Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1796/2021 25.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Qəbələ Regional "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinə qarşı "alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Qəbələ Regional "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinə qarşı "alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon Dövlət Notariat Kontorunda "xxxx" MMC (X13) ilə İddiaçı Yarahməd qızı və X16 arasında Qəbələ rayon dövlət notariat kontorunda (notarius Elxan Alxasov) bağlanmış 21 sentyabr 2007-ci il tarixli, 4Ə-465 nömrəli və 06 oktyabr 2007-ci il tarixli 4Ə-514 nömrəli daşınmaz əmlakın alqı-satqısı müqavilələrinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli, 13 saylı qərarı ilə ona və digər ailə üzvləri, X4na, anası X5 Qəbələ rayonu ərazisindən 2.01 ha (1.5014 kv.m. və 5110.12 kv.m olmaqla) kənd təsərrüfatı məhsulları istehsalı üçün olan torpaq sahəsinə görə JN-0062, KOD 40604018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. Lakin JN-0062, KOD 40604018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında qeyd olunan 2.01 ha torpaq sahəsi 21 sentyabr 2007-ci il və 06 oktyabr 2007-ci il tarixlərində guya o və mərhum atası X2 rayon dövlət notariat kontorunda (notarius Elxan Alxasov) 4Ə-465 saylı və 4Ə-514 alqı-satqı müqavilələrinə əsasən "xxxx" MMC-yə (X13) 0.511012 ha hissəsini 459 (dörd yüz əlli doqquz) manata və 1.501414 ha hissəsini 1500 (min beş yüz) manata satmışlar. O və mərhum X4 müqavilələrin bağlanmasında iştirak etməmişlər və imzalar onlara məxsus deyil. X4 02.10.2019-cu ildə ürək çatmamazlığından və anası X10 22.11.2004-cü ildə kəskin ürəkdamar çarmamazlığından vəfat etmişlər. JN-0062, KOD 40604018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının və onlara dair olan sənədlərini əslini qardaşı Gündüz Əsgərov 2014-cü il tarixində Hacıalılı kənd bələdiyyəsinin sədri X14, Hacıalılı kənd İcra nümyəndəsi X7 və mühasibinin iştirakı ilə ona taxıl və digər dənli bitkilər əkmək üçün təqdim etmişdir. Ona görə də pozulmuş mülkiyyət hüquqlarımın bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" MMC-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin nümayəndəsi və vəkili X21 məhkəməyə elektron qaydada ərizə göndərərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi eyni zamanda məhkəmə elektron qaydada ərizə göndərərək göstərmişdir ki, iddiaçı "xxxx" MMC ilə vətəndaş X17 və İddiaçı arasında 21.09.2007-ci il tarixli, 4Ə-465 saylı və 06.10.2007-ci il tarixli, 4Ə-514 saylı nömrə ilə bağlanmış alqı-satqı müqaviləsini və bunun əsasında əldə olunmuş çıxarışın etibarsız hesab olunmasını iddia edirlər. Alqı-satqı müqaviləsinə əsasən vətəndaş ona çatası pulu faktiki olaraq almış və torpaq sahəsini "xxxx" MMC-yə təhvil vermişdir. Bu torpaq sahəsi artıq 15 ilə yaxındır ki, "xxxx" MMC-nin mülkiyyətində və faktiki istifadəsindədir. İşdən görünür ki, alqısatqı müqaviləsi 21.09.2007-ci il və 06.10.2007-ci il tarixlərində bağlanmışdır. İşin hallarından da məlumdur ki, iddiaçı tərəf ümumiyyətlə, torpaq sahəsi barədə məlumatsızdır. Onu heç vaxt istifadə etməyib. Çünki söhbət hər hansı mücərrəd hüquqdan deyil, hər il əkilməli və becərilməli olan torpaq sahəsindən gedir. Demək ki, vətəndaş 2008, 2009, 2010 və sair illərdə satmadığını iddia etdiyi torpaq sahəsinə yaxınlaşmalı idi. Bu zaman hər hansı əngəllə qarşılaşdığı zaman müvafiq dövlət orqanlarına müraciət etməli idi. Belə bir hal heç vaxt baş verməyib. Vətəndaş torpaq sahəsini satdığını bilib və bu müddət ərzində müraciət etməməklə subyektiv halı qəbul edib. Eyni zamanda bu illər ərzində müqaviləni bəyəndiyini bildirib. Mülki Məcəllənin müvafiq maddəsinə uyğun olaraq iddia müddətinin tətbiq etməklə, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında cavabdeh Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinin nümayəndəsi iştirak etməmiş, məhkəməyə 18.10.2021-ci il tarixli, 1917 №-li məktub ünvanlayaraq Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinin nümayəndəsi olmadan işə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyərək, o cümlədən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin ərizəsini, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan JN-0062, kod 40604018 saylı «Torpağa mülkiyyət hüququna dair dövlət aktı»nın surətindən görünür ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli, 13 saylı qərarı ilə X9, X5 və İddiaçı paylı mülkiyyətinə üç planşetdə cəmi 2,01 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan 06 oktyabr 2007-ci il tarixdə 4Ə-514 reystr nömrəsi ilə qeydə alınmış və Qəbələ rayon dövlət notariat kontorunun dövlət notariusu E.S.Alxasov tərəfindən təsdiq edilmiş «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi»nin surətindən görünür ki, X18, İddiaçı Qəbələ rayonu Hacallı kəndində yerləşən Qanıx-Türyançay zonasına aid 1.501414 hektar torpaq sahəsini "xxxx" MMC-yə 1500 (bir min beş yüz) manata satmışdır. İş materiallarında olan Hacallı kəndində yaşayan X15 tərəfindən Qəbələ Rayon Dövlət Notariat Kontoruna yazılmış ərizədə göstərilmişdir ki, ailə üzvlərinə məxsus olan Qəbələ rayon AİK-nın verdiyi 19.01.1988-ci il tarixli, 13 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət aktına əsasən 2,01 hektar torpaq sahəsindən 1,50 hektarını Cavabdeh2-yə 1500 (bir min beş yüz) manata satmışdır. Alqı-satqı müqaviləsinin təsdiq edilməsi xahiş edilmişdir. İş materiallarında olan 21 sentyabr 2007-ci il tarixdə 4Ə-465 reystr nömrəsi ilə qeydə alınmış və Qəbələ rayon dövlət notariat kontorunun dövlət notariusu E.S.Alxasov tərəfindən təsdiq edilmiş «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi»nin surətindən görünür ki, X18, İddiaçı Qəbələ rayonu Hacallı kəndində yerləşən Qanıx-Türyançay zonasına aid 0.511012 hektar torpaq sahəsini "xxxx" MMC-yə 459 (dörd yüz əlli doqquz) manata satmışdır. İş materiallarında olan Hacallı kəndində yaşayan X15 tərəfindən Qəbələ Rayon Dövlət Notariat Kontoruna yazılmış ərizədə göstərilmişdir ki, ailə üzvlərinə məxsus olan Qəbələ rayon AİK-nın verdiyi 19.01.1988-ci il tarixli, 13 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət aktına əsasən 2,01 hektar torpaq sahəsindən 0,51 hektarını Cavabdeh2-yə 459 (dörd yüz əlli doqquz) manata satmışdır. Alqı-satqı müqaviləsinin təsdiq edilməsi xahiş edilmişdir. İş materiallarında olan Qəbələ regional Cavabdeh1 Qeydiyyat şöbəsi tərəfindən 10 sentyabr 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 178480 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin təkrarından görünür ki, X11 24 noyabr 2004-cü il tarixdə Qəbələ rayonu Hacallı kəndində “kəskin ürək damar çatmamazlığı”dan vəfat etmişdir. İş materiallarında olan Qəbələ regional Cavabdeh1 Qeydiyyat şöbəsi tərəfindən 02 sentyabr 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 178467 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin təkrarından görünür ki, X16 02 oktyabr 2019-cu il tarixdə Qəbələ rayonu Hacallı kəndində “ürək çatmamazlığı”dan vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyətinin Hacıalılı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 20 sentyabr 2021ci il tarixli, 303 nömrəli arayışdan görünür ki, JN-0061 nömrəli kod 40604018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət X1 mərhum atası X8 adı səhvən X3 yazılmışdır. Düzgün yazılış X12r. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı həkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə görə, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Avropa İnsan Hüquqları Məhkəməsi «Miragall Eskolano və digərləri İspaniyaya qarşı» iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Stanyo Belçikaya qarşı» iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. «Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.». Konstitusiya Məhkəməsinin Plenumu «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08 may 2008-ci il tarixli Qərarında da iddia müddətlərinə əməl olunmasına xüsusi önəm verərək aşağıdakıları qeyd etmişdir: «Xüsusi qeyd olunmalıdır ki, MM-in 375-ci maddəsinin tələblərinə riayət edilməsi məhkəmələrin mülki işlərin baxılmasında və həll edilməsində müasir məhkəmə icraatının mahiyyətini cəmləşdirən qanunvericiliyin qanunçuluq və dispozitivlik prinsiplərinə əməl etməsini əks etdirir. Məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.». Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli, 13 saylı qərarı ilə X9, X5 və İddiaçı paylı mülkiyyətinə üç planşetdə cəmi 2,01 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsi JN-0062, kod 40604018 saylı dövlət aktı ilə adlarına rəsmiləşdirilmişdir. 21 sentyabr 2007-ci il tarixə kimi sözügedən torpaq sahəsinin bir hissəsini, 06 oktyabr 2007-ci il tarixədək isə bir hissəsini istifadə etmişlər. Paylı mülkiyyətçilərdən X18 və İddiaçı 21 sentyabr 2007-ci il tarixdə Qəbələ rayon Notariat Kontorunda rəsmiləşdririlmiş alqı-satqı müqaviləsi ilə Qəbələ rayonu Hacallı kəndində yerləşən Qanıx-Türyançay zonasına aid 0.511012 hektar torpaq sahəsini "xxxx" MMC-yə 459 (dörd yüz əlli doqquz) manata satmışdır. Daha sonra paylı mülkiyyətçilərdən X18 və İddiaçı 06 oktyabr 2007-ci il tarixdə Qəbələ rayon Notariat Kontorunda rəsmiləşdririlmiş alqı-satqı müqaviləsi ilə Qəbələ rayonu Hacallı kəndində yerləşən Qanıx-Türyançay zonasına aid 1.501414 hektar torpaq sahəsini "xxxx" MMC-yə 1500 (bir min beş yüz) manata satmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisə predmeti olan torpaq sahəsinin alqı-satqısına dair Qəbələ rayon Notarait Kontorunun 21 sentyabr 2007-ci il tarixli və 06 oktyabr 2007-ci il tarixli müqavilələrini qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə mübahisələndlirmişlər. Belə ki, yuxarıda qeyd olunduğu kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Digər tərəfdən, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X21 məhkəməyə ərizə göndərərək iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi üzrə iddia müddəti keçmişdir. Buna görə də iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmiş olduğu halda belə, iddia müddəti keçdiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, mülki mübahisə üzrə iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədinin hüquqi müəyyənlik olduğunu, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratdığını, məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad etdiyini, mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyub, eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur etdiyini nəzərə alan məhkəmə hesab edir ki, iddiaçılar qanunla müəyyən olunmuş iddia müddətini buraxmaqla (ötürməklə) məhkəmədə iddia qaldırdıqları üçün həmin əsasla da iddia təmin edilməməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Qəbələ Regional "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinə qarşı "alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Qəbələ Regional "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinə qarşı "alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1796/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1796/2021
25.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver