Məhkəmə qərarları › İş №2(025)-469/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-469/2023

16.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-469/2023 16.05.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarına əsasən, X1, X2, X3, X4, X9, X7 və X5 adına verilmiş JN –004F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin ona aid hissədə ona, Məmmədli (Məmmədova) Zeynəb İlqar qızına məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1993-cü ildə Qəbələ şəhərində anadan olmuşdur. 13 aprel 2017-ci il tarixdə X8 ilə birgə nikaha girərək “Məmmədli” soyadını qəbul etmişdir. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarı ilə X1, X2, X3, X4, X9, X7 və mənə Qəbələ şəhəri ərazisindən 0,24 ha həyətyanı təyinatlı torpaq sahəsinə JN-004F, KOD 40601004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Şəhadətnamədə sonradan ona məlum olmuşdur ki, adı “Zeynəb” əvəzinə səhvən Sevinc kimi qeyd edilmişdir. Lakin şəxsiyyət vəsiqəsində, doğum və nikah haqqında şəhadətnamələrdə və digər sənədlərdə Məmmədova (Məmmədli) Zeynəb İlqar qızı kimi qeyd edilmişdir. Həmçinin şəhadətnamədə adı qeyd edilən X11 isə bacısıdır və bacısı Ləman xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. Bu fakt Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-207/2023 nömrəli qətnaməsi ilə də sübuta yetirilir. Onların ailələrində isə Sevinc adlı heç kim yoxdur və heç vaxt olmamışdır. Bu da onu göstərir ki, şəhadətnamədə adı səhvən “Sevinc” kimi göstərilmişdir. Hazırda sözügedən torpaq sahəsinə dair ailə üzvləri ilə birlikdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq istəyirlər. Şəhadətnamədə adı düzgün yazılmadığından bu mümkün deyildir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamədəki yanlışlığı aradan qaldıra bilmirlər. Həmçinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə keçdiyindən o, aidiyyatı üzrə xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yanlışlıqların aradan qaldırılmasını xahiş etmiş, müvafiq 06 yanvar 2023-cü il tarixli, **********012 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi düzəlişi başqa formada edə bilmir. Ona görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Eyni zamanda göstərdi ki, onun ailə üzvlərindən Sevinc adlı şəxs olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İşdə olan JN–004F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarına əsasən X1, X2, X3, X4, X9, X7 və X5 birgə mülkiyyətinə Qəbələ şəhərində 0,24 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan 17 oktyabr 2000-ci il tarixli, İ-AZ seriyalı, 198307 nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ad, soyad və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. İşdə olan xx.xx.2017-ci il tarixli, AZ-İİ seriyalı, 161317 №-li «Nikah haqqında» şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 ilə X6 13 aprel 2017-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 01 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə və arvada Məmmədli soyadı verilmişdir. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 fevral 2023-cü il tarixli, 494 nömrəli arayışda göstərilmişdir ki, Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli 03 saylı qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-004F, KOD-40601004 saylı şəhadətnamədə onun adı “Ərizəçi” qızı əvəzinə səhvən “X17” qızı yazılmışdır. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 fevral 2023-cü il tarixli, 440 nömrəli arayışda göstərilmişdir ki, Ərizəçi Qəbələ şəhəri, X21 küçəsi, ev 143 saylı ünvanda yaşayır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 06 yanvar 2022-ci il tarixli **********012 nömrəli məktubundan görünür ki, JN – 004F nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçinin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İşdə olan ərizəçiyə aid AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarına əsasən X1, X2, X3, X4, X9, X7 və X5 birgə mülkiyyətinə verilmiş JN–004F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə Ərizəçi adı səhvən «Sevinc» kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamədə yalnışlıq aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamə üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməz. Göstərilən səhvlərin düzəldilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət edilmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Həmçinin məhkəmə, Ərizəçi soyadının əvvəlcə Məmmədova, nikaha daxil olduğdan sonra Məmmədli olduğundan, bu məsələyə də məhkəmə münasibət bildirərək onun soyadının Məmmədli (Məmmədova) kimi qeyd olunmasını məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarına əsasən, X1, X2, X3, X4, X9, X7 və X5 adına verilmiş JN–004F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin Məmmədli (Məmmədova) Zeynəb İlqar qızına aid hissədə Məmmədli (Məmmədova) Zeynəb İlqar qızına məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar