Məhkəmə qərarları › İş №2(025)-362/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-362/2022

15.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-362/2022 15.04.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı3, onun vəkili Vəkil2, Nümayəndə3 (eyni zamanda İddiaçı1 etibarnamə üzrə nümayəndəsi), Cavabdeh4 nümayəndəsi Nümayəndə4 və Cavabdeh3 vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Nümayəndə3 cavabdehlər Cavabdeh4nə, Cavabdeh3, Qəbələ Regional "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Nümayəndə3 cavabdehlər Cavabdeh4nə, Cavabdeh3, Qəbələ Regional "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ regional Cavabdeh1ndəki notariat ofisində Cavabdeh4 ilə Cavabdeh3 arasında bağlanılmış 27.08.2021-ci il tarixli AN – İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi və onun əsasında daşınmaz əmlakın dövlət reyestrindən 20.09.2021-ci il tarixində Cavabdeh3 adına alınmış ********** qeydiyyat nömrəsi olan çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İşin faktiki halları: İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, 1984-cü ilin sentyabr ayında rəsmi sənəd kimi alınmış şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda hal-hazırda yaşadıqları ünvan 1 ünvanındakı (əvvəllər H.Aslanov 40 olan) 0,12236 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki köhnə tikililər 1996-cı il tarixinədək, yəni “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək və ondan sonra da onların ailənin istifadəsində və sahibliyində olmuşdur. Lakin Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 28 fevral 2001-ci il tarixli, 03 saylı qərarı ilə ailə üzvlərinə, yəni mərhum X3 və onlara, İddiaçı1, İddiaçı2, İddiaçı3, Nümayəndə3 Qəbələ rayonu, Qəbələ şəhər ərazisindəki yaşadıqları 0,12236 ha torpaq sahəsinin 0,07 ha hissəsi fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı kimi mülkiyyətlərinə verilmiş və digər torpaq sahəsi isə (zəbt torpaq) bələdiyyə mülkiyyəti kimi Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunmuşdur. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə texniki səhv olaraq soyadlar “Abduramanov, Abdurahmanova, Abdurahmanova, Abdurahmanov, Abdurahmanlı” kimi qeyd olunmuşdur. Torpaq sahələrinin bir hissəsi zəbt torpaq (şəhadətnamədə 9211 BB) kimi qeyd olunmasına baxmayaraq 60-70 ildən artıqdır ki, həmin ərazidə onlar tərəfindən müxtəlif ağaclar əkilmiş, ərtafı daş hasara alınmış və ötən ilin əvvəllərindən fərdi yaşayış evi də tikilməyə başlanılmışdır. Bütün bunlara baxmayaraq təxminən 2 ay bundan əvvəl Qəbələ rayon məhkəməsindən yaxın qohumları X8 ünvanına məktub daxil olmuş və məktubu oxuduğu zaman iddiaçı Cavabdeh3 onların yaşadıqları və yeni tikilmiş fərdi yaşayış evinin də olduğu 0,042 ha torpaq sahəsinin Qəbələ bələdiyyəsindən onların xəbərləri olmadan alqı-satqı edərək aldığını, sonradan daşınmaz əmlakın dövlət reyestrindən 20.09.2021-ci il tarixində ********** qeydiyyat nömrəsi olan çıxarış və Torpaq sahəsinin planı və ölçüsü əldə olunduğu məlum olmuşdur. Onların istifadələrində və sahibliklərində olan 0,042 ha torpaq sahəsinin necə və hansı qaydada Cavabdeh3 adına rəsmiləşdirilməsini öyrənmək üçün Qəbələ regional Cavabdeh1ndəki notariat ofisinə sorğu verilmiş və məlum olmuşdur ki, 27.08.2021-ci il tarixli AN – İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən Cavabdeh4 onların istifadələrində olan 0,042 ha torpaq sahəsini 2942 manat 80 qəpikə iddiaçı Cavabdeh3 satmışdır. Onların isə bu əsassız və qanunsuz sənədləşmə işlərindən xəbərləri olmamışdır. Ona görə də mülkiyyət hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etməli olmuşlar. İddiaya Etiraz: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi 13.04.2022-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsilə etiraz ərizəsi təqdim edərək göstərmişləri ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 və Nümayəndə3 cavabdehlər Qəbələ regional Cavabdeh1ndə Notariat ofisinə, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X22 9 saylı Qəbələ Ərazi İdarəsinə, Qəbələ bələdiyyəsinə və Abdurahmanova Xalidə Həsən qızına qarşı alqı-satqı müqaviləsinin, həmin torpaq sahələrinə hüquqların dövlət qeydiyyatı haqqında verilmiş çıxarışların etibarsız hesab edilməsi ilə bağlı iddia ərizəsini qəbul etmirlər. Belə ki, Qəbələ Bələdiyyəsi qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun qeyd olunan torpaq sahələri ilə bağlı müvafiq dövlət orqanlarının rəylərini alaraq bələdiyyənin hüquqlarını həmin torpaq sahələri üzərində dövlət qeydiyyatına aldırmışlar. Bu barədə müvafiq qərar qəbul etmişdir. Həmin qərar Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət funksiyasını həyata keçirən orqan Şəki Regional Ədliyyə İdarəsinə göndərilmişdir. Daha sonra bələdiyyə ilə Cavabdeh3 alqı-satqı müqavilələri bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinin tələblərinə görə Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Yekun olaraq qeyd olunan torpaq sahələrini qanuni yolla əldə edən şəxs həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X22 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X22 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq çıxarış və plan ölçü sənədləri verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının Prosessul Məcəlləsinin 154-cü maddəsini rəhbər tutaraq, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş edirlər. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçılar İddiaçı2, İddiaçı3 və Nümayəndə3 (eyni zamanda İddiaçı1 etibarnamə üzrə nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Eyni zamanda göstərmişlər ki, bələdiyyə tərəfindən mübahisəli torpaq sahəsi onların zəbtində olmasına baxmayaraq əsassız olaraq bələdiyyənin mülkiyyətinə keçirilmişdir. Beləliklə də, əsassız olaraq bələdiyyə tərəfindən həmin torpaq sahəsi Cavabdeh3 satılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı3 vəkili Vəkil2 iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda göstərdi ki, şəhadətnaməyə əsasən iddiaçılara verilən torpaq sahəsi 7 sot olmuşdur. Faktiki olaraq həmin torpaq sahəsi 12 sotdur. 7 sot sənədlə verilib, qalanı da faktiki istifadələrində olub. Dədə-baba torpaqları olub, bu ərazi barədə heç vaxt mübahisə olmayıb. İslahat zamanı torpaq sahəsinin bir hissəsi bələdiyyə torpağı kimi qalıb. Bələdiyyə torpağı kimi qeyd olunsa da, faktiki iddiaçıların istifadəsində olub, kənar şəxslər ordan istifadə etməmişdir. Şəhadətnamədə də həmin torpaq sahəsi BB kimi işarə olunub, yəni zəbt torpaq kimi. Ötən il iddiaçılardan xəbərsiz sənədləşmə işlər aparılıb. Bələdiyyə sənədləşmə işləri aparıb, alqı-satqı etmişdir. Lakin həmin vaxt nə elan verib, nə iddiaçılara təklif olunmuşdur. Hər bir halda bələdiyyə elan verməli və hərrac keçirilməli idi. Bələdiyyə birbaşa satış həyata keçirməməli idi. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək göstərdi ki, tərəflərin təqdim etdiyi texniki pasportda torpaq sahəsi 14 sot qeyd olunmuşdur. İddiaçı tərəf 12 sot torpaq sahəsindən bəhs edir, ancaq düz qeyd etmirlər. İş materiallarına X4 adına verilmiş Şəhadətnamə əlavə olunmuşdur. Həmin Şəhadətnamənin 3-cü vərəqində qonşu torpaqlar qeyd olunmuşdur. 700 kvadrat olmaqla biri X1, digəri 700 kvadrat olmaqla X9 adına verilmişdir. Həmin şəhadətnamələrin ümumilikdə əhatə etdiyi torpaq sahəsi 1400 kvadrat təşkil edir. Həmin 1400 kvadrat texniki pasportda qeyd edilmiş 1400 kvadratdır. BB kimi göstərilən ərazi üzrə isə onu qeyd edir ki, BB şərti olaraq bələdiyyə boş adlandırılır və o zəbt torpaq demək deyil. Texniki pasport tərtib olunanda heç bir hüquq müəyyən edici sənədə istinad olunmamışdır. Texniki pasport heç bir hüququ əks etdirməyən sənəddir, sadəcə texniki parametrləri göstərən sənəddir. Bu da onu göstərir ki, həmin vaxt 1984-cü ildə həmin torpaq boş sahə olmuşdur. Texpasportdakı sahə də 700-700 bölünmüş, islahatda biri oğluna, biri də Həsənə verilmişdir. Həmin sahə də islahat vaxtı bələdiyyənin boş torpaq sahəsi kimi qalmışdır. Qanunvericiliyə uyğun olaraq da, Qəbələ rayonu ərazisində 5 ildən artıq qeydiyyatda olan Cavabdeh3 satılmışdır. Tərəflərin də bu iddianı qaldırmaga ilk növbədə subyektiv hüququ yoxdur. Göstərdikləri hal təqdim etdikləri sənədlərlə öz təsdiqini tapmır. Mülkiyyətçi kimi bələdiyyə torpaq sahəsini istədiyi şəxsə alqısatqı edə bilər. Eyni zamanda məhkəmənin diqqətinə çatdırır ki, Xalidə Abdurəhmanova iddiaçıların ögey bacısıdır. Bu səbəbdən iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında Cavabdeh4 nümayəndəsi Nümayəndə4 iddia tələbini qəbul etməyərək göstərdi ki, bələdiyyə tərəfindən bütün sənədləşmə işləri qanunauyğun şəkildə həyata keçirilmişdir. Belə ki, bələdiyyə mübahisəli torpaq sahəsinə dair çıxarış almış, daha sonra isə həmin torpaq sahəsini Cavabdeh3 satmışdır. İddiaçılar həmin torpaq sahələrinin onların zəbtində olduğunu qeyd etsələr də, bununla bağlı heç bir sübut təqdim etməmişlər və zəbtlərində olduğu torpaq sahəsinə görə vergi ödəmələri barədə heç bir məlumat yoxdur. Bu səbəbdən iddia əsassız olduğundan təmin edilməməlidir. Cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə və Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinin və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsininin nümayəndələrinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, tərəflərin izahatlarını və çıxışlarını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Mülki işdə olan sənədlər: Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 02 avqust 2021-ci il tаrixdə verilmiş ********** qeydiyyat nömrəli, **********08 reyestr nömrəli Çıxаrışın surətinə görə Qəbələ şəhəri, Bakıxanov küçəsi, 1B ünvanında yerləşən 0,0420 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində 208 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair 02.08.2021-ci il tarixdə, A№635954 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İş materiallarında olan Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən Arayışın surətindən görünür ki, 27.08.2021-ci il tarixinə olan məlumata əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 02 avqust 2021-ci il tаrixdə verilmiş ********** qeydiyyat nömrəli, **********08 reyestr nömrəli Çıxаrışla Cavabdeh4 mülkiyyətinə verilmiş Qəbələ şəhəri, Bakıxanov küçəsi, 1B ünvanında yerləşən 0,0420 ha torpaq sahəsində məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır. İş materiallarında olan Cavabdeh4 tərəfindən verilmiş 26 avqust 2021-ci il tarixli, 169 nömrəli arayışın surətindən görünür ki, ünvan 4 ünvanda yaşayan Cavabdeh3 son beş il ərzində Cavabdeh4 tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışdan görünür ki, Cavabdeh3 05 oktyabr 2005-ci il tarixdən Qəbələ şəhəri, Ə.Cavad küçəsi, ev 7 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Cavabdeh4 25 avqust 2021-ci il tarixli, 18№-li protokoldan çıxarışdan görünür ki, ünvan 7 ünvanda yerləşən, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ərazidən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixli, qeydiyyat nömrəsi **********, Daşınmaz əmlakın reyestr nömrəsi **********08 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 0,042 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə 5 ildən artıq Qəbələ şəhəri, Ə.Cavad küçəsi, ev 7 ünvanda yaşayan Cavabdeh3 satılması qərara alınmışdır. İş materiallarında olan Qəbələ regional Cavabdeh1ndə 4Ə-871 reyetr nömrəsi ilə qeydə alınmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqısına dair 27 avqust 2021-ci il tarixli müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh4 sədri X10 şəhəri, Bakıxanov küçəsi, 1B ünvanında yerləşən, ümumi sahəsi 0,042 ha olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən göstərilən hissəni (hissələri) alıcı Cavabdeh3 2942 manat 80 qəpiyə satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 20 sentyabr 2021-ci il tаrixdə verilmiş ********** qeydiyyat nömrəli, **********77 reyestr nömrəli Çıxаrışın surətinə görə Qəbələ şəhəri, Bakıxanov küçəsi, 1B ünvanında yerləşən 0,0420 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair 20.09.2021-ci il tarixdə, A№644916 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İş materiallarında olan JN-1265F (kod:********) saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»dən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001ci il tarixli, 03 saylı qərarı ilə X1, X5, X2, X6 və X7 birgə mülkiyyətinə Qəbələ şəhərində 0,07 ha həyətyanı torpaq sahəsi verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Konstitusiyanın 13-cü maddəsinin İİ hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsi isə müəyyən edir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyətin növündən asılı olmayaraq mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl dəyərlərindən biri hesab olunur. Mülkiyyət hüququ ümumbəşəri dəyər kimi İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. Beləliklə, mülkiyyət, konstitusiya quruluşunun əsaslarını təşkil edən dəyərlərdən biridir və hüquqi dövlətdə mülkiyyət hüququ onun növündən asılı olmayaraq bir-birindən üstün olmadan qorunmalıdır. Mülkiyyətin bu növləri bazar dövriyyəsində olan torpaqlara da aiddir. Belə ki, torpaq alqı-satqının, icarənin, istifadənin və digər əqdlərin predmeti ola bilər. Azərbaycan Respublikasında XX əsrin 90-cı illərinin ortalarından başlanan torpaq islahatı torpaqların fərqli mülkiyyət növlərində istifadəsini mümkün etdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 156.1-ci maddəsinə əsasən Bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 241.2-ci maddəsinə əsasən Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 1996-cı il 16 iyul tarixli Qanununa (bundan sonra – “Torpaq islahatı haqqında” Qanun) əsasən vahid torpaq fonduna dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları), bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları) və xüsusi mülkiyyətə verilən torpaqlar daxil edilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsinə görə Bələdiyyə torpaqlarının idarə edilməsi ilə bağlı, habelə bələdiyyələr ilə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilən hallar istisna olmaqla, bu Qanunun 9.1-ci maddəsində müəyyən edilmiş əsaslarla mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini beş il müddətində özgəninkiləşdirə bilməz. Belə məhdudiyyət bələdiyyənin qərarında və bu Qanunun 6.2-ci maddəsinə əsasən tərəflər arasında bağlanmalı olan müqavilədə nəzərdə tutulmalıdır. Həmin Qanunun 10-cu maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin səahiyyətlərinə aid edilmişdir. Həmin Məcəllənin 56-cı maddəsinin 4-cü bəndinə əsasən bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və həlak olanların ailəsinə, yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, təsərrüfatla məşğul olmaq istəyən gənclərə; müvafiq ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə; müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına üstünlük verilir. Məhkəmənin mövqeyi (1): Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 02 avqust 2021-ci il tаrixdə verilmiş ********** qeydiyyat nömrəli, **********08 reyestr nömrəli Çıxаrışa əsasən Qəbələ şəhəri, Bakıxanov küçəsi, 1B ünvanında yerləşən 0,0420 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində 208 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh4 25 avqust 2021-ci il tarixli, 18№-li protokoluna əsasən, ünvan 7 ünvanda yerləşən, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ərazidən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixli, qeydiyyat nömrəsi **********, Daşınmaz əmlakın reyestr nömrəsi **********08 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 0,042 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə 5 ildən artıq Qəbələ şəhəri, Ə.Cavad küçəsi, ev 7 ünvanda yaşayan Cavabdeh3 satılması qərara alınmışdır. Qəbələ regional Cavabdeh1ndə 4Ə-871 reyetr nömrəsi ilə qeydə alınmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqısına dair 27 avqust 2021-ci il tarixli müqaviləyə əsasən satıcı Cavabdeh4 sədri X10 şəhəri, Bakıxanov küçəsi, 1B ünvanında yerləşən, ümumi sahəsi 0,042 ha olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən göstərilən hissəni (hissələri) alıcı Cavabdeh3 2942 manat 80 qəpiyə satmışdır. Sözügedən alqı-satqı müqaviləsinə əsasən Azərbaycan Respublikası Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 20 sentyabr 2021-ci il tаrixdə verilmiş ********** qeydiyyat nömrəli, **********77 reyestr nömrəli Çıxаrışa əsasən Qəbələ şəhəri, Bakıxanov küçəsi, 1B ünvanında yerləşən 0,0420 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiçılar Qəbələ regional Cavabdeh1ndəki notariat ofisində Cavabdeh4 ilə Cavabdeh3 arasında bağlanılmış 27.08.2021-ci il tarixli AN – İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi və onun əsasında daşınmaz əmlakın dövlət reyestrindən 20.09.2021-ci il tarixində Cavabdeh3 adına alınmış ********** qeydiyyat nömrəsi olan çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab olunmasını xahiş edirlər. Cavabdehlər isə, o cümlədən Bələdiyyənin nümayəndəsi göstərilən halları qəbul etmir və iddia tələbinin təmin edilməməsini xahiş edirlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Hazırkı iş üzrə iddiaçılar Cavabdeh4 ilə Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsini tələb edirlər. Buna əsas kimi Cavabdeh4 tərəfindən Cavabdeh3 satılmış 0,0420 ha torpaq sahəsinin uzun müddət onların faktiki istifadə və sahibliklərində olmalarını, torpaq sahəsinin bələdiyyə tərəfindən satışa çıxarılarkən onlara təklif edilmədiyini, həmin torpaq sahəsi satılarkən hərrac və müsabiqə keçirilmədiyini və nəticədə qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının pozulduğunu bildirmişlər. Hazırkı iş üzrə iddia tələbi barədə məhkəmə qeyd edir ki, mülki iş üzrə iddia tələbinin əsaslandırılması baxımından “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 4-cü bəndinə diqqət yetirilməlidir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə nəzər yetirdikdə müəyyən olunur ki, qanunverici bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqlarının yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə əldə edilə bilməsini göstərmiş, istisna hal kimi isə bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması halını nəzərdə tutmuşdur. Sözügedən maddənin məhkəmə tərəfindən tövsifi zamanı müəyyən olunur ki, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması zamanı bələdiyyələr tərəfindən açıq torpaq hərracları və ya müsabiqələri keçirilməsinə zərurət yoxdur. İş materiallarında olan 4Ə-871 reyestr nömrəli, 27.08.2021-ci il tarixli notariat işində olan Cavabdeh4 tərəfindən verilmiş 26 avqust 2021-ci il tarixli, 169 nömrəli arayışa əsasən müəyyən olunur ki, ünvan 4 ünvanda yaşayan Cavabdeh3 son beş il ərzində Cavabdeh4 tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmamışdır. Eyni zamanda həmin notariat işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışdan görünür ki, Cavabdeh3 05 oktyabr 2005-ci il tarixdən Qəbələ şəhəri, Ə.Cavad küçəsi, ev 7 ünvanında qeydiyyatdadır. İş materiallarında olan sənədlərdən göründüyü kimi bələdiyyə mülkiyyətində olan 0,0420 ha torpaq sahəsini Cavabdeh3 alqı-satqı müqaviləsi əsasında satmış və sonuncu 5 ildən artıq müddətdir ki, Qəbələ rayonunda qeydiyyatdadır və ona son beş il ərzində Cavabdeh4 tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmamışdır. Göründüyü kimi Cavabdeh4 ilə Cavabdeh3 arasında bağlanan alqı-satqı müqaviləsi zamanı bələdiyyə tərəfindən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərinə riayət edilmişdir. Bunun əksini sübut edən hallar isə iddiaçılar tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə məhkəmə o halıda qeyd edir ki, iddiaçılar iddia tələbinin əsası kimi Cavabdeh4 tərəfindən Cavabdeh3 satılmış 0,0420 ha torpaq sahəsinin uzun müddət onların faktiki istifadə və sahibliklərində olmalarını, torpaq sahəsinin bələdiyyə tərəfindən satışa çıxarılarkən onlara təklif edilmədiyini, bu səbəbdən onların qanunvericlikdə nəzərdə tutulmuş hüquqlarının pozulmasını qeyd etsələr də, konkret hansı qanun normasının pozulmasına istinad etməmişlər. Məhkəmə isə həmin hala münasibət bildirərək göstərir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü bəndinə əsasən bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və həlak olanların ailəsinə, yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, təsərrüfatla məşğul olmaq istəyən gənclərə; müvafiq ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə; müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına üstünlük verilir. Göründüyü kimi qanunverici bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkilfilər irəli sürüldükdə bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə üstünlük verildiyini göstərmişdir. Yəni, sözü gedən maddənin məhkəmə tərəfindən tövsifi zamanı müəyyən edilir ki, bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri keçirilməsi zamanı bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə üstünlük verilir. Hazırkı işdən isə görünür ki, Cavabdeh4 tərəfindən Cavabdeh3 0,0420 ha torpaq sahəsi satılarkən torpaq hərracları və ya müsabiqələri keçirilməmiş, keçirilməməsinə səbəbə isə məhkəmə tərəfindən münasibət bildirilmişdir. Bundan başqa məhkəmə o halı da nəzərə alır ki, iddiaçılar Cavabdeh4 mülkiyyətində olmuş 0,0420 ha torpaq sahəsinin uzun müddət onların istifadəsində və sahibliyində olmasını qeyd etsələr də, bunu təsdiqləyən faktları (qanuni istifadə ilə faktları) məhkəməyə təqdim etməmişlər. Məhkəmə iclasında isə Cavabdeh4 nümayəndəsi Nümayəndə4 iddiaçıların sözü gedən torpaq sahəsini zəbtinə dair bələdiyyə heç bir məlumat olmadığını, həmin torpağın istifadəsi ilə bağlı iddiaçılar tərəfindən bələdiyyə heç bir vergi ödənişi edilmədiyini göstərmişdir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. İddiaçılar isə iddia tələbini sübut edən halları məhkəməyə təqdim edə bilməmişlər. Məhkəmənin mövqeyi (2): Məhkəmə qeyd edir ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Bu səbəbdən məhkəmə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mülkiyyət hüququ da belə hüquqlardan biridir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa aydın olur ki, hazırki iş üzrə iddiaçılar hazırkı tələblə bağlı iddia vermək üçün subyektiv hüquqa malik olmamışlar. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçıları hazırki məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibləri kimi qəbul etmək mümkün deyildir. Belə ki, iddiaçılar hansı hüquq və azadlıqlarının, eləcə də maraqlarının pozulduğunu sübut etmədən tələblərinin təmin edilməsini məhkəmədən tələb etmişlər. Məhkəmə zamanı isə müəyyən olunmuşdur ki, Cavabdeh4 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 02 avqust 2021-ci il tаrixdə verilmiş ********** qeydiyyat nömrəli, **********08 reyestr nömrəli Çıxаrışa əsasən Qəbələ şəhəri, Bakıxanov küçəsi, 1B ünvanında yerləşən 0,0420 ha torpaq sahəsinin mülkiyyətçisidir və mülkiyyətində olan torpaq sahəsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada Cavabdeh3 satmışdır. Mülki məhkəmə icraatının vəzifələrini təsbit edən MPM-nin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4-cü maddəsinin 4.1-ci hissəsində isə deyilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə, qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ-hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Bu müddəalara əsaslanaraq hüquqi baxımdan mənafe və maraqları iki qrupa bölmək olar: subyektiv hüquqlarda əhatə olunan mənafe və maraqlar; subyektiv hüquqlardan kənar mövcud olan mənafe və maraqlar. “Mənafe” və “maraq” ifadələrinin geniş sosial məzmun daşımasına əsaslanaraq demək olar ki, subyektiv mülki hüquqlar mənafe və maraqların mühafizəsinin yeganə forması deyildir. Mülki hüquqi mübahisəni həll edən məhkəmələr bir qayda olaraq iddiaçının subyektiv hüquqa malik olmasını müəyyən etdikdə həmin hüququn müdafiəsini təmin edir. Bu hallarda məlumdur ki, məhkəməyə müraciət edən şəxsin marağı pozulmuş və yaxud mübahisələndirilmiş hüquqlarının bərpa olunmasında özünü göstərir. Məsələn, əmlakını qanunsuz şahiddən tələb edən şəxsin marağı həmin əmlak üzərində mülkiyyət hüququnu bərpa etməkdən ibarətdir. Məhkəmə iddiaçının tələb etdiyi əmlak üzərində mülkiyyət hüququnun olmasını müəyyən etdikdə onun iddiasını təmin edir. Bu baxımdan qeyd etmək lazımdır ki, fiziki və hüquqi şəxslərin subyektiv hüquqları normativ hüquqi aktlarda (obyektiv hüquqda) ifadə olunmaqla, hüquq münasibətlərində səlahiyyətə çevrilir. Subyektiv hüquqa malik olan şəxslər bu hüquqa qarşı vəzifə daşıyan şəxslərdən müəyyən hərəkətləri etməyi tələb etmək səlahiyyətinə malik olur. Ən başlıcası ondan ibarətdir ki, bu və ya digər subyektiv hüququn tanınması üçün qanunvericilikdə norma olmalıdır. Qanunvericilikdə bu və ya digər hərəkətlə əlaqədar imkan müəyyən edilmədikdə subyektiv hüquqların mövcudluğu qeyri-mümkün olur. İddiaçılar isə hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət edərkən konkret hansı subyektiv hüquqların pozulmasına dair qanunvericilikdə nəzərdə tutulmuş normaya istinad etməmiş, eyni zamanda məhkəmə zamanı hansı hüquqlarının pozulmasını təsdiqləyən sübutları məhkəməyə təqdim etməmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıların hazırkı iddia tələbi ilə bağlı subyektiv hüquqları yoxdur. Çünki onlar, mübahisəli torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişlər, torpaq sahəsinin həmin torpaq sahəsi olması təsdiq olunmur, torpaq qanunla müəyyən olunmuş qaydada rəsmi qaydada icarələrində olmamış və mübahisəli torpağa iddiaçıların aidiyyatı ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçılar iddia tələbində Qəbələ şəhəri, Bakıxanov küçəsi, 1B ünvanında yerləşən 0,0420 ha torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 02 avqust 2021-ci il tаrixdə verilmiş ********** qeydiyyat nömrəli, **********08 reyestr nömrəli Çıxаrışı mübahisələndirməsələr də, məhkəmə zamanı izahatlarında həmin çıxarışın etibarsız olduğunu qeyd etmişlər. Məhkəmə iddiaçı tərəfin Cavabdeh4nə məxsus olan hüquq müəyyənedici sənədin (********** qeydiyyat nömrəli, **********08 reyestr nömrəli çıxarışın) əsassız və qanunsuz əldə edilməsinə də münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstrilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhkəmə daşınmaz əmlak barədə reyestrin məzmununun qeyri-dəqiqliyinin müəyyən olunmasını iddiaçıların bunu sübut etməsi ilə əlaqələndirir. Məhz iddiaçılar reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. İşin faktiki hallarından göründüyü kimi iş üzrə iddiaçılarda belə bir etirazın olması barədə heç bir məlumat olmamış, həmin əmlakla bağlı dövlət reyestrini aparan orqanda etiraz, yüklülük və s. barədə heç bir rəsmi məlumat olmamışdır. Həmin torpaq sahəsini əldə edən şəxs (Cavabdeh4) də məhz daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək reyestr qeydiyyatını mötəbər sübut kimi qəbul etmişdir. Beləliklə də məhkəmə qeyd edir ki, nə qədər ki, mübahisəli torpaq sahəsinə dair Cavabdeh4nın adına çıxarış verilmişdir, həmin torpaq sahəsinin üzərində hər hansı yüklülük, qadağa və s. qeydə alınmamışdır, onda həmin vəziyyətdə qeyd olunan sənədə münasibətdə reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuş olur. Eyni zamanda, Cavabdeh4 adına tərtib edilmiş dövlət reyestrindən Çıxarışın verilməsinə əsas olmuş reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmədiyindən qeyd olunan hüquq müəyyənedici sənədin həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə mülki iş üzrə sübutlara məcmu halında qiymət verərək, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Nümayəndə3 cavabdehlər Cavabdeh4nə, Cavabdeh3, Qəbələ Regional "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinə qarşı "alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab olunması” tələbinə dair iddiaları təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Nümayəndə3 cavabdehlər Cavabdeh4nə, Cavabdeh3, Qəbələ Regional "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinə qarşı "alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab olunması” tələbinə dair iddiaları təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar