Məhkəmə qərarları › İş №2(025)-62/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-62/2023

26.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-62/2023 26.01.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquq əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq əhəmiyyətli faktının müəyyən edilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İşin halları Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1999-cu il tarixli 04 nömrəli qərarına əsasən, X5 adına verilmiş JN-394, KOD ********* saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının mərhum X7 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Qəbələ rayon AİK-in 25 fevral 1999-cu il tarixli 04 nömrəli qərarına əsasən, mərhum anası X7 Qəbələ rayonu Nic qəsəbəsində JN-394 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə 0,23 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir. Lakin dövlət aktında mərhum anası X6 soyadı səhvən "Danakari" kimi göstərilmişdir. Lakin mərhum anası X7 məxsus digər sənədlərdə soyadı "Danakyan" kimi göstərilmişdir. Beləliklə, şəxsiyyət ölüm və nikah şəhadətnamələrdə və digər sənədlərdə ad, soyad və ata adım X10 kimi qeyd edilmişdir. Həmçinin bu hal Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Nic qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 oktyabr 2022-ci il tarixli, 148 nömrəli arayışla da təsdiq olunur. Hazırda mərhum anasından qalmış torpaq sahəsinin vərəsəlik qaydasında adına keçirmək istəyir. Lakin dövlət aktında səhv olduğundan bu mümkün deyildir. Torpağa mülkiyyət hüququna dair dövlət aktını verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, dövlət aktındakı yanlışlığı aradan qaldıra bilmir. Həmçinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə keçdiyindən aidiyyatı üzrə xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yanlışlıqların aradan qaldırılmasını xahiş etmişdir, müvafiq 06 oktyabr 2022-ci il tarixli, **********55 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. O uzun illər buna əhəmiyyət verməmiş, lakin vərəsəlik məsələlərin həll etmək istəyərkən bu anlaşılmazlıqla rastlaşmışdır. Yol verilmiş yalnışlığı başqa cür aradan qaldırmaq iqtidarında deyildir, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin diqqətinə çatdırır ki, anası X10 vəfat etdikdən sonra onun tək vərəsəsi o qalmışdır. Bu səbəbdən məhkəməyə müvafiq ərizə ilə o müraciət etmişdir. Anamın tək vərəsəsinin o olmağı Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Nic qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 avqust 2022-ci il tarixli, 963 nömrəli arayışla da təsdiq olunur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X12 Mexakoviç məhkəmə iclasında ifadəsində göstərmişdir ki, ərizəçi onun bacısı oğludur, X1 bacısıdır. Bacısı X7 Qəbələ rayon AİK-in 25 fevral 1999-cu il tarixli 04 nömrəli qərarına əsasən, Qəbələ rayonu Nic qəsəbəsində JN - 394 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə 0,23 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir. Lakin dövlət aktında mərhum anası X6 soyadı səhvən "Danakari" kimi göstərilmişdir. Bacısı xx.xx.2009-cu ildə Qəbələ rayonu Nİc qəsəbəsində ölmüşdür. Bacısından miras qalmış əmlakını oğlu yəni, ərizəçi istifadə edir. X2 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, ərizəçi onun əmisi oğludur. X1 əmisi arvadıdır. X7 Qəbələ rayon AİK-in 25 fevral 1999-cu il tarixli 04 nömrəli qərarına əsasən, Qəbələ rayonu Nic qəsəbəsində JN - 394 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə 0,23 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir. X10 iki dəfə ərdə olduğu üçün oonun soyadları fərqlidir. X10 xx.xx.2009-cu ildə Qəbələ rayonu Nİc qəsəbəsində ölmüşdür, ondan miras qalmış əmlakını oğlu yəni, ərizəçi istifadə edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-394 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 25 fevral 1999-cu il tarixli 04 nömrəli qərarına əsasən X5 tam mülkiyyətinə Qəbələ şəhərində 0.23 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Nic qəsəbə İ.Ə.N tərəfindən verilmiş 21 oktyabr 2022-ci il tarixli 1148 saylı arayışdan görünür ki, JN-394 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında X9 soyadı texniki səhv olaraq “Danakari” olaraq qeyd olunmuşdur. Torpaq islahatı zamanı Qəbələ rayonu, Nİc qəsəbə ərazisində X11 adlı heç kim qeydiyyatda olmamışdır. İşdə olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Nic qəsəbə İ.Ə.N tərəfindən verilmiş 24 avqust 2022-ci il tarixli 963 saylı arayışdan görünür ki, X11 05 avqust 2009-cu il tarixdə Qəbələ rayinu, Nic qəsəbəsində vəfat etdikdən sonra aşağıdakı vərəsəsi qalmışdır: 1. Ərizəçi. X10 ölən günə kimi oğlu Ərizəçi yanında yaşamışdır. İşdə olan Qəbələ rayonu Qeydiyyat şöbəsi tərəfindən 07 avqust 2018-ci il tarixdə verilmiş AZ-İ 954386 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2009-cu ildə Qəbələ rayonu Nİc qəsəbəsində ölmüşdür. Bu barədə xx.xx.2019-cu il tarixdə Qəbələ rayonu Nic qəsəbə İ.Ə.N-də ölüm haqqında akt qeydləri kitabında 34 nömrə qeyd edilmişdir. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 30 noyabr 2022-ci il tarixdə verilmiş Nikahın bağlanması haqqında çıxarışndan görünür ki, X19 ilə X14 arasında xx.xx.1954-cü il tarixdə nikah bağlanmış, həmin tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında nömrə 21 ilə qeydə alınmışdır. Nikah bağlanandan sonra ərə Şaxkulov, arvada Şaxqulova soyadları verilmişdir. İş materiallarında olan Qəbələ Qeydiyyat şöbəsi tərəfindən 08 noyabr 2002-ci tarixdə verilmiş 512 saylı «Nikahın bağlanması haqqında arayış»ın surətindən görünür ki, X15 ilə X16 arasında 04 iyul 1961-ci il tarixdə nikah bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında nömrə 26 ilə qeydə alınmışdır. Nikah bağlanandan sonra ərə Danakyan, arvada Danakyan soyadları verilmişdir İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 15 dekabr 2022-ci il tarixdə verilmiş 05/Q-325/15 saylı məktubundan görünür ki, X8 doğum haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçinin tam mülkiyyətinə 0.23 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-394 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında “X10” əvəzinə “X11” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN-394 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının mərhum X7 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar