Məhkəmə qərarları › İş №2(025)-472/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-472/2023

16.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-472/2023 16.05.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-nin xx.xx.1998-ci il tarixli 11 saylı qərarı ilə X7, X1, X8, X10, X4 və X9 adına verilmiş JN- 135 F saylı, kodu 40602018 olan "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamənin İsmayılova (Bəkirova) Nəzirə Elxan qızına münasibətdə İsmayılova (Bəkirova) Nəzirə Elxan qızına məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayon AlK-nin xx.xx.1998-ci il tarixli 11 saylı qərarı ilə verilmiş JN-135 F saylı kodu 40602018 olan "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamədə hüquq sahiblərinin adları siyahısında 3-cü sırada İsmayılova (Bəkirova) Nəzirə Elxan qızının adı texniki səhv olaraq Nəzirə əvəzinə "Günel" kimi qeyd edilmişdir. Birgə paylı mülkiyyətdə olan 0.53 ha torpaq sahəsini özgəninkiləşdirmək məqsədilə maraqlı şəxs DƏDRX-nin 9 saylı Qəbələ Ərazi idarəsinə müraciət edərkən məlum olmuşdur ki, adı JN -135 F saylı şəhadətnamədə Nəzirə əvəzinə "Günel" kimi qeyd edilmişdir. Adının səhv yazılması səbəbindən əməliyyat aparılması mümkün olmamışdır. Hesab edir ki, JN-135 F saylı şəhadətnamədə adının Nəzirə əvəzinə "Günel" kimi qeyd edilməsi texniki səhvdir. Qeyd olunan texniki səhv məhkəmə qaydasında düzəliş edilməlidir. Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsində adı düzgün olaraq "Günel" kimi yox, Nəzirə kimi qeyd edilmişdir. Qəbələ Qeydiyyat şöbəsinin xx.xx.2023 -cü il tarixli arayışından da görünür ki, 102 saylı doğum kitabının 102-ci səhifəsində doğum tarixim qeyd olunarkən adım düzgün olaraq X3 qeyd edilmişdir. AZ-l 477656 saylı nikah haqqıda şəhadətnamədə də adı düzgün olaraq Nəzirə, nikah bağlananadək soyadı Bəkirova, nikah bağlandıqdan sonra isə soyadı İsmayılova kimi qeyd edilmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərmişdir ki, Ərizəçi onun qızıdır. Ümumiyyətlə onun 4 qızı vardır və digər qızlarının adı şəhadətnamə də düzgün göstərilmişdir. Lakin Nəzirə doğularkən Günel adın qoymaq istəsələr də, doğum qeydini aparan orqan adını Nəzirə kimi qeyd etmişdir. Lakin hal-hazırda da Nəzirəyə Günel deyə müraciət edirlər. Onun rəsmi qaydada Günel adlı qızı olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini və şahidi dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İşdə olan JN – 135F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 10 iyun 1998-ci il tarixli, 11 saylı qərarına əsasən X7, X2, X8, X10, X4 və X9 birgə mülkiyyətinə Qəbələ rayonu Böyük Pirəlli kəndində 0,53 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 27 yanvar 2023-cü il tarixi arayışdan görünür ki, X12 xx xxxxxx 1991-ci ildə Qəbələ rayon Böyük Pirəlli kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1991-ci il tarixdə 102 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. İşdə olan xx.xx.2009-cu il tarixli, AZ-İ seriyalı, 477656 №-li «Nikah haqqında» şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 ilə X6 16 iyun 2009-cu ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 05 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə İsmayılov, arvada İsmayılova soyadı verilmişdir. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Böyük Pirəlli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 fevral 2023-cü il tarixli arayışda göstərilmişdir ki, Ərizəçi Qəbələ rayonu Böyük Pirəlli kəndində qeydiyyatdadır və hal-hazırda Qəbələ rayonu Böyük Pirəlli kəndində yaşayır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 23 yanvar 2023-cü il tarixli 3-21-3-42/2-İ-00xx-xx/2023 nömrəli məktubundan görünür ki, JN – 135F nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçinin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İşdə olan ərizəçiyə aid AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKin 10 iyun 1998-ci il tarixli, 11 saylı qərarına əsasən X7, X2, X8, X10, X4 və X9 birgə mülkiyyətinə verilmiş JN – 135F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə Ərizəçi adı səhvən «Günel» kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamədə yalnışlıq aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamə üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməz. Göstərilən səhvlərin düzəldilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət edilmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Həmçinin məhkəmə, Ərizəçi soyadının əvvəlcə Bəkirova, nikaha daxil olduğdan sonra İsmayılova olduğundan, bu məsələyə də məhkəmə münasibət bildirərək onun soyadının İsmayılova (Bəkirova) kimi qeyd olunmasını məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-in 10 iyun 1998-ci il tarixli, 11 saylı qərarına əsasən X7, X2, X8, X10, X4 və X9 adına verilmiş JN – 135F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin İsmayılova (Bəkirova) Nəzirə Elxan qızına aid hissədə İsmayılova (Bəkirova) Nəzirə Elxan qızına məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar