Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-783/2021 30.07.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, onun vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil, Cavabdeh və üçüncü şəxs X5 iştirakları ilə İddiaçı X3 Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X6 Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış 20.10.2018-ci il tarixli AN-İ№ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, ev 82, mənzil 57 onun xüsusi mülkiyyətindədir. O, özü Qəbələ rayonunda yaşadığı üçün bu mənzil çox vaxt demək olar ki, boş və istifadəsiz qalmışdır. Yalnız Bakı şəhərinə gedərkən o mənzildən istifadə edirmiş. Yaxın qohumu X11 da müxtəlif vaxtlarda Bakıya gedərkən bu mənzildən istifadə edirmiş. Belə ki, o, müharibə veteranı və müharibə əlili olduğu üçün xəstəliyi ilə əlaqədar daimi olaraq hər ay ən aşağısı 2 dəfə Bakı şəhərinə gəlməyə məcbur imiş. Təbii ki, Bakı şəhərində qalmaq üçün digər yaşayış sahəsi olmadığına görə o, həmin mənzili İqbalın istifadəsinə vermişdir. Həmin mənzillə əlaqədar yaranacaq problemlərin həll olunması üçün İqbala öz adından 2014-cü ildə etibarnamə də vermişdir. Yəni İqbala yaxın qohum kimi inandığı üçün həmin etibarnamədən onun başqa məqsədlər üçün istifadə edəcəyi ağlına belə gətirə bilməzmiş. Lakin bu yaxınlarda qohumu İqbal və onun həyat yoldaşı Cavabdeh arasında ailə münaqişələri ilə əlaqədar məhkəmə çəkişmələri başlamış və Könül nikahın pozulması ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Yaxın qohumu İqbal bu ərəfədə ona bildirmişdir ki, Könül onu Bakı şəhərində Notariat Ofisinə aparmış və hansısa sənədlərə imza çəkdirmişdir. Həmin notariat kontoruna getdikdən sonra məlum olmuşdur ki, Könül İqbalı aldadaraq həmin etibarnamə ilə iddiaçının mənzilini öz adına rəsmiləşdirmişdir. Həmin mənzil Könülün adına keçdikdən sonra isə o, İqbala qarşı nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, həmin mənzilə dair alqı-satqı sənədlərinin surətini alınması üçün 14 saylı Notariat Ofisinə müraciət etdikdən sonra ona məlum olmuşdur ki, guya iddiaçı həmin mənzili 40.000 manata Cavabdeh satmışdır. Təbii ki, bu tamamilə absurd və məntiqsiz bir müqavilədir. Onun ümumiyyətlə həmin mənzili satmaq fikri olmamış və Cavabdeh da həmin mənzilə görə 40000 manat məbləğində pul almamışdır. Həmin müqavilə yalnız Cavabdeh yaxın qohumu X7 aldatması nəticəsində olmuşdur. 02.06.2021-ci il tarixli hazırlıq iclasında Bakı şəhər 14 saylı Notariat Kontoru və X11 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi və alqı-satqı müqaviləsinin qanunsuz olaraq keçirildiyini bildirdi, ona görə də iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclaslarında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, o, 2007-ci il tarixdə X11 ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan onların iki övladları dünyaya gəlmişdir. Həyat yoldaşı X11 müharibə əlili olduğu üçün ona Qəbələ şəhərindən 2 otaqlı mənzil verilmişdir. Amma onlar həmişə Qəbələ rayonu Vəndam qəsəbəsindəki evlərində yaşamışlar. Təxmini 2015-2016-cı illərdə İqbal, yəni həyat yoldaşı Qəbələ rayonu Vəndam qəsəbəsindəki onlara məxsus torpağı 56.000 manata satmışdır. Satışdan sonra hazırki sözügedən mənzili həyat yoldaşı öz dayısı oğlunun, yəni X2 adına almışdır. Onun bu məsələdən 3 il sonra xəbəri olmuşdur. Daha sonra həyat yoldaşı ilə onun qohumu arasında mübahisə yaranmış və aralarında soyuqluq yaranmışdır. 2018-ci ildə həyat yoldaşı onu Notariat Kontoruna aparmış və evi onun adına rəsmiləşdirmişdir. Orada gedən proseslərin hamısı həyat yoldaşı İqbal tərəfindən həyata keçirilmişdir. İqbal maklerə 3000 manat pul ödəmişdir. Daha sonra onlar banka getmişlər, banka o sənədə imza etmişdir, lakin ora hər hansı bir pul ödəməmişdir. O ev haqda heç vaxt maraqlanmamışdır. Məhkəmədən iddia tələbi gələndə bilmişdir ki, o ev onun adınadır və indi də ondan almaq istəyirlər. O, heç vaxt həmin evdə olmamışdır və orada yaşamamışdır. Məhkəmə iclasında üçüncü şəxs X11 izahatında göstərmişdir ki, iddiaçı onun həm yeznəsi, həm də dayısı oğludur. Cavabdeh isə onun həyat yoldaşıdır. Nikahları hələ pozulmamışdır. O, tez-tez Bakıya gedib-gəlirmiş. Özü İİ qrup Qarabağ əlilidir. X12muşdur. Teztez Bakı şəhərinə getdiyindən Ərzullah evin açarlarını ona vermiş, eyni zamanda onun adına etibarnamə vermişdir. Daha sonra Cavabdeh ilə ailə münaqişələri düşmüşdür. Ailələri dağılmaması üçün məcbur olub evi yoldaşının adına keçirmişdir. Cavabdeh evi onun adına keçirtməyi ondan tələb etmişdir. Evi Cavabdeh adına keçirərkən ondan pul alınmamışdır. Ərzullaha ev alması üçün heç bir məbləğdə pul ödəməmişdir. Cavabdeh torpağı sataraq ev alması barədə dedikləri isə həqiqəti əks etdirmir. Həmin torpaq sahəsini o, çox əvvəlllər satmış və pulunu ticarət mqəsədi ilə Rusiyaya aparmış və orada da ziyana düşmüşdür. O, ona verilmiş etibarnamə əsasında evi həyat yoldaşının adına keçirməsi barədə Ədilov İqbala heç nə deməmişdir. Belə başa düşmüşdür ki, ona sonra vəziyyəti izah edəcək və o da başa düşəcək. Məhkəmə baxışında cavabdeh tərəfində mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı Şəhəri 14 saylı Notariat Ofisi iştirak etməmiş, məhkəməyə 14.07.2021-ci il tarixli, 2134 №-li məktub ünvanlayaraq məhkəmə iclasına iştirakları olmadan baxmağı xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh tərəfində mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı Şəhəri 14 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını və çıxışını dinləyib, mülki iş üzrə təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri, 14 saylı notariat kontorunda 4Ə-975 reyetr nömrəsi ilə qeydə alınmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqısına dair 22 oktyabr 2018-ci il tarixli müqaviləsinin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti ünvanında yerləşən 82 saylı evin, ümumi sahəsi 36.1 kv/m, yaşayış sahəsi 24.3 kv/m, yardımçı sahəsi 11.8 kv/m olan 2 otaqlı 57 nömrəli Mənzili 40.000,00 manata Cavabdeh satmışdır. İş materiallarında olan Qəbələ rayon notariat kontorunun xüsusi notariusu X10 tərəfindən 7E-9278 reyetr nömrəsi ilə qeydə alınmış Etibarnamənin surətindən görünür ki, Qəbələ rayonu Bunud kəndində qeydiyyatda olan (Etibar edən) Əzizov X4 rayon Vəndam qəsəbəsində qeydiyyatda olan (Etibar edilən) X8 etibarnamə üzrə aşağıdakı səlahiyyətləri vermişdir. Həmin etibarnamə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə vermiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssiələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından. Poçtdan və teleqrafdan, bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, qanunla idarəçiyə, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh ilə qurtarmaq, iddia tələblərini bütünlüklü və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icarə vərəqəsini təqdim etmə hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı və digər hərəkətləri etməyi etibar etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18.11.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********66-05101-093001 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, ev 82, mənzil 57-də mənzil İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə məsələni Mülki Məcəllənin 14-cü fəslində nəzərdə tutulan «Əqdlərin etibarsızlığı» müddəaları çərçivəsində araşdırmışdır. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 324.1-ci maddəsi ilə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.4-cü maddəsi). Qeyd olunmalıdır ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 339.1-ci maddəsinə hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Mülki Məcəllənin 340.1-ci maddəsinə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Məhkəmə qeyd edir ki, iddiaçının, cavabdehin və üçüncü şəxs X5 məhkəmə zamanı verdikləri ifadələrindən müəyyən olunmuşdur ki, Cavabdeh ilə üçüncü şəxs X11 arasında bağlanmış 20.10.2018-ci il tarixli AN-İ№ ******* saylı alqı-satqı müqaviləsindən İddiaçı xəbəri və məlumatı olmamış, həmin alqı-satqı müqaviləsi onun mənefeyinə xidmət etməmişdir. Həmin alqı-satqı müqaviləsini vəkalət verən şəxs kimi İddiaçı yox, vəkil edilmiş şəxs kimi həmin alqı-satqı müqaviləsini imzalamış X5 özünün şəxsi maraqlarına xidmət etmişdir. Sonuncu həmin müqavilə əsasında təmsil etdiyi İddiaçı məxsus olan mənzili birgə nikah münasibətlərində olan Cavabdeh “satmış” və sonuncu Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti ünvanında yerləşən 82 saylı evin, ümumi sahəsi 36.1 kv/m, yaşayış sahəsi 24.3 kv/m, yardımçı sahəsi 11.8 kv/m olan 2 otaqlı 57 nömrəli Mənzilə mülkiyyət hüququ əldə etmişdir. Mülki Məcəlləsinin 362.1-ci maddəsinə görə, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Göründüyü kimi, təmsilçi verilmiş etibarnamə üzrə özünün yox, təmsil etdiyi şəxsin maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək vəzifəsi daşıyır və özünün maraqları daxilində deyil, təmsil edilənin maraqlarından hərəkət etmək səlahiyyətindədir. X5 Bakı şəhəri 14 nömrəli Notariat kontorunda İddiaçı adından yazıb təsdiqlətdiyi 20.10.2018-ci il tarixli AN- İ№ ******* saylı alqı-satqı müqaviləsi isə sonuncunun yox, məhz özünün maraqlarına xidmət etmiş, alqı-satqı müqaviləsinin predmeti olan mənzili birgə nikahda olan həyat yoldaşı olan Cavabdeh adına keçirərək, həmçinin özü üçün məqsəd güdmüşdür. (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1-ci məddəsinə görə, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Həmin Məcəllənin 32.1-ci maddəsinin tələbinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinin tələbinə görə, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrində və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyəti hesab olunur.) Halbuki, 04.11.2014-cü il tarixli etibarnamə ilə İqbal Ədilova özünün deyil, təmsil edilənin – İddiaçı mənefeyi baxımından hərəkət etmək səlahiyyəti verilmişdir. Cavabdeh və üçüncü şəxs X5 izahatından belə aydın olur ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti ünvanında yerləşən 82 saylı evin, ümumi sahəsi 36.1 kv/m, yaşayış sahəsi 24.3 kv/m, yardımçı sahəsi 11.8 kv/m olan 2 otaqlı 57 nömrəli mənzilin alqı-satqı müqaviləsi Cavabdeh ilə İddiaçı arasında bağlanmış və İqbal Ədilov həmin müqavilənin bağlanması zamanı məhz İddiaçı tərəfindən ona verilmiş etibarnamə əsasında etmişdir. Lakin məhkəmədə müəyyən olundu ki, İddiaçı 20.10.2018-ci il tarixli AN-İ№ ******* saylı alqı-satqı müqaviləsindən məlumatı olmamış və həmin müqavilə təmsilçilik qaydasında (etibarnamə əsasında) X11 tərəfindən imzalanmışdır. Yəni, həmin alqı-satqı müqaviləsi İddiaçı iradəsinə və mənafeyinə xidmət etməmişdir. Bu isə o deməkdir ki, Cavabdeh əsassız olaraq İddiaçı ilə bağlanmış 20.10.2018-ci il tarixli AN-İ№ ******* saylı alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti ünvanında yerləşən 82 saylı evin, ümumi sahəsi 36.1 kv/m, yaşayış sahəsi 24.3 kv/m, yardımçı sahəsi 11.8 kv/m olan 2 otaqlı 57 nömrəli Mənzilə çıxarış əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü maddəsinin tələbinə görə, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu baxımdan mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün məhkəmələr tərəfindən mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi hüquqi nəticə əldə edilməsi üçün vacibdir . Həmçinin məhkəmə o halıda qeyd edir ki, məhkəmə zamanı Cavabdeh və X5 izahatlarından müəyyən olunmuşdur ki, alqı-satqı müqaviləsində nəzərdə tutulmuş alqı-satqı predmetinin qiyməti Cavabdeh tərəfindən ya İddiaçı, ya da X8 ödənilməmişdir. Bu halı Cavabdeh məhkəmə zamanı verdiyi ifadəsində etiraf etmişdir. Beləliklə məhkəmə hesab edir ki, müqavilə formal olaraq bağlanılmış, o cümlədən razılaşdırılmış məbləğ ödənilməmişdir. Həmçinin müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Göründüyü kimi sözügedən alqı-satqı müqaviləsinin bağlanması zamanı alqı-satqı predmetinin mülkiyyətçisinin, yəni İddiaçı iradə ifadəsi olmamışdır. Göstərilən hallar müqavilənin etibarsız olmasına dəlalət edir. Qeyd olunanlara əsasən məhkəmə İddiaçı tələbini əsaslı hesab edərək, onun iddiasının təmin olunması qənətinə gəlir və hesab edir ki, X6 ilə Cavabdeh arasında bağlanmış 20 oktyabr 2018-ci il tarixdə Bakı şəhəri, 14 saylı notariat kontorunda 4Ə-975 reyetr nömrəsi ilə qeydə alınmış 20.10.2018-ci il tarixli AN-İ№ ******* saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçı tərəfindən hər hansı bir tələb olmadığından, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X6 ilə Cavabdeh arasında bağlanmış 20 oktyabr 2018-ci il tarixdə Bakı şəhəri, 14 saylı notariat kontorunda 4Ə-975 reyetr nömrəsi ilə qeydə alınmış 20.10.2018-ci il tarixli AN-İ№ ******* saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-783/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-783/2021
30.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver