Məhkəmə qərarları › İş №2(025)-236/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-236/2022

24.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-236/2022 24.02.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarına əsasən, X7, Ərizəçi Zeyfi qızının, X1, X3 və X2 adına verilmiş JN – 340F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin ona aid hissədə ona, Ərizəçi məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 1961-ci ildə Qəbələ rayonu Bum qəsəbəsində anadan olmuşdur. 12 noyabr 1987-ci il tarixdə X10 ilə birgə nikaha girərək “Rəfiyeva” soyadını qəbul etmişdir. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarı ilə X10, X5, X8, X6 və ona Qəbələ rayonu Tikanlı kəndi ərazisindən 1,32 ha həyətyanı torpaq sahəsinə JN-340F, KOD 40615018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Şəhadətnamədə sonradan ona məlum olmuşdur ki, ata adı “Zeyfəm” əvəzinə səhvən Zeyfi kimi qeyd edilmişdir. Lakin şəxsiyyət vəsiqəsində, doğum və nikah haqqında şəhadətnamələrdə və digər sənədlərdə Ərizəçi kimi qeyd edilmişdir. Hazırda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq istəyirlər. Şəhadətnamədə adı düzgün yazılmadığından bu mümkün deyildir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamədəki yanlışlığı aradan qaldıra bilmirlər. Həmçinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə keçdiyindən o, aidiyyatı üzrə xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yanlışlıqların aradan qaldırılmasını xahiş etmiş, müvafiq 05 yanvar 2022-ci il tarixli, **********09 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN – 340F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən, X10, Ərizəçi Zeyfi qızı, X5, X8 və X2 birgə mülkiyyətinə Qəbələ rayonu Tikanlı kəndində 1,32 ha kənd həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 yanvar 2019-cu il tarixli, AZ-İV seriyalı, 196771 nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ad, soyad və ata adı “X4” kimi qeyd edilmişdir. İşdə olan Qutqaşen rayon Bum kənd sovetliyi tərəfindən verilmiş 12 noyabr 1987-ci il tarixli, İV-ЖГ seriyalı, 397874 nömrəli “Nikah haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ərizəçinin nikaha daxil olandan sonra ad, soyad və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Tikanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 yanvar 2022-ci il tarixli, 03 nömrəli arayışdan görünür ki, JN-340F, kod: 40615018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə torpaq mülkiyyətçisinin adı texniki səhv nəticəsində Ərizəçi Zeyfi qızı kimi göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 05 yanvar 2022-ci il tarixli **********09 nömrəli məktubundan görünür ki, JN – 340F nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçinin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İşdə olan ərizəçiyə aid AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKin 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X10, Ərizəçi Zeyfi qızı, X5, X8 və X2 birgə mülkiyyətinə 1,32 ha həyətyanı torpaq sahəsini verilməsini təsdiq edən JN – 340F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə Ərizəçi ata adı səhvən «Zeyfi» kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamədə yalnışlıq aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamə üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması mümkün olmamışdır. Ona görə də məhkəmə ərizəni həmin hissədə əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X10, Ərizəçi Zeyfi qızı, X5, X8 və X2 birgə mülkiyyətinə 1,32 ha həyətyanı torpaq sahəsinin verilməsini təsdiq edən JN – 340F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin Ərizəçi aid hissədə Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar