Məhkəmə qərarları › İş №2(025)-829/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-829/2021

14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-829/2021 14.06.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlu, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Rahim oğluna qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 01 iyul 2019-cu il tarixli, AR524 saylı “Alqı-satqı müqaviləsi” üzrə 181,00 (yüz səksən bir) manat əsas borc və gecikdirilmiş gün sayına görə 385,53 (üç yüz səksən beş manat, əlli üç qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 566,53 (beş yüz altmış altı manat, əlli üç qəpik) manat pulun və ödənilmiş 30,00 (otuz) manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında 01 iyul 2019-cu il tarixli, AR524 saylı “Alqı-satqı müqaviləsi” bağlanmış və həmin müqaviləyə uyğun olaraq eyni tarixli təhvil-təslim aktı tərtib edilərək dəyəri 760,00 manat olan “Samsung” markalı Samsung A7 model mobil telefon Cavabdeh1 satılmışdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanan 01 iyul 2019-ci il tarixli “Alqı-satqı müqaviləsi”ndən irəli gələn öhdəliklərin icra edilməsinin təmin edilməsi məqsədi ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 və Cavabdeh2 arasında 01 iyul 2019-ci il tarixli “Zaminlik müqaviləsi” bağlanmış və Cavabdeh2 Cavabdeh1 01 iyul 2019-cu il tarixli “Alqı-satqı müqaviləsi” üzrə öhdəlikləri tam şəkildə icra edilənədək onunla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Alqı-satqı müqaviləsinin 2.3-cü bəndinə əsasən “Alıcı” satılan malın dəyərini 111,00 manat olmaqla, hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.3-cü bəndində “Alıcı” satılan maliyi dəyərini müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, hər gecikdirilən gün üçün ödənilməmiş məbləğin 0,5%-i miqdarında cərimə ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müqavilə üzrə öhdəliklərinə əməl etməmiş və alman malın dəyərini ödəməmişdirlər. “xxxx” MMC-nin adı dəyişdirilərək İddiaçı MMC adlandırılmış və bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən 06 iyul 2020-ci il tarixdə şirkətə yeni çıxarış təqdim edilmişdir. Hazırda cavabdehlərin İddiaçı MMC-yə əsas borcu 181,00 manat və gecdikdirilmiş gün sayına görə cərimə borcu 385,53 manat, ümumilikdə 566,53 manat təşkil edir. Borcun ödənilməsi barədə İddiaçı MMC tərəfindən cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilsə də, o bu xəbərdarlıqlara əhəmiyyət verməmişdir. Buna görə də, İddiaçı MMC yaranmış mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Beləliklə ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, Cavabdeh1 İddiaçı MMC ilə bağladığı 01 iyul 2019-cu il tarixli, AR524 saylı müqaviləyə əsasən “Samsung” markalı Samsung A7 model mobil telefon almış, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanan 01 iyul 2019-ci il tarixli “Alqı-satqı müqaviləsi”ndən irəli gələn öhdəliklərin icra edilməsinin təmin edilməsi məqsədi ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 və Cavabdeh2 arasında 01 iyul 2019-ci il tarixli “Zaminlik müqaviləsi” bağlanmışdır. Cavabdeh1 müqaviləyə əsasən ödəməli olduğu məbləği ödəməkdən yayınmış, üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya 181.10 manat məbləğində əsas borcu və 385.53 manat cərimə borcu olmaqla cəmi 566.53 manat borcu vardır. İddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tələb edir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəlləsinin) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə görə, Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas borcunun məbləğini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və cavabdehin iddiaçıya olan borcunu əks etdirən arayışı əsas götürüb, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavadehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin hotuz beş manat altmış qəpiknə dair qətnamə çıxarılmalıdır; Mülki Prosessual Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Rahim oğlundan müştərək qaydada 566 manat 53 qəpik borc və 30 manat dövlət rüsumu, cəmi 596.53 (beş yüz doxsan altı manat əlli üç qəpik) manat tutularaq İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Rahim oğlundan müştərək qaydada 566 manat 53 qəpik borc və 30 manat dövlət rüsumu, cəmi 596.53 (beş yüz doxsan altı manat əlli üç qəpik) manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar