Məhkəmə qərarları › İş №2(025)-972/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-972/2021

13.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-972/2021 13.07.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-nə və "xxxx" ASC-nin X3 və Satış İdarəsinə qarşı “icra vərəqəsinin ləğv olunması və hesablanmış cərimənin silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-nə və "xxxx" ASC-nin X3 və Satış İdarəsinə qarşı “icra vərəqəsinin ləğv olunması və hesablanmış cərimənin silinməsi” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin X4 əməkdaşları tərəfindən 14.04.2020-ci il tarixli AKTR № 167211 saylı aktı və 22.04.2020-ci il tarixli icra vərəqəsinin ləğv olunması və barəsində hesablanmış 489,84 manat məbləğində cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, "xxxx" ASC Şimal- Qərb RETSİ-nin Qəbələ XS-nin əməkdaşları 14.04.2020-ci il tarixdə Qəbələ rayonunun Kiçik Pirəlli kəndində həyətində quraşdırılmış sayğaca guya baxış keçirməklə Elektrik enerjisindən istifadə qaydaları yoxlanılmış və bu barədə 167211 saylı tərtib edilmiş aktda “pozuntunun qısa məzmunu qrafasında” göstərilmişdir ki, E.E.İ.Q-na uyğun olaraq elektrik sayğacına baxış keçirilən zaman məlum olmuşdur ki, sayğacın içərisinə su daxil olmuş və keçən yükü hiss etmir. Həmin aktda həmçinin göstərilmişdir ki, video çəkiliş aparıldığı və Amper masa vasitəsilə keçən yükün ölçüldüyü qeyd edilmişdir. Həmin 14.04.2020-ci il tarixli 167211 akt üzrə 22.04.2020-ci il tarixdə tərtib edilmiş icra vərəqi tələbi ilə 489,84 manat məbləğində cərimə edilmişdir. Həmin tələbnamə əsasında edildiyi 489,84 manat cəriməni qəbul etmir və həmin cərimə məbləğinin ləğv olunmasını istəyir. Aktda göstərildiyi kimi həyətində quraşdırılmış işıq sayğacının içərisinə suyun daxil olması və belə vəziyyətdə keçən yükün qeydə almamasında onun işıq istehlakçısı olaraq heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə o, heç vaxt işıq sayğacı ilə maraqlanmır. İşıq sayğacına nəzarəti işıq əməkdaşları edirlər. Sayğaca cavabdeh nəzarət etdiyindən yaranmış texniki qüsurların aradan qaldırılması da cavabdehin üzərinə düşür. Beləliklə məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının Qəbələ rayonu, Kiçik Pirəlli kəndində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı adına **********00165 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. 14.04.2020-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları E.İsrafilov, K.Əsgərzadə və İ.Əhmədov tərəfindən Qəbələ rayonu Kiçik Pirəlli kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına İddiaçı iştirakı ilə “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacının içərisinə su dolduğu və sayğacın keçən yükü hiss etmədiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən 14.04.2020-ci il tarixli, R167211 saylı akt tərtib olunmuş və tərtib olunmuş aktı İddiaçı öz imzasıyla təsdiq etmişdir. Tərtib olunmuş akta əsasən Şimal-Qərb RETSİ-nin əməkdaşları tərəfindən qüsur aşkar olunmuş sayğac yenisi ilə əvəz edilərək möhürlənmiş və bununla bağlı ******* saylı protokol tərtib olunaraq elektrik sayğacı rəy verilməsi üçün laboratoriyaya göndərilmişdir. Laboratoriyanın 20.04.2020-ci il tarixli, 179135 saylı protokolu ilə elektrik sayğacının daxili sxeminə su keçdiyi, sxemin sıradan çıxdığı və sayğacın axan yükü qeyd etmədiyi barədə rəy verilmişdir. 14.04.2020-ci il tarixli, R167211 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 365 gün 0,07 manatla 3000 kvt.s (dəyəri 210.00 manat) və 0,11 manatla 2544 kvt.s (dəyəri 279,84 manat) toplamda 489,84 manat dəyərində itirlmiş enerji hesabatı aparılmışdır. Abonentin “abunə haqqında” məlumatına nəzər saldıqda 12.07.2019-cu il tarixdən 14.04.2020-ci il tarixə qədər 463 gün üçün sərfiyyatının toplamda 0 kvts olduğu, lakin sayğac dəyişildikdən sonrakı dövr üzrə, yəni 08.05.2020-ci il tarixdən 08.06.2021-ci il tarixə kimi 416 gün üçün artaraq 1741 kvts olduğu görünür. Abonentin “abunə haqqında” məlumatından açıq aşkar görünür ki, sayğacın pozuntu aşkar olunan dövrdəki sərfiyyatı ilə qüsur bərpa edildikdən sonrakı dövrdəki sərfiyyatı arasında fərq (1741 kvt.s) olduqca böyükdür. İddiaçı yaşadığı Qəbələ rayonu Kiçik Pirəlli kəndində yerləşən fərdi yaşayış evinə tərtib edilmiş akt “EEİQ”-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Buna görə də həminn aktamüvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerjitəchizatı müəssisəsinə ödənilməlidir. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 14aprel 2020-ci il tarixli, 167211 nömrəli aktdan görünür ki, “EEİQ”-nın tələblərinə uyğun olaraq sayğaca baxış keçirilmiş və məlum olmuş ki, sayğacın içərisinə su dolmuş və keçən yükü hiss etmir. İş materiallarına əlavə olunmuş 20aprel 2020-ci il tarixli, 179135 nömrəli “sayğacların və cərəyan transformatorların yoxlanılması” protokolundan görünür ki, 66084031 nömrəli sayğac laboratoriya yoxlamasından keçmiş və yoxlama zamanı daxili sxemə su keçməsi, sxemin sıradan çıxması, sayğacın keçən yükü qeyd etməməsi müəyyən olunmuşdur. İş materillarına əlavə edilmiş 167211 nömrəli akt əsasında tərtib olunmuş 22 aprel 2020-ci il tarixli icra vərəqindən görünür ki, sayğac yenisi ilə əvəz edilmiş və dəyəri 489,84 manat müəyyən edilmişdir. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Kiçik Pirəlli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 05 fevral 2021-ci il tarixli, 38 nömrəli arayışdan görünür ki, İddiaçı Qəbələ rayon Kiçik Pirəlli kənd İƏN-də qeydiyyatdadır və hal-hazırda həmin kənddə yaşayır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş 10.10.2014-cü il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdə Qəbələ rayonu, Çuxur Qəbələ kəndində doğulmuş, Qəbələ rayonu, Çuxur Qəbələ kəndində qeydiyyatdadır. Məhkəmə iclasında iş materialları müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən işığın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmişdir. Yoxlama zamanı sayğacın daxili sxemə su keçməsi, sxemin sıradan çıxması, sayğacın keçən yükü qeyd etməməsi müəyyən olunmuşdur. Bunu iddiaçı da məhkəmədə verdiyi izahatında qeyd etmiş, lakin hesablanmış məbləöin əsassız və şişirdilmiş olduğunu bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinin tələbinə görə dövlət orqanlarının, icra və s. orqanlarının aktlarının ləğv edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul edilmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 saylı 02.02.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.32-ci bəndinə əsasən, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfəəvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: - Məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatıərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; - Məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatıərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfəəvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatıərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarının 1.2-ci bəndinə görə Bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının Qəbələ rayonu, Kiçik Pirəlli kəndində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında onun adına **********00165 saylı kod altında qeydiyyatdadır. 14.04.2020-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən Qəbələ rayonu Kiçik Pirəlli kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına İddiaçı iştirakı ilə “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacının içərisinə su dolduğu və sayğacın keçən yükü hiss etmədiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar 14.04.2020-ci il tarixli, R167211 saylı akt tərtib olunmuş və tərtib olunmuş aktı İddiaçı öz imzasıyla təsdiq etmişdir. Laboratoriyanın 20.04.2020-ci il tarixli, 179135 saylı protokolu ilə elektrik sayğacının daxili sxeminə su keçdiyi, sxemin sıradan çıxdığı və sayğacın axan yükü qeyd etmədiyi barədə rəy verilmişdir. 14.04.2020-ci il tarixli, R167211 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 365 gün 0,07 manatla 3000 kvt.s (dəyəri 210.00 manat) və 0,11 manatla 2544 kvt.s (dəyəri 279,84 manat) toplamda 489,84 manat dəyərində itirlmiş enerji hesabatı aparılmışdır. Məhkəmə qeyd edir ki, Abonentin “abunə haqqında” məlumatına nəzər saldıqda müəyyən edilir ki, 12.07.2019-cu il tarixdən 14.04.2020-ci il tarixə qədər sərfiyyat toplamda 0 kvts olmuş, yəni sayğac həmin müddət ərzində işləməmiş və axan yükü qeyd etməmişdir. 12.07.2019-cu il tarixdən 14.04.2020-ci il tarixə kimi müddət isə ümumilikdə 278 gün edir.Abonentin “abunə haqqında” məlumatından görünür ki, sayğacın pozuntu aşkar olunan dövrdəki sərfiyyatı ilə qüsur bərpa edildikdən sonrakı dövrdəki sərfiyyatı arasında fərq 1741 kvt.s-dir. Yəni sayğac işlədikdən sonra hər ay üçün tarif 0,07 hesablanmışdır. (aylıq güzəştli limit keçilməmişdir) Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində sayğacın işləməməsi müddəti üçün cavabdeh təşkilat tərəfindən hesabat dövrü üçün nisbi olaraq hesablanmış 1741 kvt.s görə 121,87 (1741 x 0,07) manat borc cavabdehdən tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun olaraq iddiaçıya 489,84 manat dəyərində itirlmiş enerji hesabatı aparmışdır. Lakin "xxxx" ASC-nin nümayəndəsi məhkəmə təqdim etdiyi sənədlərlə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 489,84 manat dəyərində itirlmiş enerji hesabatının hansı əsasla hesablanmasını sübuta yetirə bilməmişdir. Məhkəmə araşdırması zamanı İddiaçı tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə, yəni 1741 kvt.s uyğun 121,87 manat dəyərində itirlmiş enerji hesablanmışdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövbudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası qeyd edilən prosessual hüquq normalarını hazırkı münasibətlər üzrə tətbiq etməzdən öncə müqayisəli təhlil edərək müəyyən edir ki, hər bir şəxs (fiziki və ya hüquqi şəxs) qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. O da nəzərə alınmalıdır ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Göründüyü kimi, "xxxx" ASC-nin nümayəndəsi məhkəmə təqdim etdiyi sənədlərlə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun hansı səbəblə 489,84 manat hesablanmasını sübuta yetirə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan, sübutetmə öhdəliyi "xxxx" ASC-nin nümayəndəsində olsa da, 489,84 manat borcu hansı əsaslarla hesablanmasını sübuta yetirə bilmədiyindən, itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun məhkəmə tərəfindən hesablanmış 121,87 manat (1741 x 0,07) cərimə məbləğindən çıxılmalı və qalan cərimə borcu silinməlidir. Eyni zamanda məhkəmə hazırki işin 167211 saylı, 14 aprel 2020-ci il tarixli aktın və 22.04.2020-ci il tarixli icra vərəqəsinin ləğv edilməsi hissəsi ilə bağlı qeyd edir ki, mübahisə predmeti olan aktla və icra vərəqəsi ilə məsuliyyət müəyyən edilmədiyindən, həmin akt məlumat xarakteri daşımaqla iddiaçı üçün heç bir hüquqi nəticəyə səbəb olmadığından və özündə yalnız qüsurları müəyyən etdiyindən aktın özünün mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmeti ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Göründüyü kimi, mübahisə predmeti olan akt abonentin hüquqlarına müdaxilə etmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının aktın ləğv edilməsi tələbinə məhkəmədə baxılmalı olmadığından iddia tələbinin 167211 saylı, 14 aprel 2020-ci il tarixli aktın və 22.04.2020-ci il tarixli icra vərəqəsinin ləğv edilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqarı üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də cavabdehdən 20 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qə t e t d i : İddia tələbi qismən təmin edilsin. "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin X4 əməkdaşları tərəfindən İddiaçı abonent koduna vurulmuş 367,97 (üç yüz altmış yeddi manat doxsan yeddi qəpik) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" ASC-dən 20 (iyirmi) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar