Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-728/2022 29.09.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" ASC-nə və "xxxx" ASC-nin X4 və Satış İdarəsinə qarşı “cavabdeh tərəfindən tərtib olunmuş akt əsasında əsassız hesablanmış borc pulun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: cərimənin silinməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə İddiaçı cavabdehlər "xxxx" ASC-nə və "xxxx" ASC-nin X4 və Satış İdarəsinə qarşı “cavabdeh tərəfindən tərtib olunmuş akt əsasında əsassız hesablanmış borc pulun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X14 Təchizatı və Satışı İdarəsinə qarşı “elektrik enerjisindən istifadəyə görə qanunsuz yazılmış aktın etibarsız hesab edilməsi və hesablanmış enerji sərfiyyatı borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 31 mart 2022-ci il tarixli, NDM 028108 №-li AKT etibarsız hesab edilməsi və əsassız hesablanmış 11452 (11427+16+9) (on bir min dörd yüz əlli iki) manat borcun Qəbələ rayonu, Nohurqışlaq kəndində adına olan **********00717 saylı abonent kodundan silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1954-cü il tarixində Qutqaşen (indiki Qəbələ) rayonu, Vəndam kəndində anadan olmuşdur. 1986-cı il tarixində Çernobıl AESdə baş vermiş qəzanın aradan qaldırılmasında iştirak etmiş və İİ qrup Çernobıl əlilidir. 2013-cü il tarixində Qəbələ rayonu, Nohurqışlaq kənd sakini Şahvələd adlı şəxsdən ona məxsus həmin kənddə yerləşən 2,14 ha torpaq sahəsini alqı-satqı edərək almışdır. Həmin tarixdən də başlayaraq torpaq sahəsində fərdi yaşayış evi və bir neçə digər tikililər inşa etdirmişdir. Fərdi yaşayış evinə müvafiq qaydada texniki şərt və lazımi sənədləşmə aparılmaqla, sayğac quraşdırılmış və elektrik xətti çəkilmişdir. Elektrik xəttinin çəkildiyi və sayğac quraşdırıldığı vaxtdan hal-hazıradək elektrik enerjisi sərfiyyatına görə bütün ödənişlər sayğac göstəricilərinə və şəbəkə tərəfindən verilmiş bildirişlərə uyğun olaraq vaxtlı-vaxtında ödənilmiş, tərəfindən sayğaca heç bir müdaxilə edilməmiş, o cümlədən sayğacdan kənar hər hansı xətt çəkilməklə şəbəkəyə qoşulma kimi hallar olmamışdır. Özü Sumqayıt şəhərində yaşamasına baxmayaraq mövsümü olaraq hərdən ailəsi ilə birlikdə Qəbələ rayonu, Nohurqışlaq kəndində yaşayır. Lakin kənddəki evdə daimi yaşamadığından oraya qohumu Rahim adlı şəxs nəzarət edir. xx.xx.2022-ci il tarixində "xxxx" ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin bir qrup əməkdaşları fərdi yaşayış evində quraşdırlmış elektrik sayğacna baxış keçirərək, sayğacın işləmədiyini bildirərək NDM №028108 akt tərtib etmişlər və akta etiraz olaraq qohumu onu imzalamaqdan imtina etmişdir. xx.xx.2022-ci il tarixində isə Qəbələ EŞ-nin əməkdaşları gələrək №1731300 protokol tərtib edərək sayğacı yenisi ilə əvəz etməkdən ötrü çıxarıb aparmışlar. Bir neçə gündən sonra tərtib edilmiş NDM № 028108 akta görə 87900 Kvt, 11427 manat (EİQ pozulması 0,13), 200 Kvt, 16 manat (AKT-ın yeni tarifi 0,08), 100 Kvt, 9 manat (EİQ pozulması 0,09) ümumilikdə 11452 manat elektrik enerjisindən istifadəyə görə borc (cərimə) yazılmışdır. Qeyd olunan akt iştirakı olmadan, hal şahidlərinin iştirakı təmin edilmədən tərtib edilmiş, sayğacın işləməməsi və birbaşa qoşulması barədə aktda göstərilənlər ilə əlaqədar isə hər hansı foto, video çəkiliş aparılmamış, ümumiyyətlə göstərilən pozuntunun mövcudluğunu təsdiq edən heç bir sübut əlavə edilməmişdir. Bununla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın tələbləri pozulmuşdur. Qeyd etdiyi elektrik enerjisindən istifadəyə görə əsassız yazılan aktın və hesablanmış borcun ləğv edilməsinə dair Rayon Elektrik Şəbəkəsinə müraciət etmiş, lakin qeyd olunan aktın ləğv edilməsi və akta görə hesablanmış borcun məhkəmə qərarı əsasında ləğv edə və borcu silə biləcəklərini bildirmişlər. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. İddiaya Etiraz: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 31avqust 2022-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsilə ilə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçıya məxsus Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən fərdi yaşayış evi (fərdi yaşayış evi adı altında restoran) "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********00717 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları V.Cəlilov, X.Hacıbabayev, X.Abdullayev, T.Əzizov, F.Cavadov və R.Musayev tərəfindən Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə (fərdi yaşayış evi altında restoran) quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının nümayəndəsinin iştirakı ilə “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacının işləmədiyi, işlədicilərin bir başa qoşularaq istifadə olunduğu və elektrik sayğacının keçən yükü qeyd etmədiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32 bəndinin tələbinə uyğun olaraq, yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2022-ci il tarixli, R0281108 saylı akt tərtib olunmuşdur. Tərtib edilmiş akta əsasən xx.xx.2022-ci il tarixində Şimal-Qərb RETSİ-nin əməkdaşları tərəfindən qüsur aşkar olunmuş sayğacyenisi ilə əvəz edilərək möhürlənmiş və bununla bağlı ******* saylı protokol tərtib olunmuşdur. Laboratoriyanın xx.xx.2022-ci il tarixli, 002590 saylı protokolu ilə elektrik sayğacının daxili qüsur nəticəsində dövrədən axan yükü qeyd etmədiyi barədə rəy verilmişdir. xx.xx.2022-ci il tarixli, R028108 saylı akta əsasən "xxxx" ASC-nin akt komissiyası tərəfindən xx.xx.2022-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 30 gün üçün 0,08 manatla 200 kvt.s (dəyəri 16.00 manat), 0,09 manatla 100 kvt.s (dəyəri 9.00 manat) və 0,13 manatla 87900 kvt.s (dəyəri 11427.00 manat) toplamda 11452.00 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən video çəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan video çəkilişdə açıq aşkar öz əksini tapır. Beləliklə, yuxarıda şərh olunanlara əsasən, İddiaçı "xxxx" ASC və "xxxx" ASC-nin Şimal-qərb RETSİ-nə qarşı “akt əsasında əsassız hesablanmış borc pulun silinməsi” tələbinə dair iddiası əsassız olduğundan tamamilə rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 qeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək, eyni zamanda məhkəməyə təqdim etdiyi etiraz ərizəsində göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında X1 şahid qismində ifadə veərərk göstərmişdir ki, o, “X13” restoranının iş icraçısıdır. Vergi ödəyicisidir. Əsasən yay aylarında işləyirlər. Tarix yadında deyil, bir gün əvvəl üç, sonra daha üç nəfər gələrək vəsiqələrini təqdim edib, Azərişıqdan gəldiklərini və transformatora baxmaq istədiklərini bildirmişlər. Onun iştirakı ilə transformatora baxmışlar. O, sayğacın işləmədiyindən məlumatlı olduğunu bildirmişdir. Təqribən iyirmi gün olarmış ki, təmir işləri ilə məşğul imişlər. Onlar yoxlayıb getmişlər və ona heç nə deməmişlər. Sonradan 11500 manata yaxın cərimə yazmışlar. Orada sayğaca kənar xəttin kimin qoşmasından məlumatı yoxdur. O, heç işləyəndə belə transformatrın için açıb baxmamışdır. Məhkəmə iclasında X7 şahid qismində verdiyi izahatında göstərmişdir ki, o,"xxxx" ASCnin Satışa Nəzarət İdarəsinin mühəndisi vəzifəsində işləyir. Onlar 3 mühəndis qrup şəklində yoxlamalar keçirirmişlər. Gedib həmin istirahət mərkəzinə çıxmışlar. Həmin yerdə onları obyektin icarədarı qarşılamışdır. Həmin icarədara nə üçün gəldiklərini demişlər. İcarədaronları tranformatorun yanına aparmışdır. Onlar tranformatorun yerini bilmirmişlər. Transformatora açdıqdan sonra görmüşlər ki, içərisində elektrik sayğacı var. Sayğaca baxanda görmüşlər ki, sayğac qoşulu deyil. Başqa tərəfə baxanda görmüşlər ki, işıq birbaşa qoşulmuşdur. Ölçü aparmışlar və ölçü aparan zaman müəyyənləşdirmişlər ki, A fazasından 18 amper, B fazasında 0, C Fazasından 13-14 amper yük keçir. Onlar icarədardan həmin vaxt soruşanda demişlər ki, işlədicilərdir, birbaşa qoşulmuşdur. Həmin vaxt sayğac da dövriyyədən kənarlaşdırılmışdır. Özünün iştirakı ilə video çəkmişlər. Həmin vaxt onlar icarədardan soruşanda demişlər ki, onun heç nədən xəbəri yoxdur, yenicə icarəyə götürmüş və hələ işə başlayasıdır. Onlar gedəndə aprel-may ayları imiş. Onlar gördükləri barədə idarəyə məlumat vermişlər. Onlara idarədə geniş şəkildə videonu çəkməyə, bir də qüsur nədən ibarətdirsə onu da çəkməyi bildirmişlər. Videonu dedikləri kimi çəkib idarəyə göndərmişlər. Sonra onlara məlumat vermişlər ki, dayanıb gözləsinlər və digər qrup da həmin yerə gəlsin. Sonra yenidən birlikdə çəkiliş aparmışlar, ölçülər aparmışlar. Həmçinin onlara bildirmişlər ki, digər qrup Şəkidədir. Onlar da icazə istəyib ətrafdakı obyektəri yoxlamağa getmişlər. Sonra o biri qrup da gəlmiş və yenidən baxış keçirmişlər. Yenidən əvvəlki kimi video çəkilişlə baxış keçirmişlər, ölçü işləri aparmışlar, sonra akt tərtib etmişlər. İcarədar imza etməmiş və demiş ki o buranın yiyəsi deyildir. Məhkəmə iclasında X2 şahid qismində verdiyi izahatında göstərmişdir ki, o,"xxxx" ASCnin Satışa Nəzarət İdarəsinin mühəndisidir. Onlar 3 nəfər syğaca baxış keçirmişlər, baxış keçirən zaman müəyyənləşdirmişlər ki, sayğac dövriyyədən kənarlaşdırılmış və birbaşa qoşularaq istifadə olunur. Yükləri ölçmüşlər, bir fazasada 18, birində 13, birində 0 olmuşdur. Ondan sonra video çəkib, baş idarəyə videoçəkiliş şəklində məlumat vermişlər. Onlarda 2 qrup var. Baş idarədən onlara demişlər ki, gözləyin o biri qrup da gəlsin. Onlar obyektə yaxınlaşanda qapısı açıq imiş və işçilər var imiş. Yaxınlaşıb vəsiqəni göstərərək özlərini təqdim etmişlər. 2 qrupun gəlməsinə səbəb obyektin böyüklüyü ilə bağlı olmuşdur. Belə ki, obyekt böyük olanda yoxlamanı 2 qrup birlikdə edirlər. Məhkəmə iclasında X3 şahid qismində verdiyi izahatında göstərmişdir ki,o,"xxxx" ASCnin Satışa Nəzarət İdarəsinin mühəndisi vəzifəsində işləyir. Qrup şəklində 3 nəfər birlikdə obyektə getmişlər. Yaxınlaşıb özlərini təqdim etmişlər, həmin obyektin icarədarı ilə birlikdə gedib sayğaca baxış keçirmişlər. Obyektin icarədarı özü də onlara sayğacın işləməməsi barədə məlumatlı olduğunu bildirmişdir.Onlar da Bakıdan gəldiklərini və gördükləri qüsuru yazıb verməli olduqlarını bildirmişlər. Qüsur aşkarlalan kimi Vidadi adlı əməkdaşları rəhbərliyə məlumat vermişdir. Aşkarladıqları qüsur sayğacın keçən enerjini qeyd etməməsi olmuşdur. Məhkəmə iş üzrə iddiaçının vəkili və nümayəndəsini, cavabdehin nümayəndəsini və şahidlərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Mülki işdə olan sənədlər: Belə ki, iş materiallarına əlavə edilmiş 31mart 2022-ci il tarixli, R0281108 nömrəli aktdan görünür ki, “EEİQ”-nın tələblərinə uyğun olaraq sayğacların uçot dəstinə baxış keçirilmiş və məlum olmuşdur ki, abonentə məxsus elektrik sayğacı işləmir. İşlədicilər birbaşa qoşulub. Sayğac keçən enerjini qeyd etmir. Tərəflərindən anper maşa ilə ölçü aparılmışdır. İş materiallarına əlavə edilmiş “Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında” ******* nömrəli protokoldan görünür ki, **********00494 nömrəli sayğac 02829097 nömrəli sayğac ilə əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş “Sayğacların və cərəyan transformatorlarının yoxlanılması haqqında” 002590 nömrəli Akt-Protokolda göstərilmişdir ki, elektrik sayğacı daxili qüsur nəticəsində dövrədən axan yükü qeyd etmir. İş materillarına əlavə edilmiş “Abunə Haqqında” məlumatdan görünür ki, **********00717 nömrəli abunəçi İddiaçı Qəmbər oğlu tərəfindən sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 100 manat ödəniş edilmişdir. İş materillarına əlavə edilmiş cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 məhkəməyə təqdim etdiyi etirazında qeyd etmişdir ki, "xxxx" ASCnin akt komissiyası tərəfindən xx.xx.2022-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 30 gün üçün 0,08 manatla 200 kvt.s (dəyəri 16.00 manat), 0,09 manatla 100 kvt.s (dəyəri 9.00 manat) və 0,13 manatla 87900 kvt.s (dəyəri 11427.00 manat) toplamda 11452.00 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. İş materiallarına əlavə edilmiş “CD” diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, elektrik sayğacı işləmir, işlədicilərin bir başa qoşularaq istifadə olunur və elektrik sayğacının keçən yükü qeyd etmir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinin tələbinə görə dövlət orqanlarının, icra və s. orqanlarının aktlarının ləğv edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul edilmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.32-ci bəndinə əsasən, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: - Məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatıərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; - Məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatıərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfəəvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatıərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarının 1.2-ci bəndinə görə Bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən fərdi yaşayış evi (fərdi yaşayış evi adı altında restoran) "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********00717 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları V.Cəlilov, X.Hacıbabayev, X.Abdullayev, T.Əzizov, F.Cavadov və R.Musayev tərəfindən Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə (fərdi yaşayış evi altında restoran) quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının nümayəndəsinin iştirakı ilə“Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacının işləmədiyi, işlədicilərin bir başa qoşularaq istifadə olunduğu və elektrik sayğacının keçən yükü qeyd etmədiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32-ci bəndinin tələbinə uyğun olaraq, yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2022-ci il tarixli, R0281108 saylı akt tərtib olunmuşdur. Tərtib edilmiş akta əsasən xx.xx.2022-ci il tarixində Şimal-Qərb RETSİ-nin əməkdaşları tərəfindən qüsur aşkar olunmuş sayğac yenisi ilə əvəz edilərək möhürlənmiş və bununla bağlı ******* saylı protokol tərtib olunmuşdur. Laboratoriyanın xx.xx.2022-ci il tarixli, 002590 saylı protokolu ilə elektrik sayğacının daxili qüsur nəticəsində dövrədən axan yükü qeyd etmədiyi barədə rəy verilmişdir. xx.xx.2022-ci il tarixli, R028108 saylı akta əsasən "xxxx" ASC-nin akt komissiyası tərəfindən xx.xx.2022-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 30 gün üçün 0,08 manatla 200 kvt.s (dəyəri 16.00 manat), 0,09 manatla 100 kvt.s (dəyəri 9.00 manat) və 0,13 manatla 87900 kvt.s (dəyəri 11427.00 manat) toplamda 11452.00 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövbudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası qeyd edilən prosessual hüquq normalarını hazırkı münasibətlər üzrə tətbiq etməzdən öncə müqayisəli təhlil edərək müəyyən edir ki, hər bir şəxs (fiziki və ya hüquqi şəxs) qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. O da nəzərə alınmalıdır ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Yuxarıda qeyd olunan qanunvericilik normalarından görünür ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş “CD” diskə baxış keçirilərkən istehlakçının, yəni İddiaçı məxsus Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən fərdi yaşayış evində (fərdi yaşayış evi adı altında restoran)elektrik sayğacının işləmədiyi, işlədicilərin bir başa qoşularaq istifadə olunduğu və elektrik sayğacının keçən yükü qeyd etmədiyi müəyyən edilmişdir. Bunun nəticəsində də "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32-ci bəndinin tələbinə uyğun olaraq xx.xx.2022-ci il tarixli, R0281108 saylı akt tərtib olunmuşdur. Beləliklə, İddiaçı xx.xx.2022-ci il tarixli, R0281108 saylı aktın qanunsuzluğunu sübut edə bilməmişdir. Məhkəmə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübut edilmədiyindən təmin edilməməlidir. Cavabdeh isə aktın qanuni və əsaslı olmasına dair məhkəməyə “CD” disk təqdim etmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Beləliklə mülki iş üzrə sübutlara məcmu halında qiymət verərək, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" ASC-nə və "xxxx" ASC-nin X4 və Satış İdarəsinə qarşı “cavabdeh tərəfindən tərtib olunmuş akt əsasında əsassız hesablanmış borc pulun silinməsi” tələbinə dair iddiası təmi edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddiaçı cavabdehlər "xxxx" ASC-nə və "xxxx" ASC-nin X4 və Satış İdarəsinə qarşı “cavabdeh tərəfindən tərtib olunmuş akt əsasında əsassız hesablanmış borc pulun silinməsi” tələbinə dairiddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:AbbasƏliyev
Məhkəmə qərarları › İş №2(025)-728/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-728/2022
29.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver