Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-360/2022 06.04.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərişıq ASC“-nin 25 yanvar 2022-ci il tarixli R 235155 saylı aktla hesablanmış və onun **********80424 saylı abonent hesabına işlənmiş 1425 (bir min dörd yüz iyirmi beş) manat məbləğində debitor borcun ləğv olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 25 yanvar 2022-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tabeçiliyində olan "X4 Təchizatı və Satışı idarəsinə (REYSİ) əməkdaşları tərəfindən ona məxsus olan və kirayə verdiyi ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilmişdir. Baxış zamanı güya sayğacın giriş fazasıyla, çıxış fazası şutlandığını, axan yük ampermetrə ilə ölçüldüyü qeyd edilməklə barəsində akt tərtib olunmuşdur. Lakin akt tərtib edilərkən onun iştirakı təmin olunmamışdır. Sonradan elektrik sayğacı güya kənar müdaxilə etdiyi üçün 1425 manat məbləğində cərimə hesablanmışdır. Cavabdeh təşkilat tərəfindən cərimənin hesablanması haqqında hər hansı bir sənədin ona verilməsindən boyun qaçırmışdır. O, cavabdeh təşkilata aktın qanunsuz olduğunu bildirsə də, heç bir nəticə olmamışdır. Tərtib olunmuş aktın surətinin dibitor borcun onun **********80424 saylı abonent hesabına işlənməsi barədə qərarın surətini ona verilməsini xahiş etmişdir. Lakin cavabdeh təşkilata çoxlu sayda müraciətindən sonra yalnız tərtib olunmuş aktın surətini ona təqdim etmişdir. Fərdi yaşayış evində quraşdırılmış smart tipli elektrik sayğacı evin içərisində deyil, evdən kənarda, həyət qapısından çöldə yerləşdiyindən hazırkı işin faktiki hallarına əsasən onun yaşadığı evin elektrik sayğacının işçi vəziyyətdə saxlanılmasına nəzarət etmək imkanı olmamış, habelə həmin sayğacın cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı baxış keçirildiyindən sayğacda olan zədələnmə, qüsur və ya digər nasazlığa görə o, məsuliyyət daşımır. "xxxx" ASC-nin tabeçiliyində olan X4 Təchizatı və Satışı İdarəsinin əməkdaşları tərəfindən onun yaşadığı evin işıq xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir, işığın sərfıyyatı barədə bildiriş tərtib edilərək ona təqdim edilir. Əgər smart tipli sayğacda hər hansı bir problem vardırsa o zaman cavabdeh təşkilatın nümayəndəsi aşkar edərdi. Yəni cavabdeh təşkilat tərəfindən hesablanan borc reallığı əks etdirmir. Ona görə də sayğaca müdaxilənin olması barədə məlumatı yoxdur. Elektrik sayğaca heç bir müdaxilə etmədiyi halda, ona qarşı qəsdən və ya qərəzli surətdə ziyan vurmağa çalışırlar. Onsuz da maddi durumu və səhhətinin ağır olduğunu bir vaxtda ”Azərişıq”əməkdaşları belə hərəkətləri ilə bir daha onu ağır duruma salmağa çalışırlar. İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bundan başqa məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır .Lakin hazırkı iddia tələbində akt tərtib edilərkən cavabdeh təşkilat tərəfindən hal şahidlərinin və onun iştirakı təmin edilməmiş və bununla da qaydaların tələbləri pozularaq akt tərtib edilmişdir. Ona görə də həmin akt mülki hüquqi məsuliyyətin yaranmasına əsas olan halı təsdiq edən sübut kimi dəyərləndirilə bilinməz və həmin aktı qanunsuz və əsassız olduğundan iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, həmçinin yazılı etiraz ərizəsi təqdim etdi və izahatında bildirdi ki, cavabdeh qərəzli və məqsədli şəkildə uydurmaları ilə yaratdıqları şəbəkə vasitəsilə vətədaşları əsassız şəkildə incidir. Onsuz da hər kəsin dərdi özünə bir yükdür. Cavabdehin bu hərəkətlər ilə vətəndaşları müxtəlif vasitələrlə qanundan kənar hərəkətlər etməyə məcbur edirlər. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hərəkətləri heç vaxt cəzalandırılmayan şıltaq uşağın hərəkətlərinə oxşayır. Onların özbaşnalıq etmələri öz qaydaları ilə fəaliyyət göstərmələri bazar təfəkkürlü insanların və bazar metodları ilə fəaliyyət göstərmələri barədə məlumatlıdırlar. Belə olan halda heç bir ədalətdən və insanlıqdan danışmaq mümkün deyil. O, buna başqa ad verməkdə çətinlik çəkir. Aşağıdakı qaydada münasibət bildirir. 1. Əgər o, abonent kimi elektrik enerjisindən istifadədə qaydaların pozuntusuna yol vermişsə o zaman, enerji təchizatı müəssisəsinin nümayəndəsi abonent (onun) və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edilməlidi. Tərtib olunmuş akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti (yəni onun) və iki nəfər hal şahidi tərəfindən imzalanır və aktın bir nüsxəsi ona verilməli idi. Hazırkı iddia tələbində akt tərtib edilərkən cavabdeh təşkilat tərəfindən hal şahidlərinin və onun iştirakı təmin olunmadığı göstərilmiş və bir neçə gündən sonra tərtib olunmuş həmin aktın surəti fəaliyyət göstərdiyi mağazada işləyən satıcıya verilmiş və satıcı tərəfindən ona çatdırılmışdır. 2. 25 yanvar 2022-ci il tarixli R235155 saylı akt tərtib edərərkən, aktın tərtibi zamanı hal şahidləri iştirak etməmişdir. Halbuki, «Elektrik enerjisindən istifadə Qaydalarımın 8.33-ci maddəsinə əsasən,məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə,enerji təchizat müəssisənin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib ediz və aktın bir nüsxəsinin məişət abonentinə verilməsini təmin etməlidir. 3. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən tərtib edilmiş etiraz məktubunda göstərilir ki, güya 25.01.2022-ci il tarixdə "Azərişıq ASC-nin əməkdaşları ona məxsus evə quraşdırılmış elektrik hesablama sayğacına onun iştirakı ilə baxış keçirilmişdir. Halbuki, akt onun iştirakı ilə yazılmayıb. Ona görə də, 25.01.2022-ci il tarixdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində tərtib edilmiş R235155 saylı akt qanunvericiliyin tələbinə uyğun yazılmamışdır. Tərtib olunmuş aktı əsasızdır. Çünki onun tərəfindən sayğaca hər hansı bir kənar müdaxilə olunmamış, kənar xətt çəkilməmiş və hansısa qanun pozuntusuna yol verilməmişdir. Odur ki, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək yazılı etiraz ərizəsi təqdim etdi və göstərdi ki, iddiaçının iddia tələbi əsassızdır və rədd olunmalıdır. Belə ki, iddiaçıya məxsus Qəbələ şəhərində yerləşən fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında X1 adına olmaqla **********80424 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. 25.01.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları N.Mahmudov və Ə.Hüseynov tərəfindən Qəbələ şəhərində yerləşən iddiaçı İVlehraliyev Pərviz Zaməddin oğluna məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının nümayəndəsi N.Mehrəliyevin iştirakı ilə “Elektrik enerjisindən istifadə Qaydalarına uyğun baxış keçirilmişdir. Baxış zamanı sayğacının giriş fazası ilə çıxış fazasının şutlandığı aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən 25.01.2022-ci il tarixli, R235155 saylı akt tərtib olunmuşdur. 25.01.2022-ci il tarixli, R235155 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən 26.01.2022-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 365 gün üçün 0.13 manatla 10792 kvt.s, dəyəri 1402.96 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən video çəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan video çəkilişdə açıq aşkar öz əksini tapır. Həmçinin iddiaçının “abunə haqqında” məlumatına nəzər saldıqda açıq aşkar görünür ki, abonentin ünvanında yaşayış olmasına baxmayaraq elektrik enerjisindən istifadəyə görə 325 gün sərfiyyatı olmamışdır. Lakin qüsur bərpa edildikdən sonra elektrik enerjisindən istifadəyə görə fevral ayında 17.28 manat sərfiyyatı olmuşdur. Bu da onu deməyə əsas verir ki, abonent şutlanmış xətt vasitəsi ilə şəbəkəyə birbaşa qoşularaq elektrik enerjisindən qeyri-qanuni istifadə etmişdir. Yuxarıda qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, iddiaçı X2 məxsus fərdi yaşayış evinə tərtib edilmiş 25.01.2022-ci il tarixli, R235155 saylı akt “EEİQ”-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerjitəchizatı müəssisəsinə ödənilməlidir. Odur ki, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan "xxxx" ASC X4 Təchizatı və Satışı İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 25.01.2022-ci il tarixli R seriyalı 235155 saylı aktdan görünür ki, "xxxx" ASC-nin əməkdaşlarının iştirakları ilə Qəbələ şəhərində **********80424 kod nömrəli istehlakçı olan İddiaçı yaşadığı fərdi evdə elektrik enerjisindən istifadə qaydalarına riayət olunub-olunmamasını yoxlayaraq, sayğacın giriş fazası ilə çıxış fazasının şutlandığı aşkar edilmişdir. "xxxx" ASC-nin X3 və Satışı İdarəsinin vəzifəli şəxsi tərəfindən 25.01.2022-ci il tarixli R seriyalı 235155 saylı akta əsasən tərtib edilmiş 26 yanvar 2022-ci il tarixli icra vərəqindən görünür ki, İddiaçı məxsus sayğacda olan oxunmamış 10792 kVt.s enerji üzrə 1402.96 manat borcu vardır. İddiaçı "xxxx" ASC-nin vəzifəli şəxsi tərəfindən hesablanmış cərimənin silinməsi ilə bağlı iddia tələbini sərfiyyatı azaltmaq üçün sayğacın giriş fazası ilə çıxış fazasını şutlayaraq elektrik enerjisindən istifadə etmədiyi ilə əsaslandırmışdır. Məhkəmənin gəldiyi hüquqi mövqe ondan ibarətdir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar sübut olunmur. Tərtib olunmuş aktdan, həmçinin cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi CD diskdən görünür ki, sayğacın giriş fazası ilə çıxış fazası şutlanmış və bu yolla elektrik enerjisindən istifadə edilmişdir. Lakin həmin fərdi yaşayış evində əvvəlki yoxlama dövrlərində həmin müdaxilə mövcud olmamışdır. Göründüyü kimi, iddiaçı həmin müdaxilənin onun tərəfindən edilmədiyini sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinin tələblərinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyi üçün, iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-360/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-360/2022
06.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver