Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-895/2023 20.07.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" ASC-nin X1 və Satışı İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə və "xxxx" ASC-nin X1 və Satışı İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərişıq ASC“-nin X1 və Satışı İdarəsi vəzifəli şəxsinin 07 mart 2023-cü il tarixli aktı əsasında barəmdə hesablanmış 638,54 manat cərimənin silinməsi və borca görə ödədiyi 400 manat ödənişin də nəzərə alınaraq gələcək borclarına şamil edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o Qəbələ rayonu Zarağan kəndində ailə üzvləri ilə birlikdə yaşayıra. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, 07 mart 2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları yaşadığı ünvana gələrək sayğaca baxış keçirmiş və bu zaman guya "müəyyən etmişlər ki" sayğacı dövriyyədən kənarlaşdıraraq enerjidən istifadə edir. Buna uyğun olaraq 031867 saylı qüsur aktı tərtib edilmiş, nəticədə əlavə sərfiyyat hesablanaraq onun hesabına işlənmişdir. Əlavə sərfiyyatın dəyəri olaraq 638,54 manat məbləğində cərimə olunmuşdur. Qeyd etmək istəyirə ki, onun və ailə üzvləri tərəfindən sayğaca hər hansı müdaxilə olmamışdır. Belə ki, sayğacı dövriyyədən kənarlaşdırmamışdır. İddia ərizəmə əlavə etdiyi "Abunə haqqında" çıxarışdan da görünür ki, demək olar ki, hər ay eyni qaydada işıq enerjisindən istifadəyə görə pulunu ödəmişdir. Evində isə hamının istifadə etdiyi məişət avadanlıqlardan istifadə etməkdədir. Belə olan halda ayda 15-25 manatlıq elektrik sərfiyyatına görə sayğacı dövriyyədən kənarlaşdırmaları ağlabatan deyildir. Aktda sayğacı dövriyyədən kənarlaşdırmaları qeyd edilsə də, bu, sübuta yetirilməmişdir. Düşünürə ki, cavabdeh tərəfindən tərtib olunmuş akt və hesablanmış cərimə tamamilə əsassızdır və ləğv olunmalıdır. Onun aylıq ödənişlərinə məhkəmə tərəfindən nəzərə salınarsa, barəsində akt tərtib edilən dövr, ondan əvvəl və ondan sonra təxmini eyni vaxtlarda "xxxx" ASC-yə ödənişlər edilməsi görünər. Bu da onun tərəfindən işıq xəttinə müdaxilə edilməməsinin göstəricisidir. Belə ki, məhkəmə tərəflərin təqdim etdiyi sübutlar əsasında qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinin tələbinə görə dövlət orqanlarının, icra və s. orqanlarının aktlarının ləğv edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul edilmiş orqanın üzərinə düşür. Göründüyü bu işdə sübut etmə vəzifəsi cavabdehlərin üzərindədir və onlar qüsur aktında göstərilən pozuntunun onun səhvi və ya günahı ucbatından olmasını sübut etməlidirlər. Fərziyyələrə əsaslanaraq barəsində hər hansı qərar qəbul edilməməlidir. Eyni zamanda bildirir ki, onlara məxsus sayğac aktı yoxlayanlar tərəfindən amper masa tərəfindən yoxlanılmışdır. Həmin “Amper masa” xüsusi lisenziyadan keçirilməmiş amper maşa olmuşdur. Bunun da məhkəmə tərəfindən yoxlanılmasını xahiş edir. Hətta barəsində akt tərtib ediləndən bir gün sonra Qəbələ "xxxx" ASC-nin nümayəndələri gəlib yenidən sayğaca baxış keçirmişlər və sayğacda heç bir qüsur aşkar etməmişlər. Düşünür ki, Bakı şəhərindən gələn yoxlayıcılar ona qərəzli şəkildə cərimə yazmışlar. Həmçinin 07 mart 2023-cü il tarixli 031867 saylı qüsur aktı tərtib olunarkən hal şahidlərinin iştirakı təmin edilməmişdir. Buna görə də aktın əsassız hesab olunması tamamilə qanunidir. Tərtib olunmuş akt və həmin akt əsasında hesablanmış 638,54 manat məbləğində cəriməni qəbul etmir. Buna görə də üzləşdiyi problemin hüquq müstəvisində həllinə nail olmaq üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bildirir ki, o uzun illərdir elektrik enerjisinin istehlakçısıdır, heç vaxt elektrik sayğacına və ya elektrik xətlərinə müdaxilə etməmişdir. Məhkəmənin xüsusilə diqqətinə çatdırır ki, yoxlayıcılar akt tərtib etdikdən dərhal sonra ödəniş etməs işıq enerjisini kəsəcəklərini bildirmişlər. Bu səbəbdən ilk əvvəl qorxduğundan və hüquqlarını bilmədiyindən heç kimə bildirmədən 400 manat məbləğində ödəniş etmişdir. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən etdiyi 400 manat ödənişin də nəzərə alınması, cərimə silinəcəyi təqdirdə ödədiyi 400 manat nəzərə alınması və gələcək ödənişlərindən silinməsini xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddianı qəbul etməyərək yazılı etiraz ərizəsi təqdim etdi və göstərdi ki, iddiaçının iddia tələbi əsassızdır və rədd olunmalıdır. Belə ki, iddiaçının Qəbələ rayonu Zarağan kəndində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********00004 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları V.Cəlilov, X.Hacıbabayev və X.Abdullayev tərəfindən Qəbələ rayonu Zarağan kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin elektrik sayğacını dövriyyədən kənarlaşdıraraq kənar xətt vasitəsilə bir başa elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17.1 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2023-cü il tarixli, NDM031867 saylı akt tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli, NDM031867 saylı akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 120 gün üçün 0.13 manatla 4758 kvt.s, dəyəri 618.54 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən video çəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan video çəkilişdə açıq aşkar öz əksini tapır. Nəzərimizə çatdırmaq istəyir ki, iddiaçının xx.xx.2023-cü il tarixinə elektrik enerjisindən istifadəyə görə 235.70 manat borcu vardır. “EEİQ”-nın 8.17-1. istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1 -ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. “EEİQ”-nın 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1 -ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı iiə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1 -ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır, istehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır, istehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İddiaçı iddia ərizəsində “Elektrik enerjisindən istifadə Qatdaları”nın 8.33-cü bəndinə istinad etmişdir. Qeyd etməyi zəruri hesab edirəm ki, “Elektrik enerjisindən istifadə Qatdaları”nın 8.33-cü bəndi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli 155 saylı qərarı ilə ləğv edilmişdir. Həmin qaydaların 7.11 -ci bəndinin tələbinə görə “Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə mənzil (xüsusi yaşayış evinin) mülkiyyətçisi cavabdehlik daşıyır”. Abonentin “abunə haqqında” məlumatına nəzər saldıqda xx.xx.2023-cü il tarixdən cü il tarixə qədər 51 gün üçün sərfiyyatın toplamda 418 kvts olduğu, lakin qüsur bərpa edildikdən sonrakı dövr üzrə 65 gün üçün artaraq xx.xx.2023-cü il tarixə 734 kvts olduğu açıq aydın görünür. Abonentin “abunə haqqında” məlumatından açıq aşkar görünür ki, sayğacın pozuntu aşkar olunan dövrdəki sərfiyyatı ilə qüsur bərpa edildikdən sonrakı dövrdəki sərfiyyatı arasında fərq (316 kvt.s) vardır. Bu da onu göstərir ki, iddiaçı sayğacdan kənar xəttdən bir başa qoşularaq elektrik enerjisindən istifadə etmişdir. İddiaçı iddia tələbində silinəcək məbləği 638.54 manat göstərmişdir Bildiririk ki, iddiaçıya xx.xx.2023-cü il tarixli NDM031867 saylı akt əsasında 618.54 manat hesabat aparılmış, yerdə qalan 20.00 manat borc aylıq sərfiyyat əsasında yaranmış və tərtib olunmuş aktla heç bir əlaqəsi yoxdur. Odur ki, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinin tələblərinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmişhallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan "xxxx" ASC X3 Təchizatı və Satışı İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli NDM seriyalı 031867 saylı aktdan görünür ki, "xxxx" ASC-nin əməkdaşlarının iştirakları ilə Qəbələ rayonu, Zarağan kəndində **********00004 kod nömrəli istehlakçı olan İddiaçı yaşadığı fərdi evdə elektrik enerjisindən istifadə qaydalarına riayət olunub-olunmamasını yoxlayaraq, elektrik sayğacından kənar xətdən istifadə edildiyi aşkar edilmişdir. "xxxx" ASC-nin X1 və Satışı İdarəsinin vəzifəli şəxsi tərəfindən xx.xx.2023-cü il tarixli NDM seriyalı 031867 saylı akta əsasən tərtib edilmiş 09 mart 2023-cü il tarixli icra vərəqindən görünür ki, İddiaçı məxsus sayğacda olan oxunmamış 4758 kVt.s enerji üzrə 618.54 manat borcu vardır. İddiaçı "xxxx" ASC-nin vəzifəli şəxsi tərəfindən hesablanmış cərimənin silinməsi ilə bağlı iddia tələbini sərfiyyatı azaltmaq üçün sayğacın giriş fazası ilə çıxış fazasını şutlayaraq elektrik enerjisindən istifadə etmədiyi ilə əsaslandırmışdır. Məhkəmənin gəldiyi hüquqi mövqe ondan ibarətdir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar sübut olunmur. Tərtib olunmuş aktdan, həmçinin cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi CD diskdən görünür ki, sayğacın giriş fazası ilə çıxış fazası şutlanmış və bu yolla elektrik enerjisindən istifadə edilmişdir. Lakin həmin fərdi yaşayış evində əvvəlki yoxlama dövrlərində həmin müdaxilə mövcud olmamışdır. Göründüyü kimi, iddiaçı həmin müdaxilənin onun tərəfindən edilmədiyini sübuta yetirə bilməmişdir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyi üçün, iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçı cavabdeh Azərişıq” ASC-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-895/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-895/2023
20.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver