Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-724/2022 15.07.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı, iddiaçının etibarnamə üzrə nümayəndələri (oğlanları) Nümayəndə1 və Nümayəndə4, cavabdeh "xxxx" BOKT MMC-nin nümayəndəsi Nümayəndə3 və Cavabdeh1 nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdehlər "xxxx" BOKT MMC-nə, Cavabdeh1nə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hərracın etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" BOKT MMC-nə, Cavabdeh1nə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hərracın etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3ində yerləşən 0,84 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 117.9 m2 olan fərdi yaşayış evinə dair "xxxx"nin hərracın nəticələrinə dair 09 iyul 2012-ci il tarixli, Y-921 saylı protokolun və alğı-satqı müqaviləsinin ləğv edilməsi, "xxxx" BOKT MMC-ni adına verilmiş ********** saylı qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və mənim mülkiyyət hüququmun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandır ki, xx.xx.2010-cu il tarixdə Cavabdeh2 BOKT QSC ilə oğlu Nümayəndə1 arasında bağlanmış təminatlı kredit müqaviləsinə görə sonuncuya telefon aksesuarları və ərzaq məhsulları alınması məqsədilə illik 26 % olmaqla 30 ay müddətinə 33.000 (otuz üç min) manat məbləğində kredit verilmişdir. Öhdəliyinin icrasının təmin olunması məqsədilə ona mülkiyyət hüququ əsasında məxsus Qəbələ rayon Nic qəsəbəsində 0,84 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 81,1 kv.metr yaşayış, 36.8 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Ödənişlər vaxtında həyata keçirilmədiyi üçün bank Nümayəndə1 və onu məhkəməyə vermişdir. Qəbələ Rayon Məhkəməsinin 10 noyabr 2011-ci il tarixli 2(025)-550/2011 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Nümayəndə1 ilə Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı QSC arasında xx.xx.2010-cu il tarixli CAGab 55557/10 №-li kredit müqaviləsindən irəli gələn ödənilməmiş 31435 (otuz bir min dörd yüz otuz beş) manat əsas borc, 9487 (doqquz min dörd yüz səksən yeddi) manat faiz borcu, gecikdirməyə görə 3000 (üç min) manat dəbbə pulu borcu, həmçinin iddianın qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və 20 manat xidmət haqqı, cəmi 10 noyabr 2011-ci il tarixə 43972 (qırx üç min doqquz yüz yetmiş iki) manat borc, ipotekaya qoyulmuş ona mülkiyyət hüququ əsasında məxsus Qəbələ rayon Nic qəsəbəsində 0,84 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 81,1 kv.metr yaşayış, 36.8 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi (0,84 ha torpaq sahəsi ilə birlikdə) yönəldilərək açıq hərracda satılması, ipoteka ilə yüklü edilmiş torpaq sahəsinin hərracda ilkin satış qiyməti 30.000 (otuz min) manat məbləğində müəyyənləşdirilməsi, satışdan əldə olunan vəsait borcun həcmi məbləğində Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı QSC-nin xeyrinə ödənilməsi, hərrac keçirildikdən sonra 1 (bir) ay müddətində girov qoyulmuş yaşayış evinin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 10 noyabr 2011-ci il tarixli 2(025)-550/2011 nömrəli icra vərəqəsinə əsasən icra hərəkətləri aparılmış və ona məxsus əmlak satışa çıxarılmışdır. Onun hərraclar barədə məlumatı olmamışdır. Yaşlı adam olduğundan məhkəmə işləri və sənədləri ilə bağlı hər hansı hüquqi savadı yoxdur. Həmçinin oğlu Nümayəndə1 da bu barədə məlumat verilməmişdir. "xxxx" Hərracın yekunları barədə Y-921 nömrəli Protokola əsasən ünvan 3ində fərdi yaşayış evinin (0,84 ha torpaq sahəsi ilə birlikdə) son qiyməti 19125 (on doqquz min bir yüz iyirmi beş) manat müəyyən edilmişdir. Eyni zamanda göstərilmişdir ki, “İpoteka haqqında” AR qanunun 43.5 və 43.7 maddələrinə əsasən ilkin satış qiymətinin enmiş faizləri təkrar hərracda 15 % (on beş) və 25 % (iyirmi beş) azalmışdır. Bu da onu göstərir ki, 3 hərrac keçirilmiş, birinci hərracda əmlakın qiyməti 15 %, ikinci hərracda 25 % azaldılmışdır. Nəticədə üçüncü hərrac zamanı əmlakın qiyməti 19125 manat olmuşdur. Daha sonra 09 iyul 2012-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqaviləsinə əsasən satıcı əmlakı hərracın nəticələri barədə yekun protokoluna əsasən 19125 (altı min üç yüz yetmiş beş) manata satmış, alıcı isə həmin qiymətə almışdır. Nəticədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli Çıxarışa əsasən Qəbələ rayonu, Nic kəndində yerləşən 0,84 ha torpaq sahəsi və fərdi yaşayış evi Cavabdeh2 BOKT QSC-nin adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 4 nömrəli reyestri kitabının 39 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyat aparılmışdır. Onun isə ya birinci hərracdan, ya ikinci, ya da üçüncü hərracdan xəbərim olmamışdır. Fikirləşir ki, hərraclar keçirilən zaman əmlakın mülkiyyətçisi kimi birinci ona məlumat verilməli və hərraclar onun iştirakı ilə keçirilməli idi. O, hərrac keçirilən vaxt həmin evin mülkiyyətçisi olduğu halda hərrac onun iştirakı olmadan təşkil olunmuş, həmin ev dəyərindən ucuz qiymətə satılmış və evi alan isə onu ucuz qiymətə almaqda maraqlı olan bank olmuşdur. Hal-hazırda həmin torpaq sahəsinin fərdi yaşayış evi birlikdə 120000 (bir yüz iyirmi min) və daha artıq qiyməti vardır. Dəyəri 120000 manatdan olan daşınmaz əmlakın 19125 manat qiymətləndirilməsi ilə onun mülkiyyət hüquqlarını kəskin şəkildə pozmuşdur. Bu yaxınlarda icra məmuru oğlu X6 bildirmişdir ki, bank əmlakını özü almış və artıq balansına götürmüşdür. Qeyd etməlidir ki, bu yaxınlaradək qətnamə üzrə icra icraatına başlanması, əmlakının hərraca çıxarılması və hərracda satılması ona bildirilməmiş, rəsmi xəbərdarlıq göndərilməmiş, hərrac məqsədli şəkildə iştirakı olmadan həyata keçirilmişdir. Hesab edir ki, hərraclar keçirilən zaman, onun hüquqları kobud surətdə pozularaq, əmlakı qanunsuz olaraq əlindən qərəzli şəkildə alınmışdır. Cavabdehlər - hərracı keçirən təşkilatçılar bank ilə əlaqəyə girərək, əmlakı ona sərf edən ucuz, dəyərindən çox-çox aşağı qiymətə satılmasını təşkil etmiş və cavabdehlər bu cür qanunsuz hərəkətləri ilə ona küllü miqdarda ziyan vurulmuşlar. Cavabdehlər onun maraqlarıma toxunaraq, qanunsuz hərəkətləri ilə Mülki Məcəllənin və “İpoteka haqqında” xx.xx.2005-ci il tarixli Qanunun tələbləri kobud surətdə pozmuşlar. Bundan əlavə qeyd edir ki, "xxxx" BOKT MMC-yə bu yaxınlarda icra vərəqəsində nəzərdə tutulmuş məbləğin ödənilməsini və çıxarışın onların adlarına qaytarılması tələb edilsə də, onlar əsassız olaraq daha çox məbləğ tələb etmişlər və bütün bunlar onların göstəricisidir ki, "xxxx" BOKT MMC-nin məqsədi ondan borc öhdəliyini tələb etmək deyil, ona məxsus torpaq sahəsini və fərdi yaşayış evini daha yüksək qiymətə satıb gəlir əldə etməkdir. Buna görə də pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. İlkin olaraq keçirilmiş hərracın nəticələri barədə protokolun etibarsız hesab edilməsi ilə aşağıdakıları qeyd edir: Yuxarıda qeyd etdiklərindən məlum olur ki, hərracın keçirilməsi zamanı ipotekaya qoyulmuş daşınmaz əmlakların satılması “İcra haqqında” Azərbaycan Respublikası Qanunun, “İpoteka haqqında” Azərbaycan qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələbləri pozulmaqla həyata keçirildiyindən, ona məxsus ünvan 3ində yerləşən 0,84 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 117.9 m2 olan fərdi yaşayış evi ilə bağlı hərracın yekunları barədə 09 iyul 2012-ci ildə tərtib olunmuş № Y-921 saylı protokol və hərracın yekunları üzrə həmin tarixli əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab olunmalıdır. Belə ki, qeyd olunan hərracların keçirilməsi ilə bağlı əmlakların mülkiyyətçinə, yəni ona qanunla müəyyən olunmuş qaydada bildirişlər göndərilməmiş və onun həmin hərrac barədə məlumatı olmamışdır. Bu isə onun mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Eyni zamanda bildirir ki, xx.xx.2021-ci il tarixdə evinə bir qrup şəxslər gələrək ona akta imza etdirmişlər. Lakin ona həmin vaxt oğlu X7 evin yenidən qiymətləndirildiyini, bu səbəbdən akta imza çəkməyini bildirmişdir. İkinci isə "xxxx" BOKT MMC-nin adına verilmiş Çıxarış ləğv edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Yuxarıda qeyd olunduğu kimi ona məxsus ünvan 3ində yerləşən 0,84 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 117.9 m2 olan fərdi yaşayış evi 09 iyul 2012-ci il tarixli hərracın yekunları barədə protokola əsasən "xxxx" BOKT MMC-yə satılmış və daşınmaz əmlakın dövlət reyestrində "xxxx" BOKT MMC-nin adına qeydiyyata alınmamışdır. Hesab edir ki, hərracın nəticələri haqqında yekun protokol etibarsız olduğundan ünvan 3ində yerləşən 0,84 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 117.9 m2 olan fərdi yaşayış evi üzərində "xxxx" BOKT MMC-nin mülkiyyət hüququna dair qeydiyyat ləğv edilməli, həmin əşya, daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə onun adına qeydiyyata alınmalıdır. Başqa sözlə, "xxxx" BOKT MMC-nin adına verilmiş Çıxarış ləğv edilməlidir. Halhazırda onun və ailə üzvlərinin mülkiyyətlərində olan yaşayış evindən çıxmaq məsələsi vardır və qətnamə qəbul edərkən mülkiyyət hüququ ilə bağlı aşağıdakı normaları nəzərə almağı xahiş edir. Göstərdiyi hüquq normalarından göründüyü kimi mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hal-hazırda isə mülkiyyət hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmənin 28 iyun 2022-ci il tarixli qərarı ilə "xxxx" MMC mülki iş üzrə cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir. Azərbaycan Respublikası MPM-nin 57.1-ci maddəsinə görə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. İddiaya Etiraz: xx.xx.2022-ci il tarixində cavabdeh "xxxx" BOKT MMC-nin nümayəndəsi iddia tələbinə dair etiraz təqdim edərək, iddia tələbi əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Etirazı onunla əsaslandırmışdır ki, hal-hazırda icraatda olan 2(025)-724/2022 saylı mülki iş üzrə Cavabdeh2 BOKT MMC cavabdeh qismindədir. Həmin mülki iş üzrə İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunaraq, iddia ərizəsində qeyd edir ki, 2010-cu il tarixdə Cavabdeh2 BOKT MMC-dən oğlu Nümayəndə4 götürdüyü kredit üzrə, İddiaçı həmin krediti təminatı olaraq ona məxsus iki daşınmaz əmlakları ipoteka ilə yüklü etmiş, sonradan isə kredit öhdəlikləri yerinə yetirə bilmədiyi üçün hərraca gedərək, hərrac nəticəsinin olmasına baxmayaraq, iddiaçı guya ki, hərraclardan xəbəri olmayıb və heç bir bildirişi rəsmi qəbul etməyib. İddia tələbi rədd olunmalıdır. Belə ki, İddiaçı ona məxsus olan Qəbələ rayonu, Nic kəndində yerləşən 0,84 ha torpaq sahəsinin və onun üzərində olan ümumi sahəsi 117 kvadrat metrdən ibarət fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Kredit öhdəliyi yerinə yetirə bilmədiyi üçün Cavabdeh2 BOKT MMC tərəfindən məhkəməyə müraciət olunmuş və iş üzrə qətnamə çıxaraq 2011-ci il tarixdə qanuni qüvvəsini almışdır. Bundan sonra qətnamə əsasında iş icra şöbəsinin vasitəsi ilə hərraca gedərək, hərracın nəticələrinə əsasən, həmin daşınmaz əmlak Cavabdeh2 BOKT MMC-nin xüsusi mülkiyyətinə keçmişdir. 14 oktyabr 2019-cu il tarixdə istifadə hüququnun xitam verilməsi barəsində son bildiriş Cavabdeh2 BOKT MMC İddiaçı göndərərək, İddiaçı həmin son bildirişi qəbul edərək, qəbul edilməsinə dair bildirişin surətinə imza etmişdir. Bundan başqa həmin bildirişdə qeyd olunmuşdur ki, artıq həmin daşınmaz əmlak "xxxx" BOKT MMC-nin mülkiyyətindədir. Bu bir daha onu sübuta yetirir ki, İddiaçı tərəfindən bu əmlakın icra və hərracı barəsində bütün sənədlər qəbul olunmuşdur. Bundan sonra 23 aprel 2021-ci il tarixdə Cavabdeh1 icra məmuru Nümayəndə2 iştirakı ilə İddiaçı, Nümayəndə4 və Nümayəndə1 həmin əmlakı boşaldaraq, Cavabdeh2 BOKT MMC-yə təhvil vermişdirlər. Buna dair Nümayəndə4, İddiaçı və Nümayəndə1 əmlakın təhvil verilməsi və boşaldılması haqqında 23 aprel 2021-ci il tarixli aktı təsdiq edərək imzalamışdırlar. Beləliklə yuxarıda qeyd olunanlara əsaslanaraq nəticəyə gəlmək olar ki, İddiaçı tərəfindən verilmiş iddia ərizəsi əsassızdır və rədd olunmalıdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsin məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə1 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə4 əvvəlki məhkəmə iclasında şahid qismində göstərdiyi izahata əlavə olaraq göstərdi ki, onun evin və torpaq sahəsinin hərraca çıxarılmasından xəbəri olsa da, həmin daşınmaz əmlakların mülkiyyətçisi olan anasının bundan xəbəri olmamış, anası xəstə olduğu üçün ondan bu məsələni gizlətmişlər. Anası İddiaçı ya bank, ya da icra şöbəsi dəvət edərək heç vaxt izahatını almamışlar. Əmlakın Bankdan geri qaytarılması ilə bağlı uzun müddətdir ki, danışıqlar aparmış, lakin qiymətlə razılaşa bilməmişdir. Sonda isə Bank onları aldadaraq əmlakı başqa şəxsə satmışdır. Bu səbəbdən hesab edir ki, anasının mülkiyyət hüquqları pozulmuşdur. Məhkəmə iclasında cavabdeh "xxxx" BOKT MMC-nin nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı tərəfindən verilmiş iddia əsassızdır və rədd olunmalıdır. Bununla bağlı tərəflərindən etiraz da hazırlanmışdır. 2019-cu ildə İddiaçı sənədlərə qol çəkib, hansı ki, xəbərdarlıq gəlib ki, artıq mənzili boşaltmalıdır, mənzildən çıxarılmalıdır. Bundan başqa icra aktı var ki, 2022-ci il yox, 2021-ci ilin aprel ayında icra aktı imza olunub. İcraçı gəlib, ev boşaldılıb, əşyalar tam boşaldılıb, buna dair akt imzalanıb. Həmin aktda da qeyd olunub ki, evdən çıxarılıb, yüklü edilib. Həmin akta da özü qol çəkib, imzalayıb. Həmin akta da Validə xanım, Nümayəndə1 və Nümayəndə4 özləri imza ediblər. Əşyaları boşaldıblar və evi tam boş şəkildə təhvil veriblər. 2019-cu il tarixdəki bildirişlərə imza ediblər, 2021-ci ilin aprel ayında akt imzalayıblar və ona imza ediblər. İcra aktına özləri, icra məmuru, Cavabdeh2nun nümayəndəsi imza ediblər, həmin vaxt hamısı orda olublar. Lakin 2022-ci ildə məhkəməyə veriblər. Niyə məhz 2022-ci ildə məhkəməyə verdiklərini də izah edə bilər ki, artıq bu əmlak Cavabdeh2 BOKT MMC-nin adına deyil. Bu əmlak X3 2022-ci ilin yanvar-fevral aylarında satılıb. Onlar elan vermişlər ki, Cavabdeh2 BOKT MMC-yə məxsus əmlak satılır. O adam Bakıda yaşayır və 40.000 manata həmin əmlakı alıbdır. Həmin müqavilədə qeyd olunub ki, onlar həmin əmlakı alıcıya təhvil verməlidirlər. Həmin müqavilənin 14-cü bəndində qeyd olunub ki, təhvil təslim edənə qədər onlar həmin əmlakın qorunmasını, təhlükəsizliyini təmin etməlidirlər və buna görə də cavabdehdirlər. 27 aprel 2022-ci il tarixdə müqavilə bağlanandan təxminən 10-11 gün sonra o şəxsən özü Qəbələ rayonu, Nic qəsəbəsinə, həmin 0,84 ha torpaq sahəsi üzərində yerləşən 117 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə gəlmişdir. Əlində evin açarları ilə gəlmiş ki, açıb evə baxsın, çünki onlar evi təhvil təslim etməlidirlər. Gələndə evin açarlarının dəyişildiyini görmüş və qapını aça bilməmişdir. İddiaçı və oğlu qabağına çıxmışlar, bundan sonra zəng vurmuşlar və əlavə 2 dənə də maşın içi dolu adamlarla gəlmişdir. Təxminən 30-40 adamla onun qabağına çıxmışlar. Bununla bağlı halhazırda prokurorluqda araşdırma aparılır. Baş təhqiqatçı Tural müəllim hadisə yerinə gəlmişdir. O, başa salmış ki, o, Cavabdeh2 BOKT MMC-nin hüquq müdafiəçisidir, hüquq departamentinin rəhbəridir və bu əmlak satılıb. İddiaçı və oğlanları səs-küy salmışlar. Baş təhqiqatçı gələndən sonra onun iştirakı ilə evin qıfılları dəyişdilmiş və bağlanılmışdır. İddiaçıya izah olunmuş ki, artıq həmin əmlak onların deyil. Çıxarışları da göstərmiş ki, bu əmlak əvvəl Cavabdeh2 BOKT MMC-yə məxsus olub, daha sonra satılmışdır. Ev satıldıqdan sonra may ayının 4-ü ya da 5-i üçün vaxt təyin etmişlər ki, yerində təhvil-təslim etsinlər. Polis şöbəsində Mahmud özü gəlmişdir. Polis onu dindirmiş və Mahmud məlumatı olduğunu bilmişdir. Həmçinin bildirmişdir ki, 35 min manat pul verməyə hazırdır. Orda o, demiş ki, o, pul işinə baxmır, bu ev uzun illərdir ki, Cavabdeh2 BOKT MMC-nin adınadır, Kredaqro da artıq bu evi satmışdır. Mayın 5-də o, həmin evə gedəndə Nümayəndə4 oğlu öz hərbi formasını geyinib, hərbi formasından istifadə edərək onun üstünə düşərək, video çəkiliş edərək asayişi pozmuşlar. Bununla bağlı da o, prokurorluğa müraciət etmişdir. Bütün bu hadisələrdən sonra isə gəlib məhkəməyə ərizə ilə müraciət etdilər. Ən azından iddiaçı tərəfin 2019-cu il tarixdən məlumatları var. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Nümayəndə2 izahatında göstərmişdir ki, icra sənədi 2011-ci il tarixdə şöbəyə daxil olmuşdur. Həmin vaxt sifariş verilmişdir. Daha sonra əmlak tələbkarın hesabına keçmişdir. Sonrakı dövrlərdə icra sənədi geri qaytarılmış, lakin tələbkarın ərizəsinə əsasən yenidən iş onların icraatlarına daxil olmuşdur. 2021-ci il tarixdə icra sənədi yenidən onların icraatlarına daxil olarkən ancaq evin boşaldılması, borcluların çıxarılması hissəsində icra olunması üçün gəlmişdir. Onlar da icra prosesi təyin etmişlər, həmin ünvana getmişlər və akt tərtib etmişlər. 21 aprel 2021-ci il tarixdə tərtib olunmuş həmin akta borclu İddiaçı iştirak edib, akta imza edib. Çıxarılma həyata keçirilib, ona görə də icra sənədinin icraatına xitam verilib. Müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. 07 iyul 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş Nümayəndə4 izahatında göstərmişdir ki, bu işin əvvəlindən saxtakarlıq ediblər. O, filialda kredit işçisi olmuşdur. Krediti o verməmiş, krediti filialdan qardaşı almışdır. Birinci dəfə 50 min manat almışlar və ev 75 min qiymətləndirilmişdir. İkinci dəfə krediti restukzasiya edilmiş, avtomatik evin qiymətini kredit qiyməti ilə eyniləşdiriblə, evin qiymətini 42 minə salıblar ki, evi rahat balansa götürə bilsinlər. Onun bütün bunlardan xəbəri olmuş, ancaq onu aldatmışlar. Evin boşalması məsələsi ilə bağlı qeyd eləmək istəyir ki, faktiki olaraq ev boşalmamışdır. Dəfələrlə banka getmiş, demək olar ki, qapılarında yatmışdır. Dəfərlərlə demişdir ki, beş min, on min, on beş min pul gətirmişdir. Cavabdeh2 BOKT MMC-nin nümayəndələri isə demişlər ki, pulu tam gətir, tam gətirməsən mümkün deyil. Sonuncu dəəf 2021-ci ildə ona bankın idarə heyətinin sədri demiş ki, “get evin qapıların qıfılla gətir, açarları mənə gətir. Sonra gəl otur nə istəsən o cür eləyək.” Evin qapılarını bağlamış, açarı aparmış və İdarə heyətinin sədri hidayət müəllim ona demiş ki, 60 min gətir. Ev 22 apreldə satılan vaxtda da o, onların yanında olmuş və yalvarıb yaxarmışdır. O, ərizə vermiş, onun ərizəsini qəbul etmişlər ki, müşahidə şurasına çıxaracaqlar, onu aldadıb evi gizli şəkildə satıblar. Əgər bank düzgün işləyirdilərsə, evi də açıq şəkildə satardılar. Böyük saxtakarlıq ediblər, nə hərracdan xəbərləri olmayıb, nə hərracın məktublarından xəbərləri olmamışdır. O, evin balansda olduğunu bilirmiş. Onun 150-200 min manatlıq evini 19 min, 200 min manata balansa götürüblər və saxtakarlıqla ediblər. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə və üçüncü şəxs "xxxx" MMC-nə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsininin və üçüncü şəxs "xxxx" MMC-nin nümayəndələrinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən şəxlərin izahatlarını dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 10 noyabr 2011-ci il tarixli 2(025)- 550/2011 nömrəli qətnaməsindən görünür ki, Nümayəndə1 ilə Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı QSC arasında xx.xx.2010-cu il tarixli CAGab 55557/10 №-li kredit müqaviləsindən irəli gələn ödənilməmiş 31435 (otuz bir min dörd yüz otuz beş) manat əsas borc, 9487 (doqquz min dörd yüz səksən yeddi) manat faiz borcu, gecikdirməyə görə 3000 (üç min) manat dəbbə pulu borcu, həmçinin iddianın qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və 20 manat xidmət haqqı, cəmi 10 noyabr 2011-ci il tarixə 43972 (qırx üç min doqquz yüz yetmiş iki) manat borc, ipotekaya qoyulmuş İddiaçı mülkiyyət hüququ əsasında məxsus Qəbələ rayon Nic qəsəbəsində 0,84 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 81,1 kv.metr yaşayış, 36.8 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi (0,84 ha torpaq sahəsi ilə birlikdə) yönəldilərək açıq hərracda satılması, ipoteka ilə yüklü edilmiş torpaq sahəsinin hərracda ilkin satış qiyməti 30.000 (otuz min) manat məbləğində müəyyənləşdirilməsi, satışdan əldə olunan vəsait borcun həcmi məbləğində Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı QSC-nin xeyrinə ödənilməsi, hərrac keçirildikdən sonra 1 (bir) ay müddətində girov qoyulmuş yaşayış evinin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Qəbələ rayon İcra Qrupu tərəfindən "xxxx" MMC-nə ünvanlanmış 13 mart 2012-ci il tarixli, 99/12 nömrəli Sifarişdən görünür ki, Qəbələ rayon Məhkəməsinin 13 dekabr 2011-ci il tarixli 2(025)-550 saylı icra sənədi üzrə icraatda borclu Nümayəndə1 məxsus ipotekaya qoyulmuş əmlak barədə hərracın keçirilməsi xahiş edilmişdir. İş materiallarında olan "xxxx"nin № Y-921 nömrəli, xx.xx.2012-ci il tarixli hərracın yekunları barədə protokolun surətindən görünür ki, İddiaçı məxsus fərdi yaşayış evi (0,84 ha torpaq sahəsi ilə birlikdə) Qəbələ Rayon Məhkəməsinin 2(025)-550/2011 nömrəli, xx.xx.2011-ci il tarixli icra vərəqəsinin, Qəbələ rayon İcra Qrupunun 99\12 nömrəli, xx.xx.2012-ci il tarixli sifariş məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 30000 manat, əmlakın təkrar hərracdakı satış qiyməti 19125 manat olmaqla qalib alıcı Cavabdeh2 BOKT QSC-yə satılmışdır. İş materiallarında olan “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 09 iyul 2012ci il tarixli müqavilədən görünür ki, Cavabdeh2 Bank Olmayan Kredit X5 Cəmiyyəti Qəbələ Rayon Məhkəməsinin 2(025)-550/2011 nömrəli, xx.xx.2011-ci il tarixli icra vərəqəsi və "xxxx"nin № Y-921 nömrəli, xx.xx.2012-ci il tarixli hərracın yekunları barədə protokoluna əsasən İddiaçı məxsus ünvan 3ində yerləşən fərdi yaşayış evini (0,84 ha torpaq sahəsi ilə birlikdə) 19125 (on doqquz min bir yüz iyirmi beş) manata almışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı № ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3ində yerləşən 0,84 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 117.9 m2 olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 BOKT QSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində xx.xx.2012-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, Qəbələ rayon Məhkəməsinin 2(025)-550/2021 saylı xx.xx.2011-ci il tarixli icra sənədi üzrə ünvan 3ində yerləşən 0,84 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 117.9 m2 olan fərdi yaşayış evi borclular tərəfindən yaşayış evində olan bütün əşyalar boşaldılaraq özləri tərəfindən aparılmış, qeyd olunan yaşayış evi boşaldılaraq tələbkara təhvil verilmiş, eyni zamanda giriş qapılarının açarları dəyişdirilərək tələbkarın etibarnamə üzrə nümayəndəsinə verilmiş, aktından doğruluğunu Cavabdeh1 icra məmuru Nümayəndə2, borclu Nümayəndə1, borclu İddiaçı, tələbkar Cavabdeh2 BOKT MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 və borcluların ailə üzvü Nümayəndə4 imzası ilə təsdiq etmişlər. İş materiallarında olan Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən 02 fevral 2022-ci il tarixdə, 1195 reyestr nömrəsi ilə qeydə alınmış AN – İ № ******* nömrəli «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi»nin surətindən görünür ki, "xxxx" BOKT MMC ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 117.9 kv/m, yaşayış sahəsi 81.1 kv/m, yardımçı sahəsi 36.8 kv/m olan 4 ortaqlı fərdi yaşayış evini və 0,84 ha torpaq sahəsini X2 mülkiyyətinə vermişdir. Satılan torpaq sahəsi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr № si **********47-10301, qeydiyyat № si ********** qeydiyyat tarixi xx.xx.2012 olan çıxarış "xxxx" BOKT MMC-nə (satıcıya) məxsusdur. Satıcı fərdi yaşayış evini və torpaq sahəsini 40000 (qırx min) manata satmış, alıcı isə həmin qiymətə almışdır. Müqavilə bağlanan zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568, 646-647-ci maddələrinin məzmunu tərəflərə izah edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********47-10301 daşınmaz əmlakın reyestr nömrəli Çıxаrışın surətinə görə Qəbələ rayonu Nic qəsəbəsində yerləşən ümumi sahəsi 117.90 kv/m olan fərdi yaşayış evi və 0,84 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mülki işə tətbiq edilən hüquq: “İpoteka haqqında” Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. “İpoteka haqqında” Qanunun 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Hərracın keçirildiyi vaxt qüvvədə olan “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Sözügedən Qanunun 42.5 və 42.6-cı maddələrinə əsasən ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından müəyyən edilir ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-550/2011 nömrəli, xx.xx.2011-ci il tarixli icra vərəqəsinin, Qəbələ rayon İcra Qrupunun 99\12 nömrəli, xx.xx.2012-ci il tarixli sifariş məktubunun icrasına əsasən, İddiaçı məxsus ünvan 3ində yerləşən 0,84 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 117.9 kvadratmetr olan fərdi yaşayış evi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlaklar qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq alıcı "xxxx" BOKT MMC-nə satılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus ünvan 3ində yerləşən 0,84 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 117.9 kvadratmetr olan fərdi yaşayış evi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərracda satılaraq özgəninkiləşdirilmişdir. Bu səbəbdən də iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia tələbində əsasən qeyd olunan ipoteka predmetlərinin dəyərinin aşağı olmasını, düzgün qiymərləndirilməməsini göstərmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiyməti Qəbələ Rayon Məhkəməsinin 10 noyabr 2011-ci il tarixli 2(025)-550/2011 nömrəli qətnaməsi iə müəyyən edilmiş, iddiaçı isə həmin qətnamədən şikayət verməmiş və ipoteka predmetlərinin qiymətini mübahisələndirməmişdir. Eyni zamanda “İpoteka haqqında” AR qanunun 43.5 və 43.7 maddələrinə əsasən ilkin satış qiymətinin enmiş faizləri təkrar hərracda 15 % (on beş) və 25 % (iyirmi beş) azalmış, nəticədə üçüncü hərrac zamanı əmlakın qiyməti 19125 manat olmuşdur. Bununla yanaşı məhkəmə iddiaçının əsas gətirdiyi, hərrac təşkilatçısının hərracın keçirilməsi barədə ona məlumat verməməsini, hərracın onun xəbəri və iştirakı olmadan keçirilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, Qəbələ rayon Məhkəməsinin 2(025)-550/2021 saylı xx.xx.2011-ci il tarixli icra sənədi üzrə ünvan 3ində yerləşən 0,84 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 117.9 m2 olan fərdi yaşayış evi borclular tərəfindən yaşayış evində olan bütün əşyalar boşaldılaraq özləri tərəfindən aparılmış, qeyd olunan yaşayış evi boşaldılaraq tələbkara təhvil verilmiş, eyni zamanda giriş qapılarının açarları dəyişdirilərək tələbkarın etibarnamə üzrə nümayəndəsinə verilmiş, aktından doğruluğunu Cavabdeh1 icra məmuru Nümayəndə2, borclu Nümayəndə1, borclu İddiaçı, tələbkar Cavabdeh2 BOKT MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 və borcluların ailə üzvü Nümayəndə4 imzası ilə təsdiq etmişlər. Göründüyü kimi iddiaçı və onun ailə üzvləri hərracın keçirilməsindən və iddiaçıya məxsus fərdi yaşayış evinin və torpaq sahəsinin "xxxx" BOKT MMC-nin mülkiyyətinə keçməsindən xəbərdar olmuşlar ki, bunun nəticəsində həmin evin boşaldılması barədə akta imza çəkmişlər. Həmçinin məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla və verdikləri izahatlardan da məlum olmuşdur ki, qeyd edilən ipoteka predmeti ilə bağlı keçirilmiş hərracdan iddiaçının tam məlumatı olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, "xxxx" BOKT MMC ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 117.9 kv/m, yaşayış sahəsi 81.1 kv/m, yardımçı sahəsi 36.8 kv/m olan 4 ortaqlı fərdi yaşayış evini və 0,84 ha torpaq sahəsini AN – İ № ******* nömrəli «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi»nə əsasən X2 mülkiyyətinə vermişdir. Həmçinin məhkəmə iclasında tərəflərin verdikləri izahatlardan da məlum olmuşdur ki, mübahisəli ipoteka predmetinin "xxxx" BOKT MMC tərəfindən X1 da iddiaçı və onun ailə üzvləri xəbərdar olmuşlar. Göstərilən bu hal da onu göstərir ki, iddia tələbi əsassız və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" BOKT MMC-nə, Cavabdeh1nə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hərracın etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması" tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-724/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-724/2022
15.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver