Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-329/2022 12.04.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdehlər "xxxx" ASC-nə və "xxxx" ASC-nin X1 və Satış İdarəsinə qarşı “hesablanmış cərimənin silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" ASC-nə və "xxxx" ASC-nin X1 və Satış İdarəsinə qarşı “hesablanmış cərimənin silinməsi” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, "xxxx" ASC-nin X2 və Satışı idarəsi vəzifəli şəxsinin 07 iyul 2021-ci il tarixli aktı əsasında barəsində hesablanmış 595 manat cərimənin silinməsi və həmin aktın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, yuxarıda qeyd etdiyi ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. O, işıq pulunu həmişə ödəmişdir. Lakin bu yaxın vaxtlarda İşıq İdarəsinin əməkdaşları onun yaşadığı ünvana gələrək elektrik sayğacına baxış keçirərək, qərəzli şəkildə yalandan sayğacdan kənar xəttdən istifadə edildiyi iddia edilmiş və 215544 saylı 07 iyul 2021ci il tarixli akt tərtib edilmişdir. Həmçinin həmin Akt tərtib olunarkən onların ailə üzvlərindən heç kim həmin akta imza etməmişdir. Elektrik sayğacına baxış keçirilərkən heç bir hal şahidi iştirak etməmişdir. Həmin akt əsasında cərimənin yazılması isə ona smart karta keçdikdən sonra bəlli olmuşdur. Belə ki, smart kart sisteminə keçdikdən sonra onlar ümumi borc məbləği ilə maraqlandıqda əməkdaşlar onlara bildirmişlər ki, əvvəlki sistem üzrə yaranmış borcun bir hissəsi qaz sərfiyyatına görə hesablanmamışdır, məbləğin böyük hissəsi akt əsasında hesablanmış cərimədir. Məlum olmuş ki, həmin akt əsasında 595 manat cərimə hesablanmışdır. O, tələb edib İşıq İdarəsindən aktı almışdır. Akta baxanda görmüş ki, işıq sayğacına keçirilən baxışda hal şahidlərinin iştirakı qeyd olunmuş və imzalar atılmışdır. Halbuki baxış zamanı heç bir hal şahidi orda olmamışdır. İdarədən cərimə olunmaqlarına dair qərarı tələb etsələr də, əməkdaşlar bundan imtina etmişlər. Düşünür ki, cavabdeh tərəfindən tərtib olunmuş akt və hesablanmış cərimə tamamilə əsassızdır və ləğv olunmalıdır. Tərtib olunmuş akt və həmin akt əsasında hesablanmış 595 manat məbləğində cəriməni qəbul etmir. Buna görə də üzləşdiyi problemin hüquq müstəvisində həllinə nail olmaq üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, uzun illərdir elektrik enerjisinin istehlakçısıdır, heç vaxt elektrik sayğacına və ya elektrik xətlərinə müdaxilə etməmişdir. Məhkəmə iclasında İddiaçıvə onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə1qeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərəkməhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, eyni zamanda məhkəməyə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının Qəbələ rayonu Kötüklü kəndində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********00084 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. 07.07.2021-ci il tarixdə "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin əməkdaşları V.Lətifov və X.Abdullayev tərəfindən Qəbələ rayonu, Kötüklü kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin sayğacdan kənar xətt vasitəsi ilə bir başa qoşularaq, elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32 bəndinin tələbinə uyğun olaraq, yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən 07.07.2021-ci il tarixli, R215544 saylı akt tərtib olunmuşdur. Bundan sonra 07.07.2021-ci il tarixli, R215544 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyasl tərəfindən 16.07.2021-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 365 gün üçün 0,07 manatla 3650 kvt.s (dəyəri 255.50 manat) və 0,11 manatla 3095 kvt.s (dəyəri 340.45 manat) toplamda 595.95 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. “EEİQ”-nın 8.32 bəndinin tələbinə görə “Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacının diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. “Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasıbda quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) “məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə etdiyi nəzərə alınmaqla hesabat aparılır”. Həmin qaydaların 7.11 bəndinin tələbinə görəə “ Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə mənzil (xüsusi yaşayış evinin) mülkiyyətçisi cavabdehlik daşıyır”. İddiaçının 01.03.2022-ci il tarixinə elektrik enerjisindən istifadəyə görə 987.53 manat borcu vardır. Həmçinin iddiaçının “abunə haqqında” məlumatına nəzər saldıqda açıq-aşkar görünür ki, abonent iddia ərizəsində qeyd etdiyi kimi həmin ünvanda mütəmadi yaşamış, elektrik enerjisindən istifadə etmiş, lakin heç bir sərfiyyatı olmamışdır. Lakin qüsur bərpa edildikdən sonrakı aylarda hər ay sərfiyyat olduğu açıq aşkar görünür. Bu da onu deməyə əsas verir ki, abonent kənar xəttdən istifadə etmişdir. Yuxarıda qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, İddiaçı məxsus fərdi yaşayış evinə tərtib edilmiş 07.07.2021-ci il tarixli, R215544 saylı akt “EEİQ”-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerjitəchizatı müəssisəsinə ödənilməlidir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən, İddiaçı "xxxx" ASC və "xxxx" ASC-nin Şimal-qərb RETSİ-nə qarşı “akt əsasında əsassız hesablanmış borc pulun silinməsi” tələbinə dair iddiası əsassız olduğundan tamamilə rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçını, iddiaçının etibarnamə üzrə nümayəndəsini və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 07iyul 2021-ci il tarixli, R215544 nömrəli aktdan görünür ki, “EEİQ”-nın tələblərinə uyğun olaraq sayğaca baxış keçirilmiş və məlum olmuşdur ki, abonent sayğacdan kənar xətt vasitəsi ilə istifadə edir. Eyni zamanda sayğacın alt qapaq möhürü olmamışdır. İş materillarına əlavə edilmiş R215544 nömrəli akt əsasında tərtib olunmuş 16iyul 2021ci il tarixli icra vərəqindən görünür ki, sayğaca baxış zamanı abonent sayğacdan kənar xəttdən istifadə etdiyi üçün enerji sərfiyyatı göstərilən qaydada hesablanmaqla - Witr=5A x 0,22 kVx24s x 0,7 x 365 gün=6745 kVt.s, dəyəri 3650 kVt.s x 0,07 manat = 255,50 manat, dəyəri 3095 kVt.s x 0,11 manat = 340,45 manat, cəmi 595,95 manatmüəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 099482 nömrəli “Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması” haqqında protokoldan görünür ki, abonentin borcu olduğuna görə y-elektron sayğac smart sayğacla əvəz edilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəmə baxışı zamanı təqdim edilmiş və iş materiallarına əlavə edilmiş "xxxx" ASC X3 Təchizatı və Satışı İdarəsi tərəfindən verilmiş arayışda göstərilmişdir ki, abonent kodu **********00084 kod altında qeydiyyatda olan Qəbələ rayonu, Kötüklü kənd sakini İddiaçı yaşadığı fərdi yaşayış evində 22.07.2015-ci il tarixdən 11.03.2022-ci il tarixə kimi 314,47 manat dəyərində elektrik enerjisindən istifadə edilmiş və bu müddət ərzində 60,01 manat məbləğində ödəniş olunmuşdur. 22.07.2015-ci il tarixinə kimi İddiaçı elektrik enerjisindən istifadəyə görə 128,54 manat borcu olmuşdur. Ümumilikdə İddiaçı 05.04.2022-ci il tarixinə (314,17+128,54+595,95 akt-60,01=978,65) 978,65 manat borcu vardır. İş materiallarında olan Səyyar Asan10 tərəfindən verilmiş 27.01.2016-ci il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçıxx.xx.1965-ci il tarixdə Qəbələ rayonu Tikanlı kəndində doğulmuş, Qəbələ rayonu, Kötüklü kəndində qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qəbələ rayonu Kötüklü kəndində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********00084 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. 07.07.2021-ci il tarixdə "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin əməkdaşları V.Lətifov və X.Abdullayev tərəfindən Qəbələ rayonu, Kötüklü kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin sayğacdan kənar xətt vasitəsi ilə bir başa qoşularaq, elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32-ci bəndinin tələbinə uyğun olaraq, yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən 07.07.2021-ci il tarixli, R215544 saylı akt tərtib olunmuşdur. Bundan sonra 07.07.2021-ci il tarixli, R215544 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən 16.07.2021-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 365 gün üçün 0,07 manatla 3650 kvt.s (dəyəri 255.50 manat) və 0,11 manatla 3095 kvt.s (dəyəri 340.45 manat) toplamda 595.95 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinin tələbinə görə dövlət orqanlarının, icra və s. orqanlarının aktlarının ləğv edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul edilmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 saylı 02.02.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.32-ci bəndinə əsasən, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: - Məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatıərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; - Məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatıərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfəəvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatıərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarının 1.2-ci bəndinə görə Bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiaçının sayğacdan kənar xətt vasitəsi ilə bir başa qoşularaq, elektrik enerjisindən istifadə etməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanmışdır ki, bu da yolverilməzdir. Ona görə də, məhkəmə belə hesab edir ki, iddiaçı törətmədiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşıya bilməz. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, iddiaçının sayğacdan kənar xətt vasitəsi ilə bir başa qoşularaq, elektrik enerjisindən istifadə etməsi məhkəmə zamanı sübuta yetirilməmiş, bununla bağlı sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövbudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası qeyd edilən prosessual hüquq normalarını hazırkı münasibətlər üzrə tətbiq etməzdən öncə müqayisəli təhlil edərək müəyyən edir ki, hər bir şəxs (fiziki və ya hüquqi şəxs) qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. O da nəzərə alınmalıdır ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Yuxarıda qeyd olunan qanunvericilik normalarından görünür ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti isə İddiaçı sayğacdan kənar xətt vasitəsi ilə bir başa qoşularaq, elektrik enerjisindən istifadə etməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi etiraz ərizəsində göstərdiyi hallar, iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, məhkəmə iclasında cavabdeh tərəfindən iddiaçının sayğacdan kənar xətt vasitəsi ilə bir başa qoşularaq, elektrik enerjisindən istifadə etməsi və məhz bu qanunsuz müdaxilə nəticəsində iddiaçının cavabdehə maddi ziyan vurmasına dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Cavabdehin nümayəndəsi etiraz ərizəsində ehtimallara əsaslanaraq iddiaçının cavabdehə maddi ziyan vurması qeyd etsə də, bununla bağlı sübut təqdim etməmişdir. Cavabdehin nümayəndəsi pozuntunun aşkar edilməsini təsdiq edəcək “videoçəkilişi” və aktı tərtib edən şəxsləri məhkəməyə fətirəcəyini bildirsədə, bununla bağlı ona müvafiq vaxt verilməsinə baxmayaraq qeyd etdiyi sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda məhkəmə hazırki işin R215544 saylı, 07 iyul 2021-ci il tarixli akt ləğv edilməsi hesab edilməsi hissəsi ilə bağlı qeyd edir ki, mübahisə predmeti olan aktla məsuliyyət müəyyən edilmədiyindən, həmin akt məlumat xarakteri daşımaqla iddiaçı üçün heç bir hüquqi nəticəyə səbəb olmadığından və özündə yalnız qüsurları müəyyən etdiyindən aktın özünün mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmeti ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Göründüyü kimi, mübahisə predmeti olan akt abonentin hüquqlarına müdaxilə etmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının aktın ləğv edilməsi tələbinə məhkəmədə baxılmalı olmadığından iddia tələbinin R215544 saylı, 07 iyul 2021-ci il tarixli aktın etibarsız hesab edilməsi hissəsində təmin edilməməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu tərəflərə aid edilməli və buna görə də cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat dövlət rüsumu alınaraq Qəbələ Rayon Məhkəməsinin hesabınaödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qə t e t d i : İddia tələbi qismən təmin edilsin. "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş 07iyul 2021-ci il tarixli akt əsasında yazılmış 595 (beş yüz doxsan beş) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat dövlət rüsumu alınaraq Qəbələ rayon məhkəməsinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-329/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-329/2022
12.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver