Məhkəmə qərarları › İş №2(025)-889/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-889/2020

15.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-889/2020 15.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İstehsalat Birliyinin xx.xx.2019-cu il tarixli aktı əsasında qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərarın (tələbnamənin) ləğv edilməsi və həmin qərar əsasında barəsində hesablanmış 486 manat ziyan məbləğinin silinməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək göstərdi ki, xx.xx.2019-cu il tarixdə Zaqatala rayon RQlİ-nə ərizə ilə müraciət edərək ona məxsus yaşayış evimin həyətdən çöldə qoyulmuş qaz sayğacının naməlum küçə uşaqları tərəfindən mexaniki zərbə dəyərək sındırıldığını, məsələ ilə bağlı ona köməklik göstərilməsini xahiş etmişdir. Bununla bağlı müvafiq araşdırılma aparılmış və xx.xx.2019-cu il tarixdə Zaqatala rayon RQİİ-nin Qəbələ XS əməkdaşları həyətə yeni qaz sayğacı quraşdırmışlar. Könhə qaz sayğacı isə müvafiq olaraq yoxlanılmaya aparılmış və yoxlama zamanı sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin kənar təsir nəticəsində sındırılması, sayğacdan qaz keçməsi və hesablama mexanizmindən keçən qazın həcminin qeyd etməməsi müəyyən olunmuşdur. Qoruyucu örtüyün dövrədən qopması nəticəsində 4860 kub.metr qaz itkisinə yol verilməklə cavabdehə 486,0 manat ziyan dəyməsi müəyyən olunmuşdur. Yoxlayıcılar tərəfindən xx.xx.2019-cü il tarixdə tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt və həmin akt əsasında qəbul edilmiş. Dəymiş ziyanın bərpasına dair xx.xx.2019-cu il tarixdə qəbul edilmiş Tələbnaməni qəbul etmir. Belə ki, qaz sayğacının sındırılması barədə ilk növbədə o, özü Zaqatala rayon RQİİ-nə ərizə ilə müraciət etmişdir. Lakin sözügedən idarə onun ərizəsi əsasında araşdırma aparsa da, onun heç bir təqsiri olmadan həmin maddi ziyan ona hesablanmışdır. Bununla bağlı daha sonra Azərbaycan Respublikası Nazirlət Kabinetinə müraciət etmişdir. Nazirlər Kabinetinə müraciəti aidiyyəti üzrə araşdırılması üçün Energetika Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X1 Filialı tərəfindən ona ünvanlanmış cavab məktubunda göstərilmişdir ki, qaz sayğacı qaz paylayıcısı tərəfindən kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə təchiz edilməmişdir. Buna uyğun olaraq itirilmiş qazın bərpası məqsədilə onun abunə hesabına əlavə edilmiş 486 manat məbləğində hesabatın silinməsi haqqında X10 İstismar İdarəsinə xx.xx.2019-cu il tarixli müşayiət məktubu və xx.xx.2019-cu il tarixli 25/19Q-057 nömrəli göstəriş təqdim olunmuşdur. X3 Qaz X4 Xidmət Sahəsi üzrə “Təbii qazın qəbulu və satışı xidməti”nin rəisi X5 “Qazdan istifadə Qaydalan”nın tələblərini pozaraq inzibati xəta törətdiyinə görə AR İXM- nin 282.2-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixində MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göründüyü kimi qaz sayğacının sıradan çıxmasında onun günahının olmaması araşdırılma zamanı sübuta yetirilmiş, borcunun silinməsi barədə X10 İstismar İdarəsinə məlumat verilmiş və X6 barəsində “Qazdan istifadə Qaydaları”nın tələblərini pozaraq inzibati xəta törətdiyinə görə AR İXM-nin 282.2-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Lakin buna baxmayaraq onun abonent koduna vurulmuş 486 manat pul hələdə silinməmişdir. Bununla bağlı X10 X4 Xidmət Sahəsinə yenidən şifahi müraciət etsə də, 486 manat hesabından silinməmişdir. Belə olub məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də Qəbələ XS əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktı və həmin akt əsasında qəbul edilmiş xx.xx.2019-cu il tarixli tələbnaməni (qərarı) qanunsuz hesab edir. Odur ki, iddiaçının nümayəndəsi Nümayəndə məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh İB-nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Odur ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan, Cavabdeh İB-nin «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2019-cu il tarixli ******* nömrəli aktının surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə Zaqatala RQİİ xidmət ərazisində “Qaz sayğaclarına nəzarət” komissiyası tərəfindən baxış zamanı sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin kənar təsir nəticəsində sındırıldığı aşkar edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, itirilmiş qazın bərpası üzrə 4860 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan İddiaçı məxsus Abonent saldosundan görünür abonentin adına 486,00 manat məbləğində cərimə hesablanmışdır. İş materiallarında olan Qəbələ rayon İcra Hakimiyyəti başçısının Qəbələ şəhər X9 üzrə Nümayəndəliyi tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə verilmiş 1549 saylı arayışdan görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı naməlum küçə uşaqları tərəfindən mexaniki zərbə vurularaq sınmışdır. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli MN № ******* saylı İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Qəbələ rayonu üzrə Qaz Xidmət sahəsinin Təbii qazın qəbulu və satışı xidmətinin rəisi X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.2-ci maddəsində nəzərdə tutulmuş inizbati xətanı törətməkdə təqsirli bilinərək 70 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında iş materialları və iddiaçının izahatı ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac müdaxilə ilə əlaqədar yoxlanılmış, yoxlama zamanı sayğacın hesablama mexanizminin hesablama mexanizminin qoruyucu şüşəsinin sındığı, keçən qazın sərfini qeyd etmədiyi müəyyən edilmişdir. Buna görə cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 486,00 manat tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 486,00 manat borcun silinməsi və qaz təminatının bərpa edilməsi barədə iddia tələbi də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı adına Cavabdeh XS-nin vəzifəli şəxsinin xx.xx.2019-cu il tarixli qərarı əsasında hesablanmış 486 (dörd yüz səksən altı) manat məbləğində borc silinməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. İddiaçı adına Cavabdeh XS-nin vəzifəli şəxsinin xx.xx.2019-cu il tarixli qərarı əsasında hesablanmış 486 (dörd yüz səksən altı) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar