Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-41/2021 02.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac idarəsinin etibarnamə üzrə nümayəndəsi X1 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (arvadı) Nümayəndə iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac idarəsinin Cavabdeh qarşı «qaz kəmərinin mühafizə zonasında inşa edilən tikililərin sökülməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac idarəsi Cavabdeh qarşı «qaz kəmərinin mühafizə zonasında inşa edilən tikililərin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Qəbələ rayonu Böyük Əmilli kəndi ərazisində keçən qaz kəmərinin mühafizə zonasında quraşdırılmış dəmir lövhələrdən ibarət hasarın və inşa edilməkdə olan fərdi yaşayış evinin cavabdehin öz vəsaiti hesabına sökülərək, 325 mm-lik Qəbələ QPS qolu qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ rayonunun Böyük Əmilli kəndi ərazisində Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarının tələbləri pozularaq, Qəbələ rayonunun, Böyük Əmilli kəndi ərazisindən keçən 325 mm-lik “Qəbələ QPS” qolu yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasında, kəmərdən 35 metr məsafədə dəmir lövhələrdən ibarət hasar quraşdırılmış və mişar daşından fərdi yaşayış evi inşa olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarının 2.23-cü bəndinə əsasən Magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Həmin qərarın 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Göstərilən məsafədə hər hansı bir tikinti inşa olunması qadağandır. Cavabdeh tərəfindən inşa edilməkdə olan yaşayış evinin yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Kəmərin zədələnməsi və qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə səbəb ola bilər. “Qaz İxrac” İdarəsinin Ağdaş magistral X6 tərəfindən cavabdehə tikintinin dayandırılması və adı çəkilən qaz kəmərinin mühafizə zonasından sökülüb köçürülməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tələbləri yeirnə yetirməmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsilə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac idarəsinin iddia ərizəsi tamamilə əsasızdır və onun mülkiyyətçi kimi konstitutsiya və qanunlarla qorunan hüquqlarını məhdudlaşdırır. Belə ki, Qəbələ rayonu Aqrar İslahat komisiyasının xx xxxxxx 1997-ci il tarixli JN-32F Nömrəli qərarı ilə Qəbələ rayonunun Böyük Əmilli kəndində yerləşən torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnaməyə əsasən onun mülkiyyətinə verilmişdir. Hüquqlarının dövlət qeydiyyatına alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reseytri Xidmətinə müraciət edərək xüsusi mülkiyyət hüququnu təsdiq etdirmişdir. Magistral qaz boru kəmərlərinin mühafizəsindən bəhs edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın 2.7-ci bəndində göstərilmişdir ki, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir. Yeraltı qaz kəmərlərindən binalara və tikililərə qədər olan məsafəyə aid 2 nömrəli əlavədə orta təzyiqli qaz kəmərlərinin bina və qurğuların özüllərinə qədər məsafəsi 4 metr, aşağı təzyiqli qaz kəmərlərinin məsafəsi isə 2 metr müəyyən olunmuşdur. İddiaçı «Azəriqaz» İB hazırki iddia ilə məhkəməyə müraciət edərək, ona məxsus yaşayış evinin özülünü və dəmir hasarı əvəzi ödənilmədən öz vəsaiti hesabına sökülməsini xahiş etmiş və iddia tələbinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci və Torpaq Məcəlləsinin 111-ci maddələrinə, habelə «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci hissəsinə istinad etmişdir. İddiaçının mübahisələndirdiyi torpaq sahəsi və onun üzərində inşa edilən tikili qanuni əsaslarla onun xüsusi mülkiyyətində olan torpaq sahəsində, başqa sözlə- JN-32F Nömrəli nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Qəbələ rayonunun Böyük Əmilli kəndində 0,17 ha torpaq sahəsi Qəbələ rayon AİK-xx xxxxxx 1997-ci il tarixli qərarı ilə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reseytri Xidmətinin xx.xx.2020ci il tarixli reyesterdən ÇİXARİŞ əsasında onun xüsusi mülkiyyətinə verilmişdir. JN-32F Nömrəli nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Qəbələ rayonunun Böyük Əmilli kəndində 0,17 ha torpaq sahəsi Qəbələ rayon AİK-nın xx xxxxxx 1997-ci il tarixli qərarı ilə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reseytri Xidmətinin xx.xx.2020-ci il tarixli reyesterdən ÇİXARİŞ əsasında onun xüsusi mülkiyyətinə verilmişdir. Hazırkı iş üzrə sözügedən yaşayış evi və dəmir hasar Qəbələ rayon AİK-nın xx xxxxxx 1997-ci il tarixli qərarı ilə JN-32F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə onun mülkiyyətinə verilmiş torpaq sahəsində tikilməkdədir. Həmin tikili Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reseytri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə xüsusi mülkiyyət hüququ tanınan torpaq sahəsində tikilir və onun bu hüquqları Avropa Məhkəməsinin presedent hüququna əsasən 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyət» anlamını təşkil edir. Ona məxsus yaşayış evinin əvəzi ödənilmədən sökülməsi yolverilməzdir. İddiaçının qaldırdığı məsələ yalnız tərəflərin qarşılıqlı razılaşması yolu ilə, o cümlədən qaz kəmərinin yerini dəyişmək, müvafiq kompensasiya ödəmək və ya başqa ərazidə torpaq təklif etmək və s. şərtlər daxilində həll oluna bilər. İddiaçı hər hansı hüquqi əsas, o cümlədən mülkiyyətçi kimi onun razılığı olmadan mülkiyyətçinin öz mülkiyyətində inşa etdirdiyi yaşayış binasının və dəmir hasarın sökülməsi tələbi qoymaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün iddiaçının tələbi əsassız sayıb məhkəmə tərəfindən təmin edilməməlidir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac idarəsinin etibarnamə üzrə nümayəndəsi X1 qeyd olunanlara uyğun izahat verərək, iddianı müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Həmçinin iddiaçının nümayəndəsi qaz kəmərinin mühafizə zonasında inşa edilən tikililərin cavabdehə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsində inşa edildiyini bildiklərini, həmin şəhadətnaməni və çıxarışı mübahisələndirmədiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (arvadı) Nümayəndə izahatında etiraz ərizəsində göstərilənlərə uyğun izahat verib göstərmişdir ki, iddiaçının qeyd etdiyi torpaq sahəsinə mülkiyyət hüquqlarını təsdiq edən sənəd, yəni Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarış var. Həmin torpaq “yaşayış məntəqə” torpağı kateqoriyasına aiddir. İddiaçı hər hansı hüquqi əsas, o cümlədən mülkiyyətçi kimi onun razılığı olmadan öz mülkiyyətində inşa etdirdiyi hasarın və inşa edilməkdə olan fərdi yaşayış evinin sökülməsi tələbini qoymaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün iddiaçının tələbinin əsassız sayıb iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehin etibarnamə üzrə nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac idarəsinə məxsus D-325 mm-lik Qəbələ QPS qolu qaz kəmərinin Qəbələ rayonu Böyük Əmilli kəndi ərazisindən keçən hissəsində kəmərin mühafizə zonasında, kəmərdən 35 metr məsafədə dəmir lövhədən ibarət hasar və mişar daşından fərdi yaşayış evi inşa olunmuş və aktın doğruluğunu Ağdaş XİX-in rəisi Emin Mehdiyev, TİŞ-nin rəisi Anar Rəsulov, Ağdaş XİX-in ustası Fidail Səfərov və xətt baxıcısı Fərhad Babazadə öz imzaları təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il qeydiyat tarixli, ********** qeydiyyat nömrəli, reyestr nömrəsi **********20 olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»dan müəyyən olunur ki, Cavabdeh mülkiyyətinə Qəbələ rayonu Böyük Əmilli kəndində 0,13 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X5 tərəfindən xx.xx.2020-ci il tarixdə həmin torpaq sahəsinə dair AA 525317 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” X4 X6 tərəfindən Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevə ünvanlanan xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının vaxtında alınması, magistral qaz kəmərinin normal istismarına şərait yaradılması məqsədilə tikinti işlərinin dayandırılması üçün müvafiq köməklik göstərilməsi və lazımı tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Qəbələ Rayonu İcra Hakimiyyəti Başçısı Aparatının “Qaz ixrac” idarəsinin rəisi cənab Əkbər Hacıyevə ünvanladığı xx xxxxxxxx 2020-ci il tarixli məktubla Böyük Əmilli kənd sakini Cavabdeh özbaşına apardığı tikinti işləri barədə məlumatların müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə, rayon polis şöbəsinə və Böyük Əmili kənd inzibati ərazi nümayəndəliyinə göndərildiyi bildirilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçının dəlillərinə aydınlıq gətirmək məqsədilə iş üzrə məhkəmə tikinti - texniki ekspertizası təyin edilmiş, “xxxx” MMC-nin eksperti tərəfindən ekspertiza tədqiqatı aparılaraq, məhkəməyə xx xxxxxx 2020-ci il tarixli 466 nömrəli rəy verilmişdir. Rəydə göstərilmişdir ki, iddia predmeti olan torpaq sahəsində yerləşən tikilinin koordinatları və yaxınlığından keçən yüksək təzyiqli Qəbələ QPS qolu 325 mm-lik yeraltı qaz kəmərinin keçdiyi yerin koordinatları müəyyənləşdirilmişdir. Belə ki, Qəbələ rayonunun Böyük Əmilli kəndi ərazisində, Cavabdeh xüsusi mülkiyyətində olan 0,13 ha torpaq sahəsinin şimal-şərq nöqtəsindən qaz kəmərinin keçdiyi xəttə qədər məsafə 9,6 m, torpaq sahəsinin cənub-şərq nöqtəsindən qaz kəmərinin keçdiyi xəttə qədər məsafə 11 m, torpaq sahəsinin daxilində inşa edilməkdə olan fərdi yaşayış evinin özülündən qaz kəmərinin keçdiyi xəttə qədər məsafə 33,5 metr təşkil etməsi müəyyənləşdirilmişdir. Magistral qaz boru kəmərlərinin mühafizəsindən bəhs edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın 2.7-ci bəndində göstərilmişdir ki, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir. Yeraltı qaz kəmərlərindən binalara və tikililərə qədər olan məsafəyə aid 2 nömrəli əlavədə orta təzyiqli qaz kəmərlərinin bina və qurğuların özüllərinə qədər məsafəsi 4 metr, aşağı təzyiqli qaz kəmərlərinin məsafəsi isə 2 metr müəyyən olunmuşdur. İddiaçı «Azəriqaz» İB hazırki iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus dəmir lövhələrdən ibarət hasarın və inşa edilməkdə olan fərdi yaşayış evinin əvəzi ödənilmədən öz vəsaiti hesabına sökülməsini xahiş etmiş və iddia tələbinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci və Torpaq Məcəlləsinin 111-ci maddələrinə, habelə «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci hissəsinə istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Odur ki, məhkəmə iddianın qanuni əsasının, yəni iddiaçının rəhbər tutduğu maddi-hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğuna hüquqi qiymət verməlidir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Azərbaycan Respublikası MM-nin 180.1-ci maddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinin tələbinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinin tələbinə görə, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin tələbinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri istifadə zamanı çəkilən xərcdərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəliki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci hissəsinə görə, mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Göründüyü kimi, Mülki Məcəllənin 180.1-ci maddəsinin dispozisiya şərtlərinə görə, hər hansı tikilinin özbaşına tikili hesab olunması bu tikilinin tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilməsi ilə şərtləndirilmişdir. Torpaq Məcəlləsinin 111-ci maddəsi torpaq sahələrinin özbaşına tutulması (zəbt edilməsi) və onun hüquqi nəticələri, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci hissəsi isə mühafizə zonası dairəsində tikinti işlərinin aparılması və onun hüquqi nəticələrindən bəhs edir. Həmçinin məhkəmə qeyd edir ki, sökülməsi iddia edilən tikilinin məhz cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşməsi ilə bağlı ekspert qarşısında sual qoyulmamışdır. Lakin “xxxx” MMC-nin xx xxxxxx 2020-ci il tarixli 466 nömrəli ekspert rəyində inşa edilməkdə olan fərdi yaşayış evinin Cavabdeh xüsusi mülkiyyətində olan 0,13 ha torpaq sahəsində olduğu göstərilmişdir. Ekspert rəyinə əlavə edilən Qəbələ rayonu Böyük Əmilli kəndi ərazisində yerləşən mübahisəli mühafizə sahəsinin ortofotoplanından görünür ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi və onun üzərində inşa edilən tikililər qanuni əsaslarla cavabdehin mülkiyyətinə verilmiş torpaq sahəsində yerləşir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi və onun üzərində inşa edilən tikili qanuni əsaslarla cavabdehin mülkiyyətində olan torpaq sahəsində, başqa sözlə - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il qeydiyat tarixli, ********** qeydiyyat nömrəli, reyestr nömrəsi **********20 olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»a əsasən Qəbələ rayonu Böyük Əmilli kəndində Cavabdeh mülkiyyətinə verilmiş 0,13 ha həyətyanı torpaq sahəsində inşa edilmişdir. Məhkəmə dəmir lövhələrdən ibarət hasarın və inşa edilməkdə olan fərdi yaşayış evii Cavabdeh mülkiyyəti sayır və həmin dəmir lövhələrdən ibarət hasarın və inşa edilməkdə olan fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamasını mülkiyyətin əmələ gəlməsi üçün formal maneə hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının: -13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; -13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; -29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; Azərbaycan Respublikası Konstitusiyası hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən, mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Avropa Məhkəməsinin Zvierzinski Polşaya qarşı iş üzrə xx xxxx 2001-ci il tarixli qərarında müəyyən edilmişdir ki, mülkiyyət hüququnun qanuni məhdudlaşdırılmasında proporsionallıq prinsipinin tələblərinə uyğun olaraq fərdin üzərinə qanunun məqsədlərindən kənar olan artıq yük düşməməlidir (§ 71).Məhkəmənin digər iş üzrə qəbul edilmiş qərarında göstərilmişdir ki, mülkiyyət hüququna müdaxilə fərdlə ictimai maraqlar arasında “ədalətli balans” əsasında olmalıdır (Depalle Fransaya qarşı iş üzrə xx xxxx 2010-cu il tarixli qərar, § 83). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X3 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. “İnsan hüquqlarının və X3 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. «Burdov Rusiyaya qarşı» iş üzrə qərarında Avropa Məhkəməsi bir daha xatırlatmışdır ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə, tələb «mülkiyyət» kimi o halda başa düşülə bilər ki, bu tələbin hüquqi cəhətdən realizə edilə bilməsi kifayət qədər müəyyən olunmuş olsun. Məhkəmənin qənaətinə görə, hazırkı iş üzrə sözügedən dəmir lövhələrdən ibarət hasarın və inşa edilməkdə olan fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il qeydiyat tarixli, ********** qeydiyyat nömrəli, reyestr nömrəsi **********20 olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»a əsasən Cavabdeh mülkiyyətinə verilmiş Qəbələ rayonu Böyük Əmilli kəndində yerləşən 0,13 ha həyətyanı torpaq sahəsində tikilmişdir. Həmin dəmir lövhələrdən ibarət hasar və inşa edilməkdə olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, onların qeydə alınmasında heç bir maneə olmadığından, Cavabdeh həmin dəmir lövhələrdən ibarət hasar və inşa edilməkdə olan fərdi yaşayış evi üzərində olan hüquqları əmlak hüquqları hesab olunur və onun bu hüquqları Avropa Məhkəməsinin presedent hüququna əsasən 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyət» anlamını təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Həmin məcəllənin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Göründüyü kimi, milli və beynəlxalq qanunvericilik normalarının mülkiyyətçilərin hüquqlarının müdafiə məqsədi güdməsi şübhəsizdir. Təbiidir ki, əks təqdirdə qanun fəaliyyətsiz qalar ki, bu da qanunvericiliyin çatmaq istədiyi ümumi məqsəd xəyali xarakter alardı. Məhkəmələr tərəfindən çıxarılan qərarlar qanuni olmaqla bərabər, həm də ədalətli olmalı, ictimai münasibətlərin düzgün tənzimlənməsinə xidmət etməlidir. İnsan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hakimiyyətinə ictimaiyyət tərəfindən etimad bəslənməsi və ona hörmət olunması məhkəmə işinin səmərəliliyinin təminatıdır. Məhkəmələr nəinki konkret məhkəmə araşdırmasında iştirak edən tərəflərin, eləcə də bütövlükdə cəmiyyətin etimadına malik olmalıdırlar. Məhkəmənin qənaətinə görə, Cavabdeh məxsus dəmir lövhələrdən ibarət hasarın və inşa edilməkdə olan fərdi yaşayış evinin əvəzi ödənilmədən sökülməsi yolverilməzdir. İddiaçının qaldırdığı məsələ yalnız tərəflərin qarşılıqlı razılaşması yolu ilə, o cümlədən qaz kəmərinin yerini dəyişmək, müvafiq kompensasiya ödəmək və s. şərtlər daxilində həll oluna bilər. İddiaçı hər hansı hüquqi əsas, o cümlədən mülkiyyətçinin razılığı olmadan mülkiyyətçinin öz mülkiyyətində inşa etdirdiyi dəmir lövhələrdən ibarət hasarın və inşa edilməkdə olan fərdi yaşayış evinin sökülməsi tələbi qoymaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün iddiaçının tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə iddianı əsassız sayıb, onun təmin olunmaması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Həmçinin Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatlarının dəyəri iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac idarəsindən tutularaq, 300 (üç yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Kapital Bank ASC Gənclik Mall filialı, KOD 201025, VÖEN **********1, hesab AZ53AİİB********************, SWİFT kod AİİBAZ2X, “xxxx” MMC-nin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac idarəsinin Cavabdeh qarşı «qaz kəmərinin mühafizə zonasında inşa edilən tikililərin sökülməsi» tələbinə dair iddiası iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 300 (üç yüz) manat məbləğində pul iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac idarəsidən tutularaq, Az.MEM, VÖEN **********, müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Kapital Bank ASC Gənclik Mall filialı, KOD 201025, VÖEN **********1, hesab AZ53AİİB********************, SWİFT kod AİİBAZ2X, “xxxx” MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-41/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-41/2021
02.02.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver