Məhkəmə qərarları › İş №2(025)-615/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-615/2020

02.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-615/2020 02.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN-0274 (Kod: 40604038) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının ona məxsus olması hüquqi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib göstərdi ki, o, xx.xx.1993-cü ildə Qəbələ rayonu, Mamaylı kəndində anadan olmuşdur. 2011-ci ildə x11 ilə nikaha daxil olaraq ailə qurmuş və ərinin soyadı olan “Rəsulova” soyadını qəbul etmişdir. Qəbələ rayonu x5 qərarı ilə ona və digər ailə üzvləri mərhum atası x7, anası x3 və qardaşı x9 Qəbələ rayonu, Mamaylı kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 3.46 ha torpaq sahəsi verilmiş, sonradan 1 ha torpaq sahəsini satmışıq və qalmış 2.46 ha torpaq sahəsi baradə bizə 07.02.2006-cı il tarixli 4Ə- 0/77 nömrəli alqı-satqı müqaviləsi üzrə JN-274, KOD 40604038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Dövlət Aktında sonradan ona məlum olmuşdur ki, səhvən soyadım “Lətifli” əvəzinə “Lətifova”, adım “İlahə” əvəzinə “İlhamə” kimi yazılmışdır. Lakin şəxsiyyət vəsiqəsində, doğum və nikah haqqında Şəhadətnamələrdə və digər sənədlərdə x2 qeyd edilmişdir. Atası x12 10 yanvar 2018-ci tarixdə öd kisəsinin xərçəngi xəstəliyindən vəfat etmişdir. Hazırda vərəsəlik məsələsinin həll etmək üçün ona və digər ailə üzvlərinə məxsus torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq istəyirik. Dövlət Aktında “soyad” və “ad” düzgün yazılmadığından bu mümkün deyildir. Dövlət Aktını verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, Aktdakı yanlışlığı aradan qaldıra bilmir. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən o, aidiyyatı üzrə xidmətin 9 saylı x16 ərizə ilə Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında yanlışlıqların aradan qaldırılması barədə müraciət etmiş, müvafiq 05 iyun 2020-ci il tarixli **********78 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-274 (Kod: 40604038) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon DNK-nun 07 fevral 2006-cı il tarixli 4Ə-0/77 nömrəli alqı-satqı müqaviləsinə əsasən, x6, x1, x4 və x8 mülkiyyətinə 2,46 ha fərdi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan 20 mart 1993-cü il tarixli XVİİİ-ЖГ № 290575 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, x13 xx xxxx 1993-cü ildə Qəbələ rayonu Mamaylı kəndində doğulmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 20.03.1993-cü il tarixdə 29 nömrə ilə qeyd edilmişdir. İşdə olan 29 iyun 2010-cu il tarixdə verilmiş B 725325 saylı Orta təhsil haqqında Attestat və 27 iyun 2008-ci il tarixdə verilmiş A 659901 saylı Əsas tıəhsil haqqında Şəhadətnamələrdən görünür ki, bu sənədlərdə ərizəçinin adı x13 olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 sentyabr 2011-ci il tarixli AZ-İ № 708202 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, x14 ilə x13 arasında 15 sentyabr 2011-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 129 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Rəsulov, arvada Rəsulova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş seriya AA № 510929 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1993-cü il tarixdə anadan olmuşdur. İşdə olan Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyəti Başçısının x18 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 05 iyun 2020-ci il tarixli 79 saylı arayışından görünür ki, JN- 0274 saylı KOD 40604038 olan Dövlət aktında hüquq sahibi olaraq adı qeyd olunmuş x4 adı texniki səhv olaraq düşmüşdür əslində “x13” kimi oxunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçinin mülkiyyətinə 2.46 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-0274 (Kod: 40604038) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında yalnışlığa yol verilərək, “x13” əvəzinə “x10” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-0274 (Kod: 40604038) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar