Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1868/2021 15.12.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1 və Satışı İdarəsinin Qəbələ EŞ-nə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1 və Satışı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASCnin Şimal-Qərb RETSİ-nin X2 tərtib etdiyi “Abonent məlumat vərəqi”ndə qeyd olunmuş mənbəyi məlum olmayan əsassız hesablanmış enerji sərfiyyatı üzrə 670.11 manat və 370.92 manat borcun, ümumilikdə 1041 manat 03 qəpik borcun İddiaçım adına olan **********0007 saylı abonent kodundan silinməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx.xx.1954-cü ildə Qəbələ rayonu, Savalan kəndində anadan olmuşdur. Onun və ailəsnin yaşadığı Qəbələ rayonu, Savalan kəndindəki fərdi yaşayış evinə 01.01.2006-ci il tarixində **********M51146 nömrəli yeni tipli sayğac quraşdırılmışdır. Sonradan 21.09.2015-cı il tarixində 64289416M671204 nömrəli və 20.04.2017-ci il tarixində 18788437M72237 6 nömrəli sayğaclar ilə yenilənmişdir. Sayğaclara heç bir müdaxilə edilməmiş, o cümlədən sayğacdan kənar hər hansı kənar xətt çəkilməklə şəbəkəyə qoşulma kimi halları olmamışdır. Elektrik xəttinin çəkildiyi və sayğac quraşdırıldığı vaxtdan hal-hazıradək elektrik enerjisi sərfiyyatına görə bütün ödənişlər sayğac göstəricilərinə və şəbəkə tərəfindən verilmiş bildirişlərə uyğun olaraq vaxth-vaxtında ödənilmişdir. Lakin heç bir əsas olmadan 2-3 ay bundan əvvəl ona saxtakarlıq aparılaraq heç bir əsası olmayan məbləğdə borc yazılmışdır. Abonent məlumat vərəqinə baxdıqda da bunu görmək olar belə ki, 16.08.2021-ci il tarixində sayğac göstəricilərində 9573 kvt dəyəri 670.11 manat və bağlanan aktlar qrafasmda eyni tarixə 370.92 manat qeyd olunmuşdur. Bununla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qayda!arı”nın tələbləri pozulmuşdur. 2016-ci il tarixində evinə yaxın ərazidən keçən 10 minlik xətt dirəyi yıxılaraq elektrik sayğacımı yandırmış, yararsız vəziyyətə salmış və sıradan çıxarmışdır. Nəticədə evində olan bütün məişət avadanlıqları (televizor, soyuducu və s.) yararsız vəziyyətə düşmüşdür. Hadisə baş verən zaman aidiyyəti quruma (Qəbələ rayon Azərişıq ASC) müraciət etdi. Ona qısa müddətdə sayğacın dəyişdirilməsinə və yaranmış problemlərin aradan qaldırılmasına söz verdilər. O, gündən Azərişığın heç bir işçisi onun ünvanına gəlməyib və qəbz təqdim etməyib, sayğac göstərici haqda heç bir məlumat verilməyib. Müraciət əsasında borc qəbzini verəcəkləri haqqda söz versələr də, il yarımdan artıq Azərişığm işçiləri onun yaşadığı ünvana yaxınlaşmamışlar. Ona şifahi olaraq bildirmişlər ki, eyni qaydada əvvəlki sayğacın koduna nəğd ödəniş etsin. O da mütamədi olaraq Azərpoçt-a yaxınlaşaraq ödənişlərini etmişdir (etdiyi ödənişlərin qabzləri faktiki sübut kimi saxlanılır). İlin sonunda yenidən Azərişığm ofisinə yaxınlaşaraq ilin sonunda olan borcumun öyrəndikə, ona 19 AZN borcu olduğunu kompüterlərinə baxaraq bildirdilər və eyni qaydada ödəniş etməyini bildirdilər. Bir müddət keçdikdən Azərişığm nümayəndəsi 16.08.2021-ci il tarixində onun ünvanına yaxınlaşaraq 1237 AZN borcum olduğunu və onu təcili ödəməyini tələb etdilər. Bu zaman himayəsində olan Qarabağ müharibəsi veteranı oğlu Azərişığın qaynar xəttinə müraciət etdi. Qaynar xətdə bu nömrəli (təhvil-təslim aktı edilmədən qoyulmuş) sayğacın ona aid oldmadığını bildirdilər. Yenidən Azərişığa müraciət etdi. Ona bir neçə gün gözləməyi və işçilərin məsuliyyətsiz davrandıqlarını və burda onların heç bir təksirinin olmadığını, məsələni yoluna qoyucaqlarım bildirdilər. Buna rəğmən hal-hazırda "xxxx" ASC işçilərinin ondan indiyə gədər ödədiyi məbləğdən əlavə 1500 AZN yaxın pul ödəməyini tələb edirlər. Bütün bunları nəzərə alaraq məhkəməyə müraciət etməli oldu. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iddianı qəbul etməyərək yazılı etiraz ərizəsi təqdim etdi və göstərdi ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, İddiaçı iddiasında qeyd etdiyi Qəbələ rayonu Savalan kəndində yerləşən fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı adına **********00007 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş, 2015-ci ilin iyul ayından 2021-ci ilin oktyabr ayına qədər olan məlumat cədvəlindən görünür ki, iddiaçının yaşadığı fərdi yaşayış evi üzrə istifadə etdiyi elektrik enerjisinin dəyəri toplamda 2057.26 manat olmuşdur. İddiaçı bu müddət ərzində istifadə etdiyi elektrik enerjisinin dəyərinin cəmi 797.00 manatını ödəmişdir. Buradan açıq aydın görünür ki, qeyd olunan dövrlər üzrə iddiaçı sərf etdiyi elektrik enerjisinin dəyərini bildiriş təqdim edilən zaman hər ay ödəməmiş və iddiaçının istifadə etdiyi elektrik enerjisindən ödənilməmiş 1260.76 manat (2057.26-797.00=1260.76) qalıq borcu qalmışdır. Yuxarda qeyd olunlara əsasən iddiaçının heç bir əsassız və qanunsuz borcu yaranmamış və yaranmış borc iddiaçının 31.07.2015-ci il tarixdən bu günə kimi istifadə etdiyi elektrik enerjisinin dəyəridir. 04 oktyabr 2021-ci il tarixinə iddiaçının yaşadığı fərdi yaşayış evi üzrə istifadə etdiyi elektrik enerjisinə görə qalıq borcu 1260.76 manatdır. Yaranmış borcun ödənilməsi ilə əlaqədar iddiaçıya bir neçə dəfə xəbərdarlıq edilmiş, lakin iddiaçı borcu vaxtında ödəməmiş və bu müddət ərzində iddiaçıya elektrik enerjisinin verilişi enerjitəchizatı müəssisəsi tərəfindən dayandırılmamışdır. Sonda isə məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1 və Satışı İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1 və Satışı İdarəsi bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işə cavabdehin və cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan abonent saldosundan görünür ki, **********00007 kod altında qeydiyyatda olan İddiaçı 21 aprel 2021-ci il tarixə elektrik enerjisindən istifadəyə görə 670.11 manat və limitdən artıq sərfiyyata görə 370.92 manat borcu yaranmışdır. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi, özü tərəfindən kənar xətt çəkilməsi və ya hansısa qanun pozuntusunun törədilməsi öz təsdiqini tapmamışdır. Cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Əksinə "xxxx" ASC-nin X1 və Satışı İdarəsinin əməkdaşları sayğaca nəzarət etmiş, istehlakçı-iddiaçı uzun müddət ərzində mütamadi olaraq hər ay enerji sərfiyyatının əvəzini ödəmiş və idarənin işçiləri tərəfindən ona quraşdırılmış elektrik sayğacına müdaxilə edilməsi barədə xəbərdarlıq edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Beləliklə də məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»-nın 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmaqla, **********00007 saylı abonent koduna "xxxx" Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxsi tərəfindən hesablanmış 370.92 (üç yüz yetmiş manat doxsan iki qəpik) manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia tələbində mənbəyi məlum olmayan əsassız hesablanmış enerji sərfiyyatı üzrə 670.11 manat məbləğində borcun silinməsini tələb etsə iddiaçının iddia tələbinin həmin hissədə əsası kimi istinad etdiyi hallar sübut olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinin tələblərinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının tələbinin qalan hissədə əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyi üçün, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı adına olan **********00007 saylı abonent koduna "xxxx" Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxsi tərəfindən hesablanmış 370.92 (üç yüz yetmiş manat doxsan iki qəpik) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1868/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1868/2021
15.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver