Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-850/2021 10.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "torpaq sahəsində qanunsuz inşa edilmiş tikilinin sökülməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı "torpaq sahəsində qanunsuz inşa edilmiş tikilinin sökülməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidməti tərəfindən RX seriyalı, 134233 saylı "Çıxarış"da göstərilən, mülkiyyətində olan 0,37 ha torpaq sahəsi üzərində cavabdeh tərəfindən tikilmiş tikililərin cavabdehin qüvvə və vəsaiti hesabına sökülməsinə, torpaq sahəsinin ilkin vəziyyətə gətirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Qəbələ rayonu, Həmzəli kəndində 0,37 ha torpaq sahəsi şəriksiz mülkiyyətindədir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidməti tərəfindən RX seriyalı, 134233 saylı "Çıxarış" verilmişdir. Torpaq sahəsi ilə qonşuluqda yerləşən torpaq sahəsinin mükliyyətçisi olan cavabdeh torpaq sahənin bir hissəsini zəbt edərək, sanitar epidemioloji qaydaları kobud şəkildə pozaraq 2 otaq və bir tövlə tikmiş, dəfələrlə tələb etməyinə baxmayaraq qanunsuz tikililəri sökməkdən imtina etməklə mülkiyyət hüquqlarını pozmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələblərini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verib, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, neçə il bundan qabaq rəhmətlik Nümayəndə qayınatası torpaq sahəsi almışdır. Rəhmətlik atası ilə yaxın dost olmuşlar. Sonradan torpaq islahatları gedən dövrdə həmin şəxs ona demişdir ki, həyətdə ev tiksin. Həmin vaxt böyüklərin də məsləhəti ilə o hazırki mübahisəli həyətdə ev tikmişdir. Onun özünün 33 sot torpaq sahəsi var və həmin torpaq sahəsindən 6 sotu satmışdır. Hazırki evinin yerləşdiyi həyətdə isə o bağ-bağça salmışdır. Bu səbəbdən həmin ərazinin boşaldılmasına razı deyil. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sübutları tədqiq edib, mütəxəssis rəyini və toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX №1342433 saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı Qəbələ rayonu, Həmzəlli kəndində yerləşən 0.37 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüququ 27.07.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 159 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində ********** № ilə qeydiyyata alınmışdır. Hazırkı iş üzrə obyektiv, hərtərəfli araşdırma aparılması, mübahisənin düzgün həlli baxımından zəruri suallara cavab verilməsi üçün Qəbələ Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Cavabdeh tərəfindən inşa edilmiş mübahisəli tikililər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı №1342433 saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən Qəbələ rayonu Həmzəlli kəndində İddiaçı mülkiyyətinə verilmiş 0.37 ha torpaq sahəsinin hüdudları daxilində yerləşirmi? Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 05.08.2021-ci il tarixli **********09 saylı mütəxəssis rəyindən görünür ki, Kameral qaydada Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi DƏDRXnin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən Qəbələ rayonu Həmzəlli kəndində İddiaçı mülkiyyətinə verilmiş 0,37 ha torpaq sahəsinin sərhədlərinin hüdudları daxilində, təsərrüfat tikilisi (tövlə) isə sözügedən torpaq sahəsinin sərhədlərinin hüdudları xaricində yerləşir. Ekspertiza tədqiqatının dəyəri 95 manat təşkil edir İşin məhkəmə iclasında müəyyən edilən mübahisəsiz halları ondan ibarətdir ki, iddia ərizəsində adı qeyd olunan Qəbələ rayon, Həmzəlli kəndində yerləşən 0.37 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX №1342433 saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən İddiaçı mülkiyyətindədir. Cavabdeh qeyd olunan ərazini zəbt etmişdir və həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir və iddiaçıya öz mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə maneə yaradır. Hazırda iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidməti tərəfindən RX seriyalı, 134233 saylı "Çıxarış"da göstərilən, mülkiyyətində olan 0,37 ha torpaq sahəsi üzərində cavabdeh tərəfindən tikilmiş tikililərin cavabdehin qüvvə və vəsaiti hesabına sökülməsinə, torpaq sahəsinin ilkin vəziyyətə gətirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. İddiaya hüquqi qiymət verərək tətbiq edilməli olan aşağıdakı maddi hüquq normalarına istinad edən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mülkiyyət hüququna Dövlət tərəfindən təminat verilməklə, qorunur. Həmin hüququn həyata keçirilməsinə, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna maneə törədilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göründüyü kimi, iddiaçı özünə məxsus torpaq sahəsindən, qanuni şəkildə əldə etsə də, cavabdehlər tərəfindən yaradılmış maneələrə görə mülkiyyət hüquqlarından sərbəst şəkildə həyata keçirə bilmir, bununla da iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-180.4-cü maddələrinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən fərdi yaşayış evinin tikilməsi üçün lazımi icazələrin olması barədə məlumatlar, fərdi yaşayış evə dair hər hansı bir hüquq müəyyənedici sənədlər məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı №1342433 saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən Qəbələ rayonu Həmzəlli kəndində yerləşən İddiaçı tam mülkiyyətində olan 0,37 ha torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına inşa edilmiş fərdi yaşayış evi cavabdehin hesabına sökülməli və torpaq sahəsi ilkin vəziyyətinə gətirilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 95 manat Cavabdeh tutularaq Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən təqdim edilmiş hesaba köçürülməli, ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət e t d i:
İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı №1342433 saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən Qəbələ rayonu Həmzəlli kəndində yerləşən İddiaçı tam mülkiyyətində olan 0,37 ha torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına inşa edilmiş fərdi yaşayış evi cavabdehin hesabına sökülsün və torpaq sahəsi ilkin vəziyyətinə gətirilsin. Ekspertiza tədqiqatının dəyəri olan 95 manat Cavabdeh tutularaq Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev