Məhkəmə qərarları › İş №2(025)-763/2025

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-763/2025

28.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-763/2025 28.04.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Qəbələ Regional "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin hissəvi ləğv olunması” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Qəbələ Regional "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin hissəvi ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ Rayon Dövlət Notariat Kontorun tərəfindən Cavabdeh2 adına verilmiş 30 oktyabr 2009-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin mirasqoyan - 20 dekabr 1991-ci il tarixdə vəfat etmiş X1 vərəsə - Cavabdeh2 0,25 ha torpaq sahəsinin miras əmlakı qismində keçməsi hissədə ləğv edilməsi; Mirasqoyan - 20 dekabr 1991-ci il tarixdə vəfat etmiş X2 öldüyü məqamadək mülkiyyətində olduğu torpaq sahəsinin faktiki ölçüsünün müəyyən edilməsi və faktiki paylara uyğun həcmdə yeni vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsi barədə öhdəliyinin cavabdeh Qəbələ Regional «ASAN Xidmət» Mərkəzində Notariat Ofisinin üzərinə qoyulması barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən göründüyü kimi, iddiaçı iddia ərizəsində bir-biri ilə əlaqəsi olmayan bir neçə tələbi birləşdirmişdir. Belə ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı həm 30 oktyabr 2009-cu il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin hissəvi ləğv edilməsini xahiş etmiş, həm də mirasqoyan X2 öldüyü məqamadək mülkiyyətində olduğu torpaq sahəsinin faktiki ölçüsünün müəyyən edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin məktubundan görünür ki, JN-830F (kod ********) nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında 0,50 torpaq sahəsinin 1991-ci il tarixdə vəfat etmiş X2 mülkiyyətində olmasını təsdiq edən sənəd və məlumat mövcud deyildir. Göründüyü kimi iddiaçı X2 öldüyü məqamadək mülkiyyətində olduğu torpaq sahəsinin faktiki ölçüsünün müəyyən edilməsini tələb etsə də, ümumiyyətlə X2 mülkiyyətində torpaq sahəsi olmasına dair hər hansı sübut təqdim etməmişdir. X2 öldüyü məqamadək mülkiyyətində olduğu torpaq sahəsinin faktiki ölçüsünün müəyyən edilməsi isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətlərinə aiddir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi torpaq sahəsinin faktiki ölçüsünün müəyyən edilməsindən imtina etdiyi təqdirdə isə onların imtinalarından İnzibati məhkəməyə müraciət edə bilər. Bu səbəbdən məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərdən vərəsəlik hüququ haqqında şəhadətnamənin hissəvi ləğv edilməsini tələb etsə də, həmin tələblərə torpaq sahəsinin faktiki ölçüsünün müəyyən edilməsi iddiası ilə baxıla bilməz və iddiaçı bununla bağlı məhkəmədə ayrıca iddia qaldırmaq hüququna malikdir. Ona görə də, hazırki iddia tələblərinin bir icraatda baxılması qeyri-mümkündür. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən tələbinin əsası ilə əlaqədar sübutların əsli və ya notarial qaydada təsdiq olunmuş surəti qismən əlavə olunmuşdur. İddiaçı iddia ərizəsində JN-830F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin hissəvi rədd edilməsini xahiş etsə də, N- 830F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əslini, təsdiqlənmiş surətini və ya surətini, eyni zamanda 30 oktyabr 2009-cu il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiqlənmiş surətini iddia ərizəsinə əlavə etməmişlər. Həmçinin, iddiaçı iddia ərizəsində hansı səbəblərdən JN-830F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin əslinin və ya təsdiqlənmiş surətinin, eyni zamanda 30 oktyabr 2009-cu il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətinin əlavə edilməməsi barədə məlumat verməmişlər. Mülki-Prosessual Məcəllənin 78-ci maddəsinin 2-ci bəndinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Göründüyü kimi iddiaçı məhkəməyə belə bir vəsatətlə müraciət etməmişlər. Həmçinin iddiaçı zəruri sübutları müstəqil əldə etmək imkanı olmaması barədə də məhkəməyə sübut təqdim etməmişdir. Beləliklə, iddiaçılar tərəfindən iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməməklə məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə belə hesab edir ki, iddia ərizəsi iddiaçılara geri qaytarılmalı və onlara izah edilməlidir ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərlər. X3 Haqqında Azərbaycan Respublikasının qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən Qəbələ Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh2 və Qəbələ Regional "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin hissəvi ləğv olunması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçılara geri qaytarılsın. İddiaçılara izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərlər. İddiaçı tərəfindən “X4” vasitəsilə dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun İddiaçı geri qaytarılması hissəsində icra olunması üçün Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar