Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-738/2022 18.08.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Allahvedı̇ yev Muxtar Mustafa oğlunun cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şimal X10 və Satışı İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçı Allahvedı̇ yev Muxtar Mustafa oğlunun hüquq varisi (oğlu) Nümayəndə və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Allahvedı̇ yev Muxtar Mustafa oğlunun cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şimal X10 və Satışı İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları İddiaçı Allahvedı̇ yev Muxtar Mustafa oğlu cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şimal X10 və Satışı İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərişıq ASC“-nin 01 aprel 2022-ci il tarixli aktla hesablanmış 808.03 manat məbləğində cərimə borcun ləğv olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Allahvedı̇ yev X7 rayonu, Laza kəndində tək yaşayır. 01 aprel 2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları yaşadığı ünvana gələrək sayğaca baxış keçirmiş və giriş xəttinin zədələnərək elektrik sayğacından kənar xəttdən istifadə edildiyi üçün 028338 saylı qüsur aktı tərtib edilmiş, 6431 kVt.s əlavə sərfiyyat hesablanaraq mənim hesabıma işlənmişdir. Əlavə sərfiyyatın dəyəri olaraq 808,03 manat məbləğində cərimə olunmuşdur. Giriş xəttinin zədələnərək elektrik sayğacından kənar xəttdən istifadə edilməmişdir. O, yaşlı adamdır və sözügedən evdə yalnız evi işıqlandırmaqdan ötrü elektrik enerjisindən istifadə olunmaqdadır. Evdə digər məişət avadanlıqları yoxdur. Belə olan halda, onsuz da az enerji sərfiyyatı olan evdə kənar xəttdən istifadə etməyi ağlabatan deyildir. Həmçinin istifadə edilmiş enerji dəyərinin 808,03 manat hesablanması da düzgün deyildir. Sayğacın giriş xəttinin zədələnərək elektrik sayğacından kənar xəttdən istifadə edilməsi ilə onun və ailə üzvlərinin heç bir əlaqəsi yoxdur. Cavabdeh tərəfindən tərtib olunmuş akt və hesablanmış cərimə tamamilə əsassızdır və ləğv olunmalıdır. Elektrik sayğacı evdən kənarda, yolda yerləşdiyi üçün onların sayğaca nəzarət etmək imkanı yoxdur. Sayğacın evdən kənarda, yolda yerləşməsi ona nəzarəti mümkünsüz etdiyindən baş verən yanğın hadisəsi ilə əlaqədar cavadeh təşkilatın bu hadisənin o və ya ailə üzvlərimin tərəfindən törədildiyini iddia etməsi tamamilə gülünc və əsassızdır. Kənarda quraşdırılmış sayğaca görə məsuliyyəti isə işıq paylayıcısı olan cavabdeh daşıdığından həmin sayğaca müdaxilə edilməyinə görə barəsində mülki hüquq məsuliyyətinin yaranmasına görə akt tərtib edilməsi əsaslı hesab edilə bilməz. Eyni zamanda aktdan göründüyü kimi baxış zamanı sayğacın “giriş xəttinin zədələnərək elektrik sayğacından kənar xəttdən istifadə edilməsi” də, həmin pozultunun məhz onun səhvi və ya qəsdi nəticəsində baş verməsi sübut olunmamışdır. Bu səbəbdən İşıq sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində işıq sərfiyyatına görə iddia edilən məbləğ ondan tələb edilə bilməz. Həmçinin 01 aprel 2022-ci il tarixli 028338 saylı qüsur aktı tərtib olunarkən hal şahidlərinin iştirakı təmin edilməmişdir. Buna görə də aktın əsassız hesab olunması tamamilə qanunidir. Tərtib olunmuş akt və həmin akt əsasında hesablanmış 808,03 manat məbləğində cəriməni qəbul etmir. Buna görə də üzləşdiyi problemin hüquq müstəvisində həllinə nail olmaq üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, uzun illərdir elektrik enerjisinin istehlakçısıdır, heç vaxt elektrik sayğacına və ya elektrik xətlərinə müdaxilə etməmişdir. Qəbələ Rayon Məhkəməsinin 2(025)-738/2022 saylı 03 avqust 2022-ci il tarixli qərardadına əsasən iddiaçı X3 vəfat etdiyindən onun oğlu Nümayəndə prosessual hüquqi varisi kimi tanınması və onu əvəz etməsi qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı Allahvedı̇ yev Muxtar Mustafa oğlunun hüquq varisi (oğlu) Nümayəndə iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X9 iddianı qəbul etməyərək yazılı etiraz ərizəsi təqdim etdi və göstərdi ki, iddiaçının iddia tələbi əsassızdır və rədd olunmalıdır. Belə ki, iddiaçının Qəbələ rayonu Laza kəndində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC- nin enerji satış bazasında X1 adına olmaqla **********00004 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları T.Əzizov, R.Musayev və F.Cavadov tərəfindən Qəbələ rayonu Laza kəndində yerləşən X2 məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin giriş xəttini zədələyərək elektrik sayğacından kənar xətt vasitəsilə bir başa elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydalan”nın 8.17-1-ci bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2022-ci il tarixli, NDM028338 saylı akt tərtib olunmuşdur. 01,04.2022-ci il tarixli, NDM028338 saylı akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 60 gün üçün 0.08 manatla 400 kvt.s (dəyəri 32.00 manat), 0.09 manatla 200 kvt.s (dəyəri 18.00 manat) və 0.13 manatla 5831 kvt.s (dəyəri 758.00 manat) toplamda 808.00 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən video çəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan video çəkilişdə açıq aşkar öz əksini tapır. Odur ki, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X5 və Satışı İdarəsinin Qəbələ EŞ məhkəmə baxışı iclası barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinin tələblərinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan "xxxx" ASC X8 Təchizatı və Satışı İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli NDM seriyalı 028338 saylı aktdan görünür ki, "xxxx" ASC-nin əməkdaşlarının iştirakları ilə Qəbələ rayonu, Laza kəndində **********00004 kod nömrəli istehlakçı olan Allahvedı̇ yev Muxtar Mustafa oğlunun yaşadığı fərdi evdə elektrik enerjisindən istifadə qaydalarına riayət olunub-olunmamasını yoxlayaraq, elektrik sayğacından kənar xətdən istifadə edildiyi aşkar edilmişdir. "xxxx" ASC-nin X5 və Satışı İdarəsinin vəzifəli şəxsi tərəfindən xx.xx.2022-ci il tarixli NDM seriyalı 028338 saylı akta əsasən tərtib edilmiş 18 aprel 2022-ci il tarixli icra vərəqindən görünür ki, Allahvedı̇ yev Muxtar Mustafa oğluna məxsus sayğacda olan oxunmamış 6431 kVt.s enerji üzrə 808 manat borcu vardır. İddiaçı "xxxx" ASC-nin vəzifəli şəxsi tərəfindən hesablanmış cərimənin silinməsi ilə bağlı iddia tələbini sərfiyyatı azaltmaq üçün elektrik sayğacından kənar xətdən istifadə edildiyi ilə əsaslandırmışdır. Məhkəmənin gəldiyi hüquqi mövqe ondan ibarətdir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar sübut olunmur. Tərtib olunmuş aktdan, həmçinin cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi CD diskdən görünür ki, elektrik sayğacından kənar xətt çəkilmiş və bu yolla elektrik enerjisindən istifadə edilmişdir. Lakin həmin fərdi yaşayış evində əvvəlki yoxlama dövrlərində həmin müdaxilə mövcud olmamışdır. Göründüyü kimi, iddiaçı həmin müdaxilənin onun tərəfindən edilmədiyini sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyi üçün, iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçı Allahvedı̇ yev Muxtar Mustafa oğlunun cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şimal X10 və Satışı İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-738/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-738/2022
18.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver