Məhkəmə qərarları › İş №2(025)-604/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-604/2020

03.09.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-604/2020 03.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Dövlət X8 İxrac İdarəsinin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət X8 İxrac İdarəsinin Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasında inşa edilən yaşayış evinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Qəbələ rayonu Böyük Əmili kəndi ərazisində qaz kəmərin mühafizə zonasında inşa edilməkdə olan tikilinin (yaşayış evinin) dayandırılması, cavabdehin öz vəsaiti hesabına tam sökülərək, diametri 325 mm-lik yüksək təzyiqli, yeraltı Qəbələ QPS qolu qaz kəmərinin mühafizə zonasından çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ rayonunun, Böyük Əmili kəndi ərazisində Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarının tələbləri pozularaq, Qəbələ rayonunun, Böyük Əmili kəndi ərazisindən keçən yeraltı 325 mm-lik “Qəbələ QPS” qolu yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasında, kəmərdən 35 metr məsafədə yaşayış evi inşa olunur. Azərbaycan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarının 2.23. bəndinə əsasən Magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Həmin qərarın 2.7. bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Göstərilən məsafədə hər hansı bir tikinti inşa olunması qadağandır. Cavabdeh tərəfindən inşa ediməkdə olan yaşayış evi yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Kəmərin zədələnməsi və qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə səbəb ola bilər. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Dövlət X8 İxrac idarəsinin etibarnamə üzrə nümayəndəsi X1 qeyd olunanlara uyğun izahat verərək, iddianı müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Həmçinin iddiaçının nümayəndəsi qaz kəmərinin mühafizə zonasında inşa edilən yaşayış evinin cavabdehə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsində inşa edildiyini bildiklərini, həmin şəhadətnaməni mübahisələndirmədiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, yazılı etiraz ərizəsi təqdim etmişdir. Həmçinin izahatında göstərdi ki, Qəbələ rayon Aqrar islahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli, 19 saylı qərarı ilə digər ailə üzviəri ilə birlikdə mülkiyyətinə 0,50 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi ailə üzvləri ilə birlikdə ümumi paylı mülkiyyət sayılır. Torpaq sahəsi üzərində mülkiyyət hüquqları JN-105G, kod 40604028 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» ilə rəsmiləşdirilmişdir. Şəhadətnamə 2001-ci il tarixdə mülkiyyətçilər olaraq onlara təqdim olunmuşdur. Qeyd olunan bu hallara görə məsələnin qanunla müəyyən edilmiş qaydada həll olunmasını, iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin olunmamalıdır. İşdə olan xx xxx 2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Dövlət X8 İxrac idarəsinə məxsus D-325 mm-lik Qəbələ QPS qolu qaz kəmərinin Qəbələ rayonu Böyük Əmili kəndi ərazisindən keçən hissəsində kəmərin mühafizə zonasında, kəmərdən 35 metr məsafədə yaşayış evi inşa olunmuş və aktın doğruluğunu Ağdaş XİX-in rəisi Emin Mehdiyev, TİŞ-nin rəisi Tahir Məmmədovun, Ağdaş XİX-in ustası Fidail Səfərov və xətt baxıcısı Fərhad Babazadə öz imzaları təsdiq etmişlər. İşdə olan xx.xx.2020-ci il tarixli 331 nömrəli xəbərdarlıqdan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” X5 X7 tərəfindən Cavabdeh magistral qaz kəmərinin yüksək təzyiqli olması, kəmərdə hər an baş verə biləcək qaz sızması zamanı yarana biləcək partlayışların nəticəsində bədbəxt hadisələrə, yəni ona aid əmlaka və həyatına dəyə biləcək ziyanların qabaqcadan aradan qaldırılması məqsədilə aparılan tikinti işlərinin dayandırılmasını, tikilinin sökülməsini və ərazinin əvvəlki vəziyyətə qaytarılması xahiş edilmiş, əks halda tikilinin sökülməsi üçün aidiyyatı orqanlara müraciət ediləcəyi bildirilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” X5 X7 tərəfindən ünvan 1 üzrə nümayəndəliyinə ünvanlanan xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, 325 mm diametrli “Qəbələ QPS” qolu yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasında inşa edilməkdə olan tikililər ilə bağlı baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının vaxtında alınması, magistral qaz kəmərinin normal istismarına şərait yaradılması məqsədilə tikinti işlərinin dayandırılması üçün müvafiq köməklik göstərilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə olunmuş JN-105G (Kod: 40604028) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon AİK-nın xx xxxxxx 1997-ci il tarixli 19 saylı qərarı ilə Cavabdeh İsmaləddin oğlu və ailə üvzlərinin mülkiyyətinə Qəbələ rayon Böyük Əmili kəndində 0,50 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçının dəlillərinə aydınlıq gətirmək məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur.

1. “Qaz İxrac” X4 X6 balansında və istismarında olan 325 mm-lik yüksək təzyiqli Qəbələ QPS qolu qaz kəmərinin mühafizə zonası iddia tələbinə münasibətdə haradan başlayır və harada qurtarır?

2. Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində Cavabdeh tərəfindən inşa ediməkdə olan tikili “Qaz İxrac” X4 X6 balansında və istismarında olan 325 mm-lik yüksək təzyiqli Qəbələ QPS qolu qaz kəmərinin mühafizə zonasının hüdudlarındadır ya yox?

“xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin tərəfindən ekspertiza tədqiqatı aparılaraq, məhkəməyə xx xxxxxx 2020-ci il tarixli 274 nömrəli rəy verilmişdir. Rəydə göstərilmişdir ki, Ekspert baxışında iştirak edən “Qaz İxrac” İdarəsinin əməkdaçlarının göstərdikləri D 325 mm-lik yeraltı qaz kəmərinin təqribi nöqtəsindən, qaz kəmərinə perpendikulyar olaraq hər iki istiqamətdə, mühafizə qaydalarına uyğun olaraq 50 metr mühafizə zonası göstərilmişdir. Cavabdeh inşa etdiyi birmərtəbəli natamam tikili yeraltı qaz kəməri keçən nöqtəsindən 40 metr məsafədə yerləşir. Magistral qaz boru kəmərlərinin mühafizəsindən bəhs edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın 2.7-ci bəndində göstərilmişdir ki, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir. Yeraltı qaz kəmərlərindən binalara və tikililərə qədər olan məsafəyə aid 2 nömrəli əlavədə orta təzyiqli qaz kəmərlərinin bina və qurğuların özüllərinə qədər məsafəsi 4 metr, aşağı təzyiqli qaz kəmərlərinin məsafəsi isə 2 metr müəyyən olunmuşdur. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus yaşayış evinin əvəzi ödənilmədən öz vəsaiti hesabına sökülməsini xahiş etmiş və iddia tələbinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci və Torpaq Məcəlləsinin 111-ci maddələrinə, habelə «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci hissəsinə istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Odur ki, məhkəmə iddianın qanuni əsasının, yəni iddiaçının rəhbər tutduğu maddi-hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğuna hüquqi qiymət verməlidir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Azərbaycan Respublikası MM-nin 180.1-ci maddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinin tələbinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinin tələbinə görə, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin tələbinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri istifadə zamanı çəkilən xərcdərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəliki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci hissəsinə görə, mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Göründüyü kimi, Mülki Məcəllənin 180.1-ci maddəsinin dispozisiya şərtlərinə görə, hər hansı tikilinin özbaşına tikili hesab olunması bu tikilinin tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilməsi ilə şərtləndirilmişdir. Torpaq Məcəlləsinin 111-ci maddəsi torpaq sahələrinin özbaşına tutulması (zəbt edilməsi) və onun hüquqi nəticələri, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci hissəsi isə mühafizə zonası dairəsində tikinti işlərinin aparılması və onun hüquqi nəticələrindən bəhs edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi və onun üzərində inşa edilən tikili qanuni əsaslarla cavabdehin mülkiyyətində olan torpaq sahəsində, başqa sözlə - JN-105G (Kod: 40604028) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Qəbələ rayon AİK-nın xx xxxxxx 1997-ci il tarixli qərarı ilə Cavabdeh İsmaləddin oğlu və ailə üvzlərinin mülkiyyətində olan Qəbələ rayon Böyük Əmili kəndində yerləşən 0,50 ha torpaq sahəsində inşa edilmişdir. Məhkəmə yaşayış evini Cavabdeh mülkiyyəti sayır və həmin evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamasını mülkiyyətin əmələ gəlməsi üçün formal maneə hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının: -13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; -13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; -29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; Azərbaycan Respublikası Konstitusiyası hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən, mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Avropa Məhkəməsinin Zvierzinski Polşaya qarşı iş üzrə xx xxxx 2001-ci il tarixli qərarında müəyyən edilmişdir ki, mülkiyyət hüququnun qanuni məhdudlaşdırılmasında proporsionallıq prinsipinin tələblərinə uyğun olaraq fərdin üzərinə qanunun məqsədlərindən kənar olan artıq yük düşməməlidir (§ 71).Məhkəmənin digər iş üzrə qəbul edilmiş qərarında göstərilmişdir ki, mülkiyyət hüququna müdaxilə fərdlə ictimai maraqlar arasında “ədalətli balans” əsasında olmalıdır (Depalle Fransaya qarşı iş üzrə xx xxxx 2010-cu il tarixli qərar, § 83). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X3 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. “İnsan hüquqlarının və X3 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. «Burdov Rusiyaya qarşı» iş üzrə qərarında Avropa Məhkəməsi bir daha xatırlatmışdır ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə, tələb «mülkiyyət» kimi o halda başa düşülə bilər ki, bu tələbin hüquqi cəhətdən realizə edilə bilməsi kifayət qədər müəyyən olunmuş olsun. Məhkəmənin qənaətinə görə, hazırkı iş üzrə sözügedən yaşayış evi Qəbələ rayon AİK-nın xx xxxxxx 1997-ci il tarixli qərarı ilə JN-105G (Kod: 40604028) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə Cavabdeh mülkiyyətinə verilmiş torpaq sahəsində tikilmişdir. Həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, onların qeydə alınmasında heç bir maneə olmadığından, Cavabdeh həmin yaşayış evi üzərində olan hüquqları əmlak hüquqları hesab olunur və onun bu hüquqları Avropa Məhkəməsinin presedent hüququna əsasən 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyət» anlamını təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, içtimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Həmin məcəllənin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Göründüyü kimi, milli və beynəlxalq qanunvericilik normalarının mülkiyyətçilərin hüquqlarının müdafiə məqsədi güdməsi şübhəsizdir. Təbiidir ki, əks təqdirdə qanun fəaliyyətsiz qalar ki, bu da qanunvericiliyin çatmaq istədiyi ümumi məqsəd xəyali xarakter alardı. Məhkəmələr tərəfindən çıxarılan qərarlar qanuni olmaqla bərabər, həm də ədalətli olmalı, içtimai münasibətlərin düzgün tənzimlənməsinə xidmət etməlidir. İnsan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hakimiyyətinə ictimaiyyət tərəfindən etimad bəslənməsi və ona hörmət olunması məhkəmə işinin səmərəliliyinin təminatıdır. Məhkəmələr nəinki konkret məhkəmə araşdırmasında iştirak edən tərəflərin, eləcə də bütövlükdə cəmiyyətin etimadına malik olmalıdırlar. Məhkəmənin qənaətinə görə, Cavabdeh məxsus yaşayış evinin əvəzi ödənilmədən sökülməsi yolverilməzdir. İddiaçının qaldırdığı məsələ yalnız tərəflərin qarşılıqlı razılaşması yolu ilə, o cümlədən qaz kəmərinin yerini dəyişmək, müvafiq kompensasiya ödəmək və s. şərtlər daxilində həll oluna bilər. İddiaçı hər hansı hüquqi əsas, o cümlədən mülkiyyətçinin razılığı olmadan mülkiyyətçinin öz mülkiyyətində inşa etdirdiyi yaşayış binasını sökülməsi tələbi qoymaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün iddiaçının tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə iddianı əsassız sayıb, onun təmin olunmaması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Həmçinin Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 manat iddiaçı Azərbaycan Respublikası Dövlət X8 İxrac İdarəsindən tutularaq Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən təqdim edilmiş hesaba keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362ci maddələrini rəhbər tutub, məhkəmə

q ə t e t d i:

İddiaçı Azərbaycan Respublikası Dövlət X8 İxrac İdarəsinin Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasında inşa edilən yaşayış evinin sökülməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 300 manat iddiaçı Azərbaycan Respublikası Dövlət X8 İxrac İdarəsindən tutularaq Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar