Məhkəmə qərarları › İş №2(025)-1845/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1845/2021

16.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1845/2021 16.12.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X2 və Satışı İdarəsinin Qəbələ EŞ-nə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X2 və Satışı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ondan əsassız və qanunsuz olaraq tələb etdiyi 177 manat məbləğində cərimə pulunun silinməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Qəbələ rayonu Sırt Yengicə kəndində ona məxsus fərdi yaşayış evi mövcuddur. Ona məxsus fərdi yaşayış evinə əvəllər elektrik xətti çəkilməklə adi sayğac quraşdırılmışdır. Sayğacın tipi DD 536 U seriya nömrəsi isə ********** təşkil edir. 25 fevral 2019-cu il tarixdə yaşadığı həyətə gələn işıq nəzarətçiləri sayğaca baxış keçirərək sayğacın işləmədiyini bildirməklə dəyişdirilməli olduğunu bildirmişlər. Sonra onlar həmin tarixdə 126741 nömrəli akt tərtib edərək ona imzalamağı təklif etmişlər heç bir müdaxilə edilməmişdir. Buna görə də tərtib olunmuş aktda imza etməmişdir. Bir müddətdən sonra işıq nəzarətçiləri o da olmayan vaxtı həyətə gələrək işığı kəsəcəklərini və buna görə də 117 manat sərfıyyatm ödənilməsini tələb etmişlər. O isə tələb olunan pulu ödəməmişdir. Aktın surətini dəfələrlə tələb etsə də ona verməmişlər ki, vaxtında aidiyyatı üzrə müraciətlər etsin. Müdirrəti hər dəfə onu narahat olmasın deyə yola salmışlar. Aktın surətini yaxın günlərdə israrla tələb etdikdən sonra ona vermişlər. Hazırda isə sayğaca smart sayğacla əvəzləməkdə artıq iki aydır ödədiyi ödənişdən 117 manata görə pul çıxırlar. Buna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddianı qəbul etməyərək yazılı etiraz ərizəsi təqdim etdi və göstərdi ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının Qəbələ rayonu, Zalam kəndində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********00095 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. 25.02.2019-cu il tarixdə "xxxx" ASC-nin əməkdaşları Ş.Seyidli və F.Cavadov tərəfindən Qəbələ rayonu Zalam kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının iştirakı ilə “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin yaşadığı ünvanına quraşdırılmış elektrik sayğacının işləmədiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən 25.02.2019-cu il tarixli, R126741 saylı akt tərtib olunmuşdur. Tərtib edilmiş aktı İddiaçı öz imzasıyla təsdiq etmişdir. Tərtib olunmuş akta əsasən 25.02.2019-cu il tarixində Qəbələ EŞ-nin əməkdaşları tərəfindən qüsur aşkar olunmuş sayğac yenisi ilə əvəz edilərək möhürlənmiş və bununla bağlı ******* saylı protokol tərtib olunaraq elektrik sayğacı rəy verilməsi üçün laboratoriyaya göndərilmişdir. Tərtib edilmiş ******* saylı protokolu İddiaçı öz imzasıyla təsdiq etmişdir. Laboratoriyanın 27.02.2019-cu il tarixli, 140918 saylı protokolu ilə elektrik sayğacının daxili sxemində yaranmış qüsur səbəbindən sayğac dövrədən axan yükü qeyd etmədiyi barədə rəy verilmişdir. 28.02.2019-cu il tarixli, R126741 saylı akta əsasən "xxxx" ASC-nin Şimal- Qərb RETSİ-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 168 gün üçün 0.07 manatla 1676 kvt.s, dəyəri 117.32 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Abonentin “abunə haqqında” məlumatına nəzər saldıqda 11.10.2018-ci il tarixdən 15.02.2019-cu il tarixə qədər 158 gün üçün sərfiyyatın toplamda 7 kvts olduğu, lakin sayğac dəyişildikdən sonrakı dövr üzrə, yəni 12.03.2019-cu il tarixdən 02.08.2019-cu il tarixə kimi 156 gün üçün sərfiyyatın toplamda 528 kvts olduğu görünür. Abonentin “abunə haqqında” məlumatından açıq aşkar görünür ki, sayğacın pozuntu aşkar olunan dövrdəki sərfiyyatı ilə qüsur bərpa edildikdən sonrakı dövrdəki sərfiyyatı arasında fərq (521 kvt.s) olduqca böyükdür. Yuxarıda qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, İddiaçı yaşadığı Qəbələ rayonu Zalam kəndində yerləşən fərdi yaşayış evinə tərtib edilmiş 25.02.2018-ci il tarixli R126741 saylı akt “EEİQ”-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerjitəchizatı müəssisəsinə ödənilməlidir. Sonda isə məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X2 və Satışı İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X2 və Satışı İdarəsi bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işə cavabdehin və cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin 15 fevral 2019-cu il tarixli R 126741 saylı aktından görünür ki, "xxxx" ASC-nin əməkdaşlarının iştirakları ilə Qəbələ rayonu, Zalam kəndində yerləşən iddiaçıya məxsus yaşayış evində yoxlama keçirən zamanı məlum olmuşdur ki, abonentə məxsus elektrik sayğacı işləmir. "xxxx" ASC-nin X2 və Satışı İdarəsinin vəzifəli şəxsi tərəfindən 15 fevral 2019-cu il tarixli R 126741 saylı akta əsasən tərtib edilmiş 28 fevral 2019-cu il tarixli icra vərəqindən görünür ki, İddiaçı çıxarılmış sayğacda olan oxunmamış 1676 kVt.s enerji üzrə 117.32 manat borcu vardır. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi, özü tərəfindən kənar xətt çəkilməsi və ya hansısa qanun pozuntusunun törədilməsi öz təsdiqini tapmamışdır. Cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Əksinə "xxxx" ASC-nin X2 və Satışı İdarəsinin əməkdaşları sayğaca nəzarət etmiş, istehlakçı-iddiaçı uzun müddət ərzində mütamadi olaraq hər ay enerji sərfiyyatının əvəzini ödəmiş və idarənin işçiləri tərəfindən ona quraşdırılmış elektrik sayğacın sayğacın giriş xətti evin dam hissəsindən zədələnərək kənar xəttdən istifadə edilməsi barədə xəbərdarlıq edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Beləliklə də məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun yeganə sübut tərtib olunmuş aktdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»-nın 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmaqla, cavabdeh tərəfindən 28.02.2019-cu il tarixli qərarı əsasında hesablanmış 117.32 (bir yüz on yeddi manat otuz iki qəpik) manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia tələbində 15 fevral 2019-cu il tarixli R 126741 saylı aktın əsasında hesablanmış 177 manat məbləğində borcun silinməsini tələb etsə də məhkəmə araşdırması zamanı həmin akt əsasında yalnız 117.32 manat cərimə hesablandığı müəyyən edilmişdir. İddia tələbinin qalan hissəsi ilə bağlı məhkəmənin gəldiyi hüquqi mövqe ondan ibarətdir ki, iddiaçının iddia tələbinin həmin hissədə əsası kimi istinad etdiyi hallar sübut olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinin tələblərinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının tələbinin qalan hissədə əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyi üçün, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı adına "xxxx" Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxsinin 28.02.2019-cu il tarixli qərarı əsasında hesablanmış 117.32 (bir yüz on yeddi manat otuz iki qəpik) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar