayon dövlət notariat kontorunda (notarius Elxan Alxasov) 4Ə-216 saylı alqı-satqı müqaviləsinə əsasən X2 2000 (iki min) manata satmışlar. Lakin JN-0061, KOD 40604018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında qeyd olunan 0.68 ha torpaq sahəsi 17 fevral 2006-cı il tarixdə onların razılığı olmadan Qəbələ rayon dövlət notariat kontorunda (notarius Elxan Alxasov) 4Ə-0/878 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 MMC-yə (etibarnamə üzrə nümayəndəsi X15) 1049.73 (min qırx doqquz manat yetmiş üç qəpik) manata satılmış və alqı-satqı əsasında reyestr xidmətindən mülkiyyət sənədi əldə olunmasından məlumatsızdırlar. İddiaçı1 və ailə üzvləri, yəni İddiaçı2, X13 və İddiaçı4 belə müqavilənin bağlanmasında iştirak etməmişlər və satılmasına razı olmamışlar. JN-0061, KOD 40604018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının və onlara dair olan sənədlərin əslini 2014-cü il tarixində Hacıalılı kənd bələdiyyəsinin sədri X11, Hacıalılı kənd İcra nümyəndəsi X5 və mühasibinin iştirakı ilə ona taxıl və digər dənli bitkilər əkmək üçün təqdim etmişdir. Ona görə də pozulmuş mülkiyyət hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2, X13, İddiaçı4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək göstərdi ki, qanunvericilikdə əqdlərin mübahisələndirilməsi üçün nəzərdə tutulan müddət iddiaçılar tərəfindən ötürülmüşdür. Bu səbəbdən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil eyni zamanda məhkəmə elektron qaydada ərizə göndərərək göstərmişdir ki, cavabdeh tərəf olaraq iddia tələbini qəbul etmirlər. Həmçinin, qanunvericilikdə əqdlərin mübahisələndirilməsi üçün nəzərdə tutulan müddətin iddiaçı və qeyriləri tərəfindən ötürülməsini məhkəmənin nəzərinə çatdırmaq istəyirlər. Belə ki, iddiaçılar tərəfindən məhkəmə qaydasında etibarsızlığı qaldırılan əqd 2006-cı il tarixə təsadüf edir ki, bu zaman nəinki əqdlərin etibarsızlığı üçün nəzərdə tutulan müddət, həmçinin ümumi iddia müddəti də keçmişdir. Beləliklə, müddətin tətbiqi ilə əlaqədar iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə baxışında cavabdeh Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinin nümayəndəsi iştirak etməmiş, məhkəməyə 30.11.2021-ci il tarixli, 2359 №-li məktub ünvanlayaraq Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinin nümayəndəsi olmadan işə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçıların və Cavabdeh1 MMC-nin nümayəndəsinin izahatlarını dinləyərək, o cümlədən Cavabdeh1 MMC-nin nümayəndəsinin ərizəsini, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan JN-0061, kod 40604018 saylı «Torpağa mülkiyyət hüququna dair dövlət aktı»nın surətindən görünür ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli, 13 saylı qərarı ilə İddiaçı1, İddiaçı2, X4, İddiaçı4 paylı mülkiyyətinə 1,78 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan 28 may 2007-ci il tarixdə 4Ə-215 reystr nömrəsi ilə qeydə alınmış və Qəbələ rayon dövlət notariat kontorunun dövlət notariusu E.S.Alxasov tərəfindən təsdiq edilmiş «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi»nin surətindən görünür ki, İddiaçı1, İddiaçı2, X13, İddiaçı4 Qəbələ şəhəri ərazisində yerləşən 0,594807 hektar torpaq sahəsini X8 2000 (iki min) manata satmışdır. İş materiallarında olan 29 may 2007-ci il tarixdə 4Ə-216 reystr nömrəsi ilə qeydə alınmış və Qəbələ rayon dövlət notariat kontorunun dövlət notariusu E.S.Alxasov tərəfindən təsdiq edilmiş «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi»nin surətindən görünür ki, İddiaçı1, İddiaçı2, X13, İddiaçı4 Qəbələ şəhəri ərazisində yerləşən 0,50 hektar torpaq sahəsini X2 2000 (iki min) manata satmışdır. İş materiallarında olan 17 fevral 2006-ci il tarixdə 4Ə-0/878 reystr nömrəsi ilə qeydə alınmış və Qəbələ rayon dövlət notariat kontorunun dövlət notariusu E.S.Alxasov tərəfindən təsdiq edilmiş «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi»nin surətindən görünür ki, Əsgərov X10 rayonu Hacallı kəndində yerləşən Qanıx-Türyançay zonasına aid 0,68 hektar torpaq sahəsini Cavabdeh1 MMC-yə 272 (iki yüz yetmiş iki) manata satmışdır. İş materiallarında olan Hacallı kəndində yaşayan İddiaçı2, İddiaçı4, İddiaçı1 Yarməmməd oğlu tərəfindən Qəbələ Rayon Dövlət Notariat Kontoruna yazılmış ərizələrdən göstərilmişdir ki, ailə üzvlərinə məxsus olan Qəbələ rayon AİK-nın verdiyi 19.01.1998-ci il tarixli, 13 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət aktına əsasən 1,78 hektar torpaq sahəsindən 0,68 hektarını Cavabdeh1 MMC-yə 272 (iki yüz yetmiş iki) manata satmışdır. Alqı-satqı müqaviləsinin təsdiq edilməsi xahiş edilmişdir. İş materiallarında olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının müavinin 12 fevral 2006cı il tarixli, 51 nömrəli arayışdan görünür ki, Qəbələ rayon İcra Hakimiyyəti Yanında X3 işləri və hüquqlarının müdafiəsi üzrə komissiya Qəbələ rayonu, Hacallı kənd sakini azyaşlı İddiaçı3, X14 məxsus torpaq payının satılmasına etiaz etmirlər. İş materiallarında olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyətinin Hacıalılı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 15 sentyabr 2021ci il tarixli, 297 nömrəli arayışdan görünür ki, JN-0062 nömrəli kod 40604018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında onun mərhum atası X6 adı səhvən X1 yazılmışdır. Düzgün yazılış X9r. İş materiallarında olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyətinin Hacıalılı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 29 sentyabr 2021ci il tarixli, 328 nömrəli arayışdan görünür ki, JN-0061 nömrəli kod 40604018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında onun mərhum atası X6 adı səhvən X1 yazılmışdır. Düzgün yazılış X9r. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı həkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə görə, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Avropa İnsan Hüquqları Məhkəməsi «Miragall Eskolano və digərləri İspaniyaya qarşı» iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Stanyo Belçikaya qarşı» iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. «Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.». Konstitusiya Məhkəməsinin Plenumu «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08 may 2008-ci il tarixli Qərarında da iddia müddətlərinə əməl olunmasına xüsusi önəm verərək aşağıdakıları qeyd etmişdir: «Xüsusi qeyd olunmalıdır ki, MM-in 375-ci maddəsinin tələblərinə riayət edilməsi məhkəmələrin mülki işlərin baxılmasında və həll edilməsində müasir məhkəmə icraatının mahiyyətini cəmləşdirən qanunvericiliyin qanunçuluq və dispozitivlik prinsiplərinə əməl etməsini əks etdirir. Məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.». Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli, 13 saylı qərarı İddiaçı1, İddiaçı2, X4, İddiaçı4 paylı mülkiyyətinə 1,78 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsi JN-0061, kod 40604018 saylı dövlət aktı ilə adlarına rəsmiləşdirilmişdir. 17 fevral 2006-ci il tarixdə 4Ə-0/878 reystr nömrəsi ilə qeydə alınmış və Qəbələ rayon dövlət notariat kontorunun dövlət notariusu E.S.Alxasov tərəfindən təsdiq edilmiş «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi»nə əsasən Əsgərov X10 rayonu Hacallı kəndində yerləşən Qanıx-Türyançay zonasına aid 0,68 hektar torpaq sahəsini Cavabdeh1 MMC-yə 272 (iki yüz yetmiş iki) manata satmışdır. Məhkəmə qeyd edir ki, iddiaçılar mübahisə predmeti olan torpaq sahəsinin alqı-satqısına dair Qəbələ rayon Notarait Kontorunun 17 fevral 2006-ci il tarixli müqaviləni qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə mübahisələndlirmişlər. Göründüyü kimi alqı-satqı müqaviləsi 2006-cı il tarixində həyata keçirilmiş və həmin vaxtdan 15 ildən artıq müddət keçmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Digər tərəfdən, Cavabdeh1 MMC-nin nümayəndəsi Vəkil məhkəməyə ərizə göndərərək iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi üzrə iddia müddəti keçmişdir. Buna görə də iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmiş olduğu halda belə, iddia müddəti keçdiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, mülki mübahisə üzrə iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədinin hüquqi müəyyənlik olduğunu, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratdığını, məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad etdiyini, mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyub, eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur etdiyini nəzərə alan məhkəmə hesab edir ki, iddiaçılar qanunla müəyyən olunmuş iddia müddətini buraxmaqla (ötürməklə) məhkəmədə iddia qaldırdıqları üçün həmin əsasla da iddia təmin edilməməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, X4, İddiaçı4 cavabdehlər Cavabdeh1nə və Qəbələ Regional "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinə qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiaları təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, X4, İddiaçı4 cavabdehlər Cavabdeh1nə və Qəbələ Regional "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinə qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiaları təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar