Məhkəmə qərarları › İş №2(025)-590/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-590/2021

10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-590/2021 10.06.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə bağlanmış 27 mart 2019-cu il tarixli UNİ-2980 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh 27 mart 2019-cu il tarixli UNİ-2980 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 20 noyabr 2020-ci il tarixə 1067,49 manat gecikdirilmiş əsas, 204,03 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 501,43 manat dəbbə pulu, 320 manat dəymiş zərər, ümumilikdə 2092,95 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X8 arasında bağlanmış 27 mart 2019-cu il tarixli UNİ-2980 saylı “X9”nə əsasən X5 müvəqqəti sahiblik və istifadəsinə İddiaçı ASC-nin mülkiyyətində olan 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA534169 ban, 0405 mühərrik nömrəli, qara rəngli avtomobil verilmişdir. “X9”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlində (əlavə №3) əsasən X8 illik 12 faiz hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 389,74 manat, ümumilikdə isə 18708 manat məbləğində pulu İddiaçı ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18708 manatın 14800 manatı əsas məbləğ təşkil edir. 17 iyun 2019-cu il tarixdə X8, X6 və İddiaçı ASC arasında UNİ-2980 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 27 mart 2019-cu il tarixli UNİ-2980 saylı “Daxili Lizinq” müqaviləsi üzrə X6 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 24 iyun 2019-cu il tarixdə X6, X16 və İddiaçı ASC arasında UNİ-2980 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və 27 mart 2019-cu il tarixli UNİ-2980 saylı “Daxili Lizinq” müqaviləsi üzrə X16 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 02 dekabr 2019-cu il tarixdə X16, Cavabdeh və İddiaçı ASC arasında UNİ-2980 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 27 mart 2019-cu il tarixli UNİ-2980 saylı “Daxili Lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı ASC-nin mülkiyyətində olan “Daewoo Gentra” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil 20 noyabr 2020-ci il tarixdə şirkətin müvəqqəti duracağında yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 320 manat ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 07 sentyabr 2020-ci il tarixdə 390 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 27 mart 2019-cu il tarixli UNİ-2980 saylı “X10” üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 20 noyabr 2020-ci il tarixə 1067,49 manat gecikdirilmiş əsas, 204,03 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 501,43 manat dəbbə pulu, cəmi 1772,95 manat borcu vardır. İddiaçı ASC-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək iddia tələbini müdafiə etdiklərini, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və idda tələblərinin təmin olunmasını xahiş etmişdirlər. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi olaraq məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 27 mart 2019-cu il tarixli UNİ-2980 saylı X4 görünür ki, İddiaçı ASC ilə Cavabdeh tərəfindən müqavilənin şərtlərinə uyğun olaraq Lizinq verən Lizinq Alanın sifariş etdiyi və bu Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı (Lizinq Obyekti) öz mülkiyyətinə əldə edilməsini və muzdlu Lizinq alanın müvəqqəti sahibliyinə və istofadəsinə verilməsini öhdəsinə götürür, Lizinq verən X13 alanın yekun sifarişi yekun sifarişi əsasında (2 saylı əlavə) Alqı-Satqı müqaviləsi ilə X2 (satıcı) əldə edir. Lizinq obyekti Satıcı və Lizinq alan tərəfindən seçilmişdir. Lizinq müqaviləsinin ümumi məbləği 14800 manat təşkil edir. Lizinq obyekti Lizinq alana 48 ay müddətinə verilir. İş materiallarında olan UNİ-2980 saylı lizinq müqaviləsinə 3 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsidir. X1 14,800 manat məbləğində pulu, illik 12%-lə, 48 ay müddətinə aylıq 389,74 manat annuitetlə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 17.06.2019-cu il tarixli, UM-2980 saylı “Öhdəliklərin ötülülməsi müqaviləsi”ndən görünür ki, İddiaçı ASC-nin “Öhdəlikləri ötürən” arasında bağlanmış 27.03.2019-cu il tarixli UNİ-2980 saylı X9 üzrə “Öhdəlik ötürən” X8 İddiaçı ASC qarşısında götürdüyü bütün öhdəlikləri “X19” X3 ötürmüşdür. İş materiallarında olan 24.06.2019-cu il tarixli, UNİ-2980 saylı “Öhdəliklərin ötülülməsi müqaviləsi”ndən görünür ki, İddiaçı ASC-nin “Öhdəlikləri ötürən” arasında bağlanmış 27.03.2019-cu il tarixli UNİ-2980 saylı X9 üzrə “Öhdəlik ötürən” X6 İddiaçı ASC qarşısında götürdüyü bütün öhdəlikləri “X19” X11 ötürmüşdür. İş materiallarında olan 02.12.2019-cu il tarixli, UNİ-2980 saylı “Öhdəliklərin ötülülməsi müqaviləsi”ndən görünür ki, İddiaçı ASC-nin “Öhdəlikləri ötürən” arasında bağlanmış 27.03.2019-cu il tarixli UNİ-2980 saylı X9 üzrə “Öhdəlik ötürən” X16 İddiaçı ASC qarşısında götürdüyü bütün öhdəlikləri “X19” Cavabdeh ötürmüşdür. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş 18.01.2021-ci il tarixli qüsur aktından görünür ki, ilkin texniki baxış zamanı aşkar olunmuşdur ki, “Gentra” markalı avtomobilin qüsur aktında qeyd olunan hissələri yenisi ilə əvəz edilməlidir və həmin hissələrin ümumi məbləği 320 manat təşkil edir. İş materiallarında olan 02.12.2019-cu il tarixli, Bakı şəhərində tərtib edilmiş aktdan görünür ki, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X7 ilə Emil Xudiyev və Cavabdeh ilə 02.12.2019-cu il tarixdə “Daewoo Gentra” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin lizinq ödənişlərini ödənmədiyi üçün təhvil-təslim aktı tərtib edilmişdir. İş materiallarında olan 04.02.2021-ci il tarixli İddiaçı ASC-i tərəfindən Cavabdeh ünvanlanmış məktubun surətindən görünür ki, müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyi üçün cəmiyyətə borcu yaranmışdır. Öhdəlikləri yerinə yetirmədiyinə görə yaranmış borcu və lizinq obyektinə dəymiş ziyanı 7 (yeddi) gün ərzində ödəmədiyi halda ona qarşı iddia irəli sürülərək məhkəməyə müraciət olunması barədə xəbərdar edilmişdir. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 19.01.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 17.04.1994-cü ildə Rusiya Federasiyası, Murmansk İl.Apatit Ş. Vilayətində anadan olmuş, Qəbələ rayonu, Bum qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan 29.04.2021-ci il tarixli, 282 №-li arayışdan görünür ki, borclu Cavabdeh 27.03.2019-cu il tarixli müqavilə üzrə cəmi 1772,95 manat məbləğindən 1067,49 manat əsas borca, 204,03 manat mükafat borcuna və gecikdirməyə görə 501,43 manat dəbbə puluna silinmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə görə Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-5.1-ci maddələrinə əsasən Lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. Qeyd edilən Məcəllənin 748-1.5-ci maddəsinə əsasən Lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə görə Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 750-ci maddəsinə əsasən Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı və cavabdeh arasında bağlanmış 27 mart 2019-cu il tarixli UNİ-2980 saylı X10 üzrə Cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki üzrə ödənişləri tam həcmdə yerinə yetirməmişdir. Bu səbəbdən iddia tələbi əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi lizinq müqaviləsi üzrə əsas və mükafat borcun tutulması hissəsində əsaslıdır. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, Cavabdeh 27.03.2019-cu il tarixli müqavilə üzrə əsas borclu nəqliyyat vasitəsini təhvil aldığı tarixə 1067,49 manat, mükafat borcu 204,03 manat təşkil edir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən də məhz həmin məbləğ, əsas borca görə 1067,49 manat, mükafat borcuna görə 204,03 manat tutulmalıdır. Belə ki, iş materiallarında bu halın əksini göstərən əks sübutlar yoxdur, ona görə də məhkəmə işdə olan sübutlara əsaslanaraq iddianın həmin hissədə təmin edilməsini əsaslı sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 501,43 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 50 manata endirilməlidir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd edilən Məcəllənin Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Məhkəmə qeyd edir ki, “xxxx” MMC tərəfindən verilmiş 18.01.2021-ci il tarixli qüsur aktı ilə cavabdeh tərəfindən vurulmuş zərərin həcmi müəyyənləşdirilmiş və “Daewoo Gentra” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qüsur aktında qeyd olunan hissələri yenisi ilə əvəz edilməlidir və həmin hissələrin ümumi məbləği 320 manat təşkil edir. Bu səbəbdən də məhkəmə iddia tələbini dəymiş zərərin tutulması hissəsində əsaslı hesab edir və “xxxx” MMC tərəfindən verilmiş 18.01.2021-ci il tarixli qüsur aktı ilə müəyyən edilmiş 320 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Belə ki, iş materiallarında bu halın əksini göstərən əks sübutlar yoxdur, ona görə də məhkəmə işdə olan sübutlara əsaslanaraq maddi zərərin tutulmasını əsaslı sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. 421.2-cü maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənləri nəzərə alaraq İddiaçı” ASC ilə bağlanmış 27 mart 2019-cu il tarixli UNİ-2980 saylı “Daxili Lizinq” müqaviləsi ləğv edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilən sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ASC ilə bağlanmış 27 mart 2019-cu il tarixli UNİ-2980 saylı “Daxili Lizinq” müqaviləsi ləğv edilməli, Cavabdeh 27 mart 2019-cu il tarixli UNİ-2980 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 20 noyabr 2020-ci il tarixə 1067,49 manat əsas, 204,03 manat mükafat və həmin günə hesablanmış 50 manat dəbbə pulu, 320 manat dəymiş zərər, ümumilikdə 1641,52 (bir min altı yüz qırx bir manat əlli iki qəpik) manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəllənin 216-220, 222, 357, 358,362–ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə bağlanmış 27 mart 2019-cu il tarixli UNİ-2980 saylı “Daxili Lizinq” müqaviləsi ləğv edilsin. Cavabdeh 27 mart 2019-cu il tarixli UNİ-2980 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 20 noyabr 2020-ci il tarixə 1067,49 manat əsas, 204,03 manat mükafat və həmin günə hesablanmış 50 manat dəbbə pulu, 320 manat dəymiş zərər, ümumilikdə 1641,52 (bir min altı yüz qırx bir manat əlli iki qəpik) manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar