Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-529/2021 01.06.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı və cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər “xxxx” Açıq Səhmdar Cəmiyyətinə və “xxxx” Açıq Səhmdar Cəmiyyətinin X5 və Satışı İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh «xxxx» ASC-nin X5 və Satışı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ondan əsassız və qanunsuz olaraq tələb etdiyi 1067,99 (min altmış yeddi manat doxsan doqquz qəpik) manat məbğəlində cərimə pulunun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Qəbələ rayonu Cığatelli kəndində ona məxsus fərdi yaşayış evi mövcuddur. Həmin yaşayış evinin yerləşdiyi həyətə elektrik xətti çəkilməklə sayğac quraşdırılmışdır. Sayğacın tipi 0872 U, seriya nömrəsi isə **********0 təşkil edir. 07 yanvar 2021-ci il tarixdə yaşadığı həyətə gecə vaxtı işıq nəzarətçiləri ondan xəbərsiz və qanunsuz olaraq daxil olaraq sayğaca baxış keçirmiş, sayğaca müdaxilə edərək maqnit yerləşdirmişlər. Bundan sonra onlar sayğacın yanına dəvət etməklə özlərinin qanunsuz hərəkətlərini həyata keçirmək məqsədilə akt tərtib etmişlər. Həytindən bir müddət əvvəl oğurluq hadisəsi olduğu üçün həyətinə videokamera quraşdırılmışdır. Cavabdeh təşkilatın nümayəndələri həmin kameradan xəbərsiz olmuşlar. Cavabdehin nümayəndələrinin qanunsuz hərəkətləri həyətində quraşdırılmış həmin videokameraya düşmüşdür ki, kameradan çıxarılan videogörüntüləri sübut olaraq məhkəməyə təqdim edir. Bundan sonra baş verənlər barəsində sahə inspektoruna və eləcə də cavabdehin nümayəndəsinə bildirmişdir. Lakin müraciətinin bir nəticəsi olmamış, cavabdeh təşkilatın rəhbərliyi onu guya sayğaca müdaxiləyə görə cərimə etdiyini və məhkəməyə verildikdən sonra həmin cərimənin silinməsinin mümkünlüyünü bildirmişdir. Cavabdehin rəhbərliyinə akt tərtib olunan zaman iştirakının təmin olunmadığı bildirməklə yol verdikləri qanunsuz hərəkətlərə etiraz etdiyini bildirmişdir. Cavabdeh təşkilatın nümayəndələrinin qanunsuz hərəkətlərini polisə (yəni qanunsuz axşam qaranlıq vaxtı, iş vaxtı olmayan zaman həyətinə qanunsuz və onun xəbəri, icazəsi olmadan girməsini polisə bildirdiyini deyəndə) və qanunsuz hərəkətləri videokameraya düşdüyünü dedikdən sonra cavabdeh təşkilatın rəhbərliyi ona cəriməni siləcəklərini bildirmişlər. Lakin bunu etməmişlər. Polis orqanları da müraciəti əsasında maraqlanmış və cavabdehin nümayəndələrinin qanunsuz hərəkətlərə yol verdiklərini ona demişlər. Buna görə də ona yazılan aktı və vəzifəli şəxsin onu cərimələməsi barədə qərarını gedib həmin təşkilatdan tələb etmişdir. Bu zaman tələblərinə məhəl qoymayan cavabdeh təşkiiat ona aktın və qərarın əslini deyil surətlərini vermişlər. Bu səbəbdən də aktın və qərarın surətini məhkəməyə təqdim etməyə məcbur olmuşdur. Qərarda guya sayğaca maqnit qoyulduğu, maqnit vasitəsi ilə sayğacın hesab mexanizmini guya saxladığı göstərilmişdir. O, sayğaca heç bir müdaxilə etməmiş və heç bir maqnit quraşdırmamışdır. Bunun nə olduğunu da bilmir. Aktdan sonra tərtib olunmuş «əhali istehlakçı qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblər» adlı 15 yanvar 2021 -ci il tarixli icra vərəqəsində isə ona abonent olaraq 1067,99 manat məbləğində borc hesablanmışdır. O, həmin borcla da razı deyil. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh «xxxx» ASC-nin nümayəndəsi X6 iddianı qəbul etməyərək yazılı etiraz ərizəsi təqdim etdi və göstərdi ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının Qəbələ rayonu, Çığatelli kəndində yaşadığı fərdi yaşayış evi “xxxx” ASC-nin enerji satış bazasında X1 adına **********00044 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. Həmçinin qüsur aktı və onun əsasında yazılan icra vərəqi istehlakçı kimi X1 adına tərtib edilmişdir. Bu səbəbdən də iddia qaldırmaq hüququ X2 aiddir. İddiaçı iddia qaldırmaq hüququnun olmadığı nəzərə alınmalı və iddia təmin edilməməlidir. Elektrik enerjisindən istifadə ilə bağlı fiziki və hüquqi şəxslər arasında mövcud olan münasibətlər zamanı yaranan mübahisələrə məhkəmə qaydasında baxılması nəzərdə tutulmuş və bu münasibətlərin mövcud olub olmamasını yoxlamaqla, məhkəmə icraatının başlaması zamanı ilk olaraq iddia qaldırmış şəxsin bu münasibətlərdə hüquqa malik olması müəyyən edilməlidir. Məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdığı hüquqi mövqeyi bir neçə qərarlarında ifadə olunmuşdur. Belə ki, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008 ci il tarixli Qərarında əsasə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. 07.01.2021-ci il tarixdə “xxxx” ASC-nin Şimal-Qərb RETSl-nin əməkdaşları M.Əliyev, F.Cavadov, X.Hacıbabayev və E.Bayramzadə tərəfindən Qəbələ rayonu, Çığatelli kəndində yerləşən İddiaçı yaşadığı fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının iştirakı ilə “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin maqnit vasitəsi ilə sayğacın hesab mexanizmini saxlandığı aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən 07.01.2021 -ci il tarixli, R202798 saylı akt tərtib olunmuşdur. 07.01.2021 -ci il tarixli, R202798 saylı akta əsasən “xxxx” ASC-nin Şimal-Qərb RETSl-nin Akt komissiyası tərəfindən 15.01.2021 -ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 185 gün üçün 0.11 manatla 9709 kvt.s, dəyəri 1067.99 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən video çəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan video çəkilişdə açıq aşkar öz əksini tapır. Abonentin “abunə haqqında” məlumatına nəzər saldıqda keçən ilin müvafiq dövrü ilə, yəni 04.01.2020-ci il tarixdən 07.04.2020-ci il tarixə qədər 125 gün üçün sərfiyyatın toplamda 698 kvts olduğu, lakin qüsur aşkar edildiyi 09.01.2021 -ci il tarixdən 15.04.2021 -ci il tarixə qədər 126 gün üçün sərfiyyatın toplamda 1304 kvts olduğu görünür. Abonentin “abunə haqqında” məlumatından açıq aşkar görünür ki, sayğacın pozuntu aşkar olunan dövrdəki sərfiyyatı ilə qüsur bərpa edildikdən sonrakı dövrdəki sərfiyyatı arasında fərq (606 kvt.s) olduqca böyükdür. Yuxarıda qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, İddiaçı yaşadığı Qəbələ rayonu, Cığatelli kəndində yerləşən fərdi yaşayış evinə tərtib edilmiş R202798 nömrəli akt “EEİQ”-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerji təchizatı müəssisəsinə ödənilməlidir. Odur ki, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin X5 və Satışı İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş və “xxxx” Açıq Səhmdar Cəmiyyətinin X5 və Satışı İdarəsi bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işə cavabdehin və cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan «xxxx» ASC X7 Təchizatı və Satışı İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 07.01.2021-ci il tarixli R seriyalı 202798 saylı aktdan görünür ki, «xxxx» ASC-nin əməkdaşlarının iştirakları ilə Qəbələ rayonu Mıxlıqovaq kəndində **********00044 kod nömrəli istehlakçı olan X1 yaşadığı fərdi evdə elektrik enerjisindən istifadə qaydalarına riayət olunubolunmamasını yoxlayaraq, maqnit vasitəsilə sayğacın hesab mexanizminin saxlanması aşkar edilmişdir. «xxxx» ASC-nin X5 və Satışı İdarəsinin vəzifəli şəxsi tərəfindən 07.01.2021-ci il tarixli R seriyalı 202798 saylı akta əsasən tərtib edilmiş 15 yanvar 2021-ci il tarixli icra vərəqindən görünür ki, X1 çıxarılmış sayğacda olan oxunmamış 9709 kVt.s enerji üzrə 1067.99 manat borcu vardır. İşdə olan Qəbələ rayon, Cığatelli kənd İ.Ə.N tərəfindən verilmiş AZ-İ № 672174 nömrəli «Ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, X4 26 avqust 2014-cü il tarixdə vəfat etmişdir. İddiaçı «xxxx» ASC-nin vəzifəli şəxsi tərəfindən hesablanmış cərimənin silinməsi ilə bağlı iddia tələbini sərfiyyatı azaltmaq üçün sayğaca maqnit taxaraq elektrik enerjisindən istifadə etmədiyi ilə əsaslandırmışdır. Məhkəmənin gəldiyi hüquqi mövqe ondan ibarətdir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar sübut olunmur. Tərtib olunmuş aktdan görünür ki, maqnit vasitəsilə sayğacın hesab mexanizmi saxlanmış və bu yolla elektrik enerjisindən istifadə edilmişdir. Lakin həmin fərdi yaşayış evində əvvəlki yoxlama dövrlərində həmin müdaxilə mövcud olmamışdır. Göründüyü kimi, iddiaçı həmin müdaxilənin onun tərəfindən edilmədiyini sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinin tələblərinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyi üçün, iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət e t d i: İddiaçı cavabdehlər “xxxx” Açıq Səhmdar Cəmiyyətinə və “xxxx” Açıq Səhmdar Cəmiyyətinin X5 və Satışı İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-529/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-529/2021
01.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver